Məhkəmə qərarları › İş №2(032)-117/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-117/2025

04.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-117/2025 04.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər ona məxsus mənzildə pasport qeydiyyatında olsalar da, faktiki olaraq bir neçə ildir ki, ona məxsus mənzildə yaşamırlar. Onların ona məxsus mənzildə qeydiyyatda olması mülkiyyətçi kimi onun hüquqlarını pozurlar və hər ay əlavə olaraq kommunal xidmətlərə görə əlavə pul ödəməyə məcburdur. Bu səbəbdən də cavabdehlərin mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddiaçı onun dayısıdır. Digər Cavabdeh2 isə onun oğludur. Həyat yoldaşı vəfat etdikdən sonra oğlu işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Hal-hazırda onun evi olsa da sənədləri yoxdur. Övladları evinin sənədlərini düzəltmək məqsədilə pul qazanmağa ölkə xaricinə gediblər. 8 ildir ki, dayısına məxsus ünvan 3 ünvanında yaşamır. Həmin mənzildən qeydiyyatdan çıxarılmağına etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əli Bayramlı şəhər İcra Hakimiyyətinin 25 dekabr 1994-cü il tarixli, 14 nömrəli orderdən görünür ki, ünvan 3 ünvanına dair order İddiaçı verilmişdir. İş materiallarında olan Şirvan şəhər Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-111/2-S-248xx/xx/2024 nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cü maddəsinə əsasən) şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. İş materiallarına əlavə edilmiş Cavabdeh2 sərhədkeçmə məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, X1 Aeroportunda DSBM-dən xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil order əsasında yaşamaq üçün İddiaçı və onun ailə üzvlərinə verilmişdir. Cavabdehlər qeyd olunan mənzildə yaşamasalar da, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının qardaşı qızıdır, 8 ildir ki, həmin mənzildə yaşamır. O, özünə məxsus yeni yaşayış yeri seçərək ailəsi ilə birlikdə yaşayır, lakin cavabdehin iddiaçıya məxsus mənzildə oğlu ilə birlikdə formal qeydiyyatı qalmışdır, qeydiyyatdan çıxmamışdırlar. Cavabdeh1 iddia tələbini özünə münasibətdə etiraf edir, iddianın təmin olunmasına razıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onların həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehlərin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan şəhəri, Neftçilər küçəsi ev 1, mənzil 7 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar