Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-66/2025 15.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh Daşkəsən rayonu Aşağı Daşkəsən kənd uşaq bağçasının müdiri Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən rayonu Aşağı Daşkəsən kənd uşaq bağçasına qarşı əmrin ləğvi və işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşkəsən rayonu Aşağı Daşkəsən kənd uşaq bağçasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən rayonu Aşağı Daşkəsən kənd uşaq bağçasının 17 sentyabr 2024-cü il tarixli 11 nömrəli tarixli əmrin ləğv edilməsi və onun Daşkəsən rayonu Aşağı Daşkəsən kənd uşaq bağçasına xadimə-dayə işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Aşağı Daşkəsən kənd uşaq bağçasının 17 sentyabr 2024-cü il tarixli 11 nömrəli tarixli əmrin ləğv edilməsi, onun Daşkəsən rayonu Aşağı Daşkəsən kənd uşaq bağçasına xadimə-dayə işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 mart 1989-cu il tarixli 8 nömrəli əmrlə Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbə uşaq bağçasına xadimə işinə qəbul edilmiş, 01 mart 1989-cu il tarixdən 17 sentyabr 2024-cü il tarixədək həmin işdə işləmişdir. İşlədiyi 35 il müddətdə əmək intizamını pozmamış, töhmət almamışdır. İşlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmişdir. 2024-cü ilin sentyabr ayında o, Rusiya Federasiyasında yaşayan nəvəsinin böyük toy məclisinə getmək məqsədi ilə növbəti əmək məzuniyyətinə çıxacağı barədə uşaq bağçasının müdiri cavabdeh Nümayəndə ərizə ilə müraciət etmiş, Nümayəndə onun ərizəsini götürməmiş və arxayın getməsini, ona icazə verdiyini bildirmişdir. O, da cavabdehin sözünə etimad edib 02 sentyabr 2024-cü il tarixə təyyarəyə bilet almış və Rusiya Federasiyasına getmişdir. 2024-cü ilin sentyabr ayının 11-də cavabdeh ona zəng edərək digər xadimənin əməliyyat olduğunu, ona görə də onun qayıtmalı olmasını bildirmiş o, da, 17 sentyabr 2024-cü il tarixə bilet alaraq Azərbaycana qayıtmışdır. O, həmin gün uşaq bağçasının müdiri ilə əlaqə saxlamış, o, isə ona səhər Təhsil şöbəsinə getməsini bildirmişdir. O, Təhsil şöbəsinə gedəndə ona guya üzürsüz səbəbdən işə çıxmamasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq tutduğu işdən azad edildiyi bildirilmişdir. 35 ildir ki, bağçada xadimə-dayə işləmiş və heç vaxt da üzürsüz səbəbdən işdən qalmamışdır. Cavabdeh Nümayəndə onun məzuniyyət əmrini rəsmiləşdirməməsinin kobud qanun pozuntusu olduğunu sonradan bildiyi üçün özünü qorumaq məqsədilə onu 70-ci maddənin “ç” bəndi ilə işdən azad etmiş və bununla da onun konstitision hüquqlarını pozmuşdur. Həmçinin, onun pensiya yaşına az bir müddət qaldığı vaxtda işdən çıxarılması onu olduqca ağır bir vəziyyətə salmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdi ki, 1989-cu ildən qeyd edilən uşaq bağçasında dayə-xadimə vəzifəsində işləyir. İşlədiyi illər ərzində həmişə avqust ayında məzuniyyətə çıxmışdır. Ərizə yaza bilmədiyindən həmişə onun ərizələrini başqa işçilər yazmışdır. Bir neçə ay öncə həmkarlar təşkilatından çıxması barədə ərizəni də başqa işçilərə yazdırıb və imzalayıb müdirə vermişdir. 2024-cü ilin avqust ayının sonlarında Rusiya Federasiyasına nəvəsinin toyuna gedəcəyini və onun əvəzinə məzuniyyət ərizəsi yazılmasını müdirdən xahiş etmişdir. Müdir isə ona icazə verdiyini bildirmişdir. O, da müdirin sözünə inanıb edib 02 sentyabr 2024-cü il tarixə təyyarəyə bilet almış və Rusiya Federasiyasına getmişdir. Sonra isə müdir ona məzuniyyət və ya icazə vermədiyini bildirmiş və işə qayıtmasını tələb etmişdir. O, sentyabr ayının 17də işə qayıda biləcəyini bildirmişdir. 17 sentyabr 2024-cü il tarixə təyyarəyə bilet alaraq Azərbaycana qayıtmışdır. O, həmin gün cavabdehlə əlaqə saxlamış və səhəri gün işə çıxacağını bildirmişdir. Cavabdeh isə həmin gün onu işdən azad etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, 2014-cü ildən Daşkəsən rayonu Aşağı Daşkəsən kənd uşaq bağçasının müdiri işləyir. İddiaçı 1989-cu ildən qeyd edilən uşaq bağçasında dayə-xadimə vəzifəsində işləyir. İddiaçı işlədiyi müddət ərzində öz işində nizam-intizamlı olmuşdur. İşlədiyi müddətdə ona hər hansı bir töhmət və ya başqa tənbeh verilməmişdir. Onun müdir işlədiyi 10 il ərzində İddiaçı həmişə avqust ayında əmək məzuniyyətinə çıxmışdır. 2024-cü ildə də onun əmək məzuniyyətinə buraxmaq mümkün idi, lakin o, avqust ayında deyil, nəvəsinin toyuna görə sentyabr ayında məzuniyyətə çıxmaq fikirində olmuş və bunu ona avqust ayının sonlarında demişdir. O, isə işçiyə bildirmişdir ki, bu məsələni təhsil şöbəsi ilə razılaşdırıb nəticəni ona deyəcəkdir. İşçidən məzuniyyət barədə ərizə tələb etməmişdir. İddiaçı isə icazəsiz olaraq 02 sentyabr 2024-cü il tarixə təyyarəyə bilet almış və Rusiya Federasiyasına getmişdir. Bundan sonra onlar arasında telefon danışıqları olmuş və onun işə qayıtması tələb edilmişdir. 17 sentyabr 2024-cü il tarixdə isə əmr əsasında onu işdən azad etmişdir. Əmr verilməzdən əvvəl İddiaçı ilə söhbət aparılmamış, ondan izahat istənilməmişdir. O, İddiaçı ərizə yazmağı bacarmadığını bilsə də onun əvəzinə ərizə yazmalı deyildir. Həmçinin yeni ərizə formaları müəyyən edilmişdir ki, ərizələr bu formada yazılmalıdır. İddiaçı bir neçə ay öncə həmkarlar təşkilatından üzvlükdən çıxması barədə ərizəsini başqa adama yazdıraraq ona vermişdir. O, isə həmin ərizəni İddiaçı alaraq təhsil şöbəsinin həmkarlar təşkilatına təqdim etmişdir. Həmin ərizəyə əsasən də onu üzvlükdən azad etmişlər. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 11 aprel 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 mart 1989-cu il tarixli 8 nömrəli əmrlə Daşkəsən rayon Aşağı Daşkəsən kənd uşaq bağçasına xadimə təyin edilmişdir. İşə əlavə edilmiş 11 aprel 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Daşkəsən rayon Aşağı Daşkəsən kənd uşaq bağçasının 17 sentyabr 2024-cü il tarixli 11 nömrəli əmri ilə uşaq bağçasının xadimə-dayəsi İddiaçı 02 sentyabr 2024-cü il tarixdən 17 sentyabr 2024-cü il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Əsas kimi pedoqoji şuranın 12 sentyabr 2024-cü il tarixli 3 nömrəli qərarı, Daşkəsən kənd uşaq bağçasında 02 sentyabr 2024, 03 sentyabr 2024, 04 sentyabr 2024, 05 sentyabr 2024, 06 sentyabr 2024, 11 sentyabr 2024, 12 sentyabr 2024cü il tarixlərdə tərtib olunmuş aktlar, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bağça müdrünün dərkənarı göstərilmişdir. İşə əlavə edilmiş Aşağı Daşkəsən kənd uşaq bağçasının xadimə-dayəsi çalışan İddiaçı 01 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, vacib işi olduğuna görə onu 01 sentyabr 2024-cü ildən növbəti əmək məzuniyyətə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayonu Aşağı Daşkəsən kənd uşaq bağçasının müdiri və digər işçilər tərəfindən tərtib edilmiş 02,03,04,05,06,11 və 12 sentyabr 2024-cü il tarixli aktların surətindən görünür ki, Aşağı Daşkəsən kənd uşaq bağçasının xadimə-dayəsi vəzifəsində çalışan İddiaçı naməlum səbəbdən həmin günlərdə iş vaxtı ərzində işdə olmamışdır. Aktın doğruluğu imzalar və möhürlə təsdiq edilmişdir. İşə əlavə Daşkəsən rayon Aşağı Daşkəsən kənd uşaq bağçasının 17 sentyabr 2024-cü il tarixli 11 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı Aşağı Daşkəsən kənd uşaq bağcasının 1,0 ştat vahidi xadimə-dayəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmadığına və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin müvafiq tələblərini kobud surətdə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş, son haqq-hesabın ödənilməsi göstərilmişdir. Əmrin verilmə əsası kimi pedoqoji şuranın xx.xx.2024-cü il tarixli 3 nömrəli qərarı, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli aktlar qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasya sessiyasında iştirak edilməməsi barədə 05 noyabr 2024-cü il tarixli MŞG/1-MT007/2024-02138 nömrəli arayışından görünür ki, mübahisə ilə bağlı uşaq bağçasının müdiri Nümayəndə 05 noyabr 2024-cü il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşə əlavə edilmiş 25 aprel 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı X3 sədrinə müraciət edərək həmin təşkilatın üzvlüyündən çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, İddiaçı 17 sentyabr 2024-cü il tarixdə saat 11:57-də Moskva-Gəncə uçuş reysi ilə X1 giriş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi İddiaçı 01 mart 1989-cu il tarixdən 12 sentyabr 2024-cü il tarixədək 35 il müddətində Daşkəsən rayon Aşağı Daşkəsən kənd uşaq bağçasında xadimə-dayə işləmişdir. Bu müddət ərzində əmək funksiyalarının yerinə yetirməsi ilə bağlı intizam məsuliyyətinə cəlb olunmamışdır. İşlədiyi müddət ərzində hər bir iş ili üçün əmək məzunuiyyətindən istifadə etmişdir. O, bir qayda olaraq hər ilin avqust ayında məzuniyyətə çıxmışdır. 2024-cü ilin sentyabr ayında nəvəsinin toy məclisinə gedəcəyi ilə bağlı olaraq həmin ayda məzuniyyətə çıxmaq istəmiş və bu istəyini 2024-cü ilin avqust ayının sonlarında müdiriyyətə bildirmişdir. Uşaq bağçası müdiriyyətinin də bildiyi kimi İddiaçı xadimə işləməklə müvafiq formada ərizə yazmağı bacarmır və bu praktiki olaraq mümkün deyildir, eyni zamanda o, məzuniyyətə çıxmaq istəməsini bir neçə gün öncə şifahi olaraq müdirə bildirmişdir. Digər tərəfdən isə əmək məzuniyyətinin rəsmiləşləşdirilməsi işəgötürənin vəzifəsidir. Belə olan halda işçinin məzuniyyət barədə ərizə təqdim etməməsini hüquqi nöqsan kimi dəyərləndirmək əvəzinə, məzuniyyət barədə ərizənin tərtib edilməsində işçiyə yardım edilməsi işçinin məzuniyyət hüququnun təmininin ədalətli üsulu olardı. Belə ki, ədalətlilik Əmək Məcəlləsinin vəzifə və prisiplərindən biridir. İşəgötürən öz fəaliyyətində əmək qanunvericiliyinin vəzifə və prinsiplərini rəhbər tumağa borcludur. İşəgötürən işçiyə qarşı qərəzsiz olmasını və ona tənbeh verilməsində maraqlı olmamasını ilk növbədə sübut etməlidir. Əks halda onun fəaliyyəti qüsurlu olaraq həyata keçirilmiş sayılır. İş materiallarında olan diskdə uşaq bağçasının müdiri və iddiaçı arasında olan telefon danışıqlarından aydın olur ki, İddiaçı sentyabr ayının 17-də işə qayıdacağını uşaq bağçasının müdirinə bildirmişdir. Bunununla da, müdiriyyət işçinin daha tez bir zamanda işə qayıda bilməyəcəyini bilmiş ərizənin kağız daşıyıcıda verilməsi mümkün olmasa da, elektron qaydada ərizə təqdim edilməsinin mümkünlüyünü ona bildirməmiş və işçinin ziyanına davam edən müddətin sonuna qədər gözləmiş, işçinin işə çıxmasının mümkün olacağı gün, yəni sentyabr ayının 17-də onu işdən azad etmişdir. Aşkar şəkildə görünür ki, işçi məzuniyyətə buraxımasını istəsə də, müdiriyyət ondan bu barədə ərizə tələb etməmiş, məzuniyyət hüququnun təmin olunmasına yönələn hər hansı bir hərəkət edilməmiş, işçinin mənafeyinin ziddinə davranış nümayiş etdirərək, işçiyə münasibətdə ədalətsiz olan nəticənin yaranmasına nail olmuşdur. Məhkəmədə işə baxılarkən məlum olmuşdur ki, uşaq bağçasının müdiriyyəti işçi İddiaçı işdən azad etməmişdən bir neçə ay öncə onun həmkarlar təşkilatı üzvlüyündən çıxması barədə ərizəsini alaraq müvafiq təşkilata təqdim etməklə öz səlahiyyətinə aid olmayan məsələni həll etdiyi halda, ondan məzuniyyət ərizəsini alıb işçini məzuniyyətə buraxmaqla öz səlahiyyətinə aid məsələni həll edə biləcəyi halda bunu etməmişdir. Bunlardan əlavə, işə əlavə edilmiş Daşkəsən rayonu Aşağı Daşkəsən kənd uşaq bağçasının möhürü, müəssisənin müdiririn və digər işçilərin imzası ilə təsdiq edilmiş 02,03,04,05,06,11 və 12 sentyabr 2024-cü il tarixli aktların surətindən görünür ki, Aşağı Daşkəsən kənd uşaq bağçasının xadimə-dayəsi işində çalışan İddiaçı naməlum səbəbdən həmin günlərdə iş vaxtı ərzində işdə olmamışdır. Aktın doğruluğu imzalar və möhürlə təsdiq edilmişdir. Göründüyü kimi 02 sentyabr tarixindən 12 sentyabr tarixinədək İddiaçı işdə olmamasının səbəblərinin naməlum olmasını, yəni ona bəlli olmamasını uşaq bağçasının müdiri öz imzası və müəssisənin möhürü ilə təsdiq etmişdir. Lakin, bundan sonra işçidən yazılı izahat tələb edilməmiş, işə gəlməməsinin səbəbini aydınlaşdırılmamış, bununla da intizam tənbehinin verilməsinin qanunla müəyyən edilmiş qaydaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Yuxarıda qeyd edildiyi kimi xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə tərtib edilmiş aktlarda, yəni yeddi halda müəyyən edilmiş faktlar üzrə İddiaçı işdə olmamasının səbəblərinin naməlum olmasını, yəni ona bəlli olmamasını uşaq bağçasının müdiri öz imzası və möhürü ilə təsdiq etmişdir. Bununla belə xx.xx.2024-cü il tarixli əmrdə həmin aktlara əsaslanmaqla onun işdə olmamasını üzürsüz hesab etmişdir. Aşkar şəkildə göründüyü kimi əmr çıxarılarkən əsaslanımış faklarla və məlumatlarla əmrin məzmunu arasında kəskin ziddiyət vardır. Əmrdə istinad edilmiş olan Uşaq bağçasının pedaqoji şurasının xx.xx.2024-cü il tarixli qərarı bu ziddiyyəti aradan qaldırmaq məzmununa malik deyildir. Bir halda ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri məzmununda üzürsüz səbəblər qeyd olunmayan sənədlərə əsaslanmaqla verilmişdir, bu, onu deməyə əsas verir ki, həmin əmr Əmək Məcəlləsində müəyyən edilmiş məzmuna malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi əsası; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi əsas hesab olunan rəsmi sənədlər barədə məlumatlar əmrin məzmununda göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda tələb olunan məlumatlar göstərilmədikdə əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsində göstərilir ki, hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istirahət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində göstərilir ki, bu məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsi və məsuliyyətindədir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 15 iyul 2011ci il tarixli qərarında gösətrilmişdir ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Həmin Məcəllənin 110-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 110-cu maddəsinin 3-cü hissəsində göstərilir ki, işçilərin bu məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 135-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Həmin Məcəllənin 143-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. (Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 23 fevral 2000-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndləri ilə əlaqədar əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnu məhdudlaşdıran müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci maddələrinə və 149-cu maddəsinin İ hissəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilmişdir) Həmin Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci maddələrinə və 149-cu maddəsinin İ hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 23 fevral 2000-ci il tarixli qərarında gösətrilmişdir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuşdur ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərnin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Lakin məzuniyyət əvəzinə işçiyə pul ödənişi verildikdə o, müəyyən əmək stajını itirmiş olur və digər işçilərə nisbətən onun hüquqları məhdudlaşdırılır. Konstitusiyası Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, işçiyə əmək məzuniyyətinin verilməsi məzuniyyət əvəzinə pul ödənişinin verilməsindən daha əhəmiyyətli hesab edilir. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 24-cü maddəsində, İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın 7-ci maddəsinin «d» bəndində və Ödənişli məzuniyyətlər haqqında X4 Konvensiyasının 3-cü maddəsində də hər bir işçinin vaxtaşırı ödənişli məzuniyyətdən istifdə etmək hüququ öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli qərardadında göstərilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə bağlı qeyd etmişdir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi işçinin məzuniyyət hüququnun pozulması ilə həyata keçirildiyindən, ədalətlilik prinsiplərinə əməl edilmədiyindən, hüquqdan sui-istifadə hallarına yol verildiyindən, həmçinin əmr əmək məcəlləsində müəyyən edilmiş məzmuna malik olmadığından, əmrin verilməsində intizam tənbehinin verilmə qaydalarının pozulması halları aşkar edildiyindən iddia təmin olunmalı, İddiaçı ilə əmək müqaviləsinə xitam verilmə barədə Daşkəsən rayon Aşağı Daşkəsən kənd uşaq bağçasının 17 sentyabr 2024-cü il tarixli 11 nömrəli əmri ləğv edilməli, Həsənova X2 rayon Aşağı Daşkəsən kənd uşaq bağçasına xadimə-dayə işinə bərpa olunmalı, ona 17 sentyabr 2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə əmək müqaviləsinə xitam verilmə barədə Daşkəsən rayon Aşağı Daşkəsən kənd uşaq bağçasının 17 sentyabr 2024-cü il tarixli 11 nömrəli əmri ləğv edilsin. Həsənova X2 rayon Aşağı Daşkəsən kənd uşaq bağçasına xadimə-dayə işinə bərpa olunsun. İddiaçı 17 sentyabr 2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-66/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-66/2025
15.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver