Məhkəmə qərarları › İş №2(032)-12/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-12/2024

03.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-12/2024 03.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şirvan şəhər Bələdiyyəsinin Cavabdeh Cəmaləddin oğluna qarşı qanunsuz (özbaşına zəbt edilmiş) tutulmuş təxminən 300 kv.m torpaq sahəsinin boşaldılması, 5 mişar daşı nisbətdə inşa edilmiş hasarın sökülməsi, cavabdehin torpaq sahəsinin koordinatlarının dəqiq müəyyən edilməsi, artıq zəbt olunmuş torpaq sahələrinin Bələdiyyənin ehtiyat fonduna qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şirvan şəhər Bələdiyyəsi Cavabdeh Cəmaləddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şirvan şəhəri M.Mirzəyev küçəsində Şirvan-Salyan avtomobil yolunun sağ tərəfində yerləşən torpaq sahəsində qanunsuz (özbaşına zəbt edilmiş) tutulmuş təxminən 300 kv.m torpaq sahəsinin boşaldılması, 5 (beş) mişar daşı nisbətində inşa edilmiş hasarın sökülməsi, cavabdehin torpaq sahəsinin koordinatlarının dəqiq müəyyən edilməsi, artıq zəbt olunmuş torpaq sahələrinin Bələdiyyənin ehtiyat fonduna qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən şəhərin M.Mirzəyev küçəsində Şirvan-Salyan avtomobil yolunun sağ tərəfində, ilkin torpaqayırma sənədləri və mülkiyyət, icarə sənədləri olmadan təxminən 3 sot torpaq sahəsindən yuxarı torpaq sahəsi zəbt olunmuş, orada qanunsuz olaraq tikinti materiallarının (çınqıl, qum, mişar daşı və s.) satışını həyata keçirir. Zəbt edillmiş torpaq sahələrini boşaltmaq və torpağı əvvəlki vəziyyətinə qaytarmaq üçün Cavabdeh həm şifahi, həm də yazılı xəbərdarlıq məktubu göndərilmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən həmin ərazi boşaldılmamış, əksinə həmin ərazidə özbaşına qanunsuz olaraq tikinti materiallarının (çınqıl, qum, mişar daşı və s.) satışı həyata keçirilir. Artıq zəbt olunan təxminən 3 sotdan yuxarı olan torpaq sahəsinin boşaldılaraq Bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması, 5 (beş) mişar daşı nisbətində inşa edilmiş daş hasarın sökülməsi, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının dəqiq müəyyən edilməsi, torpaq sahəsinin əvvəlilki vəziyyətinə qaytarılması üçün məhkəməyə müraciət etmişlər. Eyni zamanda Cavabdeh qüvvədə olan qanunvericiliyin tələbləri ətraflı izah edilmiş, özbaşına inşa edilmiş 5 (beş) mişar daşı nisbətində hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tövsiyyə edilmişdir. Şirvan şəhər Bələdiyyəsinin 17 saylı xx.xx.2022-ci il tarixli “Şirvan Bələdiyyəsinin mülkiyyətində olan torpaq və yaşıllıqların mühafizəsi və uçotunun aparılması məqsədi ilə monitorinq qrupların yaradılması haqqında” müvafiq əmr də verilmişdir. Məhkəmə iclasında Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X3 izahatında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və məhkəmədən ekspertizanın keçirilməsini xahiş etdi. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh özbaşına zəbt etdiyi 959 (doqquz yüz əlli doqquz) kv.m torpaq sahəsi boşaldılmaqla həmin torpaq sahəsindən çıxarılması, sözügedən torpaq sahəsində qanunsuz (özbaşına) inşa edilmiş bütün tikililər, o cümlədən təxminən 5-8 mişar daşı hündürlüyündə inşa edilmiş hasarın Cavabdeh hesabına sökülməklə 959 (doqquz yüz əlli doqquz) kv.m torpaq sahəsi Şirvan şəhər Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması, Şirvan şəhər İcra və Probasiya şöbəsində icra zamanı zəbt etmə yerinin koordinatlarının dəqiq müəyyən edilməsi ilə bağlı bütün xərclər və digər məsrəflər, rüsumlar, xidmət haqları, habelə ekspertiza zamanı Şirvan Ərazi Reyestr Xidmətinə ödənilmiş 95 manat ekspertiza xərcinin Cavabdeh alınaraq icra işi təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında bildimişdir ki, həmin mübahisəli torpaq sahəsi onun mülkiyyətinə məxsusdur, həmin torpaq sahəsinə çıxarışı vardır və orada heç bir tikinti işi aparılmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X4 ilə Cavabdeh Cəmaləddin oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X4 mülkiyytində olan ünvan 2 ünvanda yerləşən 0,05 ha. torpaq sahəsini Cavabdeh Cəmaləddin oğluna satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Mahir Mirzəyev küçəsi 18 A ünvanında yerləşən 0,05 ha. torpaq sahəsinə Cavabdeh Cəmaləddin oğlunun mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, Cavabdeh Cəmaləddin oğlunun faktiki istifadəsində 0.1459 ha və **********94 reyestr nömrəli çıxarışla hüquqları dövlət qeydiyyatına alınmış 0,05 ha. torpaq sahəsinin cizgiləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qeyri-yaşayış sahəsi olan yanacaq doldurma məntəqəsinin inzibati binası sözügedən planı və ölçüsü sənədinin koordinatları daxilində yerləşir. Hasara alınmış tikilinin arxa tərəfində olan torpaq sahəsi Cavabdeh ayrılmış torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşmir. Hasara alınmış tikilinin arxa tərəfində yerləşən tikinti materialları (çınqıl, qum və s) tökülmüş ərazi bələdiyyə mülkiyyətinə aid olmaqla cavabdehin istifadəsində olan torpaq sahəsidir. Sözügedən torpaq sahəsinin koordinatları həm qabaq meydança hissə, həm də arxa hissə bələdiyyə mülkiyyətinə aiddir. Eyni zamanda, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/9690 saylı rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Müseyib Nağıyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə Cavabdeh Cəmaləddin oğlunun faktıki istifadəsində 0.1459 ha və **********94 reyestr nömrəli çıxarışla hüquqları dövlət qeydiyyatına alınmış 0.05 ha torpaq sahəsinin cizgiləri və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmişdir. Qərardadın ikinci sualı üzrə Qeyri-yaşayış sahəsi olan yanacaq doldurma məntəqəsinin inzibati binası sözügedən planı və ölçüsü sənədinin koordinatları daxilində yerləşir. Qərardadın üçüncü sualı üzrə Hasara alınmış tikilinin arxa tərəfində olan torpaq sahəsi Cavabdeh Cəmaləddin oğluna ayrılmış torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş korordinatlar daxilində yerləşmir. Qərardadın dördüncü sualı üzrə hasara alınmış tikilinin arxa tərəfdə yerləşən tikinti materialları (çınqıl, qum və s.) tökülmüş ərazi bələdiyyə mülkiyyətinə aid olmaqla cavabdehin istifadəsində olan torpaq sahəsidir. Qərardadın beşinci sualı üzrə sözügedən torpaq sahəsinin koordinatları həm qabaq meydança hissə, həm də arxa hissə bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 ilə Cavabdeh Cəmaləddin oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən 0,05 ha. torpaq sahəsini Cavabdeh Cəmaləddin oğluna satılmışdır. Həmin əmlaka sonuncunun mülkiyyət hüquqları qeydə alınmışdır. Həmçinin iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh Cəmaləddin oğlunun faktiki istifadəsində 0.1459 ha. torpaq sahəsi mövcuddur və həmin torpaq sahəsinin 0.05 ha. hissəsinə **********94 reyestr nömrəli çıxarışla hüquqları dövlət qeydiyyatına alınmışdır. Qeyri-yaşayış sahəsi olan yanacaq doldurma məntəqəsinin inzibati binası sözügedən planı və ölçüsü sənədinin koordinatları daxilində yerləşir. Hasara alınmış tikilinin arxa tərəfində olan torpaq sahəsi Cavabdeh Cəmaləddin oğluna ayrılmış torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşmir. Hasara alınmış tikilinin arxa tərəfdə yerləşən tikinti materialları (çınqıl, qum və s.) tökülmüş ərazi bələdiyyə mülkiyyətinə aid olmaqla cavabdehin istifadəsində olan torpaq sahəsidir. Sözügedən torpaq sahəsinin koordinatları həm qabaq meydança hissə, həm də arxa hissə bələdiyyə mülkiyyətinə aiddir. Həmçinin iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq cavabdehin qanunsuz istifadəsində (0,1459-0,05=959 m2) 959 m2 torpaq sahəsinin olduğu, həmin ərazinin hasara alındığı və bələdiyyənin mülkiyyətin olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Mübahisəli torpaq sahəsi isə Şirvan şəhər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bələdiyyə, mülkiyyətçi olaraq özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri qaytarılması tələbi irəli sürməkdə haqlı olmuşdur. İddiaçının iddia tələbinin zəbt edilmiş sözügedən torpaq sahəsində inşa edilmiş tikililərin, o cümlədən təxminən 5-8 mişar daşı hündürlüyündə inşa edilmiş hasarın sökülməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən mübahisəli ərazidə qanunsuz tikinti işləri aparılmışdır. Mübahisəli torpaq sahəsi isə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi olduğundan və mülkiyyət hüquq dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan cavabdeh tərəfində aparılmış olan tikinti işləri özbaşına tikinti kimi qiymətləndirilməli və cavabdeh öz hesabına sökülməlidir. İddia tələbinin ödənilmiş olan mütəxəssis rəyinin alınması ilə bağlı ödənilmiş 95 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 300 nömrəli ödəniş tapşırığından görünür ki, Şirvan şəhər bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinə mütəxəssis rəyinin və yerquruluşu planının verilməsi ilə bağlı tələb olunan 95 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin və yerquruluşu planının verilməsi ilə bağlı ödənilmiş olan 95 manat Cavabdeh Cəmaləddin oğlundan tutularaq iddiaçı Şirvan şəhər Bələdiyyəsinin hesabına ödənilməlidir. İddia tələbinin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində icra zamanı zəbt etmə yerinin koordinatlarının dəqiq müəyyən edilməsi ilə bağlı bütün xərclərin və digər məsrəflərin, rüsumların və xidmət haqlarının, ekspertiza xərclərinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.4-cü bəndinə qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 3.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun. Qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Hazırkı tələbə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, iddiaçı ehtimal edilən xərclərin tutulmasını iddia edir. Lakin məhkəmə qətnaməsi yalnız tərəflərin təqdim etmiş olduğu sübutlar əsasında baxılaraq qiymət verilməli olduğundan iddia qeyd edilən hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Həmin qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən və iddia təmin edildiyindən ödənilməli olan dövlət rüsumu cavabdehdən tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh özbaşına zəbt etdiyi 959 (doqquz yüz əlli doqquz) kv.m torpaq sahəsi boşaldılmaqla həmin torpaq sahəsindən çıxarılsın, sözügedən torpaq sahəsində qanunsuz (özbaşına) inşa edilmiş bütün tikililər, o cümlədən 5-8 mişar daşı hündürlüyündə inşa edilmiş hasar Cavabdeh hesabına sökülməklə 959 (doqquz yüz əlli doqquz) kv.m torpaq sahəsi Şirvan şəhər Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılsın. Cavabdeh 100 manat dövlət rüsumu alnaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mütəxəsis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 manat məbləğində pul Cavabdeh tutulub Şirvan şəhər bələdiyyəsinin hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçı Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar