Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-229/2024 04.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikah qeydinin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “nikah qeydinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında Bakı Nikah Evində bağlanmış 11 oktyabr 2022-ci il tarixli, “1577” saylı nikah qeydinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2022-ci ilin oktyabr evlənmişlər. Rəsmi nikahları da Bakı Nikah Evi tərəfindən 11 oktyabr 2022-ci il tarixdə, “1577” saylı nikah qeydi ilə qeydə alınmışdır. Cavabdehlə nikahları rəsmi qeydə alınsa da, lakin buna baxmayaraq toyları olmamış və ailə həyatı qurmamışlar. Belə ki, cavabdehin valideyinləri ilə onun valideyinləri arasında onların evlənməkləri barədə razılıq əldə olunmuş, adət-ənənədən irəli gələn bütün hazırlıqlar həyata keçirilmiş və hətta toy gününün vaxtı da müəyyənləşdirilmişdir. Bütün bu hazırlıqlardan sonra təxminən toy gününə on gün qalmış cavabdehlə nikahları rəsmiləşdirilmişdir. Toy gününə təxminən bir həftə qalmış cavabdeh Türkiyədə işlərinin olduğunu bildirdi və iki günlük Türkiyə Respublikasının Bursa şəhərinə gedib qayıdacağını bildirdi və getdi. Qeyd edir ki, cavabdehin valideyinləri həmin şəhərdə yaşayırdılar. Cavabdeh Türkiyəyə getdikdən sonra qayıtmadı, toy gününə iki gün qalmış xəbər göndərdi ki, o, gəlməyəcək, səbəbini isə bildirmədi. Valideyinləri Bursa şəhərində yaşayan qohumlarının köməyi ilə cavabdehin Türkiyədə evli olduğunu və hətta iki uşağının da olduğunu öyrəndi və bundan sonrə təcili toy gününü ləğv elətdirdilər və toyları olmadı, beləliklə həm cavabdeh, həm də valideyinləri onları aldatmış oldular. Qeyd edir ki, cavabdeh və ailəsi hal-hazırda da Türkiyə Respublikasının Bursa şəhərində yaşayırlar. Göründüyü kimi cavabdehin onunla ailə qurmaq niyyəti olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, tərəflər toydan əvvəl nikaha daxil olmuşlar, toya az qalmış cavabdeh Türkiyəyə getmiş, lakin geri qayıtmamış, toy gününə iki gün qalmış cavabdeh xəbər göndərmişdir ki, gəlməyəcək. Sonradan məlum olmuşdur ki, cavabdehin Türkiyədə ailəsi var, toy təxirə alınmışdır. Odur ki, nikahın etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyini, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olarkən cavabdehin evlənmək niyyəti olmayıbdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Habelə, Cavabdeh məhkəməyə ərizə ilə müracət edərək, iddianı etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, Cavabdeh tərəfindən iddia etiraf edildiyindən və bu hal məhkəmə tərəfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, tərəflər arasındakı bağlanmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı Nikah Evində 11 oktyabr 2022-ci il tarixində 1577 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-229/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-229/2024
04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver