Məhkəmə qərarları › İş №2(031)-760/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-760/2025

05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-760/2025 05.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxsnə qarşı övladlığa götürmənin qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı övladlığa götürmənin qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, yəni xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi babası X9 və nənəsi X5 tərəfindən övladlığa götürmələrinin qeyd edilmə faktının müəyyən edilməsi, Maraqlı şəxs tərəfindən qeydə alınmış 02 avqust 1982-ci il tarixli, 427 saylı doğum haqqında akt qeydində ata adını Əlislam-dan Abbas-a, ata haqqında məlumat qrafasında -X1 X6, ana haqqında məlumat qrafasında- X2 X3 dəyişiklik edilməsi, digər məlumatların olduğu kimi saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1982-ci il tarixində Xaçmaz şəhərində anadan olmuşdur. Ailədə ondan başqa digər 2 qardaşı doğulmuşdur. Atası ailədə 5 qardaş olmuş, atası ailənin ən kiçik uşağı olduğundan onlar babası X9 və nənəsi X5 ilə birgə yaşayırdılar. Bir həyətdə iki evləri var idi, bir evdə o, babası və nənəsi yaşayırdılar ,digər evdə isə atası, anası və qardaşları yaşayırdılar. 1989-cu ildə atası ünvan 1 ünvanında yerləşən evi tikdikdən sonra anası və iki qardaşı ilə yaşamaq üçün yeni evə köçdülər. O, isə köhnə evlərində babası və nənəsi ilə birgə yaşamağa davam etdi. Çünki körpə vaxtından o, onlara, onlar da ona bərk bağlanmışdılar. Hətta o, doğularkən babası Azərbaycanın sabiq rəhbəri 1982-1988-ci illərdə Azərbaycan SSR X7 Komitəsinin birinci katibi işləmiş Kamran Bağırovun adını ona vermişdir. Onlar yaşlı olduğundan onlara bir övlad kimi kömək edirdi və onlara həmişə qonaq gələndə onlar deyərdilər ki, Kamran onların övladıdır bunun üçün onu yanlarınzda saxlamışlar, hər nəyləri varsa Kamranındır. Xatırlayır hətta orta məktəbdə oxuyarkən valideyn iclaslarına belə babası və nənəsi bir valideyn kimi gəlib iştirak edirdilər. Babası və nənəsi məktəbdə oxumamışdılar və savadsız idilər. Həmin vaxt qanunu bilməməzlikdən və savadsızlıqdan onu rəsmi ödladlığa götürməni rəsmiləşdirməmişdirlər, amma həm əmiləri və bütün qohum-qonşular bilirdilər ki, onu onlar öz övladları kimi öz himayələrinə və övladlığlarına götürüblər. Bunun baris nümunəsi kimi qeyd edə bilər ki, xx.xx.1996-cı ildə babam X9 bütün əmlakını ona vəsiyyət etmişdir. Babası və nənəsi rəhmətə getdikdən sonra onlardan qalan bütün miras əmlakı o, idarə etməyə başladı və mirası tam pay olaraq mən qəbul etdi. Atası və əmilərinin mirasda məcburi payi olduğu üçün heç-bir etiraz etmədən miras paylarından onun xeyrinə imtina etmişdilər, çünki rəhmətlik babası və nənəsi hələ sağ ikən onlara bunu etməyi vəsiyyət etmişdilər və əmlakın mülkiyyətçisi babam olduğu üçün mənim adına rəsmi vəsiyyətnamə də qoymuşdur. Bunların hamısı sənədlərdə öz əksini tapır. Övladlığa götürmənin qeyd edilmə faktını o, başqa cür əldə edə bilmir. Övladlığa götürmənin qeyd edilmə faktının müəyyən edilməsi ona həm mənəvi cəhətdən, həm də maddi vəziyyətinin yaxşılaşması üçün lazımdır, belə ki, AR Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, X13 iştirakçılarının həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Və buda onun aylıq əmək haqqına təsir edərək onun maddi vəziyyətini yaxşılaşdıracaqdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirdi ki, Ərizəçi onun əmisi oğludur. Nənəsi və babası Xaçmaz şəhərində yaşayırdılar. Onlar gedəndə Kamranı həmişə orada görürdülər. Babası deyirdi ki, Kamranı övladlığa götürüblər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, Ərizəçi onun oğludur. Əvvəl birlikdə yaşamışlar, sonradan onlar köçmüşlər. Kamran babası və nənəsinin yanında qalmışdır. Babası Kamranı övladlığa götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, övladlığa götürmə barədə akt qeydi aşkar edilməmişdir, övladlığa götürmənin qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 4-cü maddəsinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən hər bir halda məhkəmə hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmasa və onların bərpası mümkün olmasa, övladlığa götürmə faktı məhkəmə qaydasında müəyyən edilir və belə qeyd yalnız övladlığa göötürmə faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Bundan əlavə iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilən məktubdan görünür ki, Ərizəçi övladlığa götürmə barədə akt qeydinin əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi babası X9 və nənəsi X5 tərəfindən övladlığa götürməsinin qeyd edilmə faktı müəyyən edilməli, Maraqlı şəxs tərəfindən qeydə alınmış 02 avqust 1982-ci il tarixli, 427 saylı doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında-X1 X6, ana haqqında məlumat qrafasında- X4 X3 dəyişiklik edilməli, digər məlumatlar olduğu kimi saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi babası X9 və nənəsi X5 tərəfindən övladlığa götürməsinin qeyd edilmə faktı müəyyən edilsin. Maraqlı şəxs tərəfindən qeydə alınmış 02 avqust 1982-ci il tarixli, 427 saylı doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında-X1 X6, ana haqqında məlumat qrafasında- X4 X3 dəyişiklik edilsin, digər məlumatlar olduğu kimi saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar