Məhkəmə qərarları › İş №2(032)-128/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-128/2024

01.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-128/2024 01.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifdaə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Şirvan şəhəri, F.Eynullayev küçəsi ev 3, 9 saylı mənzildən istifadə etmək hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətçisi olduğu Şirvan şəhəri, F.Eynullayev küçəsi, ev 3, 9 saylı mənzili adına Əli Bayramlı Rayonlararası X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdaarəsində adına mülkiyyət hüququ əsasında qeydiyyata aldırmış və qeydiyyat vəsiqəsi verilmişdir. Özünə məxsus mənzildə cavabdeh Piriyeva (Həsənova) Aynurə Vidadi qızı oğlu ilə nigaha girdikdən sonra qeydiyyata düşmüş, lakin nigah münasibətləri pozulduğundan sonra artıq cavabdeh orada yaşamamış və hal-hazırda da yaşamır. Cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatda olması gələcəkdə həmin mənzilə dair sərancam verilməsinə mane olaraq, həmçinin mənzil qanunvericiliyinə əsasən konstitusion baxımdan da sahiblik hüququnu pozur. Lakin cavabdeh həmin mənzildə qeydiyyatda olduğundan həmin mənzilə dair sərancam verilməsi ilə bağlı hər hansı bir hərəkətin edilməsinə notarial qaydada razılığının əlaməti olaraq mane olduğundan, həmin mənzilə dair edilməli olan hər hansı bir hərəkətləri həyata keçirə bilmir. Ona görə də cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı əsaslar olduğundan və buna "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən onun pasport qeydiyyatından çıxarılması ilə bağlı Şirvan İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin məhkəmə hazırlıq iclasında hakim tərəfindən ona bildirilmişdir ki, ilkin olaraq cavabdehin ona məxsus mənzildən çıxarılması barədə iddia ərizəsi ilə qeydiyyatda olduğu ərazi üzrə şəhər məhkəməsinə müraciət etməyini və həmin tələb üzrə məhkəmə aktından sonra cavabdehin mənzildən pasport qeydiyyatından çıxaırlması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə biləcəyini tövsiyyə etmişdir. Bu səbəbdən də cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldı. Cavabdehin ona məxsus Şirvan şəhəri, F.Eynullayev küçəsi, ev 3, 9 mənzili də qeydiyyatda qalması formal xarakter daşıdığından, mənzilin sahibi olaraq onun hüquqlarına toxunur və onun qanunvericilikdə təsbit olunan mülkiyyət hüququnu pozur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəməyə məlum rəsmi qeydiyyatda olduğu ünvan üzrə, həmçinin hazırki faktiki yaşayış yeri üzrə bildiriş göndərilmiş, lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, bunun səbəbi barəsində heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və şəhərsalma Kdastrı İdarəsinin 54 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şirvan şəhəri, Neftçilər küçəsində yerləşən 3 saylı binanın, ümumi sahəsi 43,24 kv.m, yaşayış sahəsi 27,82 kv.m, 2 otaqdan ibarət 9 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Şirvan şəhər Polis şöbəsinin 20 iyun 2023-cü il tarixli, 3-13-111/2-P-16759111/2023 saylı məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikrə, yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə inmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2-81/2024 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında hal-hazırda X9, Nümayəndə, X13 və X10 yaşayırlar. Nümayəndə, X9, X13, X10, İddiaçı Samir oğlu, X14, X11, İddiaçı, X4 və Cavabdeh qeydiyyatdadırlar. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-777/2022 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasındakı xx.xx.2015-ci il tarixli nikah pozulmuşdur. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2-229/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Ərazi İdarəsinin arxivi və elektron baza məlumatlarına əsasən İddiaçı xüsusi mülkiyyətində olan kecmiş ünvan 2 ünvanı Şirvan şəhəri, Fariz Eynullayev küçəsi ev 3, mənzil 9 kimidir. X12, X2 və X6 tərəfindən tərtib edilmiş və Şirvan şəhəri MTİ-nin 4 saylı sahə rəisi F.Xankişiyev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən Həsənova (Piriyeva) X8 şəhəri, Fariz Eynullayev küçəsi ev 3, mənzil 9 ünvanında yaşamır. Məhkəmənin tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsində göstərilir ki, Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsində göstərilir ki, İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsində göstərilir ki, Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsində göstərilir ki, Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və əsaslandığı hallar Hazırki məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, onun mülkiyyətində olan mənzilə 2016-ci ildə rəsmi qeydiyyata düşməklə gəlin köçmüş, sonra isə nikahlarına xitam verildiyindən evdən çıxıb getmişdir. Hazırda başqa ünvanda yaşayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 4 ünvanına olan istifadə hüququna xitam verilməlidir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh Həsənova (Piriyeva) Aynurə Vidadi qızının ünvan 1 ünvanına dair istifadə hüquqlarına xitam verilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar