Məhkəmə qərarları › İş №2(030)-249/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-249/2024

16.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-249/2024 16.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinə qarşı işə bərpa və məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinin direktoru Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinin direktorunun onun işdən azad olunmasına dair əmrinin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, 15 sentyabr 2019-cu il tarixdən Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinə 1 ştat vahidi ilə dalandar işinə qəbul edilmişdir. Yeni inşa edilmiş məktəbin həyətyanı sahəsi komissiya tərəfindən ölçülərək 1500 kv.metr olduğu təsdiq edilmiş, eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Daşkəsən rayon şöbəsi tərəfindən həmin əraziyə dair xəritə plan-cizgisi çəkilib Daşkəsən rayon Təhsil şöbəsinə təqdim edilmişdir. 2022-ci ilin oktyabr ayında Daşkəsən rayonu Əmirvar kəndində yaşayan X1 şikayəti əsasında həmin məktəbin həyətyanı sahəsi yenidən yaradılmış komissiya tərəfindən ölçülmüş və həyətyanı sahənin 754,36 kv.metr olduğu aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin 20 may 2016-cı il tarixli 24 nömrəli sərəncamına əsasən məktəblərin süpürülüb təmizlənən həyətyanı sahəsi 1500 kv.metr və ya ondan çox olduğu halda dalandar ştatı verildiyi nəzərə alınaraq sonuncu komissiyanın tərtib etdiyi akta əsasən, yəni sahənin azlığına görə dalandar ştatı ləğv edilərək 2022-ci ilin oktyabr ayında əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, 2019-cu il və 2022-ci il tarixdə təyin olunmuş komissiya məktəbin direktoru Cavabdeh2 tərəfindən yaradılmışdır. 2019-cu ildə məktəbin həyətyanı sahəsi ölçülərək 1500 kv.metr olduğu təsdiq olunsa da, 2022-ci ildə eyni sahənin hansı səbəbdən azaldığı məlum deyildir. 2022ci ilin oktyabr ayından işdən azad olunmasına baxmayaraq, bu günə qədər məktəbin direktoru tərəfindən əmrdən çıxarış və ya əmək kitabçası ona verilməmişdir. Halbuki, Əmək Məcəlləsinə əsasən, işdən azad edilmiş işçinin əmək kitbaçası əmək müqaviləsinə xitam verildiyini gün təqdim edilməlidir. Dəfələrlə tələb etməsinə baxmayaraq, məktəbin direktoru müxtəlif bəhanələrlə əmək kitabçası və əmrdən çıxarışı verməkdən yayınmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Gurbulaq kənd ümumi orta məktəbinin direktoru Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı əvvəllər Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbində dalandar işləmişdir. Yeni modul tipli məktəb inşa edilərək istifadəyə verildikdən sonra, 20 oktyabr 2022-ci il tarixdən siniflərin sayının azalması ilə əlaqədar olaraq köhnə məktəb binasındakı siniflər üzrə dərslərin tədrisi dayandırılmış, məktəb üzrə dərslərin tədrisinin təşkili 40 şagird yerlik olan Modul lahiyəli təzə tikilmiş məktəbdə təşkil olunmuşdur. Köhnə məktəbin süpürülən həyətyanı sahəsi 1500 m2-dan çox olduqda 1 aklad dalandar ştatı müəyyənləşdirilmişdir. 13 oktyabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı Gurbulaq kənd ümumi orta məktəbiun süpülən həyətyanı sahəsinin ölçüsü 750 m2 olduğuna görə, məktəbin dalandar ştatının bağlanmasına və dalandar işində işləyən İddiaçı ilə bağlanmış əməl müqaviləsinə xitam verilməsinə qərar verilmişdir. Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbi üzrə 20 oktyabr 2022-ci il tarixli 23 nömrəli əmrə əsasən məktəbin dalandarı məktəbin ümumi sahəsi bir ştat vahidini ödəmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisarı ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onun tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. İşə əlavə edilmiş Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbi üzrə 16 sentyabr 2019-cu il tarixli 20 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı ərizəsi nəzərə alınaraq 16 sentyabr 2019-cu il tarixdən Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbinə 1 aklad dalandar təyin edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbi üzrə 19 sentyabr 2019-cu il tarixli 19 nömrəli əmrdən görünür ki, Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbin yeni tikilmiş Modul lahiyəli məktəblə, köhnə tikilmiş məktəbin birlikdə ümumi sahəsi 1500 kv.m-dən çox olduğu üçün 1 ştat dalandar (çöl süpürgəçisi) işi təşkil edilmişdir. Əsas: Daşkəsən rayonu İHB-nın 20 may 2016-cı il 24 saylı sərəncamı. İşə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gənc-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu üzrə təhsil sektorunun 20 oktyabr 2022-ci il tarixli 37 nömrəli məktubunun surətindən görünür ki, məktəbin süpürülən həyətyanı sahəsi 1500 m2 -dan çox olduqda 1 aklad dalandar ştatı müəyyənləşdirilir. 13 oktyabr 2022-ci il tarixdə aparılmış yoxlama zaman məlum olmuşdur ki, Gurbulaq kənd ümumi orta məktəbin süpürülən həyətyanı sahəsinin ölçüsü 750 m2 -dir. Odur ki, Gurbulaq kənd ümumi orta məktəbin süpürülən həyətyanı sahəsinin ölçüsü 750 m2 olduğuna görə, məktəbin dalandar ştatının bağlanmasına və dalandar işində işləyən İddiaçı ilə bağlanmış əmək müqailəsinə xitam verilməsi barədə əmr verilməsi məktəbə tapşırılmışdır. İşə əlavə edilmiş Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbi üzrə 20 oktyabr 2022-ci il tarixli 23 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı – məktəbin dalandarı, məktəbin ümumi sahəsi bir ştat vahidini ödəmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Daşkəsən rayon Təhsil Sektorunun 20 oktyabr 2022-ci il tarixli 37 saylı məktubu. İşə əlavə edilmiş Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbinin 25 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Gurbulaq kənd ümumi orta məktəbində 20 oktyabr 2022-ci il tarixdən siniflərin sayının azalması ilə əlaqədar olaraq köhnə məktəb binasında siniflər üzrə dərslərin tədrisi dayandırılmışdır. Məktəb üzrə dərslərin tədrisinin təşkili 40 şagird yerlik olan Modul lahiyəli təzə tikilmiş məktəbdə təşkil olunmuşdur. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 23 yanvar 2024-cü il tarixli MŞG/1-04064 nömrəli arayışından görünür ki, İddiaçı “işə bərpa, əmək haqqının ödənilməsi tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbin direktoru Cavabdeh2 23 yanvar 2024-cü il tarixdə saat 09:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbi üzrə 16 sentyabr 2019-cu il tarixli 20 nömrəli əmrə əsasən İddiaçı ərizəsi nəzərə alınaraq 16 sentyabr 2019-cu il tarixdən Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbinə 1 aklad dalandar təyin edilmişdir. Məktəbin süpürülən həyətyanı sahəsi 1500 m2-dan çox olduqda 1 aklad dalandar ştatı müəyyənləşdirilmişdir. Gurbulaq kənd ümumi orta məktəbində 20 oktyabr 2022-ci il tarixdən siniflərin sayının azalması ilə əlaqədar olaraq köhnə məktəb binasında siniflər üzrə dərslərin tədrisi dayandırılmışdır. Məktəb üzrə dərslərin tədrisinin təşkili 40 şagird yerlik olan Modul lahiyəli təzə tikilmiş məktəbdə təşkil olunmuşdur. Modul lahiyəli təzə tikilmiş məktəbin süpürülən həyətyanı sahəsinin ölçüsü 750 m2 olduğu üçün, Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbi üzrə 20 oktyabr 2022-ci il tarixli 23 nömrəli əmrlə İddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbi üzrə 19 sentyabr 2019-cu il tarixli 19 nömrəli əmrdən görünür ki, Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbin yeni tikilmiş Modul lahiyəli məktəblə, köhnə tikilmiş məktəbin həyətyanı sahələrinin birlikdə ümumi sahəsi 1500 kv.m-dən çox olduğu üçün 1 ştat dalandar (çöl süpürgəçisi) işi təşkil edilmişdir. Əsas olaraq Daşkəsən rayonu İHB-nın 20 may 2016-cı il 24 saylı sərəncamı göstərilmişdir. Göründüyü kimi, İddiaçı məktəbin dalandarı işinə qəbul edilərkən orta məktəbin həm köhnə binasının, həm də yeni binasının həyətyanı torpaq sahələri birlikdə nəzərə alınmışdır. Dalandar ştatının hər iki binanın həyətyanı sahəsi nəzərə alınmaqla yaradılmasına əsas olan Daşkəsən rayonu İHB-nın 20 may 2016-cı il 24 saylı sərəncamı hal-hazırda da qüvvədədir, həmçinin məktəbin əvvəlki binası və onun torpaq hal-hazırda da məktəbə aiddir. Göründüyü kimi, iddiaçının işə qəbul edilməsi zamanı mövcud olan vəziyyət, onun işdən azad edilməsi anında mövcud olan vəziyyətlə eyni olmuşdur. Əvvəlki binada dərslərin keçirilməsinin dayandırılması siniflərin sayının azalması ilə bağlı olmuşdur ki, İddiaçı pedoqoji işçi deyildir, onun işinin xüsusiyyəti məktəbə aid olan ərazinin təmiz saxlanılmasını yerinə yetirməkdən ibarətdir. Ona görə də, tədrisin hansı binada keçirilməsinin onun əmək funksiyaları ilə hər hansı bir bağlılığı yoxdur. O, öz əmək funksiyasını məktəbin həm əvvəlki, həm də hazırkı binalarının ərazisində yerinə yetirməli olduğundan, yalnız yeni binanın ərazisi nəzərə alınmaqla əmək münasibətlərinə xitam verilmə əsaslı olmamışdır. Həmçinin, əmək müqaviləsinə xitam verilərkən ona əvvəlcədən heç bir xəbərdarlıq edilməyərək əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 1-ci bəndinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il qərarından göstərilir ki, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 2-ci bəndinə əsasən, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsininin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda tələb olunan məlumatlar göstərilmədikdə əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsi barədə Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbin 20 oktyabr 2022-ci il tarixli 23 nömrəli əmri ləğv edilsin. Məmmədov X2 rayon Gurbulaq kənd ümumi orta məktəbində dalandar işinə bərpa olunsun. İddiaçı işəgötürən tərəfindən 20 oktyabr 2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar