Məhkəmə qərarları › İş №2(031)-348/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-348/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-348/2024 12.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X4, Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1na qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1na qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Şabran rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmış reyestrdə 2V-20 № ilə qeyd edilmiş 25 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onu övladlığa götürən şəxs Qədirova (Əmrahova) Səbirə Mirzə qızı xx.xx.2023-cü il tarixində vəfat etmişdir. X11 vəfat edəndən sonra onun birinci növbəli vərəsəsi olaraq o, qalmışdır. O, bu yaxınlarda xəbər tutmuşdur ki, Cavabdeh2 bacısı X5 ölümündən sonra onun birinci növbəli vərəsəsinin olmadığını bildirirərək, bununla əlaqədar müxtəlif saxta sənədlər əldə edərək, özünü ilkin vərəsə kimi Şabran rayon notariat ofisinə təqdim edərək ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində X5 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 51 nömrəli mənzildən ondan xəbərsiz tam hissədə irs almışdır. Şabran rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 adına reyestrdə 2V-20 № ilə qeyd edilmiş 25 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hansı ki, o, birinci növbəli vərəsə kimi qala-qala Cavabdeh2 ikinci növbəli vərəsə kimi mirasdan pay ala bilməzdi. O, mirasın qəbulundan imtina etməmişdir ki, Cavabdeh2 miras əmlaka sahiblənmiş olsun. Ona görə də Şabran rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş, reyestrdə 2V-20 № ilə qeyd edilmiş 25 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.1984-cü il təvəllüdlü Əsgərova (İskəndərova) Kəmalə Qərib qızı, onu övladlığa götürmüş Qədirova (Əmrahova) Səbirə Mirzə qızının doğma bacısının qızıdır. Həmin dövrdə, Əmrahova (Qədirova) X20 broyler fabrikində mənzil növbəsində ikinci şəxs olmuşdur. Məhkəmənin ilkin hazırlıq iclasında İddiaçı övladlığa götürmənin sahəsi daha geniş mənzillə təmin olunması üçün ailə üzvlərinin sayı birdən artıq göstərilməsi məqsədini daşıdığını bildirmişdir. Bu səbəbdən ailə üzvlərinin sayının bir nəfərdən çox olmasını göstərmək məqsədilə formal olaraq Əsgərova (İskəndərova) Kəmalə Qərib qızını onun himayəsində olması kimi sənədləşmə aparılmışdır. İddiaçının etirafından da belə aydın olur ki, həmin vaxt övladlığa götürmədə həqiqi məqsəd xala ilə bacı qızı arasında valideyn-övlad münasibətinin yaradılması deyil, valideyn-övlad münasibətinin mövcud olması barədə süni görüntü yaratmaqla sahəsi daha geniş mənzil əldə etmək olmuşdur. xx.xx.1984-cü il təvəllüdlü Əsgərova (İskəndərova) Kəmalə Qərib qızı xalası Qədirova (Əmrahova) Səbirə Mirzə qızı tərəfindən sənədlə övladlığa götürülməsinə baxmayaraq, hər hansı səbəblərə görə bir gün olsa belə onun himayəsində yaşamamışdır. Bütün zamanlarda Əsgərova (İskəndərova) Kəmalə Qərib qızı öz doğma valideynləri - atası X17 və anası X18 ilə bir ailədə və onların himayəsi altında yaşamışdır. Bunu onun ailəsi ilə birlikdə yaşadığı evin yaxınlığında yerləşən R.Yusifov adına Şabran şəhər 2 saylı tam orta məktəbdə tam orta təhsil alması da təsdiq edir. Hətta Qədirova (Əmrahova) Səbirə Mirzə qızı ağır xəstə olduğu son illərdə belə Əsgərova (İskəndərova) Kəmalə Qərib qızı öz xalasının yanında yaşamamışdır. Xahiş edir, İddiaçı Qədirova (Əmrahova) Səbirə Mirzə qızının heç bir zaman himayəsində yaşamadığını və övladlığa götürmənin faktiki olaraq formal xarakter daşıdığını nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilsin. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, həmin vaxt övladlığa götürmədə həqiqi məqsəd xala ilə bacı qızı arasında valideyn-övlad münasibətinin yaradılması deyil, valideyn-övlad münasibətinin mövcud olması barədə süni görüntü yaratmaqla sahəsi daha geniş mənzil əldə etmək olmuşdur. xx.xx.1984-cü il təvəllüdlü Əsgərova (İskəndərova) Kəmalə Qərib qızı xalası Qədirova (Əmrahova) Səbirə Mirzə qızı tərəfindən sənədlə övladlığa götürülməsinə baxmayaraq, hər hansı səbəblərə görə bir gün olsa belə onun himayəsində yaşamamışdır. Bütün zamanlarda Əsgərova (İskəndərova) Kəmalə Qərib qızı öz doğma valideynləri - atası X17 və anası X18 ilə bir ailədə və onların himayəsi altında yaşamışdır. Hətta Qədirova (Əmrahova) Səbirə Mirzə qızı ağır xəstə olduğu son illərdə belə Əsgərova (İskəndərova) Kəmalə Qərib qızı öz xalasının yanında yaşamamışdır. Bu səbəbdən də, İddiaçı Qədirova (Əmrahova) Səbirə Mirzə qızının heç bir zaman himayəsində yaşamadığını və övladlığa götürmənin faktiki olaraq formal xarakter daşıdığını nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdeh ilə eyni məzmunlu izahat verərək iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 24 yanvar 2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57,1 kvm olan 51 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan İ-JQ seriyalı 259757 saylı evladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, 1989-cu il təvəllüdlü X1 Səbirə Mirzə qızı tərəfindən evladlığa götürülmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 299574 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü ildə Şabran şəhərində vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 270641 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X15 29 avqust 2006-cı ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X6 ailə üzvləri –atası-X19, anası-X2, qızı-Əmrahova (İskəndərova) Kəmalə Qərib qızından ibarətdir, eyni zamanda, Əmrahova (İskəndərova) Kəmalə Qərib qızının ailə üzvləri əri-X16, oğlu –X8, qızı-X7, anası – X3 ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsiində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmenti, belə predmentlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini, ölümün qeydə edilmə faktını və mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X11 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan İ-JQ seriyalı 259757 saylı evladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, 1989-cu il təvəllüdlü X1 Səbirə Mirzə qızı tərəfindən evladlığa götürülmüşdür. Bu səbəbdən də, X11 vəfat edəndən sonra onun birinci növbəli vərəsəsi olaraq İddiaçı qalmışdır. Lakin, iş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 24 yanvar 2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır.Birinci dərəcə vərəsə olmasına baxmayaraq ikinci dərəcli vərəsəyə vərəsəlik şəhadətnamə verilməsi qanunsuz olmuşdur. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Şabran rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmış reyestrdə 2V-20 № ilə qeyd edilmiş 25 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Şabran rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmış reyestrdə 2V-20 № ilə qeyd edilmiş 25 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar