Məhkəmə qərarları › İş №2(031)-163/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-163/2025

10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-163/2025 10.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cəlal oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı tələbinə dair” mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı tələbinə dair” iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 1207 № akt qeydi ilə, xx.xx.1990-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə, 1207 № akt qeydi ilə, xx.xx.1990-cı il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla formal olaraq ailə həyatı qurmuşdur. Lakin onların ailə münasibətləri və ailə kimi birgə təsərrüfatları olmamışdır. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Daha sonra fövqəladə vəziyyət elan edilmişdir. Bununla bağlı bildirir ki, azərbaycan millətinin haqlı olaraq 1987-ci ildən ermənilərə və 1990-cı ildə 20 yanvar faicəsindən sonra isə rus millətinə qarşı nifrəti oyanmışdır. Cavabdehin milliyəti rus olduğu üçün 1990-cı ilin 20 yanvar faciəsindən sonra Bakı şəhərində yaşamağı çətinləşmişdir. O, özünün xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov küçəsi, ev 31, 9 saylı mənzildə yaşayırdı. O, isə qonşuluqda yaşayırdı. Cavabdeh 1990-cı ilin sentyabr ayında mənzili satıb Rusiya Federasiyasına getməyi planlaşdırmış, lakin evi satmaqda çətinlik çəkirdi. Həmin evi ona satmağı təklif etmiş, lakin bildirmişdir ki, evi onun adına rəsmiləşdirmək üçün onunla rəsmi nikaha daxil olduqdan sonra asanlıqla rəsmiləşdirmək mümkün olacaq. Həmin vaxt o, rəsmi nikahda idi. O, evin sənədləşdirilməsinə görə birinci nikahı pozaraq ikinci dəfə formal olaraq cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikaha daxil olub mənzilə o, pasport qeydiyyatına düşdükdən sonra cavabdeh ölkəni tərk etmişdir. Göründüyü kimi, onun cavabdehlə bağlanmış nikahı formal xarakter daşıyır. Onların ailə münasibətləri formal xarkterli olmuş və birgə təsərrüfat aparmamışlar. Bundan əlavə bildirir ki, cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də o, ölkədə olmaması ilə bağlı mediasiya prosesində iştirak etməyib və nəticədə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı Mediasiya təşkilatının mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Daha sonra Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət edərək, nikahın etibarsız sayılması ilə bağlı xahiş edilməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli 3165/7-15- 2176/24 saylı məktubu ilə nikahın pozulması əsaslarını göstərməklə müraciətinə imtina vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Cəlal oğlu iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. İddiaçı həmin vaxt o, rəsmi nikahda idi. O, evin sənədləşdirilməsinə görə birinci nikahı pozaraq ikinci dəfə formal olaraq cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikaha daxil olub mənzilə pasport qeydiyyatına düşdükdən sonra cavabdeh ölkəni tərk etmişdir. Göründüyü kimi, iddiaçının cavabdehlə bağlanmış nikahı formal xarakter daşıyır. Onların ailə münasibətləri formal xarkterli olmuş və birgə təsərrüfat aparmamışlar. Nikaha daxil olarkən cavabdehin və iddiaçının evlənmək niyyətləri olmayıbdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Beləliklə, iddiaçının cavabdehlə ailə qurmaq niyyəti olmadığından və bu hal məhkəmə tərəfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, tərəflər arasındakı bağlanmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi Rayon Qeydiyyat Şöbəsində, 30 oktyabr 1990-cı il tarixində 1207 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar