Məhkəmə qərarları › İş №2(030)-717/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-717/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-717/2025 24.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 İrvaham oğlunun və Cavabdeh2 iştirakı ilə, İddiaçı сavabdehlər Cavabdeh1 İrvaham oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İrvaham oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 ay ərzində cavabdehlər üçün gördüyü işlərin haqqı olaraq 24.000 manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh2 onun arvadı, Cavabdeh1 İrvaham oğlu isə qayınatası olmuşdur. 2020-ci ildən etibarən cavabdehlərin təsərrüfatında olan iribuynuzlu mal-qaralarının saxlanılması üçün ot biçib gətirmiş, meşədən kəsdiyi odunları avtomobilə yükləyərək cavabdehlərin həyətinə daşıyıb yığmış və digər işləri görmüşdür. Bunlardan əlavə Cavabdeh2 işlədiyi məktəb üçün odun doğrayıb məktəbin həyətinə yığmışdır. Bunlara görə də cavabdehlərdən 24.000 manat pul tələb edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, pul ödəmək şərti ilə iddiaçıya heç bir iş gördürməmişdir. İddiaçı bir neçə il əvvəl onun işlədiyi məktəbin odununu doğramış və bu işdə ona kömək göstərmişdir. O, da buna görə 1200 manat aliment borcunu ondan istəməmişdir. Onun iddiaçı qarşısında heç bir borcu mövcud deyildir. İddaçı ona olan aliment borcunu ödəməkdən yayınmaq üçün belə iddialar qaldırır. İddia tələbi əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 İrvaham oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, qızı Cavabdeh2 ilə İddiaçı 2019-cu ildən rəsmi olaraq ayrılmışlar. Həmin vaxtdan da iddiaçı ilə bütün əlaqələri kəsilmişdir. O, iddiaçıdan heç bir işin görülməsini xahiş etməmişdir. 2020-ci ildə oğlu vəfat etdikdə iddiaçı da bütün kənd sakinləri kimi yas yerinə gəlmiş, vəfat etmiş oğlunun dostu kimi əvəzsiz olaraq yas mərasimində müəyyən işlər görmüşdür. Bundan başqa bir iş görməmişdir. Odunları meşədən özü alıb gətirmişdir. İddia tələbi əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(030)– 154/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında olan əmlak mübahisəsi həll edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin inzibati xəta haqqında 21 iyul 2025-ci il tarixli 3(030)-153/2025 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh2 məhkəmə qətnaməsi ilə ödənilməli olan 8400 manat məbləğində aliment borcunu ödəməkdən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs olunmuşdur. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)- 432/2025 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməklə cavabdeh İddiaçı üzərinə iddiaçı Cavabdeh2 üzr istəmək vəzifəsinin qoyulması və vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdeh İddiaçı 500 (beş yüz) manat vəsaitin tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qərara alınmışdır. İşə əlavə edilmiş 14 saylı X2 Mərkəzinin meşə məhsullarının buraxılışı orderlərin surətlərindən görünür ki, Cavabdeh1 İrvaham oğlu 14 saylı X2 Mərkəzində 10 oktyabr 2020-ci il tarixli, 012433 nömrəli orderə əsasən 5 kubmetrlik odunu 125 manata, 23 oktyabr 2020-ci il tarixli, GJR 003650 nömrəli orderə əsasən kubu 5 kub.metrlik odunu 90 manata, 17 sentyabr 2024-cü il tarixli, ƏİK 032780 nömrəli orderə əsasən kubu 3 kub.metrlik odunu 90 manata və 22 sentyabr 2025-ci il tarixli, İÜO 016395 nömrəli orderə əsasən 5 kubmetrlik odunu 150 manata satın almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 397.1-ci maddəsinə görə, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Hazırkı iş üzrə iddiaçı 60 ay ərzində müəyyən haqq müqabilində cavabdehlər üçün görmüş olduğu işlərin əvəzi olaraq onlardan 24.000 manat tələb edir. Ümumi məzmun baxımından göründüyü kimi, iddiaçı öz tələbini əvəzli müqavilə üzrə yaranmış öhdəliklərin cavabdehlər tərəfindən icra edilməməsinə əsasən irəli sürmüşdür. Belə olan halda ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərini yarada biləcək müqavilən mövcud olub-olmaması halına aydınlıq gətirilməlidir. Belə ki, hər şeydən əvvəl tərəflər arasında müqavilə və razılaşma mövcud olmalıdır ki, sonra da onun pozulmasından söhbət gedə bilsin. Bütün hallarda öhdəliyin icra olunmaması halı öhdəliyin yaranmasından sonra baş vermiş olmalıdır. İddiaçı sübutetmə vəzifəsinə əsasən öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etməyə borcludur. Lakin, idddiaçı tələbin yaranma əsaslarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı qeyd etdiyi 60 ay ərzində cavabdehlərin ondan hansı işlərin görülməsini sifariş etməsi, onlarla əldə olunmuş razılaşmalar, hər bir ay üzrə görülmüş işin həcmi və həmin işlərin əvəzində cavabdehlərin ona ödəməli olduğu pul məbləği barədə götürmüş olduqları öhdəliklər barədə faktları və məlumatları iddia tələbində göstərməmiş və bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. İddiaçı tərəfindən öz tələbinin əsası kimi istinad etdiyi faktların və sübutların məhkəməyə təqdim edilməməsi iddia tələbinin təmin olunmaması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinin tıləbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 113 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar