Məhkəmə qərarları › İş №2(031)-583/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-583/2025

19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-583/2025 19.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Şabran Rayon İcra Hakimiyyətinə qarşı hüquqi əhəmiyyətli aktın müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Şabran Rayon İcra Hakimiyyətinə qarşı hüquqi əhəmiyyətli aktın müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək xx.xx.2014-cü il təvəllüdlü X3 valideyn himayəsindən məhrum olması faktının və faktiki olaraq onun himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X1 Bəhruz Elşad oğlu ilə ailəli olmuş, onların birgə nikahından 26 iyul 2014-cü il tarixdə X9 və 25 mart 2017-ci il tarixdə X10 anadan olmuşdur. Şabran Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(031)-593/2018 nömrəli qətnaməsi ilə X8 və X4 arasında 20 sentyabr 2014-cü ildə Şabran Rayon Qeydiyyat Şöbəsində bağlanmış 266 nömrəli nikah pozulmuşdur. Nikah pozulandan sonra uşaqlar ananın yanında qalsa da, nəvəsi X9 az müddət ərzində anası ilə birlikdə yaşamış, anası ona baxmadığından demək olar ki, Nihad onun yanında və himayəsində yaşamışdır, 2024-cü ilin iyul ayından anası Nihadı ataraq çıxıb getmiş, hazırda onun dəqiq ünvanı barədə məlumat yoxdur. Həmin tarixdən X9 öz razılığı ilə fasiləsiz olaraq Şabran rayonu, Qarabağlı qəsəbəsində onun himayəsində yaşamaqdadır. X4 və X8 rəsmi qaydada ayrılandan sonra onlar bir valideyn kimi övladları ilə maraqlanmamışdırlar və Nihadın himayələrinə qaytarılması üçün heç bir addım atmamışdırlar. O, Nihadın bütün maddi və digər ehtiyaclarını qarşılayır, tərbiyəsi və təhsili ilə məşğul olur. Nihad hazırda onun yanında qalmasını istəyir və valideynlərinin yanma getmək istəmir. O, X9 üzərində qəyyum təyin olunması üçün Şabran Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona mənə ünvanlanmış 29 aprel 2025-ci il tarixli cavab məktubunda X3 valideyn himayəsindən məhrum olunmadığından onun üzərində qəyyum təyin olunması mümkün olmadığı bildirilmiş və məsələ ilə əlaqədar Şabran Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azaddırlar. Belə ki, iş materiallarında olan atası X8 və anası X5 olan X9 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba- Xaçmaz Regional Təhsil İdarəsinin Şabran Rayon Təhsil Sektorunun Samir Zülfüqarov adına Şabran şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən verilən xx.xx.2025ci il tarixli, 126 nömrəli arayışdan görünür ki, X2 şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində İVb sinfində oxuyur. İş materiallarında olan Şabran Rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X9 valideyn himayəsindən məhrum olunmadığından onun üzərində qəyyum təyin olunması mümkün olmamış və məsələ ilə əlaqədar Şabran Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Şabran Rayon İcra Hakimiyyəti başçısının Qarabağlı Qaçqın və Məcburi Köçkünlər üzrə nümayəndəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 2024-cü ilin iyul ayında nənəsi Ərizəçi ilə birlikdə Şabran rayonu, Qarabağlı qəsəbəsində yaşayır. İş materiallarında olan AA seriyalı, 168258 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, vəsiqə Ərizəçi məxsusdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin, şəxsin öhdədə olması faktının, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının, bədbəxt hadisə faktının, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin, atalığın etiraf olunması faktının, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi qanunvericilikdə yetkinlik yaşına çatmayanların üzərində qəyyum və himayəçi təyin edilməsi barədə işə xüsusi icraat qaydasında məhkəmə tərəfindən baxılması nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Şabran Rayon İcra Hakimiyyətinə qarşı hüquqi əhəmiyyətli aktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi yetkinlik yaşına çatmayanın valideyn himayəsindən məhrum olması və himayədə olması ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmək, əsassız imtina edildikdə, həmin yerli icra hakimiyyəti orqanına qarşı aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar