Məhkəmə qərarları › İş №2(032)-1078/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1078/2023

13.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1078/2023 13.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh “X12 İdman Kompleksi” MMC-nin direktoru X4 Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Şirvan X6 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X12 İdman Kompleksi” MMC-nə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün cavabdeh tərəfindən əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün cavabdeh tərəfindən əmək haqqının ödənilməsi iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli, 28 nömrəli əmrin etibarsız hesab edilməsi, onun Cavabdeh MMC-yə “qazanxana-maşinisti” vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün Cavabdeh MMC-nin direktoru X5 tərəfindən onun əmək haqqısının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də xx.xx.2017-ci il tarixdən “qazanxana maşinisti” vəzifəsində işləyir. Cavabdehlə onun arasında müddətsiz əmək müqaviləsi bağlanılmış və əmək müqaviləsi “Əmək və Məşğulluq” altsisteminə xxxxxxx00100 №-li daxil edilmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə, 28 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi Azərbaycan Respublikası FHN-nin DYNİ-nin Muğan Regional DYNX-nin xx.xx.2022-ci il tarixli aktı əsas gətirilmişdir. İşlədiyi müddət ərzində bir dəfə də olsun inzibati xəta hallarına yol verməmiş və işinin öhdəsindən həmişə layiqli gəlmişdir. Bu səbəbdən də o, ilk olaraq xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X2 “cavabdeh tərəfindən əmək hüquqlarımın pozulması ilə bağlı” müraciət etmişdir. X7 Xidmətinin X3 tərəfindən ona xx.xx.2023-cü il tarixli, 3-17-5/2-5-7215/2023 №-li məktubla ərizəsinə cavab olaraq ərizəsində göstərilən halların araşdırılması əsasında müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edildiyi və əmək müqaviləsinə qanunsuz xitam verilməsi və işə bərpa olunmağım barədə icraat üzrə işə baxılması nəzərdə tutulmuşdur. İşəgötürən barədə qəbul ediləcək qərar barədə əlavə məlumat veriləcəyi, MMC-yə mən iddiaçıya olan əmək haqqı borcunun ödənilməsini nəzərdə tutan icrası məcburi olan göstəriş verildiyi bildirilmişdir. Lakin cavabeh tərəfindən yuxarıda qeyd edilən hallar yerinə yetirilmədiyindən, onun tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən X7 Xidmətinin X2 ərizə ilə müraciət etmişdir. X7 Xidmətinin X1 xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-8378/2023 №-li məktubla ərizəsinə cavab olaraq, cavabdeh barəsində tərtib edilmiş izibati xəta haqqında işə xx.xx.2023-cü il tarixdə baxılmış və Azərbaycan Respublikası İXM-nin 34, 116 və 192.6-cı maddələrinə uyğun olaraq Cavabdeh MMC-nin direktoru X5 barəsində xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edildiyi, həmçinin göstərilən qanun pozuntusunun aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xəta aradan qaldırıldıqda inzibati cərimənin (1700 manat) ödənilməsindən azad olunacağı ona izah edildiyi və ona son haqq-hesabın hesablanıb ödənilməsi üçün müəssisəyə tövsiyə məktubunun göndərildiyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş 30 gün müddətində də qeyd edilən hallar barəsində hər hansı bir hərəkət və hərəkətsizlik həyata keçirilmədiyindən, o, məcbur qalıb yenidən xx.xx.2023-cü il tarixdə X7 Xidmətinin X2 ərizə ilə müraciət edərək Cavabdeh MMC-nin direktoru X5 tərəfindən onlar tərəfindən edilmiş xəbərdarlıqla bağlı hallar yerinə yetirilməmişdir. X7 Xidmətinin X1 xx.xx.2023-cü il tarixli, 3-17- 5/2-3-12467/2023 №-li məktubla ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-8378/2023 №-li məktubda eyni ilə qeyd edilən hallar göstərilmiş və Cavabdeh MMC-nin direktoru X5 tərəfindən yerinə yetirilmədiyindən əmək mübahisəsinin həlli məqəsdi ilə mən iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də mən iddaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarımın müdafiəsi məqsədi ilə iddia ərizəsi əsasında Şirvan şəhər məhkəməsində iddia qaldırmaq məcburiyyətində qaldı. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-757/2023 saylı qərardadına əsasən iddia ərizəsi geri qaytarılmış və qərardadda izah edilmişdir ki, məhkəməyə müraciət etməmişdən öncə mediasiya şurasına müraciət edilməsi tövsiyə edilmişdir. Bu səbəbdən də onun tərəfindən qərardadı aldıqdan sonra Sabirabad 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmiş və cavabdeh tərəfə də mediasiya sesiaysında iştirak edilməsi barədə təklif göndərilmişdir. Lakin cavabdeh mediasiya sessiyalarına gəlməkdən imtina edilmiş və ona görə də ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Həmin arayış onun tərəfindən vatçap vasitəsi ilə xx.xx.2023-cü il tarixdə alınmışdır. Həmçinin qərardadda cavabdehin şəxsiyyəti barədə sənədlərin rekzivitlərinin qeyd edilməsi bildirilmişdir ki, lakin həmin sənədlərin əldə edilməsi onun iradəsindən asılı olmadığından mümkünsüz olmuşdur. Yuxarıda qeyd edilən hallar həyata keçirildikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Əvvəla ona cavabdeh tərəfindən tətbiq edilmiş xx.xx.2022-ci il tarixli, 28 №-li Azərbaycan Respublikası Əmək Məcəlləsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mən iddiaçı narazı qaldığımdan ilk olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X2 ərizə ilə müraciət edərək pozulmuş əmək hüquqlarımın bərpası məqsədi əsasında araşdırılmasını xahiş etmişdim. X7 Xidmətinin X3 tərəfindən xx.xx.2023cü il tarixli, 3-17-5/2-5-7215/2023 №-li, xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-8378/2023 №-li və sonuncu dəfə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-12467/2023 №-li məktubla ərizəmə cavab olaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən hallar yerinə yetirilmədiyindən ona əmək mübahisəsinin həlli məqəsdi ilə məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir. Bütün bu halları qeyd etməkdə məqsədi onun tərəfindən cavabdehin xx.xx.2022-ci il tarixli, 28 №-li əmri tərtib edildiyi müddətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərindən irəli gələn 30 gün təqvim ayını ötürməmişəm. Çünki, Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin məcəllənin 2-ci hissəsində qeyd edir ki, işçi pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edə bilər. Onun tərəfindən müddət ötürülməmiş və cavabdeh tərəfindən qanunsuz verilmiş əmr əsasında pozulmuş əmək hüquqlarının bərpası üçün müvafiq orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X2, onlar tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən yerinə yetirilmədiyinə görə məcbur qalaraq ərizələrlə müraciət etmiş və sonuncu dəfə X7 Xidmətinin X3 tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-12467/2023 №-li məktub əsasında məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Onun tərəfindən sonuncu verilmiş xx.xx.2023-cü il tarixdən nəzərə alınaraq 30 gün təqvim müddəti ötürülməmişdir. Cavabdeh tərəfindən mübahisəli əmr ona göndərilməmiş və X7 Xidmətinin X3 tərəfindən əmrin əsli cavabdehdən istənilməsi, lakin cavabdeh tərəfindən onlara yalnız əmr barəsində məlumat verilməsi, ona görə də ona təqdim və yaxud göndərilməli olunduğu izah edildikdə, ona əmrin nə təqdim, nədə ki, göndərilmədiyini bildirmişdir. Bundan sonra X7 Xidmətinin X3 əmrin əslinin alınaraq onlara təqdim edilməsini istədikdə, mənim tərəfimdən xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək və əlbə-əl alaraq X7 Xidmətinin X2 təqdim edilmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan səlahiyyətli orqan dedikdə işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası nəzərdə tutulur. Həmin halların araşdırıması ilə bağlı X7 Xidmətinin X3 tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC-də işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə attestasiya komissiyasıyaradılmamış və işçilər attestasiyadan keçirilməmişdir. Bu səbəbdən də onun əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinin tələbləri pozulmuş (əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir) mən iddiaçı son haqq-hesab az hesablanmış və qanunvericiliyə uyğun olaraq tam ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasə Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinin (orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir) tələbləri pozulmuş və ona əlilliyi nəzərə alınmayaraq əsas məzuniyyət günləri 21 təqvim günü ilə hesablanmışdır. İddiaçı məhkəmə iclasında tələbini müdafiə etdi, bildirdi ki, 2022-ci ilin artıq noyabr ayından onu qarşı tərəf işə buraxmamışdır. Sonradan artıq yanvar və fevral ayında maaşının hesabına oturmadığını görəndə işə zəng etmiş mühasib ona dekabr ayında əmrlə işdən çıxarılması barədə məlumat vermiş, bu təxminən fevralın son günləri olmuşdur. Martda isə artıq əmək müfəttişliyinə müraciət etmiş, həmin orqanla cavabdehin qanunsuz hərəkətləri barədə yazışmalar aparılmışdır. əmək müfəttişliyi qarşı tərəfi cərimələmiş, onun qanunsuz işdən çıxarılmasını öz araşdırmasında təsdiq etmişdir. yazışmalar davam etmiş və o, artıq may ayında məhkəməyə müraciət etmiş, mediasiya prosesinə riayət etmədiyinə görə ərizəsi geri qaytarılmışdır. Qarşı tərəf ona bilərəkdən əmri gecikdirməklə vermiş, müddətini bu səbəbdən buraxmışdır. Hesab etmişdir ki, işdən çıxarılmasına dair əmək müfəttişliyi də mübahisəyə baxan orqan kimi hansısa addımlar atıb onu bərpa edə bilər, məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh “X12 İdman Kompleksi” MMC-nin direktoru X5 məhkəmə iclasında iştirak edərək iddianı etiraf etmədi, izahatında bildirmişdir ki, İddiaçı “X12 İdman Kompleksi” MMC-də çalışan zaman vətəndaşlardan qeydiyyat adı altında pul alırdı. Digər işçiləri təhqir edirdi. Pulları mənimsəmişdir. Kompleksin bütün işçiləri onun bərpasına etiraz edirlər və onunla birgə işləməkdən imtina edirlər. Dəfələrlə işçilər Elvinin qanunsuz hərəkətləri və pis davranışı barədə ona şikayət etmişlər. Lakin Elvinin əlil olmasına görə ona yazığı gəlmiş və onu işdən çıxarmamışdır. X11 Nazirliyinin işçiləri kompleksdə yoxlama apararkən iddiaçının heç bir sertifikatı olmadan işləməsini müəyyən etmiş, bu səbəbdən də o attestasiya komissiyasının qərarı ilə vəzifəsinə uyğun hesab edilməmiş, müvagiq əmrlə işdən azad olunmuşdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh “X12 İdman Kompleksi” MMC-nin direktoru X5 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh MMC-nin qazanxan maşinisti 08 sentyabr 2022-ci il tarixlərində işə davamiyyəti pozduğuna görə ona 09 sentyabr 2022-ci il tarixli, 20 nömrəli əmrlə töhmət elan olunmuş, 21 noyabr 2022-ci il tarixdə FHN DYNX Muğan Regional DYNİ-nin yoxlama aktı əsasında İddiaçı qazanxana maşinisti işləməsinə dair sertifkatının olmadığı müəyyən olunmuşdur, xx.xx.2022ci il tarixli attestasiya komissiyasının 02 saylı protokolu əsasında İddiaçı 01 dekabr 2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edilərək onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 01 dekabr 2022-ci il tarixli işdən azad olunma əmri barəsində məlumatlı olduğu halda həmin əmri məhkəmədə mübahisələndirməmiş və bununla da əmrdən məhkəməyə şikayət müddətini ötürmüşdür. Odur ki, iddia tələbinin iddia müddətinin keçməsi əsası ilə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X7 Xidmətinin Şirvan X6 nümayəndəsi Nümayəndə məhkəməyə mülahizə təqdim etdi və məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onların qurumuna işçi kimi hüquqlarının pozulması ilə əlaqədar müraciət etmiş, məsələ araşdırılmış və müəyyən edilmişdir ki, cavabdeh qurum tərəfindən hər hansı attestasiya komissiyası yaradılmadan şəxsin öz vəzifəsinə uyğunsuzluğu müəyyən edilmiş, əmrdə isə işdən çıxarılmanın əsası kimi fövqəladə hallar nazirliyinin qurumu tərəfindən tərtib edilmiş akt olmuşdur. Bundan əlavə iddiaçının işdən çıxarılması zamanı onun əlilliyi nəzərə alınmamış, ona ödəniləcək son haqq-hesab məbləği düzgün hesablanmamışdır, bununla əlaqədar barəsində xx.xx.2023-cü il tarixli inzibati protokol tərtib edilmiş, qurum cərimələnmişdir. Həmçinin izahatında təmsil etdiyi orqanın fərdi əmək mübahisəsinə baxan orqan olmadığını və iddiaçı tərəfindən ötürülmüş müddətə hüquqi qiymət verilməsi məsələsini və iddianın təminini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli 28 nömrəli əmrin surətində göstərilmişdir ki, Cavabdeh MMC-nin qazanxanamaşinisti İddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilsin və əmək müqaviləsinə xitam verilsin. Dekabr 2020-2021,2021-2022-ci ilin dekabr ayı üzrə olan dövrlər üçün ona ümumilikdə kalendar günü olmaqla (40 gün konpensasiya hesablanıb ödənilsin). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin elektron arayışında göstərilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müayinə edilərək “Odlu silah yaralanması. Sağ budun yuxarı 1/3 mm-in dəlib keçən güllə yaralanması. Postravmatik kobud çapıqlar. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, ətrafın kəskin əzələ atrofiyası nəticəsində pəncə və baldırda hərəkət və hissiyatın pozulması. Hərəkətin və yerişin pozulmaları, oynaqların kontrakturası” diaqnozu ilə ona müddətsiz 2ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X1 xx.xx.2023-cü il tarixli, 3-17-5/2-3-7215/2023 nömrəli İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, “xx.xx.2017-ci il tarixdən Cavabdeh MMC-də qazanxana-maşinisti vəzifəsində işləmişdir. Sizinlə yazılı əmək müqaviləsi bağlanılmış və “Əmək və Məşğulluq” altsisteminə 53NVSOF00100 nömrəli əmək müqaviləsi bildirişi daxil edilmişdir. Müraciətə baxılan zaman müəyyən olundu ki, 01 dekabr 2022-ci tarixdə Sizin əmək müqavilənizə Azərbaycan Respublikası Əmək Məcəlləsinın 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə,) xitam verilmişdir. Əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasi FHN DYNİ-nin Muğan Regional DYNX-nin 21 noyabr 2022-ci il tarixli aktı əsas gətirmişdir. Sizin əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan səlahiyyətli orqan dedikdə işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası nəzərdə tutulur. “X14 Kompleksi” MMC-də İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə attestasiya komisyasi yaradılmamış və işçilər attestasiyadan keçirilməmişlər. Sizin əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2 maddəsinin tələbləri pozulmuş (əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir) Sizə son haqq-hesab az hesablanmış və qanunvericiliyə uyğun olaraq tam ödənilməmişdir. Belə ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinin (Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir) tələbləri pozularaq Sizin əlilliyiniz nəzərə alınmayaraq əsas məzuniyyət günləri 21 təqvim günü ilə hesablanmışdır. Ona görə də işəgötürən Cavabdeh MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq 21 fevral 2023-cü il tarixli inzibati xəta haqqınd protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X1 xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, “Sizin əmək müqavilənizə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuş və işdən çıxdığınız zaman son haqq-hesab hesablanıb ödənilməmişdir. Göstərilən qanun pozuntularına görə işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq 21 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə 02 mart 2023-cü il tarixdə baxılmış və Azərbaycan Respublikası İXM-nin 34, 116 və 192.6-cı maddələrinə uyğun olaraq Cavabdeh MMC-nin direktoru Səfərov lham Əliyağa oğlu barəsində 02 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Göstərilən qanun pozuntusunun aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xəta aradan qaldırıldıqda inzibati cərimənin ödənilməsindən azad olunacağı ona izah olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X1 xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, “Sizin əmək müqavilənizə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuş və işdən çıxdığınız zaman son haqq-hesab hesablanıb ödənilməmişdir. Göstərilən qanun pozuntularına görə işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq 21 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə 02 mart 2023-cü il tarixdə baxılmış və Azərbaycan Respublikası İXM-nin 34, 116 və 192.6-cı maddələrinə uyğun olaraq Cavabdeh MMCnin direktoru Səfərov lham Əliyağa oğlu barəsində 02 mart 2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Göstərilən qanun pozuntusunun aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xəta aradan qaldırıldıqda inzibati cərimənin ödənilməsindən azad olunacağı ona izah olunmuşdur. xx.xx.2022-ci il tarixli 28 nömrəli əmrin surətində göstərilmişdir ki, Cavabdeh MMC-nin qazanxanamaşinisti İddiaçı 08-09 sentyabr 2022-ci il tarixlərdə işə davamiyyətini pozduğuna görə ona 09 sentyabr 2022-ci il 20 nömrəli əmrlə töhmət elan olunmuş, xx.xx.2022-ci il tarixdə FHN DYNX Muğan Regional DYNİ-nin yoxlama aktı əsasında İddiaçı qazanxana-maşinisti işləməsinə dair sertifkatın olmadığı müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli attestasiya komissiyasının 02 saylı protokolu əsasında İddiaçı iş prosesinə dair verilən suallara müsbət cavab verə bilmədi. Yuxarıda göstərilənləri əsas tutaraq 01 dekabr 2022-ci il tarixindən ARƏMM-nin 70/c maddəsi ilə İddiaçı işdən azad edilsin və əmək müqaviləsinə xitam verilsin. Dekabr 2019-2020, 2020-2021, 2021-2022-ci ilin 01 dekabr ayına kimi olan dövrlər üçün ona kalendar günü olmaqla əlilliyini nəzərə alıb hər dövr üçün 42 gün olmaqla ümumilikdə (122 gün konpesasiya hesablanıb ödənilsin). “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Şirvan X9” MMC-nin İddiaçı töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 20 nömrəli əmrində göstərilmişdir ki, Cavabdeh MMC-nin qazanxana-maşinisti İddiaçı xx.xx.2022-ci il tarixdə günün ikinci yarısı 15:00 saatdan, xx.xx.2022-ci il tarixində isə saat 09:00-dan işdə olmayıb. Bu səbəbdən Qazanxanada problem olub və kompleksin işində nöqsanlar yaranıb. Bütün nöqsanlara görə kompleksin rəhbərliyinin xx.xx.2022-ci il tarixli, 20 nömrəli əmri əsasında İddiaçı töhmət elan olunmuşdur. Cavabdeh MMC-nin direktoru X5, T/müdiri Şahid3 Qani oğlu və baş mühasib Şahid4 tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, kompleksin qazanxana-maşinisti İddiaçı xx.xx.2022-ci il tarixdə saat 09:00-da davamiyyət kitabına imza etmişdir. Lakin günün 2-ci yarısından sonra iş çıxımının sonuna kimi işdə olmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə isə nazirlik işçilərinin yoxlaması zamanı isə davamiyyət kitabı İddiaçı tərəfindən 09:50 dəqiqədə imzalanmamışdır. İşdə olmaması təsdiqlənmişdir. Cavabdeh MMC-nin direktoru X5, T/müdiri Şahid3 Qani oğlu və baş mühasib Şahid4 tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, kompleksin qazanxana-maşinisti İddiaçı xx.xx.2022-ci il tarixindən saat 10:00-dan, xx.xx.2022-ci il tarixdən işdə olmayıb. Cavabdeh MMC-nin direktoru X5 və təsərrüfat müdiri Şahid3 tərəfindən tərtib edilmiş təqdimatda göstərilmişdir ki, kompleksin qazanxana-maşinisti İddiaçı xx.xx.2022-ci ildə işdə olmadığı üçün qazanxanada bəzi qüsurlar baş verib. Bu günki günə kimi işdən yayındığı üçün haqqında tədbir görülməsini xahiş etmişlər. Cavabdeh MMC-nin direktoru X5 və təsərrüfat müdiri Şahid3 tərəfindən tərtib edilmiş məlumatda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı rəhbərlik tərəfindən işə gəlməməsi barədə izahat tələb olunub, lakin İddiaçı izahat verməkdən yayınaraq çıxıb getmişdir. xx.xx.2022-ci il tarixli Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən “Şirvan X9ndə” nəzəri yanğın texniki müayinə zamanı tərtib edilmiş aktda göstərilmişdir: - Kompleksdə mövcud od söndürən balonların tərkibi təzələnib işlək vəziyyətə gətirilməyib. - Kompleksdə mövcud yanğın xəbərverici səs siqnalizasiya qurğusuna vaxtlı-vaxtında texniki qulluq göstərilməyib. Qazanxananın işlədilməsi üçün müvafiq sertifkatı olmadan işçilərin işləməsi düzgün hesab olunmur, müvafiq dövlət orqanlarından sertifkat alınması məcburidir. xx.xx.2022-ci il tarixli, 21 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən, işçinin işə qəbul edildiyi zamanı onun peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə - komissiya sədri təsərrüfat müdiri Şahid3, baş mühasib Şahid4, məşqçi müəllim Şahid2, qeydiyyatçı C.Nurullayev, məşqçi müəllim Şahid1 ibarət tərkibdə attestasiya komissiyası yaradılmışdır. İddiaçı məxsus AZ65AİİB******************** hesabına Şirvan X9 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 281.93 AZN pul köçürülmüşdür, ödənişin təyinatı son haqq hesab kimi göstərilmişdir. İddiaçı məxsus AZ65AİİB******************** hesabına Şirvan X9 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 726.61 AZN pul köçürülmüşdür, ödənişin təyinatı son haqq hesab kimi göstərilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş Şahid2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, hazırda Cavabdeh MMC-də məşqçi müəllim vəzifəsində işləyir. İddiaçı isə Cavabdeh MMC-də xx.xx.2017-ci il tarixdən “qazanxana maşinisti” vəzifəsində işləmişdir. Kompleksdə keçirilmiş yoxlama zamanı İddiaçı qazanxana maşinisti işləməsinə dair sertifkatı olmadığı müəyyən olunmuşdur. Sonuncu işlədiyi müddətdə iş yoldaşları ilə kobud davranmış, hörmətsizlik etmiş, heç kimlə yola getməmişdir. Sonradan kompleksdə yaradılan attestasiya komissiyası tərəfindən sorğu sual edilərək tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş, İddiaçı 01 dekabr 2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edilərək onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin şahid yaradılmış attestasiya komissiyası barədə və komissiyanın İddiaçıla bağlı aparmış olduğu sorğu-sualla əlaqədar məhkəmənin suallarını konkret cavablandıra bilməmişdir. Məhkəmə iclasında ifadə verən Şahid3 və Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun bildirdikləri xüsusatlar ətrafında ifadələr vermişlər. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş Şahid4 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, kompleksdə baş mühasib işləyir. İddiaçı xx.xx.2022-ci il tarxili əmrlə işdən azad edilmişdir. Bir işçi kimi digər əməkdaşlarla münasibətləri həmişə pis olmuşdur. İşdən azad olunması barədə telefonla İddiaçı məlumat vermiş, əmri gəlib götürməsini bildirmişdir. Bir neçə gün sonra onu şəhərdə maşınla hərəkətdə olarkən görmüş və idarəyə gələrək əmrini götürməsini bildirmişdir. Sonradan isə son haqq hesabı İddiaçı hesabına köçürülmüşdür. Məhkəmənin tətbiq etdiyi hüquq «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Göstərilən norma Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 3-16-ci maddəsinə əsasən fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. 64.2-ci maddəsinə əsasən işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. 64.3-cü maddəsinə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.6-ci maddəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 70-ci maddənin c- bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 292.1-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 294.2-ci maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 6-ci hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Hazırki baxılan işlə bağlı həmçinin məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 03 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair qərarına əsasən "qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə tutmuşdur. Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: ·yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; ·müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması; Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər. Həmçinin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X7 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz". Mülki işlə bağlı məhkəmənin mövqeyi və əsaslandığı hallar Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə əvvəllər işçisi olduğu cavabdeh qurum arasında əmək münasibətləri mövcud olmuş, sonradan bu tərəflər arasında münasibətlər pisləşmiş, işəgötürən üzrsüz iş buraxma hallarına görə iddiaçını intizam qaydasında tənbehləmiş, sonradan isə müvafiq yoxlama aparılan zamanı qazanxana maşinisti kimi müvafiq sertifikata malik olmaması səbəbindən onu işdən əmrləşdirərək çıxarmışdır. Həmçinin iddiaçının İİ qrup əlil olması nəzərə alınmamış, son haqq-hesabı düzgün hesablanmamış, lakin sonradan əmək müfəttişliyi tərəfindən tətbiq edilən inzibati sanksiya nəticəsində cavabdeh qurum səhvini düzəldərək çatışmayan məbləği iddiaçının hesabına (xx.xx.2023-cü il, xx.xx.2023-cü il) ödəmişdir. Mülki işin baxılması zamanı hər iki tərəfin mülahizələri ətraflı araşdırılmış, onlar dinlənilmiş irəli sürdükləri tələb və etirazları tədqiq edilmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən İİ şəxsin izahatını, iddiaçının izahatını, cavabdeh tərəfin kompleksdə yaradılmış attestasiya komissiyası ilə əlaqədar bildirdiklərini, həmçinin də şahidlərin bu komissiyanın fəaliyyəti ilə əlaqədar verdikləri ziddiyyətli ifadələri diqqətdən qaçırmır və hesab edir ki, adı çəkilən komissiyanın kompleksdə fəaliyyət göstərib-göstərməməsi şübhəli məqamlara söykəndiyindən böyük sual doğurur və bu hal ilə əlaqədar məhkəmə cavabdeh tərəfin, həmçinin hazırda onun tabeçiliyində işləyən şahidlərin bildirdiklərini həqiqətəuyğun hesab etmir. Lakin məhkəmə iddiaçının işəgötürənlə münasibətlərinin pisləşdiyi, artıq noyabr ayında işə gedən zaman qarşı tərəfin onu işə buraxmaması, onlar arasında sözlü qarşıdurmanın yaranması, dekabr ayında işdən çıxarılması barədə fevral ayının sonunda xəbər tutması, bununla əlaqədar əmək müfəttişliyinin müvafiq qurumuna müraciət etməsi barədə izahatlarında bildirdiklərini diqqətdən qaçırmır və belə qənaətə gəlir ki, hazırki iş üzrə əmək qanunvericiliyinin əmək mübahisəsi ilə əlaqədar müəyyən etmiş olduğu “iddia müddəti”nin başlanğıcı məhz qanunun normasında göstərilən kimi – işçinin öz hüquqlarının pozulmasını aşkar etdiyi gündən hesablanmalıdır. Yəni hazırki vəziyyətdə İddiaçı özü də bildirir ki, 2022-ci ilin noyabr ayından onu qarşı tərəf iş yerinə buraxmır (bununla əlaqədar özü tərəfindən video görüntüləmə də mövcuddur), bu səbəbdən dekabr, yanvar, fevral aylarında işə getmir, maaşını almır və artıq fevralın sonu mühasiblə telefon vasitəsilə əlaqə yaradaraq ondan işdən çıxarılması və əmri barədə məlumat alaraq əmək müfəttişliyinin müvafiq qurumuna müraciət edir. Əmək Müfəttişliyi ilə mübahisəyə dair yazışmalar mart-aprel aylarını əhatələyir və iddiaçı artıq 04 may 2023-cü il tarixində ilk dəfə məhkəməyə müraciət edir. Cavabdeh tərəf iddiaçını dekabr ayında işdən çıxarılması barədə məlumatlandırdığını bildirir, telefonla ona zəng edildiyini, əmri gəlib götürməsini dediyini bildirir. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixdə son haqq hesab məbləği hesabına köçürülmə yolu ilə almış, yəni işdən çıxarılmasından məlumatlı olmuşdur. Buna baxmayaraq iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı artıq yuxarıda göstərildiyi kimi hüququnun pozulduğunu onu artıq qarşı tərəfin işə buraxmadığı – 2022-ci ilin noyabr ayında bilmişdir, həmçinin onun işəgötürən tərəfindən özünün bildirdiyi kimi ona əmrinin verilməsini gözləməli deyildi və ən pis halda belə işdən çıxarıldığını bilməsini özünün etiraf etdiyi 2023-cü ilin fevral ayından məhkəməyə müraciət etməli olduğu halda, məhkəməyə deyil, fərdi əmək mübahisəsinə baxan orqan olmayan əmək müfəttişliyinin müvafiq qurumuna müraciət etmişdir. bununla da hazırki vəziyyətdə məhkəməyə müraciət üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X12 İdman Kompleksi” MMC-nə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün cavabdeh tərəfindən əmək haqqının ödənilməsi barədə iddiası məhkəməyə müraciət etmək üçün müəyyənləşdirilmiş iddia müddəti ötdüyündən təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki halda tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, iddia tələbi isə təmin edilmədiyindən və bu hal cavabdeh tərəfi də rüsum ödəməkdən azad etdiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X12 İdman Kompleksi” MMC-nə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün cavabdeh tərəfindən əmək haqqının ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar