Məhkəmə qərarları › İş №2(030)-39/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-39/2025

28.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-39/2025 28.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, digər Cavabdeh2 etibarnamə üzrə nümayanədəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülməsi və cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən evinə gedən yolda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş, tövlə, hamam və sanitar qovşağının sökülməsi, yolda əkilmiş gül kollarının çıxarılması və cavabdehlər tərəfindən yoldan istifadəyə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən bələdiyyəsi müstəqil tərəf irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində mülkiyyətində 0,07 ha həyətyanı torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi vardır. Cavabdeh1 və Cavabdeh2 ilə qonşudurlar. Əvvəllər ona məxsus evə gediş-gəliş yolu mövcud olmuşdur. Sonradan cavabdehlər tərəfindən gediş-gəliş yolunun üzərində tövlə, hamam və sanitar qovşaq inşa edilərək yol bağlanmışdır. Dəfələrlə yolun açılmasını tələb etsə də, cavabdehlər ona heç bir əhəmiyyət verməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş emtişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, tövlə, hamam və sanitar qovşaq onlara aiddir. Həmçinin iddiaçı tərəfindən göstərilən qaraj da ona məxsusdur. İddiaçının atası Cəlil Abbasov vəfat etdikdən sonra iddiaçı ona qarajdan istifadəyə maneə yaratmışdır. Hazırda iddiaçının sökülməsini tələb etdiyi tikililər bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Oradan yol olmamışdır. İddiaçı başqa istiqamətdən yaşadığı evə gediş-gəliş üçün yol aça bilər. Oradan iddiaçının evinə qədər olan məsafə kifayət qədər uzaqdır. Odur ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayanədəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı öz evinə gediş-gəliş üçün istifadə etmək istədiyi yola alternativ yol vardır. Həmin yoldan istifadə edə biləcəyi halda, qərəzli olaraq onların həyətindən yolun açılmasını tələb edir. Həmçinin sökülməsini tələb etdiyi tikililər bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyi üçün həmin tikililərin sökülməsini tələb etmək iddiaçının səlahiyyətinə aid deyildir. Odur ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə təqdim etdikləri yazılı etirazlarında göstərmişlər ki, iddiaçının sökülməsini tələb etdiyi hamam və tövlə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçının onların sökülməsini tələb etmək hüququ yoxdur. Ərazidə yerləşən qarajı iddiaçının atası tikdirmiş, sonra onlara satmışdır. İddiaçının açılmasını tələb etdiyi yolun çox hissəsi onların mülkiyyətində olan torpaq sahəsinə düşür. Odur ki, iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, iddiaçı Xanlar onun qardaşı oğludur. O, cavabdeh Tacəddin ilə yaxın dost olmuş, bir-birinin evinə gedibgəlmişlər. Böyük qardaşı olan Cəlil Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində ev aldıqdan sonra o, bir nəfər usta və iki nəfər fəhlə ilə birlikdə qarajı inşa etmişlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi və 41,5 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26 oktyabr 2019-ci il tarixli, 14444 inventar nömrəli, **********72-10301 reyestr nömrəli İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin Texniki Pasportunun surətlərindən görünür ki, fərdi yaşayış evi 1959-cu ildə tikilmişdir. Hazırda İddiaçı mülkiyyətində olan həmin evin həyətyanı torpaq sahəsinə aid yol vardır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 30 iyul 2025-ci il tarixli 3-21-3-33/2-7780/2025 nömrəli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin Texniki pasport sənədində göstərilən yolun en uzunluğu və naturada yerləşmə mövqeyi, texniki pasportda qeyd olunan miqyasa (1:1000) və ölçülərə istinadən müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Texniki pasport sənədində göstərilən yolun eni 5,0 (beş) metr, uzunluğu 35.0 (otuz beş) metr olduğu müəyyən edilmişdir. Həmin yol ilə cavabdehin faktiki istifadəsində olan tikilinin (qaraj) 10.6 kv.m hissədə üst-üstə düşməsi halı müəyyən olunmuşdur. Həmin yol İddiaçı mülkiyyətinə aid deyildir. Əlavə olaraq qeyd edilir ki, Texniki pasport sənədində göstərilən yol, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Texniki İnventarlaşdırma bürosunun 30 dekabr 1990-cı il tarixli 41 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportun surətindən görünür ki, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən 22,6 kv.m, ümumi sahəsi 41,5 kv.m olan fərdi yaşayış evinin yardımçı tikililəri sırasında qarajın olması qeyd olunmuşdur. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D Seriyalı KOD 50602018 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar islahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Cavabdeh1, X4, X2 və X1 birgə mülkiyyətinə Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Msələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 aprel 2025-ci il tarixli 3-21-3-33/2-4002/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Daşkəsən rayonu Aşağı Daşkəsən kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerqurluşu layihəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D (kod ********) nömrəli Şəhadətnaməyə əsasən Cavabdeh1 və ailə üzvülərinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsində yerləşmir. Cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Daşkəsən rayonu Aşağı Daşkəsən kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerqurluşu layihəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 028D (kod ********) nömrəli Şəhadətnamənin planına əsasən 247BB nömrəli Bələdiyyə balansında (bələdiyyə mülkiyyətində) olan torpaq sahəsində yerləşir.Cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr üçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi mübahisəli sahə torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı sahə kimi göstərilmişdir. İddiaçının gedişgəliş yolu kimi istifadə etmək istədiyi mübahisəli sahə “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrində **********72-10301 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın, xx.xx.2019-cu il tarixli Texniki Pasport sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,07 ha torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin cizgi planında görünür ki, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D (kod ********) nömrəli Şəhadətnaməyə əsasən Cavabdeh1 və ailə üzvülərinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsi yolun üst hissəsində, **********72-10301 reyestr nömrəli Çıxarışın xx.xx.2019-cu il tarixli Texniki Pasport sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,07 ha torpaq sahəsi isə yolun alt hissəsində yerləşir. Cavabdeh1 tərəfindən inşa edilmiş tövlə, hamam və sanitar qovşağı 247BB nömrəli Bələdiyyə balansında (bələdiyyə mülkiyyətində) olan torpaq sahəsində yerləşir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 26 may 2025-ci il tarixli 10/3098 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Msələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 aprel 2025-ci il tarixli 3-21- 3-33/2-4002/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Daşkəsən rayonu Aşağı Daşkəsən kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerqurluşu layihəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D (kod ********) nömrəli Şəhadətnaməyə əsasən Cavabdeh1 və ailə üzvülərinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsində yerləşmir. Cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Daşkəsən rayonu Aşağı Daşkəsən kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerqurluşu layihəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-028D (kod ********) nömrəli Şəhadətnamənin planına əsasən 247BB nömrəli Bələdiyyə balansında (bələdiyyə mülkiyyətində) olan torpaq sahəsində yerləşir. Cavabdeh1 tərəfindən inşa edilmiş, faktiki istifadəsində olan hamam, tövlə və sanitar qovşağın yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr üçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İddiaçının gedişgəliş yolu kimi istifadə etmək istədiyi mübahisəli sahə torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı sahə kimi göstərilmişdir. İddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi mübahisəli sahə “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrində **********72-10301 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın xx.xx.2019-cu il tarixli Texniki Pasport sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,07 ha torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə, xx.xx.2025-ci il tarixdə tərəflərin və mütəxəssis kimi cəlb edilmiş olan Daşkəsən rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsi müdirinin iştirakı ilə əraziyə yerində baxış keçirilmiş, texniki pasport sənədində göstərilən yolun mübahisəli ərazi ilə əlaqəsinin və tikililərin mövcudluğu məsələsi yerində araşdırılmışdır. İddiaçının mülkiyyətində olan evə və torpaq sahəsinə sərbəst şəkildə getmək imkanının olmaması, mübahisəli ərazidə tor məftil ilə olan hasarın və tikililərin mövcudluğu müəyyən olunmuşdur. Məhkəmə tərəflərin və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə tərəflərin izahatları, sənədlər, ekspert və mütəxəssis rəyləri əsasında, həmçinin tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilməklə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1969-cu ildə inşa edilmiş fərdi yaşayış evi vardır. Cavabdeh1 və onun ailə üzvlərinin birgə mülkiyyətində Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Tərəflərin mülkiyyətində olan torpaq sahələrinin bir-biri ilə qonşu sərhədləri mövcud deyildir. Onlar arasında yerləşən torpaq sahələri bələdiyyə mülkiyyətində olan torpaq sahələridir. İddiaçı məxsus fərdi yaşayış evinin Texniki pasport sənədində onun mülkiyyətində olan torpaq sahəsinə yönələn yolun olması göstərilmişdir. Göstərilən yolun eninin 5.0 metr, uzunluğunun 35.0 metr olması və naturada yerləşmə mövqeyi, texniki pasportda qeyd olunan miqyasa və ölçülərə istinadən mütəxəssislər tərəfindən müəyyən edilmişdir. Həmin yolun üzərində iddiaçıya məxsus tikilinin (qarajın) bir hissəsinin yerləşməsi halı da müəyyən olunmuşdur. Texniki pasport sənədində göstərilən yol, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. Texniki pasport sənədində göstərilən yol iddiaçının evinin yaxınlığından başlanır və kənd əhalisinin ümumi istifadəsində olan yola doğru istiqamətlənir. Həmin yoldan istifadə etməklə kənd əhalisinin ümumi istifadəsində olan yola, oradan isə Gəncə-Daşkəsən avtomobil yoluna çıxmaq mümkündür. İşin hallarından göründüyü kimi iddiaçıya məxsus evin texniki pasport sənədində göstərilən yol və onun davamı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Cavabdehlər bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən hər hansı bir hüquqmüəyyənedici sənədlər olmadan özbaşına istifadə edirlər və eyni zamanda iddiaçının istifadəsinə əsassız şəkildə mane olurlar. Məhkəmə qeyd edir ki, qanunla və ya digər normativ hüquqi aktla müəyyənləşdirilmiş davranış qaydalarına zidd şəkildə digər şəxslərin istifadə hüquqlarından məhrum etmə özbaşınalıq hesab edilir. Qanunvericilik hər bir şəxsin özbaşınalıqdan müdafiə olunmaq imkanını tanıyır. Bütün hüquqlar özbaşınalıqdan qorunur. Məhkəmə cavabdehlərin etirazlarına dair qeyd edir ki, cavabdehlər həmin torpaq sahəsi üzərində hüquqlara malik olmadığından iddiaçının həmin yoldan istifadə etməsi onların hüquqlarının pozulmasına səbəb olmur. Belə ki, öncə hüquq yaranmalı və mövcud olmalıdır ki, onun pozulması halı da baş vermiş olsun. Mövcud olmayan hüququn pozulmasından söhbət gedə bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının yoldan istifadə etməsini cavabdehlər öz mülahizələri ilə onların mənafe və maraqlarına toxunmuş hesab etsələr də, bu etiraz əsaslı sayılmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlarından bəhs olunur. Məhkəmə iclasında Cavabdeh1 yolun üzərində yerləşən qarajın ona məxsus olmasını, iddiaçının həyətinə gedən yolun onun istifadə etmək istədiyi yerdən deyil, başqa yerdən olmasını bildirmiş olsa da, iddiaçının evinə digər istiqamətdən yolun olması sübutlarla təsdiqini tapmamışdır. Həmçinin, Cavabdeh2 nümayanədəsi Nümayəndə izahatında iddiaçının evinə gediş-gəliş üçün alternativ yolun olduğunu bildirmişdir. Lakin, alternativ yolun olması sübutlarla təsdiqini tapmamışdır. Həmçinin, alternativ yolun olmasının qeyd edilməsi mübahisə predmetinə aid yolun mövcud olması faktını dolayısı ilə təsdiq etmiş olur. Belə ki, alternativlik-mövcud olan bir yola münasibətdə ikinci yoldan istifadə imkanının olmasını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə və yaşayış evinə sərbəst şəkildə gedib-gəlməsinə mane olunması mülkiyyətindən istifadəyə maneələr yaradılma kimi qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.1-ci maddəsinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinin əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə görə, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 47.3-cü maddəsinə görə, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 33.4-cü maddəsinə görə, qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər. İş üzrə sübutlardan göründüyü kimi, cavabdehlərə məxsus olan hamam, tövlə və sanitar qovşaq bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşməklə özbaşına tikinti sayılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Lakin, cavabdehlərə məxsus tövlə, hamam və sanitar qovşağının arxa (sağ) hissəsindən keçməklə İddiaçı məxsus evinə gedən yoldan istifadə etmək imkanı müəyyən olunduğundan yoldan istifadəyə maneə kimi göstərilmiş həmin tikililərin sökülməsi tələbi əsaslı sayılmamışdır. İddia tələbində gül kollarının çıxarılması tələbinə aid məhkəmə onu qeyd edir ki, tələbin bu hissəsi yoldan istifadəyə yaradılmış maneə kimi qəbul edilir və onun qətnamədə ayrıca qeyd edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş 21 avqust 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunan maddəyə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat vəsaitin 50 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Həmçinin, 50 manat məhkəmə ekspertizası xərcinin 25 manatı iddiaçıdan, 25 manatı cavabdehlərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində yerləşən tövlə, hamam və sanitar qovşağının arxa (sağ) hissəsindən keçməklə İddiaçı məxsus yaşayış evinə gedən yoldan istifadəyə cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat vəsaitin 50 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilsin. 50 (əlli) manat məhkəmə ekspertizası xərcinin 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, adı Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar