Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-512/2025 27.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsi ümumi orta ümumtəhsil məktəbin direktoru Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu Quşçu- Körpü qəsəbəsi ümumi orta ümumtəhsil məktəbinə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsi ümumi orta ümumtəhsil məktəbin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsi ümumi orta ümumtəhsil məktəbin direktoru Nümayəndə1 30 iyun 2025-ci il tarixli 27 nömrəli əmr ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun əvvəlki işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1984-cü ildə Azərbaycan Dovlət Pedoqoji İnstitutunun “əsas fizika və riyaziyyat” fakultəsinə daxıl olmuş və 1989-cu ildə həmin İnstitutun tam kursunu bitirmişdir. Dövlət imtahan komissiyasının 08 iyul 1989-cu il tarixli qərarı ilə ona orta məktəbdə fizika və riyaziyyat müəllimi ixtisası verilmişdir. 15 avqust 1989-cu il tarixdən Daşkəsən rayonu, Quşçu qəsəbəsində səkkiz illik məktəbdə fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq 31 avqust 1998-ci il tarixdən başlayaraq Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbində fizikariyaziyyat müəllimi kimi əmək fəaliyyətini davam etdirmişdir. 20 iyun 2025-ci il tarixdə sertifikasiya imtahanında iştirak etmişdir. Həmin tarixdə keçirilmiş sertifikatlaşdırmada yalnız riyaziyyat fənni üzrə iştirak etmişdir. Kifayət qədər nəticə əldə etmədiyindən Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin direktoru Nümayəndə1 30 iyun 2025-cı il tarixli, 27 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Lakin, onun fizika müəllimi kimi işləmək imkanı yaradılmadığından hüqüqları kobud şəkildə pozulmuşdur. Ona gorə də, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə muraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin direktoru Nümayəndə1 izahatında göstərmişdir ki, İddiaçı 1998-ci ildə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbində fizikariyaziyyat müəllimi vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin sertifikasiyası keçirlmiş, iddiaçı da 20 iyun 2025-ci il tarixdə keçirilmiş sertifikatlaşmada riyaziyyat müəllimi kimi iştirak etmiş, lakin sertifikatlaşmadan keçə bilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin 25 iyun 2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri ilə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi barədə göstəriş verilmişdir. Qeyd edilən əmrə əsasən İddiaçı ilə olan əmək müqaviləsinə Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbin 30 iyun 2025-ci il tarixli 27 nömrəli əmrinə əsasən xitam verilmişdir. İşə əlavə edilmiş 14 iyul 1983-cü il tarixli PB 015872 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1984-cü ildə Azərbaycan Dövlət Pedoqoji institutuna daxil olmuş, 1989-cu ildə fizika əlavə riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 08 iyul 1989-cu il tarixli qərarı ilə ona orta məktəbdə fizika və riyaziyyat müəllimi ixtisası verilmişdir. İşə əlavə edilmiş 17 iyul 2023-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Qocayeva X1 rayon Təhsil Şöbəsi üzrə 15 avqust 1989-cu il tarixli 396 nömrəli əmrlə Ali təhsilli fizika-riyaziyyat müəllimi ixtisası üzrə Quşçu qəsəbə 8 illik məktəbinə müəllim təyin edilmişdir. 31 avqust 1998-ci il tarixli 458 nömrəli əmrlə Quşçu qəsəbə əsas məktəbinin fizika-riyaziyyat müəllimi İddiaçı ailə vəziyyəti ilə əlaqədar ixtisası üzrə Quşçu-Körpü əsas məktəbinə müəllim keçirilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbi üzrə 15 sentyabr 2022-ci il tarixli 28 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, 2022-2023-cü tədris ilində İddiaçı V-İX siniflərdə 25 saat riyaziyyat, Vİİ-İX siniflərdə 8 saat fizika dərsləri tarifləşmə qaydasında verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbi üzrə 15 sentyabr 2023-cü il tarixli 27 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, 2023-2024-cü tədris ilində İddiaçı V-İX siniflərdə 25 saat riyaziyyat, Vİİ-İX siniflərdə 7 saat fizika dərsləri tarifləşmə qaydasında verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbi üzrə 16 sentyabr 2022-ci il tarixli 53 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, 2024-2025-ci tədris ilində İddiaçı V, Vİİ, İX siniflərdə 15 saat riyaziyyat, Vİİ-İX siniflərdə 7 saat fizika dərsləri tarifləşmə qaydasında verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin 30 iyun 2025-ci il tarixli 27 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin surətindən görünür ki, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarıxdə keçirilmiş təkrar sertfikatlaşdırmadan keçmədiyi üçün Daşkəsən rayonu Quşçu- Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin Fizika-Riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 İyun 2025-ci il tarixdən ləgv edilməsi, İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesab aparılması barədə əmr verilmişdir. Əsas: 20 iyun 2025-ci il tarixdə kecirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazıirlıyı yanında Məktəbəqədər və ümumi Təhsil üzrə Dovlət Agentliyinin 25 iyun 2025-ci il tarixli 3 29-69/3-2-29F 2025 nömrəli əmri göstərilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı mediasiya təşkilatının İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 09 iyul 2025-ci il tarixli MŞG/1/MT007/2025-01058 nömrəli arayışdan görünür ki, İddiaçı iş yerinə bərpa olunması tələbi üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin direktoru Nümayəndə1 mübahisə üzrə 09 iyul 2025-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı 1984-cü ildə Azərbaycan Dövlət Pedoqoji institutuna daxil olub, 1989-cu ildə fizika əlavə riyaziyyat ixtisası üzrə tam kursu bitirmiş, Dövlət imtahan komissiyasının 08 iyul 1989-cu il tarixli qərarı ilə İddiaçı orta məktəbdə fizika və riyaziyyat müəllimi ixtisası verilmişdir. Qocayeva X1 rayon Təhsil Şöbəsi üzrə 15 avqust 1989-cu il tarixli 396 nömrəli əmrlə Ali təhsilli fizika-riyaziyyat müəllimi ixtisası üzrə Quşçu qəsəbə 8 illik məktəbinə müəllim təyin edilmiş, 31 avqust 1998-ci il tarixli 458 nömrəli əmrlə Quşçu qəsəbə əsas məktəbinin fizika-riyaziyyat müəllimi İddiaçı ailə vəziyyəti ilə əlaqədar ixtisası üzrə Quşçu-Körpü qəsəbə əsas məktəbinə müəllim keçirilmişdir. İddiaçı 1998-2025-ci illərdə Daşkəsən rayonu Quşçu- Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbində fizika-riyaziyyat müəllimi işləmiş, işlədiyi illərdə həm fizika, həm də riyaziyyat fənlərini tədris etmişdir. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş 20 iyun 2025-ci il tarixdə təkrar sertifikatlaşmada riyaziyyat müəllimi kimi iştirak etmiş, lakin sertifikatlaşmadan keçə bilməmişdir. Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin 30 iyun 2025-ci il tarixli 27 nömrəli əmri ilə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarıxdə keçirilmiş təkrar sertfikatlaşdırmadan keçmədiyi üçün Daşkəsən rayonu Quşçu körpüsü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin fizika-riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Yuxarıda qeyd edildiyi kimi İddiaçı orta məktəblərdə müəllim işləmək hüququnu verən sənədə-diploma ona fizika və riyaziyyat müəllimi ixtisası verilmişdir. Bununla da onun, orta məktəblərdə həm riyaziyyat, həm fizika fənlərini tədris etmək hüququ yaranmışdır. Qocayeva X1 rayon Təhsil Şöbəsi üzrə 15 avqust 1989-cu il tarixli 396 nömrəli əmrlə Ali təhsilli fizika-riyaziyyat müəllimi ixtisası üzrə Quşçu qəsəbə 8 illik məktəbinə müəllim təyin edilmişdir. 31 avqust 1998-ci il tarixli 458 nömrəli əmrlə Quşçu qəsəbə əsas məktəbinin fizika-riyaziyyat müəllimi İddiaçı ailə vəziyyəti ilə əlaqədar ixtisası üzrə Quşçu-Körpü əsas məktəbinə müəllim keçirilmişdir. İddiaçı işlədiyi müddət ərzində o, həm riyzaiyyat, həm də fizika müəllimi kimi əmək fəaliyyəti göstərmişdir. Yetərli keçid balı toplaya bilməyən İddiaçı riyaziyyat müəllimi kimi təkrar sertifikatlaşmadan keçə bilmədiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi sertifikatlaşmada iştirak riyaziyyat müəllimliyi ilə bağlı olduğundan bununla bağlı uğur qazanmamaq həmin fənnin tədrisinə aiddir. Buna baxmayaraq işəgötürən əmək müqaviləsini bütünlüklə ləğv etməklə müəllimi fizika fənnini tədris etmək hüququndan da məhrum etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının riyaziyyat müəllimi kimi təkrar sertifikatlaşmada uğur qazana bilməməsi onun fizika fənni üzrə təhsil vermək imkanından məhrum etməməlidir. İşəgötürən müəllimi fizika fənnini tədris etmək hüququndan da məhrum etməkdə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş mütənasiblik prinsipini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir, hüquq ancaq qanunla məhdudlaşdırıla bilər, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Konstitusiya Məhkəməsinin mövqeyində qeyd olunduğu kimi hüququn məhdudlaşma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prisipinə görə şəxslərin hüquqlarına müdaxilə edən tədbir məqsədə yararlı və uyğun olmalıdır. Bu məqsədlərə cavab verməyən tədbir qanuni sayılmır. Azərbaycan Respublikasının Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbаycаn Respublikаsının Əmək Məcəlləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində göstərilir ki, bu məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsi və məsuliyyətindədir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 15 iyul 2011ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən, işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 67.6-cı maddəsinə əsasən, attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Həmin Məcəllənin 67-2-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Həmin Məcəllənin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 5.1-ci bəndinə əsasən, sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Həmin Qaydanın 5.2-ci bəndinə görə, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydanın 5.4-ci bəndinə görə, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin Məcəllənin 301.2-ci maddəsinə əsasən, məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi Konstitusiyada və Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla həyata keçirilmədiyindən, ədalətlilik prinsiplərinə əməl edilmədiyindən iddia qismən təmin olunmalı, Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin 30 iyun 2025-ci il tarixli 27 nömrəli əmri İddiaçı fizika müəllimi kimi işdən azad olunmasına aid hissədə ləğv edilməli, o, fizika müəllimi kimi işə bərpa olunmalıdır. Ona fizika fənninin tədrisi üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinin 30 iyun 2025-ci il tarixli 27 nömrəli əmri İddiaçı fizika müəllimi kimi işdən azad olunmasına aid hissədə ləğv edilsin. Qocayeva X1 rayonu Quşçu-Körpü qəsəbə ümumi orta ümumtəhsil məktəbinə fizika müəllimi kimi işə bərpa olunsun. Ona fizika fənninin tədrisi üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-512/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-512/2025
27.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver