Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-832/2025 23.09.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şabran rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Şabran rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 16 iyun 1984-cü il tarixindən 16 iyul 1996-cı il tarixinədək Şabran (keçmiş Dəvəçi) rayon Siyəzən üzümçülük sovxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 16 iyun 1984-cü il tarixli, 86(7) nömrəli əmrinə əsasən 16 iyun 1984-cü il tarixində 3 saylı üzümçülük briqadasına fəhlə qəbul edilmişdir. Daha sonra Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən Üzümçülük sovxozunun müxtəlif briqadalarında fəhlə işləmişdir. 16 iyul 1996-cı il tarixində Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, sovxozlar ləğv olunmuş, həmin qanuna əsasən sovxoz torpaqları özəlləşdirilməyə başlanılmışdır. Sovxozlar ləğv edildiyinə görə onun da həmin savxozda əmək fəaliyyətinə xitam verilmişdir. O, həqiqətən 16 iyun 1984-cü il tarixindən 16 iyul 1996-cı il tarixinədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunda fəhlə işləmişdir. Həmin sovxozdan əmək haqqı almışdır. Ona Şabran rayonu X2 (keçmiş Dəvəçi) rayonu Siyəzən Üzümçülük sovxozunun əmrlər kitabından arxiv çıxarışı verilsə də, həmin çıxarışda işə qəbul olunma tarixi qeyd olunmuş, işdən azad edilmə tarixi isə qeyd edilməmişdir. Həmin sənəddə işdən çıxma tarixi qeyd edilmədiyindən, yəni, işlədiyi dövr tam şəkildə qeyd edilmədiyindən Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən Üzümçülük sovxozunda işlədiyi illərə görə əmək stajı dəqiqliklə öz təsdiqini tapa bilmir. Bu səbəbdən də həmin sənədi əmək stajımı təsdiq edən sənəd kimi hər hansısa orqana təqdim edə bilmir. Ona görə də o, 16 iyun 1984-cü il tarixindən 16 iyul 1996-cı il tarixinədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən Üzümçülük sovxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 127 saylı arxiv çıxarışından görünür ki, 16 iyun 1984-cü il tarixli 86 (7) saylı əmrinə əsasən Ərizəçi Şabran (keçmiş Dəvəçi) rayon Siyəzən üzümçülük sovxozuna fəhlə kimi işə qəbul edilmişdir. Vətəndaşın işdən azad olunması barədə əmrə təsadüf olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi insan və vətəndaş hüquq və əsas azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitutsiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Əsas Qanunun 71-ci maddəsinin İ və İİ hissələrində göstərilir ki, Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktlan müəyyən edir. Həmin Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlan müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasnın Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafıq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Yuxanda qeyd edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır: 1) ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; 2) ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü halları iki qrupa bölünür: 1) hüquqi əhəmiyyətli faktlar müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; 2) hüquqi əhəmiyyətli faktlar müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri (vermədikəri) hallar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan sərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 16 iyun 1984-cü il tarixindən 16 iyul 1996-cı il tarixinədək Şabran (keçmiş Dəvəçi) rayon Siyəzən üzümçülük sovxozunda fəhlə işləməyi faktının müəyyən edilməsini edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 127 saylı arxiv çıxarışında Ərizəçi 16 iyun 1984-cü ildən 1996-cı ildə kimi Şabran (keçmiş Dəvəçi) rayon Siyəzən üzümçülük sovxozunda işləməsi göstərilmişdir. Lakin, vətəndaşın işdən azad olunması barədə əmrə təsadüf olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 16 iyun 1984-cü il tarixindən 16 iyul 1996-cı il tarixinədək Şabran (keçmiş Dəvəçi) rayon Siyəzən üzümçülük sovxozunda fəhlə işləməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Şabran rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi təmin edilsin. Ərizəçi 16 iyun 1984-cü il tarixindən 16 iyul 1996-cı il tarixinədək Şabran (keçmiş Dəvəçi) rayon Siyəzən üzümçülük sovxozunda fəhlə işləməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-832/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-832/2025
23.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver