Məhkəmə qərarları › İş №2(030)-699/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-699/2025

16.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-699/2025 16.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 Sistemlərinin İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 14 iyul 2025-ci il tarixli 174/K nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması, işdən əsassız azad oldunğu dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X2 Sistemlərinin İstismarı İdarəsi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tam əsassız olaraq Əmək Məcəlləsinin tələblərini pozaraq onu işdən azad etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, 15 oktyabr 2024-cü il tarixli əmrlə X2 Sistemlərinin İstismarı İdarəsinin nasos qurğularının maşinisti peşəsinə üç aylıq müddətlə qəbul edilmiş, doqquz ay işlədikdən sonra onunla bağlanmış müqaviləyə xitam verilmişdir. O, işdən azad olunmamışdan öncə ona xəbərdarlıq edilməli olduğu halda edilməmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh X2 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 15 oktyabr 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən X2 Sistemlərinin İstismarı İdarəsi ilə işçi İddiaçı arasında razılaşmaya görə, o, nasos qurğularının maşinisti peşəsinə işə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır. İşə əlavə edilmiş 10 fevral 2016-cı il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15 oktyabr 2024-cü il tarixli 07/k nömrəli əmrlə X2 Sistemlərinin İstismar İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti peşəsinə 3 ay müddətinə təyin edilmişdir. İşə əlavə edilmiş X2 Sistemlərinin İstismarı İdarəsinin 14 iyul 2025-ci il tarixli 174/K nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilmə əsası kimi müqavilənin müddətinin bitməsi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsininin “b” bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi İddiaçı 15 oktyabr 2024-cü il tarixli əmrlə X2 Sistemlərinin İstismar İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti peşəsinə üç ay müddətinə təyin edilmişdir. Növbəti üç ayın və sonrakı üç ayın tamamında həmin əmək müqaviləsinin müddəti əmək müqaviləsində göstərilən müddətə uzadılmışdır. Lakin, sonuncu üç aylıq müddət tamam olarkən işəgötürənin işçi ilə əmək münasibətlərini davam etdirmək istəməmiş və müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam vermişdir. Bu isə, işəgötürənin hüquqlarından irəli gələn məsələdir. İddiaçı müraciəti əsasında aparılmış araşdırmanın nəticələrini özündə əks etdirən X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin işə əlavə edilmiş 10 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirildikdə işçi ilə işəgötürən arasında rəsmi yazışmalar bölməsi vasitəsi ilə işçiyə əmək müqaviləsinə xitam verilmə barədə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq bildirişinin göndərildiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada xitam verilmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar