Məhkəmə qərarları › İş №2(031)-131/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-131/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-131/2023 23.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Şabran rayon Notariat Ofisinə qarşı Əqdin etibarlı hesab edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq onunla X3 arasında 21 avqust 2008-ci il tarixində Dəvəçi (Şabran) rayon Dövlət Notariat Kontorunda bağlanmış 4Ə-59 reyestr nömrəli əqdin (torpaq alqı-satqısı müqaviləsinin) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, onunla X3 arasında 21 avqust 2008-ci il tarixində Dəvəçi (Şabran) rayon Dövlət Notariat Kontorunda torpaq alqısatqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X1 rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə verilmiş, JN-2151A, kod 30401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.05 ha torpaq sahəsini ona satmış və o, torpağın dəyərini Fərhad Quliyevə ödəmişdir. Onun Azərbaycan Respublikasının Dövlət Notariat Arxivinə etdiyi müraciət əsasında Dövlət Notariat Arxivindən ona verilmiş 28 oktyabr 2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, Şabran rayon Dövlət Notariat Ofisində 21 avqust 2008-ci il tarixdə 4Ə-59 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Belə ki, qanunvericiliyə əsasən notariat hərəkətləri barədə sənədlər notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında təlimatda nəzərdə tutulan müddət ərzində notariat ofislərində saxlandıqdan sonra Dövlət notariat arxivinə təhvil verilməlidir. Göründüyü kimi həmin müqavilə və onun qeydə alındığı reyestr kitabı cavabdeh Dəvəçi (Şabran) rayon Notariat Ofisinin təqsiri ucbatından arxivə təhvil verilmədiyindən o həmin müqavilə əsasında heç bir əməliyyat həyata keçirə bilmir. Ona görə də əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xahiş edir, onunla X3 arasında 21 avqust 2008-ci il tarixində Dəvəçi (Şabran) rayon Dövlət Notariat Kontorunda bağlanmış 4Ə-59 reyestr nömrəli əqdin (torpaq alqı-satqısı müqaviləsinin) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şabran rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2151A KOD 30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən X2 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.05 h həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş İddiaçı ilə X3 arasında 21 avqust 2008-ci il tarixində Dəvəçi (Şabran) rayon Dövlət Notariat Kontorunda bağlanmış torpaq alqı-satqısı müqaviləsinə əsasən X1 rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə verilmiş, JN-2151A, kod 30401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.05 ha torpaq sahəsini İddiaçı satmış və İddiaçı torpağın dəyərini Fərhad Quliyevə ödəmişdir. Məhkəmə, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək torpaq sahəsinin alqısatqısı ilə əlaqədar əqdin bağlanmış hesab edilməsinə dair bəzi məsələlər üzrə, habelə iddianın qanuniliyi və əsaslılığı ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.2ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Bundan əlavə İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2 və 324.4-cü maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Beləliklə məhkəmə yuxarıda istinad edilmiş mülki qanunvericiliyin normalarına istinadən bu qənaətə gəlinir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 334-cü maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli 4-N nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında təlimatın 13.1-ci bəndinə əsasən Bu təlimata 16 nömrəli əlavəsində verilmiş siyahıda nəzərdə tutulmuş notariat həəkətlərinə dair sənədlər və əsasın notariat hərəkəti aparılmiş sənədlər, habelə reystrlər, bank çıxarışlarının əsli, çek kitabçalarının kötükləri Dövlət notariat apxivinə təhvil verilənə qədər notariat ofisində 10 il saxlanılır. Məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı ilə X3 arasında 21 avqust 2008-ci il tarixində Dəvəçi (Şabran) rayon Dövlət Notariat Kontorunda torpaq alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X1 rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə verilmiş, JN-2151A, kod 30401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.05 ha torpaq sahəsini İddiaçı satmış və İddiaçı, torpağın dəyərini Fərhad Quliyevə ödəmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi İddiaçı istifadəsində və faktiki mülkiyyətindədir. İddiaçı qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisi olmadığından həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək imkanı yoxdur, bu səbəbdən məhkəmədə əqdin (torpaq alqı-satqısı müqaviləsinin) etibarlı hesab edilməsi barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə X3 arasında 21 avqust 2008-ci il tarixində Dəvəçi (Şabran) rayon Dövlət Notariat Kontorunda bağlanmış 4Ə-59 reyestr nömrəli əqd (torpaq alqı-satqısı müqaviləsi) etibarlı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə X3 arasında 21 avqust 2008-ci il tarixində Dəvəçi (Şabran) rayon Dövlət Notariat Kontorunda bağlanmış 4Ə-59 reyestr nömrəli əqd (torpaq alqı-satqısı müqaviləsi) etibarlı hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar