Məhkəmə qərarları › İş №2(031)-196/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-196/2023

09.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-196/2023 09.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: X8 CAVABDEH: X3 qarşı NÜMAYƏNDƏ VƏ VƏKİL: X12 NÜMAYƏNDƏ: X7 Özbaşına tikilinin sökülməsi, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X13 məhkəmədə X3 qarşı iddia qaldıraraq xx.xx.2021-ci il tarixli, **********36 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.05 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülüb yığışdırılmaqla, zəbt olunmuş qeyd olunan 0.05 ha torpaq sahəsinin cavabdeh X1 qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X13 iddiasını onunla əsaslandırmışdır ki, Dəvəçi rayon X6 İcraiyyə Komitəsinin 27 oktyabr 1989-cu il tarixli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 500 (beş yüz) kv.m. torpaq sahəsi verilmişdir. 1991-ci ildə Şabran şəhər sakini Məhəmməd Atakişiyevlə aramızda olan razılığa əsasən Məhəmməd Atakişiyev ona əvvəlki pulla 1500 rubl ödəyəcəkdi və o da həmin torpaq sahəsini ona satacaqdır. Buna görə də o, torpaq sahəsini Məhəmməd Atakişiyevin istifadəsinə vermişdir. Lakin, sonradan Məhəmməd Atakişiyev müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etdi. Buna görə də o, aralarında olan razılıq baş tutmadığından torpaq sahəsini Məhəmməd Atakişiyevdən geri tələb etmişdir. Lakin, Məhəmməd Atakişiv torpaq sahəsini geri qaytarmayaraq, özbaşına olaraq zəbt edərək, ona məxsus torpaq sahəsində özbaşına olaraq ev də inşa etmişdir. Məhəmməd Atakişiyev vəfat etdiyindən ona məxsus qeyd olunan 500 (beş yüz) kvm torpaq sahəsi hal-hazırda Məhəmməd Atakişiyevin oğlu cavabdeh X1 qanunsuz sahibliyindədir. O, cavabdehin qanunsuz sahibliyindən əmlakını dəfələrlə geri tələb etsə də özbaşına olaraq inşa edilən evi söküb yığışdırmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. O, mülkiyyətində olan, qeyd olunan 0.05 ha torpaq sahəsinə dair xx.xx.2021ci il qeydiyyat tarixli, **********36 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişdir. Məhəmməd Atakişiyevdən uzun illər ərzində torpaq sahəsini geri tələb etdiyindən, həmçinin o uzun illər Rusiya Federasiyasında yaşadığından hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldıra bilməmişdir. Ona görə də qeyd olunan tələblə hal-hazırda məhkəmədə iddia qaldırır. Xahiş edir, xx.xx.2021-ci il tarixli, **********36 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.05 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülüb yığışdırılmaqla, zəbt olunmuş qeyd olunan 0.05 ha torpaq sahəsinin cavabdeh X1 qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılsın. İddiaçı X13 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək cavabdeh X4 və onun ailə üzvlərinin adına olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2652A, kod 30401004 saylı şəhadətnamənin saxta olmasını bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X1 nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, 1991-ci ildə həmin mübhisəli torpaq sahəsini cavabdehin atası Məhəmməd 1000 manat pul verib almışdır. Həmin vaxtdan da torpaq sahəsi cavabdeh tərəfin istifadəsində olmuşdur. Onlar 2007-ci ildə qeyd olunan torpaq sahəsində ev tikməyə başlamışlar. Cavabdeh 2014-cü ildə ev tikilib qurtarıldıqdan sonra həmin evə köçmüşdür. Hələ 2000-ci ildə Torpaq sahəsi ölçülüb biçildikdən sonra onlara Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2652A, kod 30401004 saylı şəhadətnamə də verilmişdir. Həmin torpaq sahəsində inşa edilmiş yaşayış evində olan qaz, su cavabdehin atasının adına, işıq isə Əşrəfin adına olmuşdur. Əşrəf gəlib cavabdehə bildirmişdir ki, 1500 manat borcu var, həmin pulu ver sənədləri düzəldib verim. Onlar sənədlərlə birlikdə getmişlər, lakin Əşrəf cavabdehi aldadıb torpaq sahəsini adına keçirərək öz adına çıxarış almışdır. Sonra da cavabdehi məhkəməyə vermişdir. İş üzrə ekspertiza keçirilmiş, ekspert rəyində də müəyyən edilmişdir ki, torpaq sahələri üst-üstə düşür. Cavabdehdə olan şəhadətnamə qüvvədədir, həmin torpaq sahəsi cavabdeh tərəfə Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir. İddianı əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Cavabdeh X1 nümayəndəsi X7 məhkəmə iclasında vəkil Ş.Abbasov ilə eyni məzmunlu izahat verərək iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Torpağın mülkiyyətə Verilməsinə Dair JN-2652A, kod 30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən X2 və ailə üzvlərinin mülkiyyətinə həyətyanı torpaq sahəsinin tikintisi məqsədi ilə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastr və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, JN-2652A KOD 30401004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 033467 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 21 sentyabr 2019-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Şabran rayon Dövlət arxivi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli 148 saylı arxiv çıxarışından görünür ki, Dəvəçi şəhər XDS İK-nin 25 sentyabr 1989-cu il tarixli 9 saylı qərarına əsasən X8 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN seriyalı 411592 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Dəvəçi rayon XDS İK-nin 13 oktyabr 1989-cu il tarixli 19 saylı qərarına əsasən X8 mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 500 kvm torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Şabran şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Şabran Mərkəzi Rayon X11 şəxsi tərəfindən verilmiş araışlardan görünür ki, X13 2021-ci ilin oktyabr, noyabr aylarında «Epileptik tutuma. A/t 140/90 e.snt T 36.60 diaqnozu ilə müraciət etmiş və ona tibbi yardım göstərilmişdir. İşə əlavə edilmiş Ambulator xəstənin tibbi vərəqəsindən görünür ki, X13 «isemiş ocaq, sağ gicgah payında kisloz-qlioz dəyişikliklər ocağı. Mülayim beyin otrogiyası» diaqnozu ilə xəstədir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC Xaçmaz-Layihə Təhqiqat İdarəsi tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********36 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli **********4 qeydiyyat nömrəli çıxarışa əsasən X8 mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsi ilə torpağın mülkiyyətə verilməsinə dair JN2652 A kod 30401004 saylı Şəhadətnamə ilə X5 və ailə üzvlərinin adına olan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyətinin orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanların nəzərə alınması baxımından iddiaçı Ə.Başırov mülkiyyətində olan torpaq sahəsinin cavabdeh B.Atakişiyev tərəfindən zəbt olunması, özbaşına tikinti işlərinin aparılması barədə, eləcə də, cavabdehin və onun ailə üzvlərinin adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-2652A, kod 30401004 saylı şəhadətnamənin saxta olmasını təsdiq edən sübutlar təqdim edə bilmədi. Məhkəmə təqdim olunan sübutları və işin hallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı X8 cavabdeh X3 qarşı özbaşına tikilinin sökülməsi, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı X8 cavabdeh X3 qarşı özbaşına tikilinin sökülməsi, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar