Məhkəmə qərarları › İş №2(031)-1353/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1353/2025

03.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1353/2025 03.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh direktoru X6 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş zərərin məbləğinin ödənilməsi tələbinə dair mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş zərərin məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 31 oktyabr 2025-ci il tarixli, 68-K nömrəli və xx.xx.2025-ci il tarixli, 88 nömrəli əmrlərinin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunmağı, əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdehdən ona vurduğu mənəvi zərərə görə 10000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2012-ci il tarixli əmri ilə Cavabdeh dezinfektor şöbəsinin sanitar qadını vəzifəsinə təyin edilmişdir. O, Cavabdeh dezinfektor şöbəsinin sanitar qadını vəzifəsində işlədiyi dövrdə işinin öhdəsindən daim müvəffəqiyyətlə gəlmiş və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Onun səhhətində ciddi problemlər olduğundan, yəni o, xroniki bronxit xəstəsi olduğundan, onda əzginlik, boğulma hissi, tənəffüs çatışmazlığı və s. ciddi problemlər olduğundan xəstəliyi ilə əlaqədar bu ilin oktyabr ayının 15-dən işə çıxa bilməmişdir. Bununla əlaqədar Cavabdeh direktoru vəzifəsini icra edən Asif Nəsibovu məlumatlandırmışdır. Asif Nəsibov ona 2025-ci ilin noyabr ayının 1-nə qədər müalicə almağı ilə əlaqədar işə çıxmamağına icazə vermişdir. Asif Nəsibov həmçinin ona 2025-ci ilin noyabr ayının 1-nə qədər sağalmasa, könüllü şəkildə ərizəni yazıb işdən gedə biləcəyini bildirmişdir. O da bundan sonra müalicələrini davam etdirməyə başlamışdır. Direktorun ona verdiyi müddətin başa çatdığını, lakin, sağalmadığını görmüş, 2025-ci ilin noyabr ayının 1 və 2-si şənbə və bazar günlərinə düşdüyündən noyabr ayının 3-ü bülleten açdırmaq məqsədi ilə Şabran Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə yaxınlaşmışdır. Həmin gün həkimin qəbuluna düşə bilmədiyindən, noyabr ayının 4-ü yenidən Şabran Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə yaxınlaşıb həkim Malik Xəlilovun qəbulunda olmuş və noyabr ayının 5-i ona bülleten açılmışdır. Ona həkim tərəfindən xroniki qarışıq, sadə, selikli, irinli bronxit, boğulma hissi, əzginlik, tənəffüs çatışmamazlığı və s. dioqnozlar qoyulmuşdur. Sağalmadığına görə ona hərəsi 1 həftə olmaqla 4 dəfə ardıcıl bülleten açılmışdlır. Bu ilin noyabr ayının 27-si Şabran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Səxavət Cəbrayılov onu öz kabinetinə çağırtdıraraq ona 2025-ci ilin noyabr ayının 3-dən işdən azad olunduğunu və niyə bülleten açdırdığını bildirmişdir. O, həmin vaxt Səxavət Cəbrayılova həmin əmrdən xəbəri olmadığını, bülleten açılan zaman sistemdə əmrin görünmədiyini bildirmişdir. Bundan sonra o, Cavabdeh direktoru vəzifəsini icra edən Asif Nəsibovun kabinetinə gedib 31 oktyabr 2025-ci il tarixli, 68-K nömrəli və xx.xx.2025-ci il tarixli, 88 nömrəli əmrlərin surətlərini əldə etmişdir. 31 oktyabr 2025-ci il tarixli əmrlə tanış olandan sonra ona məlum olmuşdur ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 68-K nömrəli əmrində onun ilə Cavabdeh arasında bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verildiyi qeyd olunmuşdur (əsas V.S.Balayevanın ərizəsi, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi işlədiyi müəssisəyə GEM-ə hər hansı rəsmi sənəd təqdim edilmədən işə gəlməmişdir. Dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu halı bu günə qədər davam edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə). Cavabdeh xx.xx.2025-ci il tarixli, 88 nömrəli əmrinə əsasən o, xx.xx.2025-ci il tairxindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh 31 oktyabr 2025-ci il tarixli, 68-K nömrəli və xx.xx.2025-ci il tarixli, 88 nömrəli əmrləri qanunsuzdur, əsassızdır. Həmin qanunsuz və əsassız əmrlər əsasında o, işindən məhrum olmuşdur. İlk növbədə qeyd edir ki, o, xəstəliyi ilə əlaqədar işə çıxa bilməmişdir. Qeyd etdiyi kimi işə çıxmamaq ilə əlaqədar dərhal Cavabdeh direktoru vəzifəsini icra edən Asif Nəsibovu məlumatlandırmışdır. Asif Nəsibov ona 2025-ci ilin noyabr ayının 1-nə qədər müalicə almağı ilə əlaqədar işə çıxmamağına icazə vermişdir. O, həmçinin xx.xx.2025- ci il tarixində Cavabdeh direktoru vəzifəsini icra edən Asif Nəsibova izahat yazıb təqdim etmiş və həmin izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək səhhətində ciddi xəstəlik olduğuna görə işdə iştirak etməmişdir. Ona işə çıxmamağı ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq edilməsi barədə əmrdə qeyd olunan qeyd əsassızdır. Cavabdeh tərəf heç bir yazılı və şifahi xəbərdarlıq etmədən onu birbaşa işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab edilir. Barəsində işdən çıxarılma barədə əmr var idisə, bülleten açdıran zaman sistemdə həmin əmr görünməli idi. Üstəlik onun üçün açılmış bülleten qeyri-qanuni şəkildə Səxavət Cəbrayılov tərəfindən onun qəbulunda olduğu ərəfədə sistemdən silinmişdir. Hansı ki, əlində onun üçün bülleten açılmasını təsdiq edən müvafiq sübutlar vardır. Əgər 3 noyabrdan işdən azad olunmuşdursa, həmin əmr barədə dərhal məlumatlandırılmalı idi. Hansı ki, ona işdən çıxma barədə məlumatı Şabran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Səxavət Cəbrayılov öz kabinetində vermiş və o, Cavabdeh direktoru vəzifəsini icra edən Asif Nəsibovun kabinetinə yaxınlaşandan sonra həmin əmrlərin surətlərini əldə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.3-cü maddəsinə əsasən əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Buradan bir daha açıq aşkar bəlli olur ki, 31 oktyabr 2025-ci il tarixli, 68-K nömrəli və xx.xx.2025-ci il tarixli, 88 nömrəli əmrlər o, bülletendə olduğu dövrdə saxtakarlıq edilərək əvvəlki tarix qeyd olunmaqla tərtib edilmişdir. Evdə ondan başqa işləyən heç kəs yoxdur. Cavabdeh qanunsuz əmrləri nəticəsində ilə o və himayəsində olan xəstə anası qazancsız, çətin vəziyyətdə qalmışlar. Həmçinin 3-cü qrup əlil qardaşı da onun himayəsində yaşayır ki, qardaşı dövlətdən pensiya belə almır. Həmçinin cavabdehin əməlləri ona mənfi təsir etmiş və o, mənəvi sarsıntılar keçirmişdir. Cavabdeh direktoru X10 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, Cavabdehndə sanitar qadın (xadimə) vəzifəsində işləyən İddiaçı 15-27 oktyabr 2025-ci il tarixlərində işə gəlməmişdir. İddiaçı ilə dəfələrlə əlaqə saxlanılmış, bir neçə dəfə zənglərə cavab verməmiş, sonradan işlərinin olduğunu bildirmişdir. Eyni zamanda İddiaçı işə gəlməməsi ilə əlaqədar şəxsin anası ilə əlaqə saxlanılmışdır. İddiaçı və anasına onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat verilmişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə müəssisəyə gələrək tabel jurnalını tələb etmiş və buraxılan iş günlərinə imza atmağa cəhd göstərmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı 29 oktyabr 2025-ci il tarixli yazılı izahatına əsasən səhhətində ciddi xəstəlik olduğuna görə işə gəlmədiyini bildirdirmişdir. Lakin buna baxmayaraq, göstərilən müddət ərzində hər hansı rəsmi sənəd təqdim etməmişdir. Həmçinin bununla əlaqədar xx.xx.2025-ci il tarixli dezinfeksiya bölməsinin müdiri Məmmədova Qərənfil, təsərrüfat hissə müdiri Əhmədova Sevinc, Həmkarlar İttifaqı Komitəsinin sədri Həmidova Reyhan tərəfindən akt tərtib olunmuşdur. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən üzrlü səbəb olmadan uzun müddət işə gəlmədiyinə görə əmək müqaviləsinə xitam verilməsi üçün X4 Komitəsinə 30 oktyabr 2025-ci il tarixli, 218 nömrəli əsaslandırılmış yazılı təqdimatla müraciət edilmişdir. Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Mərkəzində sanitar qadın (xadimə) vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Həmçinin etiraz ərizəsinə əlavə olunmuş Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin ümumi iclasının xx.xx.2025-ci il tarixli, 2 nömrəli protokolundan görünür ki, X4 Komitəsinin rəyasət heyətinin üzvlərinin razılığı ilə müvafiq qərar qəbul olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixindək səhhətində olan ciddi xəstəliklə əlaqədar işə gəlməmişdir. İddia ərizəsində iddiaçının özü bunu təsdiq etmişdir. Bununla yanaşı iddiaçının işə gəlməməsinə səbəb olan hallara dair rəsmi sənəd (xəstəlik vərəqəsi) təqdim etməmiş eyni zamanda, həmin qeyd olunan müddətlərdə (işə gəlmədiyi müddətdə) X7 Sistemində (VSİS) və ƏMAS-da həmin şəxsə dair xəstəlik vərəqəsi olmamışdır. İddiaçı üçün açılmış xəstəlik vərəqəsi onun əmək müqaviləsinə xitam verildiyi tarixdən sonrakı dövrə aiddir. İddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh direktoru X10 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2025-ci il tarixli, 68-K nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi işlədiyi müəssisəyə GEM-ə hər hansı rəsmi sənəd təqdim edilmədən işə gəlməmişdir. Dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu halı bu günə qədər davam etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh xx.xx.2025-ci il tarixli 88 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixindən işdən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 88 nömrəli əmrdən görünür ki, Cavabdeh bölməsində xadimə vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, xx.xx.2025-ci il tarixli, 88 nömrəli əmr əsasında Cavabdeh sanitar qadın vəzifəsində işləyən İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İş materialarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdehndən xx.xx.2025-ci il tarixində vəzifəsinə xitam verilməsi ilə bağlı əmrini, xx.xx.2025-ci il tarixində əmək kitabçasını götürmüşdür.İş materiallarında olan Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin ümumi iclasının xx.xx.2025-ci il tarixli, 2 nömrəli protokolundan görünür ki, Cavabdeh sanitar qadın (xadimə) vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh davamiyyət cədvəlinin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək onun üçün ayrılmış hissələri imzalamamışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2025-ci il tarixli aktından görünür ki, Cavabdeh dezinfeksiya bölməsində sanitar qadın işləyən İddiaçı xx.xx.2025-ci il tarixdən etibarən hər hansı üzrlü səbəb və rəsmi sənəd təqdim etmədən işə gəlməmiş, telefonla əlaqə saxlanılan zaman vacib işlərinin olduğunu, işlərini bitirdikdən sonra işə çıxacağını bildirmiş, xx.xx.2025-ci il tarixdə GEM-ə gələrək Q.Məmmədovadan işə gəlmədiyi günlərə imza etmək üçün tabel jurnalını verməsini tələb etmişdir. Akt dezinfeksiya bölməsinin müdiri Məmmədova Qərənfil S., Əhmədova Sevinc İ., Həmidova Reyhan E. tərəfindən tərtib edilmiş, imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 109-K nömrəli əmrdən görünür ki, Cavabdeh Sanitariya-gigiyena şöbəsinin müdiri X9 xx.xx.2020-ci il tarixdən Cavabdeh direktoru vəzifəsinin icrası həvalə edilmişdir. İş materiallarından və əlavə edilmiş DVD disklərdə olan fotoşəkillərdən görünür ki, iddiaçı özünün, anası X3 və qardaşı X5 xəstəliyinə dair sənədləri iddia ərizəsinə əlavə etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən sonuncu haqq-hesaba dair sənəddən görünür ki, sonuncu haqq-hesab 63,41 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən ödəniş tapşırığından görünür ki, İddiaçı 2025-ci il noyabr ayına dair əməkhaqqı qrafasında 56,02 qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə təqdim edilmiş sənədlərdən və tərəflərin verdiyi izahatlardan aydın olur ki, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək üzrlü səbəb olmadan işə gəlməmişdir. İlk öncə qeyd etmək zəruridir ki, İddiaçı ona noyabr ayının 1-dək işə gəlməməsi ilə bağlı icazə verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə İddiaçı 29 oktyabr 2025-ci il tarixli izahatından aydın olur ki, işəgötürən iddiaçının işdə olmaması səbəblərini aydınlaşdırmış və buna dair iddiaçıdan izahat almışdır. İkinci diqqət yetirilməli hal ondan ibarətdir ki, təqdim edilən xəstəlik vərəqələrindən göründüyü kimi xəstəliklə bağlı sənədlər İddiaçı işdən çıxandan sonra rəsmiləşdirilmişdir. Həmçinin iddiaçının bildirdiyinə görə 4 dəfə xəstəlik vərəqəsi açdırmış, izahat yazmış şəxs işəgötürənlə bu müddət ərzində əlaqə saxlamamış, ümumiyyətlə, izahatının nəticəsini aydınlaşdırmamışdır. Üçüncü diqqət yetirilməli hal ondan ibarətdir ki, məhkəmə iclaslarında İddiaçı tabel jurnalında olan imzalarla bağlı iddiaçı bildirmişdir ki, əvvəlki dövrlərə aid imzalar onun anasına məxsusdur, 15 oktyabr-17 oktyabr tarixlərində olan müddət ərzində isə, ümumiyyətlə, imzasının olmadığını bildirmişdir. Dördüncü diqqət yetirilməli hal ondan ibarətdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, anası həmin dövr ərzində xəstə olmuş, lakin bu halın üzürlü hal hesab edilməsi üçün iddiaçı bu barədə işəgötürənə məlumat verməli idi və yaxın qohumun xəstəliyi ilə bağlı üzrlü hal kimi tanınması qanunvericilik tərəfindən yalnız bir gün üçün nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (a) bəndindən görünür ki, xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla işçi heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədikdə kobud pozuntu hesab edilir. Beşinci diqqət yetirilməli hal ondan ibarətdir ki, İddiaçı xəstəlik vərəqələrini 5 noyabr tarixdə açdırmış və təqdim edilən sənədlərdən və tərəflərin izahatından aydın olur ki, həmin dövrdə iddiaçı artıq həmin müəssədə işləməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” xx.xx.2019-cu il tarixli, 1555-VQ nömrəli Qanununun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş zərərin məbləğinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar