Məhkəmə qərarları › İş №2(031)-358/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-358/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-358/2021 29.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh Əlimirzə oğluna qarşı Paylı mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə Cavabdeh Əlimirzə oğluna qarşı iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətlərində olan mənzilin paylarına uyğun olaraq payının dəyərinin digər mülkiyyətçi tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Şabran rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən mənzildə payları bərabər olmaqla hər birinin payı 1/2 hissədə müəyyən olunmuşdur. Həmin qətnamə icra edilərək Reyestr Xidməti tərəfindən paylarının 1/2 hissə olması barədə çıxarış verilmişdir. Hazrda həmin mənzildə cavabdeh yaşayır və 2 azyaşlı qızı ilə başqa ünvanda yaşamağa məcbur olmuşlar. Cavabdehlə bir mənzildə yaşamaqları mümkün deyil və məhz ona görə də boşanmışlar. Şabran rayon məhkəməsinin 03.02.2021-ci il tarixli qətnaməsinə əsasən, birgə əmlakın naturada bölünməsi tələbi barədə iddia ərizəsi təmin olunmamışdır. Xahiş edir, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətlərində olan mənzilin paylarına uyğun olaraq payının dəyərinin digər mülkiyyətçi tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh Əlimirzə oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə 14 oktyabr 2000-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən 12.10.2002-ci ildə Səmra, 11.09.2004-cü ildə Gülnar adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur. Bu səbəbdən də ayrılmışlar, rəsmi olaraq nikahları pozulmuşdur. Şabran rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən mənzildə payları bərabər olmaqla hər birinin payı 1/2 hissədə müəyyən olunmuşdur. İddiaçının məhkəmədə ona qarşı qaldırdığı iddiasını qəbul etmir, çünki onun yaşamağa başqa yaşayış yeri yoxdur. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli 68 saylı arayışdan görünür ki, X1 şəhəri, T.Abbasov küçəsi ev 1, mənzil 1-də yaşayır. İşə əlavə edilmiş Şabran rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli 70 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2-də yaşayır. İşə əlavə edilmiş Şabran rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli 69 saylı arayışdan görünür ki, Əliyev X3 şəhəri, T.Abbasov küçəsi ev 1, mənzil 1-də yaşayır. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(031)- 746/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən yaşayış mənzildə tərəflərin bər birinin payı bərabər olaraq 1/2 hzissədə müəyyən olunmuşdur. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi:**********40-05101-093003 olan Texniki Pasportdan və Çxarışdan görünür ki, ünvan 2 ünvanın yerləşən mənzil 1/2 hissədə İddiaçı mülkiyyətinə verilmişdir. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan, əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Məhkəmədə Cavabdeh ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətlərində olan mənzilin paylarına uyğun olaraq payının dəyərinin onun tərəfindən İddiaçı ödənilməsinə etirazı olduğunu bildirdi. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakınaçıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən umumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Həmçinin həmin Qərardan o da görünür ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məlikəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən tərəflərin paylı mülkiyyətlərində olan mənzilin paylarına uyğun olaraq, iddiaçının payının dəyərinin digər mülkiyyətçi tərəfindən iddiaçıya ödənilməsi mümkün olmadığından, mövcud iddia tələbi təmin edilə bilməz. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh Əlimirzə oğluna qarşı paylı mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçi tərəfindən ona ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin olunmasın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar