Məhkəmə qərarları › İş №2(032)-1068/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1068/2025

02.03.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1068/2025 02.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi , İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi, naturada bölünməsi mümkün olmadıqda mənzilin dəyərinin payına uyğun hissədə nağd şəkildə ödənilməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması yolu ilə əldə olunmuş məbləğin mülkiyyətçilər arasında paylara uyğun bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda həmin mənzilə olan 1/10 hissədə payının 35000 manata cavabdeh tərəfindən alınması, bu mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə ediləcək məbləğin paylara müvafiq olaraq cavabdehlə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, X2 küçəsi ev 16 mənzil 3 ünvanında yerləşən mənzil 9/10 hissə cavabdehin, 1/10 hissə mənim olmaqla paylı mülkiyyətlərindədir. Hal-hazırda cavabdehlə paylı mülkiyyətdə olan Şirvan şəhəri, X2 küçəsi ev 16, mənzil 3 ünvanında mənzildə yaşamaqları qeyri-mümkündür. Bu səbəbdən də qeyd edilən mənzilin hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara uyğun olaraq cavabdehlə aralarında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onların cavabdehlə mülkiyyətlərində olan mənzildə yaşamaqları və ya qeyd edilən mənzildən hər hansı bir formada istifadə etməkləri qeyri-mümkündür. Onun cavabdehə məxsus payı almağa maddi imkanım yoxdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 16, mənzil 3 paylı mülkiyyətdir, 9/10 hissəsi cavabdehin, 1/10 hissə onun paylı mülkiyyətindədir. Hal-hazırda cavabdehlə bir ünvanda yaşamaqları qeyrimümkündür. Ona görə də mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda həmin mənzilə olan 1/10 hissədə payının 35000 manata cavabdeh tərəfindən alınması, bu mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə ediləcək məbləğin paylara müvafiq olaraq cavabdehlə aralarında bölünməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, cavabdeh onun qardaşıdır. Mənzil atasına məxsus olub. Atasının vəsiyyətinə görə mənzil əldə olunub. Atası vəsiyyətində mənzilin çox hissəsini ona vermişdir. Məhkəmə qaydasında mənzilin 9/10 hissəsi onun mülkiyyətinə keçmişdir. Mənzilin satılmasına razı deyil. Mənzilin qapalı hərracda satılmaqla cavabdehin payına uyğun miqdar pulu cavabdehə ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri X2 küçəsi ev 16 mənzil 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2007ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 164 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şirvan şəhəri 1 saylı notariat kontorunun notariusu şəhadətnamədə miras əmlakın ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan ümumi sahəsi 105 kv/m , yaşayış sahəsi 77 kv/m, 5 otaqlı ibarət olmasını, xx.xx.2021-ci ildə vəfat etmiş X1 vərəsəsi xx.xx.1967-ci il təvəllüdlü Cavabdehdır və o mirasdan 9/10 hissədə pay almalıdır. Həmin miras əmlakın 1/10 hissəsinin məcburi payı açıq saxlanılmış və vərəsəlik şəhadətnaməsi verilməməsini qeyd etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri X2 küçəsi ev 16 mənzil 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh 9/10 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 164 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri X2 küçəsi ev 16 mənzil 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı 1/10 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 164 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2025-ci il tarixli, 10/5605 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Şirvan şəhəri, X2 küçəsində yerləşən, 16 nömrəli yaşayış binasının, 3 saylı mənzilin tikililərinin planlı yerləşməsini, mənzilin beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşməsini, eləcə də 1/10 paya düşən yaşayış sahəsinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.4 bəndin göstərilən sahədən az təşkil ediyini nəzərə alaraq, tədqiq olunan mənzilin tikililərinin tərəflərin 1/10 və 9/10 paylarına uyğun iki ayrı-ayrı təcrid mənzil şəklində naturada ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.4. bəndinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli , UNİ/Y 42-042/2026 saylı rəyindən görünür ki, Şirvan şəhəri X3 küçəsi ev 16,3 nömrəli mənzilin hazırda real satış (bazar) qiyməti 83000 (səksən üç min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi ümumi mülkiyyəti paylı və birgə mükiyyət olmaqla fərqləndirir. Həmin Məcəllənin 213.2-ci maddəsində təsbit edilmişdir ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mölki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3- 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Həmin Qərardadın 19-cu bəndinə əsasən qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Məhkəmə işin hallarını tərəflərlə müzakirə edərək hesab edir ki, payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığından, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığından hazırkı tələb üzrə işə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi hüquqi mexanizminə uyğun baxılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspertin rəyini sübut kimi qəbul edir və hesab edir ki, mübahisəli mənzil sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi əmlakın naturada bölünməsi hissəsində təmin edilə bilməz. Həmin Qərardadın 62-ci bəndinə əsasən Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadın 65-67-ci bəndlərinə əsasən ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ümumi paylı mülkiyyətdə olan mənzilin naturada (fiziki) bölgüsü mümkün olmadığı müəyyən edildiyindən məhkəmə iddiaçının tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməli yəni iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki,Şirvan şəhəri, X2 küçəsi, ev 16, 3 nömrəli ilkin satış qiyməti 83000 (səksən üç min) manat müəyyən edilməklə İddiaçı və Cavabdeh iştirak ilə qapalı hərracda satılmalı, bu mümkün olmadıqda (həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda) açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməklə tərəflərin ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə əlavə edilmiş "xxxx" MMC-nin məktubundan görünür ki, qiymətləndirmə işinin həyata keçirilməsinin ümumi dəyəri 300 manat təşkil etmişdir. İşə əlavə edilmiş 004234 nömrəli vəsiqədən görünür ki, İddiaçı vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ malikdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Dövlət rüsumu haqqında qanununun 9.1.20-ci maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət nəfinə keçirilməlidir. Qiymətləndirmə ekspertizasının 300 (üç yüz) manat məbləğində dəyəri Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şirvan şəhəri, X2 küçəsi, ev 16, 3 nömrəli mənzili İddiaçı və Cavabdeh iştirak ilə qapalı hərracda satılsın, bu mümkün olmadıqda (həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda) açıq hərracda satılsın. Satışdan əldə olunmuş pul vəsaiti ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməklə tərəflərin ümumi paylı mülkiyyət hüquqlarına xitam verilsin. Şirvan şəhəri, X2 küçəsi ev 16 mənzil 3 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti: 83000 (səksən üç min) manat müəyyən edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət nəfinə keçirilsin. Qiymətləndirmə ekspertizasının 300 (üç yüz) manat məbləğində dəyəri Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar