Məhkəmə qərarları › İş №2(031)-699/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-699/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-699/2024 17.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Quba Regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə 958 reyestr nömrəli daşınmaş əmlakın alqısatqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və həmin evə görə cavabdehə ödədiyi 22000 manat pul məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şabran şəhəri V.Abdullayev küçəsi, ev 116 saylı evin satışa çıxarılması barədə olan elanı görüb həmin evlə maraqlanmaq üçün anası ilə birlikdə 27 mart 2024-cü il tarixdə qeyd olunan ünvana getmişlər. Bu zaman evin mülkiyyətçisinin oğlu Rasim Xasiyev ilə görüşmüşlər. Rasim Xasiyev evi təzə təmir etdiklərini, evdə heç bir problem olmadığını, evin super təmirli olduğunu onlara bildirmişlər. Onlar evə baxmaq istədikdə Rasim Xasiyev onlara bildirmişdir ki, evdə əşyalar var, ətrafı görə bilməyəcəksiniz, əşyaları çıxarmağa yerləri yoxdur, evdən əşyaları çıxaranda gəlib evə baxarsınız. Yəni evə baxmaq istəsələr də, onlara imkan verilməmişdir. Həmin vaxt evin divarlarına mebellər söykənildiyindən, əşyalar yığıldığından və xalçalar asıldığından evin divarlarını görmək mümkün olmamışdır. O, Rasim Xasiyevə inanmış və mülkiyyətçi ilə alqı-satqı müqaviləsi bağlayacağını ona bildirmişdir. O, sonradan evin real vəziyyətini görmək istəsə də, evdən əşyaların çıxarılmadığı bəhanəsi gətirilərək evə baxmağına imkan yaradılmamışdır. Evin mülkiyyətçisi Cavabdeh isə ancaq evin alqı-satqısı zamanı xx.xx.2024-cü il tarixdə Quba regional “ASAN Xidmət” mərkəzində görmüşdür. Həmin vaxt o, Cavabdeh evdə problem olub-olmadığını soruşduqda Gülzaman ona bildirdi ki, evdə heç bir problem yoxdur, ev təzə təmirlidir, evdən əşyaları çıxaranda gəlib evə baxıb təhvil götürərsiniz və evin açarlarını sizə təhvil verərik. 01 aprel 2024-cü il tarixdə o, cavabdeh tərəfindən aldadılaraq Şabran şəhəri, V.Abdullayev küçəsi, ev 116 saylı evin alqı-satqısına dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanılan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə imza etmişdir. Evə görə Cavabdeh 22000 (iyirmi iki min) manat pul ödəmişdir. Evin alqı-satqı müqaviləsi bağlanandan sonra o, evi təhvil almaq üçün aldığı evə gedəndə evin qapısının açarla bağlı olduğunu görmüşdür. Telefonla əlaqə saxlayandan sonra Cavabdeh qızı İlhamə gətirib evin açarlarını ona təhvil vermişdir. Evin içərisinə keçəndən sonra evin boşaldıldığını, əşyaların götürüldüyünü görmüşdür. Bu zaman evin əşyalarının arxasında olan divarların təmirsiz, bərbad vəziyyətdə olduğunu görmüşdür. O, evin alqı-satqısı zamanı aldadıldığını anlamışdır. Cavabdeh onda telefonu olmadığından o, Rasim Xasiyevə və bacısı Şəlalə Xasiyevə zəng vuraraq iradını bildirəndə onlar ona bildirdilər ki, baxıb alardınız, get hara istəyirsən şikayət elə. Qeyd olunanlarla bağlı DİN-nin 102 xidmətinə məlumat versələrdə, Şabran RPŞ-yə ərizə ilə müraciət etsələr də, müraciətləri mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməyləri onlara bildirilmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın da ləğv edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, Quba Regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə 958 reyestr nömrəli daşınmaş əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin evə görə cavabdehə ödədiyi 22000 manat pul məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi və eyni zamanda, onun adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın da ləğv edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* saylı 01 aprel 2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və ümumi sahəsi 0.05 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəlləsinin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Şabran şəhəri V.Abdullayev küçəsi, ev 116 saylı evin satışa çıxarılması barədə olan elanı görüb maraqlanmış, evin alqı-satqısı barədə razılığa gələrək aralarında AN-İ seriyalı ******* saylı 01 aprel 2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Evin alqısatqı müqaviləsi bağlanandan sonra o, evi təhvil almaq üçün aldığı evə gedəndə evin qapısının açarla bağlı olduğunu görmüşdür. Telefonla əlaqə saxlayandan sonra Cavabdeh qızı İlhamə gətirib evin açarlarını ona təhvil vermişdir. Evin içərisinə keçəndən sonra evin boşaldıldığını, əşyaların götürüldüyünü görmüşdür. Bu zaman evin əşyalarının arxasında olan divarların təmirsiz, bərbad vəziyyətdə olduğunu görmüşdür. İddiaçı evin alqı-satqısı zamanı aldadıldığını anlamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Quba Regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə 958 reyestr nömrəli daşınmaş əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış ləğv edilməli, Cavabdeh 22000 (iyirmi iki min) manat pul tutularaq İddiaçı ödənilməli, xx.xx.2024-cü il tarixli, 4Ə 958 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbi eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Quba Regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə 958 reyestr nömrəli daşınmaş əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış ləğv edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat pul tutularaq İddiaçı ödənilsin. xx.xx.2024-cü il tarixli, 4Ə 958 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbi eyni vaxtda icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar