Məhkəmə qərarları › İş №2(031)-660/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-660/2020

13.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-660/2020 13.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh, X18, X2, X7, X19, X20 və X11 qarşı Evdən çıxarma, evin boşaldılaraq təhvil verilməsi, pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi, Cavabdeh kirayə haqqı borcu olaraq 450 manat pulun, kommunal haqqı borcu olaraq 1019.50 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə əlavə iddia ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh qızları X25, X5, X8 ilə oğulları X12 və X13 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarmaları, Cavabdeh İddiaçı 450 manat kirayə pulunun, 1019 manat məbləğində yığılmış cavabdeh tərəfindən ödənilməmiş kommunal borcların ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, X3nun ünvan 1 ünvanında xüsusi mülkiyyətində fərdi yaşayış evi mövcuddur. Qeyd olunan fərdi yaşayış evinə dair atasının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59- 10301 reyestr nömrəli çıxarış verilmişdir. X3 xx.xx.1999-cu ildə öldüyündən o, ondan qalmış adı çəkilən mirası qəbul etmiş və ona həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yəni, qeyd olunan əmlak artıq onun mülkiyyəti sayılır. ünvan 1 ünvanında yerləşən ata evi boş olduğu üçün və ev baxımsız olduğu üçün o həmin evi kirayə vermək fikirinə düşmüşdür. Belə ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə onun mobil telefonuna zəng vuraraq həmin evdə kirayə qalmaq istədiyini bildirmişdir. Daha sonra Şabran şəhər sakini X29 xx.xx.2019-cu il tarixdə evə yanına gələrək ona bildirdi ki, Cavabdeh evinə kirayəşin gətirmişdir. Cavabdehla razılaşmışlar ki, o, hər ay ona 50 manat kirayə haqqı ödəyəcəkdir və kommunal xərcləri də özü ödəyəcəkdir. Beləliklə o, həmin evi cavabdehə kirayə vermiş və o, evin otaqlarının birini özünün qalması üçün saxlamışdır. Cavabdeh həmin evə özü üçün ayırdığı yəni, kirayə vermədiyi otaqda olan avadanlıqları və inventarlarını icazəsiz olaraq götürüb istifadə etmiş və sındırmışdır. Evi səliqəsiz və pis vəziyyətə salmışdır. Cavabdeh kirayə qaldığı gündən hal-hazıradək kirayə haqlarını və heç bir kommunal xərcləri ödəməmişdir. Beləki, bu 9 ay ərzində cavabdehin kirayə haqqı borcu 450 manat, 8 aya görə su pulu borcu 167 manat, işıq pulu borcu 28 manat, qaz pulu borcu 824 manat 50 qəpik təşkil edir. Göstərilənlərlə əlaqədar o, cavabdehlərdən dəfələrlə evdən çıxmasını və borclarını ödəməsini tələb etsə də heç bir xeyri olmamışdır. Belə ki, Cavabdeh onu evinə buraxmayaraq onu oğlu ilə hədələmiş, ona heç kimdən qorxmadığını və çəkinmədiyini bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh, X14, X1, X6, X15, X16 və X10 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarmaları, evin boşaldılaraq ona təhvil verilməsi və cavabdehlərdən kirayə haqqı borcu olaraq 450 manat kirayə pulun, 1019 manat məbləğində yığılmış cavabdehlər tərəfindən ödənilməmiş kommunal borcların ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, onun cavabdehlərlə evinin alqı-satqısı barədə söhbəti olmamış, cavabdehlər tərəfindən ona evə görə pul verilməmişdir. O, evini satmaq barədə belə fikirləşməmişdir. Evi təmir etdirməmişlər, öz yaşayışları üçün bir az əl gəzdiriblər. Bütün bunlar hamısı Cavabdeh uydurmalarıdır ki, bunu əsas götürüb evdən çıxmasınlar. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə 2007-ci ilə kimi Sincanboyad kəndində yaşamışlar. Borca düşdüklərinə görə həmin evi satıb Sumqayıt şəhərinə köçmüşlər. Orada yaşadıqları müddətdə maddi vəziyyətləri ağır olduğuna görə Şabran şəhərinə qayıdıb kirayələrdə yaşamışdır. İddiaçı evini satmaq üçün elan vermişdir. Bu səbəbdən də, 2019-cu il avqustun əvvəllərində qızı X32 həmin evi 35000 manata almaları barədə danışmışdır. Aralarında razılıq olmuşdur ki, həmin evin pulunu 25 il ərzində hissə-hissə qaytaracaqlar. 2019-cu ilin avqust ayından həmin evə köçərək orada yaşayırlar. Rafiqə evin pulundan avqust ayında 7000 manat, oktyabr ayında 5000 manat, noyabr ayında isə 3000+3000=6000 manat, cəmi 18 000 manat pul vermişlər. Pulları birbaşa Rafiqin özünə vermişlər. Pulu verəndə Rafiqin tərəfindən heç kəs, eləcə də onların tərəfindən də heç kim olmamışdır. Notariat kontoruna getməmişlər. Həmin evdə yaşadıqları vaxtda evi təmir etdirmiş, həmin evin təmirinə 13000 manat xərci çıxmışdır. Onların arasında kirayə haqqı barədə heç bir söhbət olmamışdır. Evin bütün kommunal xərclərini də özləri ödəmişdir, ödəməkdə də davam edirlər. Şübhəsiz ki, qaz pulu, işıq pulu verilməsə dərhal kəsilir. X37 4 ildir ki, boşanıb qayıdıb gəlib onunla bir yerdə yaşayır. İşdə olur, işindən ayrıla bilmir. Qızı Bahar da ərə gedib, sonra boşanıb gəlib, onunla bir yerdə yaşayır. Daimi yaşayış yeri Sumqayıtdır. X44 da onunla yaşayır. Hazırda hərbi xidmətə çağrılıb. Digər oğlu Şənlik Bədəlov uşaqlıqdan daun –sindiromu xəstəsidir, onunla yaşayır. X42 də xəstədir. Siyəzən rayonunun Gil-gilçay kəndinə ərə getmişdir. Həyat yoldaşı rəhmətə getmiş, 6 ildir ki, köçüb gəlib onun yanında yaşayır. Ona görə də evdən çıxmağa etiraz edir. Başqa yaşayış yerləri yoxdur. O, iddiaçının iddiasını əsassız hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər X25, X5, X21, X26, X27 və X23 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh X25 xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində ifadə verərək göstərmişdir ki, İddiaçı evini satmaq üçün elan vermişdir. O, da həmin evi almaq üçün Rafiqlə danışmış, Rafiqdən həmin evi 35000 manata almışdır. 2019-cu il avqustun əvvəllərində Rafiqə evin pulundan 7000 manat, sonra oktyabr ayında 5000 manat, noyabr ayında isə 3000+3000=6000 manat, cəmi 18 000 manat pul vermişdir. Sonra isə evi təmir etdirmişlər, həmin evin təmirinə 13000 manat xərcləri çıxmışdır. Hazırda həmin evdə o, anası, xəstə qardaşı, xərçəng xəstəliyindən əziyyət çəkən bacısı, hərbi xidmətdə olan qardaşı yaşayırlar. Evə dair sənədlər qaydasında olmadığına görə notariatda alqı-satqını rəsmiləşdirməmişlər və pulun Rafiqə verilməsi barədə aralarında heç bir müqavilə bağlamamışlar. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********59-10301 olan çıxarışdan görünür ki, ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evi X9 adına qeydə alınmışdır. İşə əlavə edilmiş AZ-T seriyalı 057386 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X22 ilə X4 birgə nikazlarından xx xxxxxxxx 1950-ci ildə Rafiq adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş AZ seriyalı 000346 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx xxxxxxx 1999-cu ildə ölmüşdür. İşə əlavə edilmiş AZ seriyalı 000357 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx xxxxxx 1995-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/6113 saylı arayışdan görünür ki, qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış evlərinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. ünvan 4 saylı ünvanda yerləşən obyektin xx xxxx 2020-ci il tarixinə bazar dəyəri 26000 manat təşkil edir. İşə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 1999-cu ildə ölmüş X22 vərəsəsi oğlu-İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlaka ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0.1104 ha həyətyanı torpaq sahəsi aiddir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255 maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı iddia predmeti olan yaşayış evinin özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını tələb edir. Həmin mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı 450 manat kirayə pulunun və 1019 manat məbləğində yığılmış cavabdehlər tərəfindən ödənilməmiş kommunal borcların ödənilməsinə dair məhkəməyə heç bir əsaslı sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində cavabdehlər yaşayıb istifadə etməklə onun həmin evdə olan mülkiyyət hüququnu pozurlar. Cavabdehlərin həmin evdə yaşamalarına və istifadə etmələrinə əsas verən hüquqa söykənən əsasları yoxdur. Tərəflər arasında əmlakın kirayəyə verilməsi barədə sənədləşmə aparılmamışdır, kommunal xərclər cavabdehlər tərəfindən ödənilmiş və ödənilməkdədir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh, X25, X5, X21, X26, X27 və X23 İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-237 maddələrin rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, X25, X5, X21, X26, X27 və X23 İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar