Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-305/2025 26.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması, yaşayış hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması, yaşayış hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon məhkəməsinə müraciət edərək, Şabran rayonu Şahnəzərli kəndində yerləşən, cavabdehə məxsus gəlin köçdüyü fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evdən yaşayış hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1999-cu ilin sentyabr ayının 13-ü qeyri rəsmi şəkildə ailə həyatı qurmuşdur. xx.xx.2000-ci il tarixində övladları X2, xx.xx.2004-cü il tarixində övladımız Cavabdeh Ənvər oğlu anadan olmuşdur. Daha sonra xx.xx.2005-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onlar 1999-cu ildə cavabdehlə ailə həyatı qurandan sonra o, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli qərarı ilə Cavabdeh və onun əvvəlki nikahdan olan övladlarının ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüşdür. Bu günə qədər övladları ilə birlikdə həmin evdə yaşamaqdadır. Həmin torpaq sahəsinə dair cavabdehin, onun digər nikahdan olan övladları X4 və X3 adına JN-083F, kodu 30408038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sahəsində onun şəxsi vəsaiti hesabına ikinci fərdi yaşayış evini də inşa etmişlər ki, həmin evdə cavadehin əvvəlki nikahdan olan qızı yaşamaqdadır. Daha sonra isə cavabdeh həmin torpaq sahəsinə üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Bu yaxınlarda xəbər tutmuşdur ki, Cavabdeh yaşadıqları evi övladı X4 adına keçirmək istəyir (yaxud qeyri-qanuni yolla keçirib) və onları həmin evdən çıxarmaq niyyətindədir. Cavabdeh məhkəmədə ona qarşı nikahın pozulması barədə iddia da qaldırmışdır. Qeyd etdiyir kimi o və övladları hal-hazırda da, həmin evdə yaşayırlar, mülkiyyətlərində ayrıca yaşayış evləri yoxdur. O və övladları həmin evdə qeydiyyatdadırlar. O, həmin fərdi yaşayış evində istifadə hüququnun tanınmasını və yaşayış hüququnun müəyyən edilməsini istəyir ki, cavabdeh gələcəkdə onları həmin evdən əsassız yerə çıxara bilməsin. Baxmayaraq ki, cavabdehlə birgə nikahlarından 2005-ci ildə rəsmiləşdirmişlər, böyük övladı təvəllüdünə diqqət yetirdikdə bir daha məlum olur ki, o, cavabdehlə 1999-cu ilin sentyabr ayının 13-cü ailə həyatı qurmuş, həmin tarixdən də cavabdehə məxsus evə gəlin köçmüşdür. Vaxtı ilə qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə əsasən mənim həmin evə köçürüldüyüm tarixdən evdən istifadə hüququ yaranmış olur. O, işin mediasiya vasitəsi ilə həll olunması üçün gəlin köçdüyü evdən istifadə hüququnun tanınması və birgə nikah dövründə həmin torpaq sahəsində inşa edilmiş 2-ci evə çəkdiyi xərclərinin əvəzinin ödənilməsi tələbləri ilə qarşı tərəfə təklif məktubu göndərmişdir. Daha sonra isə qeyd olunan tələblərlə Quba 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, ona mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Odur ki, gəlin köçdüyü evdən istifadə hüququnun tanınması və həmin evdən yaşayış hüququnun müəyyən edilməsi tələbləri barədə iddia ilə məhkəməyə müraciət edir. İddiaçı dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan, Şabran rayonu Şahnəzərli kəndində yerləşən, 92.2 kv.m sahəsi olan fərdi yaşayış evinin Cavabdeh məxsus 1/3 hissəsinin ümumi birgə mülkiyyətləri sayılaraq bölünüb payının 1/2 hissə olaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini yazıb-oxuması olmadığı üçün şifahi olaraq bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 142893 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 07 iyul 2005-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən və doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2000-ci ildə X1 və xx.xx.2004-cü ildə Cavabdeh Ənvər oğlu adlı uşaqları olmuşdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydyyat nömrəli, **********84- 10301 reyester nömrəli çıxarışa əsasən Cavabdeh və Cavabdeh Ənvər oğlunun birgə mülkiyyətlərinə Şabran rayonu Şahnəzərli kəndi ərazisindən 92.2 kv.m sahəsi olan fərdi yaşayış evi verilmişdir. Beləliklə, tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olunur ki, tərəflər əvvəlcə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını xx.xx.2005-ci ildə rəsmiləşdirmişlər. Ər-arvad münasibətindən xx.xx.2000-ci ildə X1 və xx.xx.2004-cü ildə Cavabdeh Ənvər oğlu adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə tərəflərin ailə münasibətləri uyğun gəlməmiş, hal-hazırda ayrılmışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydyyat nömrəli, **********84-10301 reyester nömrəli çıxarışa əsasən Cavabdeh və Cavabdeh Ənvər oğlunun birgə mülkiyyətlərinə Şabran rayonu Şahnəzərli kəndi ərazisindən 92.2 kv.m sahəsi olan fərdi yaşayış evi verilmişdir. İddiaçı cavabdehlə ailə qurduğu müddətdən həmin evdə yaşamışdır. Hazırda iddiaçı Şabran rayonu Şahnəzərli kəndində yerləşən, 92.2 kv.m sahəsi olan fərdi yaşayış evinin Cavabdeh məxsus 1/3 hissəsinin ümumi birgə mülkiyyətləri sayılaraq bölünüb payının 1/2 hissə olaraq müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsində qeyd olunur ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu Məcəllənin 36.3-cü maddəsinə görə isə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-cü maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Eyni zamanda “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə, hesab edir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin ümumi birgə mülkiyyətidir və fərdi yaşayış evinin tərəflər arasında müvafiq paylara uyğun olaraq bölünməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından həmin fərdi yaşayış evi paylı mülkiyyət kimi tanınmalı və fərdi yaşayış evinə iddiaçının payı müəyyən olunmalıdır. Cavabdeh də məhkəmə iclasında iddia tələbini etiraf edərək, idiaçının payının ayrılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydyyat nömrəli, **********84-10301 reyester nömrəli çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şabran rayonu Şahnəzərli kəndində yerləşən, 92.20 kv.m sahəsi olan fərdi yaşayış evinin Cavabdeh məxsus 1/3 hissəsinin ümumi birgə mülkiyyətləri sayılaraq, 1/3 hissəsinin bölünüb 1/3-in 1/2 hissəsi olaraq İddiaçı verilməli, yəni 92.20 kv.m sahəsi olan fərdi yaşayış evinin 1/6 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydyyat nömrəli, **********84-10301 reyester nömrəli çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şabran rayonu Şahnəzərli kəndində yerləşən, 92.20 kv.m sahəsi olan fərdi yaşayış evinin Cavabdeh məxsus 1/3 hissəsinin ümumi birgə mülkiyyətləri sayılaraq, 1/3 hissəsinin bölünüb 1/3-in 1/2 hissəsi olaraq İddiaçı verilsin, yəni 92.20 kv.m sahəsi olan fərdi yaşayış evinin 1/6 hissəsinə İddiaçı payı müəyyən edilsin. İddia tələbi üzrə ödənilmiş 50 (əlli) manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-305/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-305/2025
26.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver