Məhkəmə qərarları › İş №2(031)-753/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-753/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-753/2020 21.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİACİ: Ağarzayeva (Muradova) Bənövşə Mikayıl qızının CAVABDEH: Cavabdeh qarşı CAVABDEH: X3 Evə köçürmə tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ağarzayeva (Muradova) Bənövşə Mikayıl qızı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ona Cavabdeh yaşadığı Şabran şəhəri Rəsul Rza küçəsində yerləşən 1 -otaq və bir ayaqaltıdan ibarət olan fərdi yaşayış evində yaşayış hüququ verilməsi və uşağı X12 ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Ağarzayeva (Muradova) Bənövşə Mikayıl qızı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə ilə müraciət edərək, ona Cavabdeh yaşadığı Şabran şəhəri Rəsul Rza küçəsində yerləşən 1 -otaq və bir ayaqaltıdan ibarət olan fərdi yaşayış evində yaşayış hüququ verilməsi və uşağı X12 ilə birlikdə həmin evə köçürülmələri, Cavabdeh həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ağarzayeva (Muradova) Bənövşə Mikayıl qızı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, valideynləri ilə birlikdə, ailəliklə Şabran rayonunun Qarabağlı kəndində yaşayırdılar. O, Cəbrayıl rayonundan Qarabağlı kəndində məskunlaşmış məcburi köçgünlər üçün yaradılmış məktəbdə 2007-ci ildən xidmətçi işləyirdi və hər ayda 300.000(üçyüz min) manat, köhnə Azərbaycan manatı ilə əmək haqqı alırdı. 2014-cü ildən bu günə kimi Şabran şəhər 2-nömrəli tam orta məktəbdə texniki işçi (xadimə) işləyir. Cavabdehin valideynləri evlərinə elçiliyə gəlib gedəndən sonra onun üçün Şabran rayonunun Qarabağlı kəndində 19-iyul 2008-ci il tarixdə nişan mərasimi keçirildi. Bundan sonra ona və valideynlərinə məlum oldu ki, cavabdeh ondan əvvəl başqası ilə nigah münasibətlərində olub və boşanıb. Bunu biləndən sonra onun valideynləri cavabdehin valideynlənin evinə gedib nişanı qaytarmaq istədiklərini bildirmiş, xx xxxx 2008 ci il tarixdə cavabdeh onu qaçırtmışdır. Bundan sonra cavabdehin valideynlərinin evində barışıq və evlənməkləri ilə əlaqədar məclis keçirildi. Ər-arvad münasibətlərindən xx xxxx 2009 cu il tarixdə oğlanları X9 doğulmuşdur. Nigahlarını xx xxxxx 2011- ci il tarixdə Dəvəçi rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. 11-dekabr 2015-ci il tarixdə isə kiçik oğlanları X12 doğulmuşdur. 1-ədəd üstündə 3-dənə brilyant qaşları olan 4-qram çəkidə rus qızılından düzəldilmiş 585-əyarlı, 1-ədəd 5-qram çəkidə rus qızılından düzəldilmiş 585-əyarlı paxlava üzüyü anası ona ailə qurmamışdan əvvəl bağışlamışdır. Ailə qurandan sonra valideynlərinin evinə qaynanası ilə qonağ getmişlər, anası ona bir cüt (iki dənə) 4-qram çəkidə rus qızılından düzəldilmiş 585-əyarlı sırğa bağışlamışdır. Cavabdeh onu 25-iyul 2008-ci ildə qaçırdandan sonra cavabdehin anası (qaynanası) ona 1- ədəd 13-qram çəkidə qızıl sep, 1-ədəd 8-qram çəkidə qızıl qolbaq, 1-üzük iki sırğadan ibarət 6- qram çəkidə qızıl komplekt, 1-ədəd 5-qram çəkidə, qızıldan, qırmızı qaş üzük bağışlamışdır. Üç il cavabdehin valideynlərinin evində yaşamışlar. Bundan sonra qaynanasının dediyinə görə onlar doktor Niftəliyevdən aldıqları, Şabran şəhərinin 5-sotlar yaşayış massivində, Rəsul Rza küçəsində yerləşən torpaq sahəsini onlara verdilər (güya bağışladılar) ki, onlar orada fərdi yaşayış evi tikib yaşasınlar. Cavabdeh indi olduqu kimi, heç yerdə işləmirdi, güya tikintidə işləməyə X2 və Çeçensstan Respublikalarına işləməyə gedirdi. Lakin hər dəfə oradan Azərbaycana qayıtmağa yol pulunu kimdənsə borc alıb gəlirdi o borc etdiyi puluda o qaytarırdı. Evi tikəndə cavabdeh Azərbaycanda deyildi, Maxaçkalada idi. Şabran şəhərinin R.Rza küçəsində yerləşən torpaq sahəsində 1-otaq və ayağaltıdan ibarət olan fərdi yaşayış evini o, valideynlərinin köməyi ilə 2012-ci ildə tikmiş, oraya köşmüşdür. Evin tikintisi üçün anası 1 (bir) baş inək, 500-ədəd mişar (kubik) daşı, 500-manat pul, və 200(iki yüz) manat da tikinti materialları almaq üçün ona köməklik edib. Usta pulunu və bütün xərcləri o, Beynəlxalq Bankdan 01-mart 2019 cu il tarixdə 1900-manat və 05-iyul 2019-cu il tarixdə 2750- manat kredit götürüb çəkmişdir. Cavabdehin heç nədən xəbəri olmayıb, o ancaq ona bağışlanan qızıl-ziynət əşyalarını və inəyi satıb anasına onlara verdikləri torpağa görə, torpağın pulunu ödəmişdir, vermişdir. Təkcə qaynanası ona bağışladıqı 1ədəd 8-qram çəkidə qızıl qolbağı oğlanları Ayxan xəstələnəndə 80-manata satıb müalicəsinə xərcləmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun dörd aylıq əmək haqqısı maaş kartından qaynanası götürüb mənimsəmişdir. Sonra demişdir ki, onlara verdiyi torpağın pulunun yerinə götürüb. Torpaq sahəsi onun pulu hesabına alınmış, onun pulu və zəhməti hesabına tikilmiş 1-otaq və ayaqaltıdan ibarət olan Şabran şəhəri R.Rza küçəsində yerləşən fərdi yaşayış evindən qovmuşdur. Alimenti ödəməkdən yayınmaq üçün böyük oğlanları Ayxanı yolda döyüb öz yanına aparmışdır. Yanında qalmış oğlanları Uğura və ona aid olan paltar və digər əşyalarını götürməyə gedəndə onu döyüb xəsarətlər yetirir. Sonucu dəfə anası ilə onu evə buraxmadılar, küçədə döydülər. Bu barədə Şabran rayon Polis Şöbəsinə məlumat vermiş, araşdırmalar aparılır. Aldıqı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün X4 Şabran Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə göndərilmiş, bu barədə rəy verilmişdir. Yaşamağa yeri yoxdur, uşaqları ila birlikdə küçədə qalmışdır. Müvəqqəti olaraq anasının və yaxın qonşunun evində məskunlaşmışdır. Böyük oğlu Ayxanın cavabdehin yanında qalması mümkün deyil, çünki cavabdeh uşağın yanında nəşə çəkir, spirtli içkilər içir, onun ünvanına nəlayiq küçə söyüşləri söyür. Belə əməlləri onun onlarla birlikdə yaşayandada tez-tez olurdu. Evdə onun və uşaqların yanında nəşə çəkirdi, spirtli içkilər icib onun və valideynlərinin ünvanına nəlayiq, tərbiyəsiz, küçə söyüşləri söyürdü. Yaxşı olardı ki, cavabdeh məhkəmə tərəfindən Narkoloji Dispanserə müayinəyə göndərilsin. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Şabran rayon məhkəməsinin 28-fevral 2020-ci il tarixli qətnaməsi ilə nigahları pozulmuşdur və hər uşağın saxlanılması üçün cavabdehdən hər ayda hər uşağa görə 100 (bir yüz) manat alıment tutulması qət edilmişdir. Torpaq sahəsi onun pulu hesabına alınmış, onun pulu və zəhməti hesabına tikilmiş 1- otaq və ayaqaltıdan ibarət olan Şabran şəhəri R.Rza küçəsində yerləşən fərdi yaşayış evinin tikiliyə və yerləşdiyi torpaq sahəsinin mülkiyyəti təstiqləyən sənədi yəni DƏDRX-dən Çıxarışları yoxdur. Xahiş edir, ona Cavabdeh yaşadığı Şabran şəhəri Rəsul Rza küçəsində yerləşən 1 -otaq və bir ayaqaltıdan ibarət olan fərdi yaşayış evində yaşayış hüququ verilməsi və uşağı X12 ilə birlikdə həmin evə köçürülmələri, Cavabdeh həmin evdən çıxarılması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmədə iddianı qismən qəbul edərək bildirdi ki, o, İddiaçı ilə əvvəlcə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını xx xxxxx 2011-ci ildə rəsmiləşdirmişlər. Ər-arvad münasibətlərindən xx xxxx 2009-cu ildə Ayxan və xx xxxxxx 2015-ci ildə Uğur adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uğun gəlməmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və uşaqların saxlanılması məqsədi ilə hər uşaq üçün 100 manat aliment müəyyən edilmişdir. Onlar ailə qurduqdan sonra ata evində yaşamışlar, 2009-cu ildə 5 sotlar məhəlləsində yerləşən torpaq sahəsində bir ortaqlı ev tikmişlər, həmin evə köçərək orada yaşamışlar. O, iddiaçının həmin evə köçürülməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(031)-79/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2011-ci il tarixdə Şabran (Dəvəçi) rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Cavabdeh Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(031)-914 saylı qərardadı nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Şabran şəhər R.Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyi tərəfindən İddiaçı verilmiş verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı iş yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Şabran filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli BPM**********00 saylı Kredit müqaviləsinə Əlavədən görünür ki, İddiaçı 60 ay müddətinə, faiz dərəcəsi illik 24% olmaqla 1900 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Şabran filialı ilə X8 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli BPM**********96 saylı Kredit müqaviləsinə Əlavədən görünür ki, X8 na 60 ay müddətinə, faiz dərəcəsi illik 24% olmaqla 2750 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş Dəvəçi rayon İHB-nın xx xxxxxx 2004-cü il tarixli 306 saylı Sərəncamından görünür ki, Q.Niftəliyevə Dəvəçi şəhərinin 13-cü məhəlləsindən fərdi yaşayış evi tikintisindən ötrü ayrılmış 500 kvm torpaq sahəsindən istifadə hüququna xitam verilmiş və həmin sahə N.Zülfüqarovanın adına keçirilmişdir. İşin hallarından müəyyən olunur ki, Şabran şəhəri 5 sotlar məhləsi 13-cü məhəlləsində mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair Zülfüqarova (Ağarzayeva) Nayilə Əbrəhim qızının adına Dəvəçi rayon İHB tərəfindən xx xxxxxx 2004-cü il tarixdə 306 saylı Sərəncam verilmişdir və hazırda heç kəsin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ mövcud deyil. Belə olduğu halda məhkəmə hesab edir ki, mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestri xidmətində heç kəsin mülkiyyət hüququ qeydiyyata alınmadığından, hazırkı mübahisəyə Azərbaycan Respublikası MM-nin özbaşına tikinti ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. X16 Məhkəməsi “O.X10rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X16 Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair X16 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının cavabdeh İlqar Kuberovla xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub mübahisəli evdə məskunlaşmasını, həmin vaxt onun evdə yaşamasına cavabdehlər tərəfindən maneə yaradılmaması və onun həmin evdə yaşamasının hər hansı bir notarial müqavilə bağlamaqla şərtləndirilməməsini, mübahisəli evin mülkiyyətçisi vəfat etdiyindən onun mülkiyyətçi ilə notarial müqavilə bağlamaq imkanının olmamasını, cavabdehlərlə ümumi təsərrüfat apararaq uşaq dünyaya gətirməsini, evdən çıxana qədər orada yaşamasını nəzərə alaraq hesab edir ki, hazırda cavabdehlər tərəfindən iddiaçının mübahisəli evə qayıtmasına maneələr yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin evə qayıtmaq istəməsi onun həmin evdə yaşamaq niyyətinin olduğunu göstərir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə qeyd edir ki, mübahisəli evə heç kəsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq imkanı müəyyən edilməlidir. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə iclasında müyyən olundu ki, tərəflər birgə nikahda olduqları vaxt mübahisəli yaşayış evini tikmiş, 2012-ci ildə mübahisəli evə köçmüş və orada yaşamışlar. Orada yaşadıqları müddətdə onların birgə nikahlarından ikinci-Uğur adlı uşaqları da olmuşdur. Ailə münasibətləri pozulduqdan sonra iddiaçı həmin evdən çıxarılmışdır. Həmin ev özbaşına inşa edilmiş və iddiaçı təxminən altı il müddətdə həmin evdə yaşamışdır, ona məxsus məişət əşyaları hal-hazırda da həmin evdə yerləşir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30-cu maddəsinə (xx.xx.2009-cuiltarixdənqüvvəyəminmiş) müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikili olduğundan, cavabdehlərin həmin yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. İddia tələbinin evdə yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, evdə yaşamış iddiaçının və cavabdehin evə istifadə hüquqları olmadığından iddiaçının evə istifadə hüququnun müəyyən edilməsini tələb etməsi əsaslı hesab edə bilməz. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində evdə yaşamaq imkanı müəyyən edilməlidir. Evə köçürmə hissəsində iddianın təmin edilməsi mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu isə evə yaşayış hüququnun tanınması anlamına gələ bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqi normalarına və işin baxılması zamanı qüvvədə olan prosesual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili movcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, iddiaçının da həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddiaçının mübahisəli tikilidən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Həmçinin məhkəmə araşdırdığı sübutlara hüquq qiymət verərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə olan mübahisəli ev DADRX-də qeydiyyatdan keçməmişdir, cavabdehin mülkiyyətində deyildir. Bu səbəbdən də, iddiaçının həmin evə istifadə hüququnun verilməsi və iddiaçının cavabdehi evdən çıxarma tələbi də əsaslı hesab edilə bilməz. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Ağarzayeva (Muradova) Bənövşə Mikayıl qızı Cavabdeh ilə birgə nikahları dövrdə inşa edilən, Şabran şəhəri Rəsul Rza küçəsində yerləşən 1 otaq və bir ayaqaltıdan ibarət olan fərdi yaşayış evinə uşağı xx.xx.2015-ci il təvəllüdlü X12 ilə birlikdə köçürülməli, iddia ərizəsinin qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrin rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Ağarzayeva (Muradova) Bənövşə Mikayıl qızı Cavabdeh ilə birgə nikahları dövrdə inşa edilən, Şabran şəhəri Rəsul Rza küçəsində yerləşən 1 otaq və bir ayaqaltıdan ibarət olan fərdi yaşayış evinə uşağı xx.xx.2015-ci il təvəllüdlü X12 ilə birlikdə köçürülsün. İddia ərizəsinin qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar