Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-114/2024 11.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yoldan istifadəyə olan maneənin aradan qaldırılması və özbaşına tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək yoldan istifadəyə olan maneənin aradan qaldırılması və özbaşına tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə 13 sentyabr 2012-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Hazırda uşaqlar ananın himayəsində yaşayırlar. Həyat yoldaşı X3 29 oktyabr 2016-cı il tarixdə ağciyər vərəmindən vəfat etmişdir. X2 isə bostançılıq üçün 6 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 3 sotunu həyat yoldaşı olan oğlu İlqara və 3 sotunu isə Cavabdeh ev tikmək üçün vermişdir. Fərdi yaşayış evini qaynatası oğlu İlqar üçün tikdirmişdir. Qaynı Cavabdeh da 3 sot torpaq sahəsində özünə məxsus ev tikdirib. Əvvəllər evlərə yolları bir olub, girişçıxış üçün yekə darvaza olub. Həmin darvazadan evi tikdirən vaxt daş maşını, qum maşını girib çıxıb. Heç bir çətinlik olmayıb. Həyat yoldaşı 2016-cı ildə vəfat edəndən sonra onun vəziyyəti çox çətinləşdi. Məktəblə onların evin arası çox uzaq idi. Uşaqları məktəbə aparıb gətirmək onun üçün çox çətin idi. Ona görə də qərara gəlmişdir ki, evi satıb məktəbin yaxınlığında bir ev alsın. Evini satmaq istədiyini qaynı Cavabdeh eşitdikdən sonra onunla yola getmədi, hər gün savaşırdı, onu təhqir edirdi. Sonradan qaynı Cavabdeh onun evinin enli yolunda əl damı və tualet tikdirdi, həyətinə təcili yardım maşını və yanğın söndürmə maşını, digər maşınlar girə bilmir. Həyətində tikilən ev onun adınadır. Fərdi yaşayış evinin torpaq sahəsində yerləşən və eni 10 metr olan küçəyə birbaşa çıxış yolu faktiki olaraq qaynı Cavabdeh tərəfindən tutulmuşdur. Hazırda qaynı onunla danışmır. Faiqin yoldaşı ilə maşın yolunun açılması barədə söhbət etmişdir. Ona demişdir ki, səhər evində bir hadisə olarsa ora maşın girib çıxa bilməyəcəkdir. Bu söhbətdən sonra onlar maşın yolu verməyəcəklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, 20 ildir ki, o həmin evdə yaşayır. Həmçinin heyvan saxlanılması üçün uzun müddətdir ki, o dam mövcuddur. Evə dair bütün sənədlər iddiaçıdadır, ona heç bir sənəd verilməyib. Onun onun maddi imkanı yoxdur ki, həmin tikililəri öz hesabına söksün. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki , mübahisə ilə bağlı İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixində ünvan 1 ünvana dair seriya RX № ******* nömrəli reyestrdən çıxarış vardır, eyni zamanda reyestr nömrəsi **********85 -11301 saylı texniki pasport qeydə alınmışdır. Bundan əlavə sözügedən ünvanda həyətyanı sahənin içərisində ağ dəmir şiferlə bölünmüş A1 - icazəsiz inşa olunmuş fərdi yaşayış evi mövcuddur. İddiaçı ilə cavabdeh qaynı Cavabdeh arasında mübahisə cavabdehdən yol tələbi ilə bağlıdır. İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında çıxarış vardır. Yerində baxış zamanı aydın olmuşdur ki, İddiaçı həyətyanı sahəsinin qabaq tərəfi ağ dəmir şifer çəpərlə hasarlanmış, ona yalnız gediş gəlişi təmin etmək üçün balaca qapı qoyulmuşdur, halbuki həmin həyatyanı sahə 600 kv.m həcmində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Bundan əlavə texniki pasportda göstərilən icazəsiz inşa olunmuş əlavə fərdi yaşayış evi vardır. İddiaçı maşın yolu olmadığından, xüsusi mülkiyyət hüququ əsasında reyestrdən çıxarışı olduğundan, iddiaçıya mülahizəyə əlavə olunmuş fotoşəkillərdə xüsusi ştrixlənmiş, işarələnmiş hissədən maşın yolu açıla bilər. İş üzrə ekspert rəyi ilə razıdırlar,odur ki, rəyə uyğun qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən bağ evi xüsusi mülkiyyət hüquqi üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsinin texniki pasportun surətindən görünür ki, Şirvan şəhəri M.V.Aydınov küçəsi 54 saylı bağ evinin hüquq subyekti İddiaçıdır. Yaşayış evlərinin texniki göstəricilərinə əsasən 1 mərtəbəli, yaşayış otaqlarının sayı 2, ümumi sahəsi 77.5 m2 , yaşayış sahəsi 32.5 m2 , köməkçi sahəsi 45 m2, tikintialtı sahə 104.9 m2 , həcmi 420.0 m2 olan yaşayış evi 2010-cu ildə tikilmişdir. Texniki pasport xx.xx.2022-ci ildə tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-38/2-1724/2024 saylı məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən faktiki torpaq sahəsinin ölçüləri ilə texniki pasportda göstərilmiş məlumatlarla uyğunluq təşkil etmir. Torpaq sahəsi İddiaçı Cəli qızı və Cavabdeh tərəfindən naturada iki hissəyə bölünmüşdür. Torpaq sahəsinin faktiki istifadə vəziyyətinə görə cizgiləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin həyətyanı torpaq sahəsinin ümumi istifadədə olan yola birbaşa olaraq piyada çıxışı mövcuddur. Lakin iddiaçının iddia etdiyi ümumi istifadə də olan yola avtomobil çıxışını qeyri-mümkün edən qeyri-yaşayış tikilisi (təsərrüfat tikilisi) mövcuddur. Sözügedən həyətyanı sahədən ümumi istifadəyə yəni ki, avtomobil yolunun açılması qeyri-yaşayış tikilisi (təsərrüfat tikilisi) yerləşən hissədən açılması məqsədə müvafiqdir. Dördüncü sualın cavablandırılması mümkün olmamışdır. İş üzrə iddiaçının təşəbbüsü əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6174 saylı rəyindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin həyətyanı torpaq sahəsinin ümumi istifadədə olan yola birbaşa olaraq piyada çıxışı mövcuddur. Lakin iddiaçının iddia etdiyi ümumi istifadə də olan yola avtomobil çıxışını qeyri-mümkün edən qeyri-yaşayış tikilisi (təsərrüfat tikilisi) mövcuddur. Sözügedən həyətyanı sahədən ümumi istifadəyə yəni ki, avtomobil yolunun açılması qeyri-yaşayış tikilisi (təsərrüfat tikilisi) yerləşən hissədən açılması məqsədə müvafiqdir. Mütəxəssislər tərəfindən qərardadın dördüncü sualı cavablandırılmadığından, qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şirvan şəhəri, M.V.Aydınov küçəsi 54 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən bağ evi xüsusi mülkiyyət hüquqi üzrə İddiaçı məxsusdur və Cavabdeh adıına həmin ünvana dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Cavabdeh iddiaçıya məxsus bağ evində nəqliyyatın gediş-gəlişi üçün nəzərdə tutulan yolun üzərində - yəni tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində qeyri-yaşayış tikilisi (təsərrüfat tikilisi) inşa etmiş, nəticədə iddiaçının təyinatı üzrə istismarı üçün zəruri nəqliyyat vasitəsinin gediş-gəlişi mümkünsüz olmuş, eləcə də iddiaçı mülkiyyətində olan torpaq sahəsinin tikintinin aparıldığı hissəsinə ən azından öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Beləliklə məhkəmə hesab edir ki, Şirvan şəhəri, M.V.Aydınov küçəsi 54 ünvanında yerləşən bağ evi iddiaçının mülkiyyətində olduğundan, iddiaçı mülkiyyətində olan torpaq sahəsində tikinti aparması üçün cavabdehə icazə vermədiyindən, eləcə də qeyri-yaşayış tikilisi iddiaçıya məxsus yaşayış evinə gediş-gəlişi üçün nəzərdə tutulan və küçəyə çıxan yolun üzərində nəqliyyat vasitəsinin gediş-gəlişi mümkünsüz etməklə, eləcə də iddiaçının mülkiyyətində olan bağ evində tikintinin aparıldığı hissəsinə ən azından öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqlarından məhrum etməklə onun maraqlarına toxunduğundan, Şirvan şəhəri, M.V.Aydınov küçəsi 54 ünvanında yerləşən bağ evində Cavabdeh tərəfindən tikilmiş qeyri-yaşayış tikilisi (təsərrüfat tikilisi) cavabdehin hesabına sökülməli, əvvəlki ümumi istifadədə olan avtomobil və piyada yolunun bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, bununla da iddia təmin edilməlidir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 100 (bir yüz) manat məbləğində pul ödəmişdir. İşə əlavə edilmiş ekspertizanın aparılmasına dair ekspetiza xərcləri barədə bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İşə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı iş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı 95 (doxsan beş) manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı istifadəsində olan Şirvan şəhəri, M.V.Aydınov küçəsi 54 ünvanında yerləşən bağ evində Cavabdeh tərəfindən tikilmiş qeyri-yaşayış tikilisi (təsərrüfat tikilisi) cavabdehin hesabına sökülsün və əvvəlki ümumi istifadədə olan avtomobil və piyada yolunun bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alnaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ **********0000003944, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı hesabına ödənilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-114/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-114/2024
11.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver