Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-555/2025 02.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 45 nömrəli evin 5 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağayar qızının istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci ildə mənzili alqı-satqı yolu ilə əldə etmiş və qeydiyyat vəsiqəsi ilə onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 isə onun gəlinidir. Cavabdehlər uzun illərdir ki, Rusiya Federasiyasında yaşayırlar. Buna baxmayaraq, formal olaraq mənzildə qeydiyyatda qalmaqda davam edirlər. Cavabdehlər onun iradəsinə zidd olaraq ona məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnu pozurlar. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, 2001-ci ildə mənzili alqı-satqı yolu ilə əldə etmişdir. Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 isə onun gəlinidir. Oğlu 2015-ci ildə ailə qurandan sonra ailəsi ilə birlikdə köçüb Rusiya Federasiyasına getmişdir. Mənzildə cavabdehlərə məxsus heç bir əşya mövcud deyildir. Uzun illərdir ki, cavabdehlər Rusiya Federasiyasında yaşayırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyat üzrə yaşayış yerinə bildiriş göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 45 nömrəli evin 21 nömrəli mənzilində qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı ilə uzun illərdir ki, qonşudurlar. İddiaçının oğlu Cavabdeh1 2015-ci ildə Röyalə ilə ailə qurduqdan sonra köçüb Rusiya Federasiyasın getmişdir. Uzun illərdir ki, cavabdehlər iddiaçıya məxsus mənzildə yaşamırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 45 nömrəli evin 31 nömrəli mənzilində qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı ilə uzun illərdir ki, qonşudurlar. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə gəlinidir. Cavabdeh1 Cavabdeh2 ilə ailə qurduqdan sonra köçüb Rusiya Federasiyasın getmişdir. Təxminən 8-10 il olar ki, onlar iddiaçıya məxsus mənzildə yaşamırlar. İşə əlavə olunmuş Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 12 sentyabr 2001-ci il tarixli 3-730 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 45 nömrəli evin 5 nömrəli mənzili İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 08 oktyabr 2024-cü il tarixli ******* nömrəli arayışından görünür ki, Daşkəsən rayonu, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 45 nömrəli evin 5 nömrəli mənzilində xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyatdadır. İşə əlavə olunmuş Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatından verilmiş 06 oktyabr 2025-ci il tarixli 5-42-20/859/2025 saylı arayışın surətindən görünür ki, Azəri X2 şəhəri İsmət Qayıbov küçəsi 45 nömrəli evin 5 nömrəli mənzilində yaşayır. Oğlu Cavabdeh1, gəlini Cavabdeh2 həmin ünvanda qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar. İşə əlavə olunmuş ünvan 1əti” mərkəzində notariat ofisində təsdiq olunmuş 4Ə- 2153 reyestr nömrəli 24 avqust 2011-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 71,1 kv.metrdən ibarət mənzili Cavabdeh1 Ağalar oğluna satmışdır. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən 27 avqust 2021ci il tarixıli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 71.1 kv.m olan mənzil mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Cavabdeh1 sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ölkədən çıxış etmiş, qayıtması barədə məlumat yoxdur. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ilə birlikdə ölkədən çıxış etmiş, xx.xx.2024-cü il tarixdə ölkəyə qayıtmış və xx.xx.2024-cü il tarixdə yenidən ölkədən çıxış etmişdir. İşə əlavə olunmuş 26 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlərdən Cavabdeh1 münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, Cavabdeh2 münasibətdə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli Qanunu ilə Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Bu maddəyə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə baxışında işin faktiki haları ilə müəyyən edilmişdir ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 45 nömrəli evin 5 nömrəli mənzili 2001-ci ildən mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə onun gəlinidir. Cavabdehlər mənzilində qeydiyyatda olsalar da, artıq uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. İşin hallarından göründüyü kimi, cavabdehlər kifayət qədər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar və mənzildən istifadə hüquqlarını həyata keçirmirlər. Həmçinin cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmış olmasını təsdiq edən faktlar mövcuddur. Belə ki, cavabdehlərin birgə mülkiyyətində ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 71.1 kv.m olan 7 saylı mənzil vardır. Həmçinin cavabdehlərin uzun müddət ölkə hüdudlarından kənarda olması da mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmış olmasını ehtiva edir. Belə olan halda cavabdehlərin mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzildə istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Odur ki, Konstitusiya Məhkəməsinin şərh olunan qərarlarının müddəalarına, habelə qeyd edilən maddi hüquq normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cü maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 45 nömrəli evin 5 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edisin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-555/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-555/2025
02.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver