Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-580/2024 07.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər X7 və X8 qarşı mənzildə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X7 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 və X6 Daşkəsən şəhəri H.Əliyev prospekti 27 saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi yazılı qaydada bildirmişdir ki, X9 10 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Onun adı səhvən ərizədə qeyd edilmişdir. Onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon İcra Hakimiyyətinin 24 noyabr 2009-cu il tarixli 870 nömrəli orderi ilə Daşkəsən şəhəri H.Əliyev prospekti 27 saylı evin 1 saylı mənzili İddiaçı verilmiş və orderdə cavabdeh X3 adı qeyd edilmişdir. Cavabdeh X7 iddiaçının keçmiş arvadıdır. Tərəflər 12 yanvar 2021-ci il tarixdə rəsmi olaraq boşanmışlar. İddiaçı Qarabağ müharibəsi əlili olmaqla uzun müddətdir ki, xəstədir. Tərəflərin ayrılmalarına baxmayaraq, cavabdeh iddiaçıya qeyd edilən mənzildə yaşamasına və istifadə etməsinə imkan verməmişdir. Hazırda mənzildə heç kim yaşamır. Cavabdehin mənzildən istifadə etməməsi onun daimi başqa yaşayış yeri olduğunu göstərir. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda qalmaqla, onun mülkiyyət hüququnu pozur. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh X7 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 24 noyabr 2009-cu il tarixli 870 nömrəli orderinin surətindən görünür ki Daşkəsən şəhəri H.Əliyev prospekti 27 saylı evin ümumi sahəsi 70,7 kv.metr, yaşayış sahəsi 28,06 kv.metr olan 2 otaqlı 1 saylı mənzili ailə üzvləri X7 və X4 ibarət olan İddiaçı verilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(030)- 04/2020 saylı qətnaməsinin surətindən görünür ki, X7 ilə İddiaçı arasında bağlanmış, Daşkəsən rayon VVADQ şöbəsində 02 mart 2006-cı il tarixdə 22 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması qət edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra Hakimiyyəti Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının 07 noyabr 2024-cü il tarixli 5-42-20/2-220/24 saylı məktubundan görünür ki, X1 şəhəri H.Əliyev prospekti ev 27 mənzil 1 ünvanında uzun müddətdir ki, yaşamır. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(030)– 347/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Daşkəsən şəhəri H.Əliyev prospekti 27 saylı evin 1 saylı mənzilindən istifadə hüququ tanınması və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatı dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəızərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 17.2.2-ci maddəsinə əsasən, dövlət mənzil fondu –mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, yaşayış sahəsindən məhkəmənin bu məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı və ya vəsiyyət tapşırığı əsasında istifadə edən vətəndaş həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) yol verməklə onunla təsərrüfatsızcasına rəftar etdikdə, yaşayış sahəsinin mülkiyyətçisi həmin vətəndaşı pozuntuların aradan qaldırılması barədə xəbərdarlıq etmək hüququna malikdir. Əgər göstərilən pozuntular yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) gətirib çıxarırsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin təmir edilməsi üçün ağlabatan müddət təyin etmək hüququna malikdir. Əgər həmin vətəndaş yaşayış sahəsinin mnülkiyyətçisi tərəfindən edilən xəbərdarlıqdan sonra qonşuların hüquqlarını və qanuni mənafelərini pozmaqla və ya yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməkdə davam edərsə və ya üzürlü səbəblər olmadan zəruri təmir işləri aparmazsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olmaması ilə bağlı məsələləri qeyd edir. Çünki, iddiaçı subyektiv hüquqa malik olduqda məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı mübahisə ilə bağlı işin hallarından görünür ki, mənzil özəlləşdirilməmişdir və dövlət mənzil fonduna aiddir, iddiaçı mənzilin mülkiyyətçisi deyildir. Mənzilin orderində göstərilmişdir ki, İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə, yəni, həyat yoldaşı X7 və övladı X9 ilə birlikdə mənzil sahəsini tutmaq hüququna malikdir. Göründüyü kimi mənzilin orderinə əsasən ondan istifadə hüququ İddiaçı ailə üvləri ilə birlikdə verilmişdir. Cavabdeh iddiaçının ailə üzvü olduğundan onun da adı iddiaçı ilə bərabər hüquqlu şəxs kimi mənzilin orderinə daxil edilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etmək hüququ mənzilin mülkiyyətçisinə məxsus olduğundan və iddiaçı mənzilin mülkiyyətçisi olmadığından hazırkı tələbi irəli sürmək hüququna malik deyildir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-580/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-580/2024
07.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver