Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-621/2023 12.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Vəliyeva X1 Samirə Ənvər qızına və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq onun uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən Cavabdeh2 evinə köçürülməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh2 və X2 qardaşı X5 ilə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətindən xx.xx.2002-ci ildə X4 və xx.xx.2005-ci ildə X6 adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri baş tutmadığından ayrılmışlar, uşaqlarla birlikdə kirayədə yaşayır, cavabdehlər onu həmin evdə yaşamağa qoymurlar. O, ünvan 2 ünvanında yerləşən evə gəlin köçmüş, lakin qeydiyyatı ünvan 3 ünvanında yerləşən yaşayış evində olmuşdur. Hazırda o, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən evinə uşaqları ilə birlikdə köçürülməsi barədə məhkəmədə iddia qaldırır. Xahiş edir, onun uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən Cavabdeh2 evinə köçürülməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 613774 saylı və AZ-İ seriyalı 302312 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 ilə İddiaçı birgə nikahlarından xx.xx.2002-ci ildə Tavat və xx.xx.2005-ci ildə Cihan adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi – **********38-10301, qeydiyyat nömrəsi – ********** olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2009-cu ildən əvvəl yarandığını, yəni iddiaçının mübahisəli mənzilin mülkiyyətçisinin qardaşı ilə 2009-cu ildən əvvəl rəsmi nikaha daxil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçmək hüququnun olub-olmadığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli Qanunu ilə Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir (14 dekabr 2005-ci il tarixdən qüvvəyə minib). Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Hazırkı mülki işin hallarından görünür ki, iddiaçı mülkiyyətçinin gəlini olduğundan, 228.5-ci maddəsinin birinci cümləsində öz əksini tapan ailə üzvlərinin dairəsinə daxil deyildir. İddiaçı həmin maddənin üçüncü cümləsində öz əksini tapan digər ailə üzvləri kateqoriyasına aiddir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin ikinci və üçüncü cümlələrində isə göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Həmin qərarında Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Beləliklə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Mülki Məcəllənin 228.5ci maddəsinin tələbinə görə, iddiaçı mülkiyyətçinin digər ailə üzvü, yəni qardaşının arvadı olduğundan, yalnız mülkiyyətçi ilə notariat qaydasında bağlanmış yazılı razılaşmaya əsasən mübahisəli yaşayış sahəsindən istifadə hüququ əldə edə bilərdi. Lakin hazırkı iş üzrə mülkiyyətçi ilə iddiaçı arasında mübahisəli mənzilə dair notariat qaydasında müqavilə bağlanmamışdır. Ona görə də iddiaçı mübahisəli mənzilə istifadə hüququna malik deyildir. Qeyd edilənlərə əsasən iddiaçının nikahda olduğu müddətdə cavabdehlərlə birlikdə yaşaması onun mənzilədən istifadə hüququnun yaranması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını araşdırıb belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrin rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-621/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-621/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver