Məhkəmə qərarları › İş №2(031)-49/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-49/2024

22.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-49/2024 22.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respbulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "Dövlət aktına əsasən verilmiş torpaq sahəsindən payın ayrılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respbulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "Dövlət aktına əsasən verilmiş torpaq sahəsindən payın ayrılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN 0032 KOD 30407058 saylı Dövlət Aktı ilə onun mülkiyyətinə verilmiş 0.74875 ha torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atası X3 başda olmaqla ailə üzvlərinin ümumi birgə mülkiyyətində Şabran rayonu, Sumaqova kəndi ərazisində 5.99 ha torpaq sahəsi vardır. O, hazırda mülkiyyət əsasında ona məxsus olan pay torpaq sahəsinin ayrılmasını istəyir. Digər mülkiyyətçilər razılıq versələr də, Cavabdeh buna razılıq vermir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Torpağa Mülkiyyət Hüququna Dair JN-0032, KOD 30407058 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 22 may 2022-ci il tarixli qərarına əsasən X1 və ailə üzvləri – X6, X4, İddiaçı, X2, X5, Cavabdeh və X7 birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Şabran (Dəvəçi) rayonu Sumaqova kəndi ərazisindən 5.99 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli 3-21-3-34/2- 6124/2024 saylı mütəxəssis rəyindən görünür ki, Torpağa Mülkiyyət Hüququna dair JN-0032 KOD-30407058 saylı Dövlət Aktına əsasən X1 və ailə üzvlərinin birgə mülkiyyətlərinə Şabran rayonu Sumaqova kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 5.99 ha pay torpaq sahəsinin naturada bərabər paylara ayrılması mümkündür. Qeyd edək ki, Torpağa Mülkiyyət Hüququna dair JN-0032 KOD-30407058 saylı Dövlət Aktına əsasən X1 və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 5.99 ha torpaq sahəsi iki hissədə 4.6092 ha və 1.3784 ha olaraq verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0032, KOD 30407058 saylı Dövlət Aktına əsasən X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Şabran (Dəvəçi) rayonu Sumaqova kəndi ərazisindən 5.99 ha pay Torpaq sahəsi verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, öz payının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli 3-21-3-34/2-6124/2024 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Torpağa Mülkiyyət Hüququna dair JN-0032 KOD- 30407058 saylı Dövlət Aktına əsasən X1 və ailə üzvlərinin birgə mülkiyyətlərinə Şabran rayonu Sumaqova kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 5.99 ha pay torpaq sahəsinin naturada bərabər paylara ayrılması mümkündür. Torpağa Mülkiyyət Hüququna dair JN-0032 KOD-30407058 saylı Dövlət Aktına əsasən X1 və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 5.99 ha torpaq sahəsi iki hissədə 4.6092 ha və 1.3784 ha olaraq verilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin ediməli, Torpağa Mülkiyyət Hüququna dair JN-0032 KOD-30407058 saylı Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.74875 ha torpaq sahəsi ekspertin rəyində göstərilmiş sxemə uyğun naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-0032 KOD-30407058 saylı Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.74875 ha torpaq sahəsi ekspertin rəyində göstərilmiş sxemə uyğun naturada ayrılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar