Məhkəmə qərarları › İş №2(032)-1259/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1259/2025

08.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1259/2025 08.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbinin direktoru Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbinə qarşı attestasiya komissiyasının qərarının ləğvi, vəzifəyə uyğun hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbinə qarşı X6 məktəbinin 29 dekabr 2024-cü il tarixli , 20 nömrəli əmri ilə yaradılmış X6 məktəbinin attestasiya komissiyasının barəsində qəbul etdiyi vəzifəyə uyğun hesab edilməməsi barədə 29 may 2025-ci il tarixli qərarın ləğv edilməsi və vəzifəyə uyğun hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində fortepiano müəllimi ixtisası üzrə təhsil almışdır. 01 sentyabr 2001-ci ildən hazırkı vaxtadək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbində fortepiano müəllimi kimi çalışır. 23 il 7 aydan çox müddətdir ki, pedaqoli fəaliyyətlə məşğuldur. X6 Məktəbində fortepiano müəlimi kimi çalışdığı dövr ərzində daim öz üzərində işləyərək, şagirdlərin bir mütəxəssis kimi yetişməsinə öz töhfəsini vermişdir. Təsadüfi deyildir ki, X6 Məktəbində çalışdığı dövr ərzində bir çox şagirdləri müsabiqələrdə iştirak edərək, yüksək yerlər tutmuş, diplom və tərifnamələrə layiq görülmüşdür. X6 Məktəbinin 29 dekabr 2024-cü il tarixli, 20 nömrəli əmri ilə Şirvan şəhər Uşaq Musiqi Məktəbinin Atesstasiya Komissiyasının əsasnaməsi təsdiq edilmiş və Komissiya yaradılmışdır. Həmin Komissiyaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydalarına əsasən işçilərin attestasiyadan keçirilməsi tapşırılmışdır. Həmin əmrə əsasən attestasiya keçən işçilərə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Qeyd edilən əmr əsasında o, Bakı Xoreoqrafiya Akademiyasında 19 may 2025-ci il tarixdə keçirilən attestasiyada iştirak etmişdir. Attestasiya Komissiyası tutduğu vəzifəyə uyğun olmamağı barədə qərar qəbul etmişdir. Attestasiyanın keçirilməsi zamanı attestasiya komissiyasının üzvləri tərəfindən ona mi majorda neçə işarə olduğu barədə sual ünvanlanmadığı halda əsassız olaraq attestasiya vərəqəsində həmin sualın ona ünvanlandığı və tərəfindən sualın cavablanmadığı qeyd edilmişdir. Mi majorun paralel minoru do diyez minor olmuş və ona verilən sualı da, düzgün cavablamışdır. Lakin komissiya üzvlərinin tərtib etdiyi attestasiya vərəqində do minoru cavablamadığı qeyd edilmişdir. Bu da attestasiyanın keçirilməsi qaydalarına ziddir. Qanunvericiliyə əsasən attestasiyanın nəticələri və suallar attestasiya vərəqində əks olunur. Bununla belə Komissiya prosessual qaydanı pozaraq, attestasiya zamanı verilməyən sualı attestasiya vərəqinə əlavə etmiş və mənim həmin suala cavab vermədiyimi vərəqədə qeyd etmişdir. Bu da prosessual pozuntudur. Eyni zamanda hal-hazırda 4-cü sinif şagirdinə hansı sonatanı vermisiniz? Bu suala o Klementi, Sonatina, Klaudi və s. qeyd etmiş, sadəcə həmin əsərlərdə bəzilərinin tonallığına cavab vermədiyinə görə ümumiyyətlə verdiyi cavablar qəbul edilməmişdir. Bu da Attestasiyanın keçirilmə qaydasına ziddir. Ümumiyyələ Attestasiya Komissiyasının üzvü ona konkret olaraq hansı sonatanı verdiyini soruşmuş və o da konkret olaraq sonataları cavabında demiş və belə olan halda da cavabları doğru olaraq qəbul edilməli idi. Neçə invensiya olduğu sualına düzgün cavab vermişdir. Tonal planı ondan soruşulmuş və o da ardıcıl olaraq cavablamağa davam etsə də, attestasiya komissiyası üzvü qəsdən ona yönəldici suallar vermiş, sonuncu tonalı deməyini bildirmişdir. Halbuki o ardıcıl olaraq tonallığı qeyd edəcəkdi. Eyni zamanda Şumanın adını bilmədiyini qeyd edilsə də, Şumanın kim olmasına dair ona ümumiyyətlə sual verilməmişdir. Komissiya isə əsassız olaraq attestasiya vərəqində Şumanın kim olduğunu bilmədiyini qeyd etmiş və bununla da, əsassız olaraq hüquqlarımı pozmuşdur. Bethovenin sonatalarında yeniliklər barədə cavablar versə də, əsassız olaraq ümumiyyətlə cavablarını qəbul edilməmiş və attestasiya vərəqində ümumiyyətlə cavah vermədiyi qeyd olunmuşdur. Qeyd edilənlərdən də, aydın görünür ki, attestasiya qanunvericiliyin tələblərina riayət edilməklə keçirilməmişdir. Attestasiya keçirilən zalda videokameralar mövcud olmuşdur. Hesab edir ki, videogörüntülər də işə məhkəmədə baxılan zaman əldə edilməklə, qeyd edilən məsələlər öz təsdiqini tapacaqdır. Sonradan xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbinin 15 iyul 2025-ci il tarixli, 106 №-li əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, attestasiya zamanı verilməyən sual attestasiya vərəqinə əlavə edilmişdir. ona sual olaraq 4-cü sinif şagirdinə hansı sonatanı vermisiniz? demişlər. Bu suala o Klementi, Sonatina, Klaudi və s. qeyd etmiş, sadəcə həmin əsərlərdə bəzilərinin tonallığına cavab vermədiyinə görə ümumiyyətlə verdiyi cavablar qəbul edilməmişdir. Bu da attestasiyanın keçirilmə qaydasına ziddir. Ümumiyyələ Attestasiya Komissiyasının üzvü ona konkret olaraq hansı sonatanı verdiyini soruşmuş və o da konkret olaraq sonataları cavabında demiş və belə olan halda da cavabları doğru olaraq qəbul edilməli idi. Neçə invensiya olduğu sualına düzgün cavab vermişdir. Tonal planı ondan soruşulmuş və o da ardıcıl olaraq cavablamağa davam etsə də, attestasiya komissiyası üzvü qəsdən ona yönəldici suallar vermiş, sonuncu tonalı deməyini bildirmişdir. Halbuki o ardıcıl olaraq tonallığı qeyd edəcəkdir. O, həmçinin bildirdi ki, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş təcrübəli müəllimədir. Lakin şəkər xəstəliyi var, bu səbəbdən də tez həyəcanlanır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, təmsil etdiyi şəxs Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində fortepiano müəllimi ixtisası üzrə təhsil alıb. 2001-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbində fortepiano müəllimi kimi çalışır. 23 il 7 aydan çox müddətdir ki, pedaqoji fəaliyyətlə məşğul olur. Şirvan Uşaq Məktəbində çalışdığı dövr ərzində onun şagirdəri müsabiqədə iştirak edib və yüksək yerlər tutub. Buna görə də diplom və tərifnamələrə layiq görülmüşdür. Təmsil etdiyi şəxs 19 may 2025-ci il tarixdə attestasiyada iştirak edib. Attestasiya Komissiyası tutduğu vəzifəyə uyğun olmamağı barədə qərar qəbul olunub. Hesab edir ki, qərar əsassızdır. Attestasiya keçirilərkən qanunvericiliyin tələblərinə riayət edilməyib. Attestasiya vərəqəsində göstərilən suallarla ona verilən suallar eynilik təşkil etmir. Bununla bağlı attestasiya zamanı aparılmış videogörüntülərin məhkəməyə təqdim olunmalıdır. Eyni zamanda videogörüntülərin qiymətləndirilməsi məqsədi ilə fortepiano sahəsində ixtisaslaşmış mütəxəssis dəvət edilməlidir. Attestasiya Komissiyasının tərkibini və üzvlərin ixtisas sahələrini əks etdirən rəsmi sənədin təqdim olunması mütləqdir. Onların həmin ixtisas üzrə ixtisaslaşmaları onlarda şübhə yaradır. Lakin cavabdeh tərəfin məhkəmə iclaslarında sistemli şəkildə iştirak etməməsi, habelə əsassız olaraq “texniki nasazlıq” kimi formal səbəbləri göstərməsi ilə prosesin gedişatını uzatmışdır. Məhkəmə qanunvericiliklə müəyyən edilmiş işə baxılma müddətini dəfələrlə uzadaraq, cavabdeh tərəfə sübutları təqdim etmək üçün hər cür şərait yaratmışdır. Lakin cavabdeh tərəfindən bu imkanlardan istifadə edilməmiş, tələb olunan sübut təqdim olunmamışdır. Hesab edir ki, cavabdehin sübut təqdim etməməsi prosessual öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilməli və məhkəməyə təqdim olunmuş sübutlar əsasında işə baxılmalıdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbinin direktoru Nümayəndə1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, X6 məktəbində direktoru vəzifəsində çalışır. İddiaçı uzun müddətdir ki, həmin məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. İddiaçı müəllim kimi fəaliyyətində heç vaxt qüsur aşkar olunmamışdır. Lakin onlardan asılı olmayan səbəblərə görə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, keçirilmiş attestasiya üzrə iddiaçı vəzifəyə uyğun hesab edilməmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinin rəisi Nümayəndə3 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia ərizəsi ilə tanış olmuşdur. Onlar müəllimlərin siyahısını nazirliyə göndərdikdən sonra komissiya üzvləri təyin olunur. Həmin komissiya üzvlərini onlar da tanımırlar. İndiki vaxtda da, onların şəxsiyyəti onlara məlum deyil. Hesab edir ki, işin hallarını araşdırmaqdan üçün videogörüntülərə baxış keçirilə bilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 izahat verərək bildirdi ki, o X6 məktəbində müəllim işləyir. xx.xx.2025-ci il tarixdə attestasiya keçirilən vaxtda komissiyanın üzvü olmuşdur. Attestasiya zamanı iddiaçı normal qaydad suallara cavab verib, qammanı və çitkanı gözəl ifadə etmişdir. Həmin vaxt Vüsalə şox həyacanlı idi. Demək olar ki, attestasiya zamanı Vüsalə bütün suallara düzgüb cavab verdi. Vüsalə müəllimlədən zəif cavab verənlərdən ikisi attestasiyadan keçib. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 izahat verərək bildirdi ki, o X6 məktəbində fortepiano şöbəsinin müdiri işləyir. Vüsalə müəllimə məktəbin aktiv müəllimlərindəndir. O, xx.xx.2025-ci il tarixdə keçirilən attestasiyada iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : AB-İİ №-li 096487 saylı diplomun surətindən görünür ki, İddiaçı 1999-cu ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinə daxil omuş və 20 iyun 2003-cü ildə “fortepiano” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 20 iyun 2003cü il tarixli qərarı ilə müəllim, konsertmeyster ixsitası verilmişdir. X6 Məktəbinin X6 Məktəbində Attestasiya Komissiyası haqqında 29 dekabr 2024-cü il tarixli, 40 nömrəli əmrinin surətindən görünür ki, X6 Məktəbində Attestasiya Komissiyasının Əsasnaməsi təsdiq edilmişdir. X6 Məktəbinin 29 dekabr 2024-cü il tarixli, 20 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin 7.2-ci bəndinə əsasən Attestasiya Komissiyasının üzvləri tərəfindən işçilərə yalnız tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına və qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər; 7.6-cı bəndinə əsasən attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ayrı-ayrı işçinin qazandığı müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan İşçinin aşağı vəzifəyə, eləcə də digər vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar attestasiyanın nəticələrinə əsasən Məktəbin direktoru tərəfindən qəbul edilir; 8.1-ci bəndindən görünür ki, bu Əsasnamə məktəbin direktoru tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir. xx.xx.2025-ci il tarixli “attestasiya vərəqəsi”nin surətindən görünür ki, İddiaçı əvvəlki attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi: keçirilməyib. X5-orta qamma ifa H durn gis moll orta səviyyədə. 7. Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar Mi majorda neçə işarə var? cavablamadı . Paralel minor do minor cavabladı. Do diyez minorda neçə işarə var ? cavabladı fa diyez maforda D7 cavabladı. Üzdən oxu cavabladı. Əsərin təhlili, cavabladı. Hal-hazırda 4 cü sinif şagirdinə hansı sonatanı vermisiniz ? cavablamadı. Metodik üzrə şagirdlərin əsərləri sinifə uyğun deyildi. Şagirdlərə verilən əsərlərdən ümuimiyyətlə məlumatı yoxdu. Neçə invensiya var? Cavabladı. Tonal planı cavablamadı. Hansı invensiya vermisiz şagirdə - H dur düz cavab deyil. Şumanın adını bilməyib.f-no yayaradıcılığnı cavablamadı. Konsert forması cavablamadı. Mosart neçə sonata yazıb? Cavabladı. Bethoven sonatalarında yeniliklər cavablamadı. Patetik sonatanın tonallığı cavablamadı. Keçirilmiş attestasiya üzrə səs vermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilən zaman komissiya üzvlərindən 3 nəfər əleyhinə, 2 nəfər isə lehinə səs vermişdir. Attestasiya vərəqəsi Attestasiya komissiyasının sədri, üzvləri və atesstasiyadan keçən şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbinin xx.xx.2025-ci il tarixli 106№ li əmrinin surətindən görünür ki, Şirvan şəhər Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Vüsalə Mehman qızı Hacıyeva 15 iyul 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı - maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir . Şirvan şəhər Uşaq Musiqi Məktəbinin İşçilərin Attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli 1№-li protokolun surətindən görünür ki, işçilər İddiaçı və X3 tutduqları vəzifələrə uyğun hesab edilmir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Şirvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Şirvan şəhər Uşaq Musiqi Məktəbinə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işlə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, videogörüntünün təqdim edilməsi barədə sorğunuza cavab olaraq bildiririk ki, texniki nasazlıq səbəbindən iddiaçının attestasiyası zamanı çəkilmiş görüntülərin məhkəməyə göndərilməsi 1 (bir) aya qədər gecikdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 64-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. ƏM-in 64-cü maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. ƏM-in 64-cü maddəsinin 3-cü hissəsinə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. ƏM-in 65-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. ƏM-in 65-ci maddəsinin 5-ci hissəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. ƏM-in 65-ci maddəsinin 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. ƏM-in 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-in 67-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. ƏM-in 67-ci maddəsinin 5-ci hissəsinə əsasən işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. ƏM-in 67-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” 2.6-cı bəndinə görə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. Həmin Qaydaların 2.7-ci bəndinə görə attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır. Həmin Qaydaların 3.2-ci bəndinə görə attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Həmin Qaydaların 3.6-cı bəndinə görə attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür . Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Hazırki mülki iş üzrə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilir Həmin normanın “Qeyd” hissəsinə əsasən 70-ci maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən attestasiya komissiyasının təşkili qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmiş, iddiaçı tərərfindən isə bunun əksini təsdiq edən hər hansı bir sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Hazırki mülki iş üzrən cavabdeh Şirvan şəhər Uşaq Musiqi Məktəbinin xx.xx.2024cü il tarixli 40 nörəli əmri ilə “X6 Məktəbində Attestasiya Komissiyası haqqında” əmr verilmiş və həmin əmr ilə attestasiya komissiyasının yaradılması, attestasiyadan keçməli olan işçilərin dairəsi, komissiyaya verilmiş tapşırıqlar öz həllini tapmışdır. Müəyyən edilmişdir ki, cavabdeh Şirvan şəhər Uşaq Musiqi Məktəbi işçilərinin xx.xx.2025-ci il tarixində keçirilmiş attestasiyasınının nəticələri əsasında 2 müəllim tutduğu vəzifəyə uyğun hesab edilməmiş və iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş İddiaçı “attestasiya vərəqəsi”ndən görünür ki, keçirilmiş attestasiya üzrə səs vermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilən zaman komissiya üzvlərindən 3 nəfər əleyhinə, 2 nəfər isə lehinə səs vermişdir. Nəticədə, İddiaçı xx.xx.2025-ci il tarixindən komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun olmamasına dair qərar qəbul edilmişdir. Həmin attestasiya vərəqəsinə əsasən müəyyən edilir ki, attestasiya vərəqəsi attestasiya komissiyasının sədri, üzvləri və atesstasiyadan keçən şəxs tərəfindən imzalanmışdır. Müəyyən edilmişdir ki, attestasiya vərəqəsi ilə iddiaçı tanış edilmiş və həmin vərəqədə iddiaçının həmin attestasiyanın nəticələrinin düzgün olmaması, yəni verilən sual, onun verdiyi cavabın və s. mübahisələndirməsinə dair hər hansı bir qeyd aparılmamışdır. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh Şirvan şəhər Uşaq Musiqi Məktəbi tərəfindən tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin tələblərinə riayət edildiyindən, qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən attestasiya komissiyasının qərarının ləğvi, vəzifəyə uyğun hesab edilməsi ilə bağlı tələb əsassızdır. Məhkəmə iddia tələbinin əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsi iddia tələbinin attestasiya komissiyasının qərarının ləğvi hissəsi ilə bağlı olduğundan və iddia tələbi həmin hissədə əsassız hesab edildiyindən iddia tələbinin həmin hissəsinə qiymət verilməsinə zərurət yoxdur, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbinə qarşı attestasiya qərarının ləğvi, vəzifəyə uyğun hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X6 Məktəbinə qarşı attestasiya qərarının ləğvi, vəzifəyə uyğun hesab edilməsi, əmrin ləğvi , işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar