Məhkəmə qərarları › İş №2(103)-996/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-996/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-996/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı3, İddiaçıların nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2021-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 cavabdeh "xxxx" MMC-yə qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, qeyd edilən əmlakların iddiaçı şəxslərin sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1446/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin olunmuşdur.

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli mümkünlük qərardadı ilə icraata qəbul edilmişdir.

4. Nərimanov Rayon Məhkəməsindən 2(005)-1446/2021 nömrəli, xx.xx.2023-cü il tarixli sorğu daxil omuş, həmin sorğuda iddiaçıların vəkili Vəkil2 tərəfindən rayon məhkəməsinin 1446/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizənin iş materiallarına əlavə edilərək baxılması məqsədilə işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

5. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məhkəməsinə qaytarılmasını xahiş edərək bildirdi ki, iddiaçıların vəkili kimi onlarla yenicə müqavilə bağlayıb, iş materiallarına baxanda məlum olub ki, iddiaçıların apellyasiya şikayəti iş materiallarında yoxdur, şikayət geri qaytarılıb, şikayətə baxılmayıb, o da apellyasiya şikayəti verərək, müddətin bərpa olunmasına dair ərizəylə rayon məhkəməsinə müraciət edib. Hazırda iddiaçıların apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsinə baxılması məqsədilə işin rayon məhkəməsinə geri qaytarılmasını xahiş edir.

6. Məhkəmə iclasında İddiaçı1 rayon məhkəməsi tərəfindən verilən sorğunun təmin olunaraq işin apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və müddət bərpa barədə ərizəyə baxılması məqsədilə işin rayon məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, apellyasiya şikayəti iş materiallarındadır, ilkin olaraq həm iddiaçılar birgə, həm də cavabdeh apellyasiya şikayəti verib və şikayətlər rayon məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilib, cavabdeh tərəfindən mövcud tələblərə riayət edilərək yenidən apellyasiya şikayəti verilsə də, iddiaçılar tərəfindən heç bir hüquqi hərəkət edilməmişdir. Hazırkı apellyasiya icraatı da 6 aydan çoxdur ki, davam edir, bu müddət ərzində iddiaçılara dəfələrlə məlumat verilsə də, məhkəmə iclaslarında iştirak etməyiblər, onların hazırkı cəhdi də sırf prosesin uzadılması məqsədi daşıyır, bu səbəbdən cavabdeh "xxxx" MMC-in apellyasiya şikayətinə baxılmasına davam etdirilməlidir.

8. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2023-cü il tarixli sorğusuna əsasən, iddiaçıların vəkili tərəfindən verilmiş müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

9. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

10. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2023-cü il tarixli sorğusuna əsasən, iddiaçıların vəkili tərəfindən verilmiş müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar