Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1260/2023 13.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış kredit öhdəliklərinin və birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin ½ hissədə bölünməsi” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış kredit öhdəliklərinin və birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin ½ hissədə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahları dövründə Kapital Bankdan götürdükləri (onun adına) 4500 manat kredit puluna görə ödəmiş olduğu 5000 manat pulun və Bank Respublika ASC-nin Şirvan filialından götürmüş olduğu 4700 manat kreditə görə ödəmiş olduğu 5632 manat kredit pulunun, ümumilikdə 10632 (on min altı yüz otuz iki) manat ödənilmiş kredit pulunun ½ hissəsi olan 5316 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci il aprel ayında toy edərək evlənmişlər. Nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmi olaraq qeydiyyata aldırmışlar. Aralarında bağlanmış nikah Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixli AZ-1№439003 nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından uşaqları olmamışdır. Birgə yaşadıqları dövrdə cavabdehin istəyi və təkidi ilə xx.xx.2018-ci (xx.xx.2021-ci il tarixədək) tarixli, 141 CLM 199 37378AA saylı kredit müqaviləsi üzrə Kapital Bankdan 4500 manat, ildə 25,32 faiz ödəmək şərti ilə 36 ay müddətinə kredit götürmüş və həmin kredit onun əmək haqqından tutulmuşdur. O Sabirabad rayonunun Surxayoba kənd məktəbində müəllim işləyir. Həmin kredit borcu xx.xx.2020-ci il tarixdə vaxtından da əvvəl onun tərəfindən ödənilmşdir. Vaxtından əvvəl ödədiyi üçün təxminən 5000 manatdan yuxarı faizi ilə birlikdə kredit ödəmişdir. Həmin kredit pulunu faizi ilə birlikdə 2020-ci ildə ödəyib qurtarmışdır və kredit götürdükləri həmin məbləğlə də xx.xx.2018-ci il tarixdə cavabdehin adına həmin vaxt 18 BX-822 dövlət nömrə nişanlı VAZ-21043 jiquli avtomaşını almışlar. Cavabdehin ona bildirdiyinə görə həmin avtomaşını 5000 manata almışdır. Lakin hazırda ona məlum olduğuna görə cavabdeh xx.xx.2022-ci il tarixdə həmin maşını formal olaraq, əmisi X5 adına sənədləşdirib və etibarnamə əsasında da hazırda özü idarə edir. Cavabdehlə birgə yaşadıqları dövrdə uşaqları olmadığı üçün (xx.xx.2020-ci iltarixdənxx.xx.2022-ci il tarixədək) 21310***-*******2 saylı kredit müqaviləsinə əsasən ildə 18 faiz ödəməklə Bank Respublika ASC-nin Şirvan filialından 4700 manat kredit götürərək süni mayalanma etmişlər. Həmin kredit borcunu da faizi ilə birlikdə xx.xx.2022-ci il tarixdə o ödəmişdir (iş yerindən əmək haqqından tutulmuşdur). Axrıncı ödəməni də məzuniyyət pulu ilə etmişdir. Cavabdehin təqsiri üzündən süni mayalanmanın da müsbət nəticəsi olmamışdır. Cavabdeh, evlilik müddətində heç bir yerdə işləyib qazanc gətirməmişdir. Musiqiçi kimi arada toya getmiş, nə qədər pul qazandığını soruşanda isə 20 manat qazandığını demişdir. Mehmanxanada yaşayırmış kimi, kirayədə qaldıqları evə də yalnız gecələməyə gəlmişdir. Təxminən 2022-ci ilin iyun ayının 02-dən o, cavabdehin ona dəfələrlə şiddət göstərməsi nəticəsində kirayədə qaldığı evdən qaçaraq valideynlərinin evinə getmişdir. 2022-ci ilin oktyabr ayında onun iddiasına əsasən cavabdehlə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Sonradan İddiaçı iddianın predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahları dövründə xx.xx.2018-ci il tarixdə almış olduqları 18 BX-822 dövlət nömrə nişanlı, VAZ 21043 minik, B/ili: 1997, rəngi ağ, mühərrik: **********5, Ban: XTA210430V0587801, şəhadətnamə: AD300764 olan minik avtomaşının dəyərinin ½ hissəsinin və Bank Respublika ASC-nin Şirvan filialından götürmüş olduğu 4700 manat kreditə görə ödəmiş olduğu 5632 manat kredit pulunu ½ hissəsi olan 2816 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində göstərilən 1500 manat formal olaraq göstərilmiş, həmin müqavilədə alıcı kimi göstərilmiş X9 cavabdehin əmisidir. Hazırda avtomobili iddiaçı idarə edir. Götürülmüş kredit tam ödənilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməmiş, etiraz ərizəsi təqdim etmiş, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Kapital Bankdan və Bank Respublika ASC-nin Şirvan filialından götürülmüş kredit məbləğləri tərəflərin birgə nikahları dövründə götürülmüş və ödənilmişdir. İddiaçı birgə yaşadıqları dövrdə Kapital Bankdan 4500 manat kredit götürdüyünü və həmin kredit pulunu faizi ilə birlikdə 2020-ci ildə ödəyib qurtardığını və həmin məbləğlə də xx.xx.2018-ci il tarixdə cavabdehin adına həmin vaxt **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ-21043 markalı avtomaşın aldığını bildirir. Həmin avtomobil də birgə nikah dövründə X5 adına alqı-satqı əsasında sənədləşdirilmişdir. Bundan başqa cavabdehlə birgə yaşadıqları dövrdə uşaqları olmadığı üçün Bank Respublika ASC-nin Şirvan filialından 4700 manat kredit götürərək süni mayalanma etmişlər. Göründüyü kimi tərəflər birgə nikah dövründə götürdükləri kredit məbləğlərini hər iki tərəfin razılığı əsasında və öz iradələri daxilində əldə etmiş və birgə nikah dövründə də kredit məbləğlərini banka ödəmişlər. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, cavabdehin etiraz ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC-i ilə İddiaçı arasında bağlanmış 31 avqust 2020ci il tarixli 21310***-*******2 saylı kredit müqaviləsi üzrə illik 18 faiz 24 ay müddətinə 4700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 31 avqust 2020-ci il tarixli 21310***-*******2 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Hüseynova (Səmədzadə) Lamiyə Vüqar qızı 24 ay müddətinə hər ay 234 manat 69 qəpik olmaqla kredit ödənilməlidir. İş materiallarında olan məxaric orderindən görünür ki, Hüseynova (Səmədzadə) Lamiyə Vüqar qızına 4700 manat məbləğində pul verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 29 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş Baş X15 İdarəsinin mərkəzi informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, “Vaz 21043 ” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh olmuş, etibarnamə ilə X8 idarə etmək üçün vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 24 oktyabr 2023-cü il tarixli məktuba əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, 11 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Vaz 21043 ” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili X3 almışdır. 04 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili alıcı X1, alıcı avtomobilin dəyəri üzrə 1500 manat ödəniş etmişdidir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1523/2022 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, X4 Cavabdeh ilə 12 may 2017-ci ildə Şirvan şəhər Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 157№ ilə qeyd edilmiş nikahın pozulması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pulun alınaraq X6 verilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pulun alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. İş materiallarında olan Turbo. Az saytından əldə edilmiş məlumatlara əsasən hal hazırda mübahisə predmeti olan avtomobilin bazar qiyməti 4200 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikah bağlamışlar. Onların birgə nikahından uşaqları olmamışdır. Ər-arvad birgə nikah dövründə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili əldə etmişlər. İddiaçı xx.xx.2020-ci il tarixli 21310***-*******2 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 18 faiz ödəməsi, 24 ay müddətinə qaytarması şərti ilə 4700 manat məbləğində kredit götürmüşdür. Ər-arvad, uşaqları olmadığı üçün həmin vəsaiti süni mayalanmaya sərf etmişlər. Tərəflər arasındakı nikah Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İşin araşdırılmış hallarından müəyyən olundu ki, cavabdeh 04 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili qanunla nəzərdə tutulanların əksinə olaraq, iddiaçının razılığı olmadan X2 da, sonuncu avtomobili təhvil almamış, etibarnamə verərək onu cavabdehin idarəçiliyində saxlamışdır. İddiaçı razılığı alınmadan bağlanmış həmin əqdi mübahisələndirməmişdir. İddiaçı “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin cavabdehdən özünün xeyrinə tutulmasını tələb etsə də, avtomobilin dəyərini göstərməmiş, onun tələbinin əsası kimi təqdim etdiyi Turbo.az saytında əks edilmiş məlumatlardan isə avtomobilin bazar qiymətinin 4200 manat olduğu təsdiq edilmişdir. Cavabdeh tərəf avtomobilin satış qiyməti barədə məlumat verməmiş, avtomobilin bazar qiymətinin 4200 manat olduğuna dair Turbo.az saytınında əks edilmiş məlumatları mübahisələndirməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən avtomobilin satış dəyərinin 4200 manat olduğu nəticəsinə gəlmişdir. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, ər-arvadın birgə nikah dövründə əldə edildiyindən, cavabdehin adına rəsmiləşdirilməsinə baxmayaraq “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobil, onun satılmasından sonra isə dəyəri üzrə 4200 manat tərəflərin ümumi birgə mülkiyyəti, "xxxx" ASC-dən 24 ay müddətinə götürülmüş və tərəflərin uşaqlarının olması üçün süni mayalanmaya sərf edilmiş 4700 manat kredit isə ümumi borclarıdır. İddiaçı 5632 manat kredit pulunun ½ hissəsi olan 2816 manatlıq hissəsinin cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, kreditin bir hissəsi tərəflərin birgə nikah dövründə qaytarılmış, ərarvadın ailə münasibətlərinə xitam verdiyi vaxta kreditin 938 manat 85 qəpik hissəsi ödənilməmiş qalmışdır. Qanuni qüvvəyə minmiş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəfələrin 2022-ci ilin iyun ayından faktiki ayrı yaşadıqları müəyyən olunmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, ər-arvadın ailə münasibətlərinə 2022ci ilin iyun ayından xitam verildiyi üçün, ər-arvadın ümumi borcu olan 4700 manat kreditin 2022-ci ilin iyun ayına ödənilməmiş qalan 938 manat 85 qəpik (234 manat 69 qəpik+234 manat 69 qəpik+234 manat 69 qəpik+234 manat 78 qəpik) hissəsi ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə iddiaçının qazandığı əmlakmülkiyyəti hesabına ödənildiyindən, iddiaçı həmin vəsaitin 1/2 hissəsinin cavabdehdən özünün xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 36.5-cü maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə də məhkəmə hesab edir ki, “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin, onun satılmasından sonra isə dəyəri üzrə 4200 manatın tərəflərin ümumi birgə mülkiyyəti, "xxxx" ASC-dən 24 ay müddətinə götürülmüş 4700 manat kreditin isə ər-arvadın ümumi borcları olması tam təsdiq olunduğundan, eləcədə qanunvericilikdə ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunduğundan, ümumi borcları isə onların payına uyğun olaraq müəyyən edildiyindən, eyni zamanda ümumi borc ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə iddiaçının qazandığı əmlak hesabına ödənildiyindən, avtomobilin dəyərinin ½ hissəsi üzrə 2100 manat, kreditin 2022-ci ilin iyun ayına ödənilməmiş qalan 938,85 manatın ½ hissəsi üzrə 469 manat 43 qəpik cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 24 manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia ümumi əmlakın bölünməsi hissəsində tam, ümumi borcların bölünməsində qismən olmaqla, əksər hissədə təmin edildiyindən, dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, qət etdi: İddia qismən təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş “Vaz 21043 ” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin dəyəri 4200 manat pulun ½ hissəsi 2100 manat Cavabdeh alınaraq İddiaçı verilsin. "xxxx" ASC-i ilə İddiaçı arasında bağlanmış 31 avqust 2020-ci il tarixli 21310***- *******2 saylı kredit müqaviləsi üzrə 938 manat 85 qəpik məbləğində pulun ½ hissəsi 469 manat 43 qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pul alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(032)-1260/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1260/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver