Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1244/2024 16.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 , Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək övladları ilə birlikdə Şirvan şəhəri Xaqani küçəsi ev 17 mənzil 37 nömrəli mənzilə köçürülməsi və həmin evdə yaşamaqlarına maneçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişlər. Tələbi onunla əsaslandırmışlar ki, 11 mart 2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 30 aprel 2009-cu il tarixdə X13, 11 may 2010-cu il tarixdə X29 adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir neçə il ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar. Qeyd edilən mənzil Əli-Bayramlı şəhər X23 İcraiyyə Komitəsinin qərarı ilə İddiaçı1 mərhum atası X6 verilmişdir. Qeyd edilən orderdə İddiaçı1 adı vardır. Onlar ailə qurduqdan bir neçə il qeyd edilən mənzildə yaşadıqdan sonra kirayə mənzildə yaşamışlar. Hal-hazırda ünvan 1 ünvanında yerləşən mənzilə köçmək istəsələr də, cavabdeh onların həmin mənzilə köçməklərinə mane olur. Cavabdehin adı orderdə yoxdur və yalnız qeyd edilən mənzilə pasport qeydiyyatı vardır. X14 vəfat etmişdir. İddiaçı1 qeyd edilən mənzilə vərəsə kimi pay hüququ da vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, qardaşı İddiaçı1 və onun arvadı İddiaçı2 ona qarşı irəli sürmüş olduğu bu mülki tələbi qanunsuz və əsassız hesab edir. Belə ki, anası X21 xx.xx.1979-cu ildə atası X15 ilə nikahlarını rəsmi surətdə qeyd etdirməklə evlənmiş və birgə nikahlarından 6 övladları olmuşdur. X40 xx.xx.2011-ci ildə vəfat etmiş və anası onun qanun üzrə birinci dərəcə vərəsəsi olmuşdur. Şirvan şəhəri Xəqani küçəsi,ev 17,mənzil 37 ünvanda yerləşən mənzilə anasının qanun üzrə vərəsəliyi təsdiq olunmuş və ona çıxarış verilmişdir. Bu mənzil 4 otağı olmaqla 50,15 kv.m sahayə malikdir. Mənzildə anası Şamama Şəkərova, qardaşı Şəkərov Səlimnur, İddiaçı1, oğlu X24 və oğlu X30 və o qeydiyyatdadır. Bunlardan savayı mənzildə həyat yoldaşı X16, qardaşı Səlimnur Şəkərovun həyat yoldaşı X17 da faktiki surətdə yaşayırlar. Qardaşı İddiaçı1 xx.xx.2009-cu ildə İddiaçı2 ilə nikahlarını rəsmi surətdə qeyd etdirməklə evlənmiş və 2010-cu ilin əvvəllərində qaynanası Nailə Əliyevanın evinə köçüb orada yaşamağa başlamışdır. O, ailəsi ilə 2011-2012-ci ildən etibarən bu günə kimi Şirvan şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır, hazırda da yaşamaqdadırlar. Mənzilə dair çıxarış mövcuddur həmin çıxarışı məhkəməyə təqdim etmişlər. Çıxarış anası X11 məxsusdur. Anası da iddiaçıların həmin mənzilə köçürülmələrinə razı deyil, onların birgə yaşamaları mümkün deyil. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 izahat verərək bildirdi ki, İddiaçı1 onun qardaşıdır, digər iddiaçı isə onların gəlinidir. İddiaçının həmin mənzilə köçürülmələrinə etirazı yoxdur. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 izahat verərək bildirdi ki, iddiaçının həmin mənzilə köçürülmələrinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X7 məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir . Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əli-Bayramlı şəhər X23 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli orderin surətindən görünür ki, Şirvan şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli mənzili X8 verilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X26 ilə xx.xx.1979-cu ildə nikaha daxil olmuşlar, nikah bağlanandan sonra ərə Şəkərov, arvada Şəkərova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2011-ci ildə Şirvan şəhərində qan dövranı çatışmazlığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 iyun 2011-ci ildə 234 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X21, X14, X19, İddiaçı1 , X25, X1 şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli (Yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278 , M4, m 1) mənzili xüsusi mülkiyyət hüququ üzrə X9 adına ümumi pay əsasında 63 №-li reyestr kitabında 25 nömrəli vərəqində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış mənzilin hüquq sahibləridirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Şirvan şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli mənzilinin hüququ subyekti X12r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X27 ilə xx.xx.2009-cü ildə nikaha daxil olmuşlar, nikah bağlanandan sonra ərə Şəkərov, arvada Şəkərova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu ildə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş X3 atası İddiaçı1, anası İddiaçı2dır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu ildə Şirvan şəhərində anadan olmuş X22 atası İddiaçı1, anası İddiaçı2dır. Cavabdeh etiraz ərizəsindən görünür ki, qardaşı İddiaçı1 və onun həyat yoldaşı İddiaçı2 ünvan 4 ünvanındakı mənzilə övladları ilə birlikdə köçürülmələrini və həmin evdə yaşamalarına maneçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbini irəli sürmüşdür. Qardaşı İddiaçı1 və onun arvadı İddiaçı2 ona qarşı irəli sürmüş olduğu bu mülki tələbi qanunsuz və əsassız hesab edir . Belə ki, anası X21 xx.xx.1979-cu ildə atam X15 ilə nikahlarını rəsmi surətdə qeyd etdirməklə evlənmiş və birgə nikahlarından 6 övladları olmuşdur. X40 xx.xx.2011-ci ildə vəfat etmiş və anası onun qanun üzrə birinci dərəcə vərəsəsidir. Şirvan şəhəri Xəqani küçəsi,ev 17,mənzil 37 ünvanda yerləşən mənzilə anasının qanun üzrə vərəsəliyi təsdiq olunmuş və ona çıxarış verilmişdir. Bu mənzil 4 otağı olmaqla 50,15 kv.m sahayə malikdir. Mənzildə anası Şamama Şəkərova, qardaşı Şəkərov Səlimnur, İddiaçı1, oğlu X24 və oğlu X30 və o qeydiyyatdadır. Bunlardan savayı mənzildə arvadı X16, qardaşı Səlimnur Şəkərovun arvadı X17 da faktiki surətdə yaşayırlar. Qardaşı İddiaçı1 xx.xx.2009-cu ildə İddiaçı2 ilə nikahlarını rəsmi surətdə qeyd etdirməklə evlənmiş və 2010-cu ilin əvvəllərində qaynanası Nailə Əliyevanın evinə köçüb orada yaşamağa başlamışdır. O,ailəsi ilə 2011- 2012-ci ildən etibarən bu günə kimi Şirvan şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Hazırda da yaşamaqdadırlar. Onların Şirvan şəhər Məhkəməsində anasına məxsus olan mənzillə bağlı ona qarşı “evə köçürmə tələbinə dair” iddia qaldırması absurddur. Ev anasına məxsusdur və mülkiyyət hüququ ilə onun mülkiyyətindədir. Mənzildə sıxlıqdır və özləri güclə yerləşmişlər. Anasının qardaşı İddiaçı1 ilə yaşayış evi barəsində payların qanunda nəzərdə tutulmuş qaydalara uyğun olaraq müəyyənləşdirilməsi üzrə aralarında razılıq baş tutmamışdır. O, mənzildən ona təklif olunan məbləğlə razılaşmamış və ona bir otaqlı mənzilin pulunun verilməsini tələb etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Şirvan şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli mənzildə yaşamaqlarına maneçilik törətməyəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisənin həlli zamanı Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin müddəaları nəzərə alınmalıdır . 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək qeyd edir ki, dövlət mənzil fonduna daxil olmuş Şirvan şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli (Yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278 , M4, m 1) mənzilində 1988-ci ildən yaşayan İddiaçı1 və arvadı digər İddiaçı2 icarədar ilə birlikdə yaşayaraq ümumi təsərrüfat idarə etdiyindən, onlar icarədarın ailə üzvü qismində yaşayış sahəsindən istifadə hüququna malik olmuşdur. Məhkəmə, həmçinin Şirvan şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli (Yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278 , M4, m 1) mənzilinin hüquqi statusunun dəyişərək hüquq sahibləri X9, X4, X5, İddiaçı1, X10 , X2 ümumi paylı mülkiyyətdə olmasını nəzərə alıb hesab edir ki, İddiaçı2 mübahisəli mənzilində istifadə hüququnun olub-olmamasını yoxlamalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq ,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən,bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə ,onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi nəzərə alıb, hesab edir ki, İddiaçı2 ailə qanunvericiliyi əsasında digər İddiaçı1 özünün saxlanılmasını tələb etmək hüququ olduğundan Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bu baxımdan məhkəmə qeyd edir ki, İddiaçı2 Şirvan şəhəri Xaqani küçəsi 17 saylı evin 37 nömrəli (Yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278 , M4, m 1) mənzilindən mülkiyyətçinin ailə üzvü qismində istifadə etmək hüququna malik olduğundan onların iddiası övladları ilə birlikdə həmin mənzilə köçürülmə hissədə təmin olunmalıdır. Şirvan şəhəri Xaqani küçəsi 17 saylı evin 37 nömrəli (Yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278 , M4, m 1) mənzildə yaşamağa cavabdeh və digər şəxslərin hər hansı bir maneçilik etmələrinin onlara qadağan edilməsi hissədə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 mübahisəli evdə yaşamaqlarına cavabdehlər tərəfindən sonradan maneçilik törədilməsi halı icra qaydasında həll edilməli məsələ olduğundan və bu qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, bu məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi ilə həll edildiyinə görə bu hissədə də iddia təmin olunmamalıdır. Belə ki, adıçəkilən Qanunun 73-cü maddəsinin tələblərinə görə tələbkarın yaşayış və ya qeyriyaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, həmin qanunun 82-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir . Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri cəmi 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərclərinin 1/2 hissəsi Cavabdeh aid edilməlidir . Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları ilə birlikdə Şirvan şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli mənzilinə (Yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278 , M4, m 1) köçürülsünlər. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərclərinin 1/2 hissəsi cavabdehə aid edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsümunun 50 (əlli) manat hissəsi Cavabdeh alınaraq İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1244/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1244/2024
16.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver