Məhkəmə qərarları › İş №2(032)-1252/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1252/2024

29.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1252/2024 29.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri L.İbrahimov küçəsi 18, 27 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşının keçmiş əri Əli- Bayramlı (indiki Şirvan) Xalq deputatları İcraiyyə Komitəsinin 1980-ci ilə aid protokollarına əsasən xx.xx.1980-ci il tarixli, 01341 saylı orderdə Cavabdeh adı qeyd edilmişdir. 20 ildən yuxarı müddətdir ki, Cavabdeh Şirvan şəhəri L.İbrahimov küçəsi 18 saylı evin 27 nömrəli mənzildə yaşamır. Uzun müddətdir ki, onun həyatda olmağı barədə heç bir məlumat yoxdur. Onda olan məlumata görə Cavabdeh 20 ildən çox müddətdir ki, respublikadan kənara getmişdir. O, Şirvan şəhəri L.İbrahimov küçəsi 18, 27 nömrəli mənzildə qeydiyyatda olmamaqla, köçdüyündən və mübahisəli mənzillə əlaqələrini tamamilə itirdiyindən mübahisəli yaşayış sahəsinə olan istifadə hüququnu da itirmişdir. Odur ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında nikah xx.xx.1982-ci ildə 58 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli aktdan görünür ki, Şirvan şəhəri, Mahmud İbrahimov küçəsi 18 saylı binanın 30 saylı mənzilində yaşayan X7, Şirvan şəhəri, Mahmud İbrahimov küçəsi 18 saylı binanın 26 saylı mənzilində yaşayan X5, Şirvan şəhəri, Mahmud İbrahimov küçəsi 18 saylı binanın 24 saylı mənzilində yaşayan X13 bu aktla həqiqətən də Şirvan şəhəri, Mahmud İbrahimov küçəsi, 18 saylı binanın, 27 saylı mənzilində orderdə rəsmi adı olan Cavabdeh tanımadıqlarını və həmin mənzildə heç bir zaman yaşamadığını təsdiq etmişlər. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş AZ İİ 209898 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-195/2024 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1980-cı il tarixli qərarına əsasən İcraiyyə Komitəsinin qərarı ilə 01 yanvar 1980-cı il tarixdə Zairova (Həsənova) Ədibə Əliabas qızının əmisi Mahmudov Davud vəfat etdiyinə, 1970-ci ildən A.Əhmədov küçəsi 2 b nömrəli binanın 27 nömrəli mənzilində yaşayan, orderdə adı olduğuna görə orderdə adı olan ailə üzvlərinin razılığına əsasən A.Əhmədov küçəsindəki 2b nömrəli binanın 27 nömrəli 2 otaqlı mənzilinin orderi ailə tərkibi 4 nəfərdən ibarət olan X2 adına yazılmışdır. İş materiallarında olan Mənzil Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli müddətsiz müqavilə bağlanmışdır. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Afura Cəfərova və Cavabdeh barəsində L-T İbrahimov küçəsi, ev 18, mənzil 27 ünvanında qeydiyyatda olması barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına olan Əli Bayramlı şəhər X6 İcraiyyə Komitəsinin 20 may 1980-cı il tarixli orderinin surətindən görünür ki, Şirvan şəhəri, A.Əhmədov küçəsi, ev 25, mənzil 27, 2 otaqdan ibarət mənzil X3 verilmişdir. Məhkəmə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxsin izahatı və işin materialları ilə müəyyən edilmişdir ki, Şirvan şəhəri L.İbrahimov küçəsi 18 saylı evin 27 nömrəli mənzili (A.Əhmədov küçəsi ev 2B, mənzil 27) order əsasında X3 verilmiş, orderdə X1 həyat yoldaşı Cavabdeh adı qeyd edilmiş, lakin onun həmin ünvanda qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. X4 iş üzrə İddiaçı ilə 1982-ci ildə nikaha daxil olaraq mübahisəli mənzildə 2009-cu ilə kimi (X4 vəfat etdiyi il) birlikdə yaşamış və birlikdə təsərrüfat aparmışlar. Məhkəmə həmçinin müəyyən etdi ki, hazırkı mülki iş üzrə İddiaçı mərhum X4 ilə nikaha girərək ailə həyatı qurmuşlar. İddiaçının iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, dövlət mənzil fonduna aid olan Şirvan şəhəri L.İbrahimov küçəsi 18 saylı evin, 27 nömrəli mənzili 1980-cı il tarixli order əsasında X4 əldə etmiş, orderdə ailənin tərkibi qrafasında Cavabdeh adı qeyd edilmiş, ona görə də məhkəmə hesab edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin İ və İİİ hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərdə icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 87-ci maddəsinin İİ hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh X2 adına verilmiş orderdə ailə üzvü kimi qeyd edilsə də Mənzil Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulduğu kimi onun tərəfindən həmin yaşayış sahəsinə köçürülərək onunla birlikdə yaşayıb ümumi təsərüfat aparmadığından, onunla bərabər mübahisəli yaşayış sahəsinə hüquqlara malik olmamışdır. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh Şirvan şəhəri L.İbrahimov küçəsi 18 saylı evin, 27 nömrəli mənzilindən istifadə edilməsi ilə əlaqədar istifadə hüququna malik olmamış, ona görə də mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri L.İbrahimov küçəsi 18, 27 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar