Məhkəmə qərarları › İş №2(031)-40/2025

Şabran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(031)-40/2025

09.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-40/2025 09.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildə qeydiyyatda olanların çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildə qeydiyyatda olanların çıxarılması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, sahibi olduğu ev ünvanından cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, sahibi olduğu ünvan 3, mənzil 11 üanvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olanlar barədə arayış alarkən məlum olmuşdur ki, cavabdehlər onun evinə icazəsi olmadan qeydiyyata düşmüşlər. Cavabdehləri tanımır, onlarla heç bir qohumluq əlaqəsi yoxdur. Şabran rayon Polis Şöbəsinə evində qeydiyyatda olanların qeydiyyatdan çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Lakin, Şabran Rayon Polis Şöbəsi 3-13-107/2-H-120/2- H-120/8/11/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə müraciət etməli olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qeyd edilməlidir ki, mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı ilə qohumluq münasibətlərinin olmamasına dair məlumatlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət xx.xx.2018-ci-ci il tarixdən X1 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. İş materiallarında olan Şabran Rayon Polis Şöbəsi tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2008-ci ildən, Cavabdeh2 xx.xx.2010-cu ildən və Cavabdeh3 isə xx.xx.2014-cü ildən ünvan 2-də daimi qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 9 oktyabr 2024-cü il tarixli 302103-02/2-12374/2024 saylı məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mövcud arxiv materiallarına əsasən ünvan 3 ünvanında yerləşən 11 nömrəli mənzil İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş materiallarında olan Şabran Rayon Polis Şöbəsi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Şabran RPŞ Q və ŞVQ-nin karotekasında Cavabdeh1 xx.xx.2008-ci ildən, Cavabdeh2 xx.xx.2010-ci ildə Şabran rayon İcra Hakimiyyətinin Başçisinin nümayəndəliyi tərəfindən 8949 nömrəli orderə (qeydiyyat vəsiqəsi) əsasən Cavabdeh3 xx.xx.2008-ci ildə Şabran rayon İHB-nin nümayəndəliyi tərəfindən N747 nömrəli orderə (qeydiyyat vəsiqəsi) əsasən ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən ünvan 2-də daimi qeydiyyata alınmışdılar. Belə ki, mülkiyyətçi İddiaçı reyestr nömrəsi **********16-05101-093016 olan əmlaka çıxarış alarkən həmin adları qeyd olunan şəxslər həmin ünvanda qeydiyyatda olublar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət xx.xx.2018ci-ci il tarixdən X1 adına qeydə alınmışdır. Hazırda iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, "mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür" (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Göründüyü kimi Mülki Məcəllədə və Mənzil Məcəlləsində “istifadə hüququ”nun mahiyyəti və həcmi bir birindən fərqləndiyinə görə xx.xx.2008-ci ildən qeydiyyatda olan Cavabdeh1 və xx.xx.2008-ci ildən qeydiyyatda olan Cavabdeh3 istifadə hüququ Mülki Məcəllə əsasında, xx.xx.2010-cu ildən qeydiyyatda olan Cavabdeh2 istifadə hüququ isə Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdən qüvvəyə mindiyindən Mənzil Məcəlləsi əsasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Müddəaya görə daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Lakin Cavabdeh1 və Cavabdeh3 daşınmaz əşyanın mülkiyyətçisi olan İddiaçı Mösüf oğlu ilə notariat qaydasında müqavilə bağlamamış və iş materiallarında onların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hər hansı sənəd müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 3, mənzil 11 üanvanından istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçı X1 mülkiyyətində olan ünvan 3, mənzil 11 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsinlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şabran Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar