Məhkəmə qərarları › İş №2(032)-129/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-129/2024

29.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-129/2024 29.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə Şirvan şəhəri, M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz əmlakının yerləşdiyi otağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə el adəti üzrə toy edərək, 2001-ci il tarixdə ailə həyatı qurmuş və qayınatası X11 məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. Nikahları isə rəsmi olaraq xx.xx.2005-ci il tarixdə Əli Bayramlı şəhər VVADQ şöbəsində (indiki-Şirvan şəhər qeydiyyat şöbəsi) 120 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahından 3 övladları, xx.xx.2002-ci il təvəllüdlü X12, xx.xx.2006-cı il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X20 dünyaya gəlmişdir. O, iş üzrə Cavabdeh ilə toydan 2 il sonra, yəni 2003-cü il tarixdən birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri, M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa etdikləri 2 mərtəbəli 06 otaqdan ibarət fərdi yaşayış evinə köçüb. Nikahları pozulan günədək, yəni 2019-cu il tarixədək orada yaşamışlar. 2006-cı il təvəllüdlü Əminə adlı qızı və 2009-cu il təvəllüdlü Əsgər adlı oğlu həmin evdə dünyaya gəlmiş, həmin fərdi yaşayış evində 16 ildən çox cavabdehlə birgə təsərrüfat aparmış, həm 2 mərtəbəli evin tikintisində, həm də həmin həyətdə sonradan kirayə vermək üçün inşa edilmiş 06 ədəd balaca evlərin tikintisində onun həm maddi, həm də mənəvi köməkliyi olmuşdur. Şirvan şəhəri, M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsi dörd bir tərəfdən daş hasarla hasarlanmışdır, həmin torpaq sahəsində ortada 2 mərtəbəli, mansarlı fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh adına həmin evə qaz və işıq sayğacı quraşdırılmşdır. Evin 1-ci mərtəbəsində 3 otaq, 1 mətbəx, 1 balkon, ayrı-ayrı hamam və tualet vardır, evin 2-ci mərtəbəsində isə 2 otaq, 1 mətbəx, hamam və tualet vardır. Evin üstü yaşıl dəmir materialdan olan kirəmitlə örtülüdür, həyət darvazası da yaşıl rəngdədir. Bundan başqa həyətdə cavabdehin uzun bir dəmir sexi vardır. Həmçinin, həyətin hasarları boyunca 06 ədəd balaca evlər inşa edilib ki, bu gün də həmin evlər cavabdeh tərəfindən ayrı-ayrı vətəndaşlara aylıq və günlük kirayəyə verilir. Ailəlik vaxtında həmin günlük kirayəyə verilən evlərin təmizlik işlərini də o, özü görmüşdür. Onların ailə münasibətlərinin pozulmasına səbəb hal-hazırda cavabdehlə rəsmi nikahda olan Ayna adlı qadın olmuşdur. Belə ki, boşanmamışdan 3-4 il əvvəl cavabdeh onun atası Ağazadədən onun adına rəsmiləşdirməklə gözəllik salonu obyektini alıb icarəyə vermək niyyətində olduğunu bildirmiş, atası Ağazadə yeznəsinə inanaraq cavabdehə bu məqsədlə 40.000 (qırx min) manat pul vermişdir. Lakin cavabdeh hiylə işlədərək gözəllik salonunu işlədən X24 ilə əlbir olaraq həmin obyekti onun adına rəsmiləşdirməmişdir və sonda o, onların bu yaxın münasibətlərindən xəbər tutduqdan sonra, ailədə yaranmış uzun mübahisələr, söz-söhbətlərdən, dava-dalaşlardan sonra nikahları xx.xx.2019-cu il tarixində Şirvan şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuş və cavabdeh elə həmin il Ayna Fətullayeva ilə rəsmi nikah münasibətlərinə girmişdir və həmin nikahdan bir uşağı da vardır. Ancaq hal-hazırda cavabdeh həmin evdə Ayna və Ayna ilə birgə nikahından doğulmuş uşaq və eləcə də, onun övladları Əminə və Əsgərlə birlikdə yaşayırlar. Ərəstun adlı oğlu hal-hazırda yetkinlik yaşına çatmışdır və Bakı şəhərində işləyib kirayədə yaşayır. Digər Əminə adlı qızı və Əsgər adlı oğlu hal-hazırda da cavabdehlə birlikdə həmin evdə yaşayırlar və o, uşaqları ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət saxlamağa da həmin ünvana gedir. O, bir dəfə bu məqsədlə uşaqları ilə həmin evə görüşə gedəndə Ayna onunla savaşmış, onu döymüş və məhkəmə qətnaməsi ilə X24 törətdiyi inzibati xətaya görə 300 manat inzibati qaydada cərimə olunmuşdur. Hal-hazırda da ona məxsus cehiz əmlakları, birgə nikah dövründə əldə etdikləri məişət əşyaları həmin evdədir. Həmin torpaq sahəsinin alınmasında, həm də evin tikintisində onun atası Ağazadə Zeynalovun maddi köməkliyi olmuşdur. Şirvan şəhəri, M.Əsədov küçəsində yerləşən 600.0 kv.m toıpaq sahəsi hal-hazırda vəfat etmiş Şirvan şəhər sakinindən qeyri-rəsmi əlbəəl alındığı üçün həm torpaq sahəsi, həm də həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi sənədləşdirilməmişdir. Hal-hazırda həmin torpaq sahəsi və orada inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi sənədsizdir, küçə məlum olsa da, torpaq sahəsi və 2 mərtəbəli ev mövcud olsa da, həmin evin ünvanı, yəni nömrəsi qeyri-müəyyəndir, dəqiqləşdirilməmişdir. Bu barədə Şirvan şəhər Kommunal Kombinat Müəssisəsinin nümayəndəsi Balayevin və qonşuların iştirakı ilə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda həmin ərazi Şirvan şəhəri, M.Əsədov küçəsi 5/1 ünvan kimi göstərilsə də, həmin torpaq sahəsi və orada tikilmiş evin ünvanının DƏDRK 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri və məhkəmənin həmin əraziyə yerli baxış keçirməsi nəticəsində dəqiqləşdirilməsi mümkün olacaqdır. Həmçinin, aktı imza etmiş qonşular bu faktı məhkəmədə təsdiq edə bilərlər və həmin ərazini əyani olaraq göstərə bilərlər. Hal-hazırda o, anasına məxsus Salyan rayonu, Düzənlik kəndində yerləşən evdə yaşayır. Öz zəhməti olan, uşaqları yaşayan, 16 ildən çox özünün də yaşadığı, uzun illər cavabdehlə birgə təsərrüfat apardığı evdə habelə, cehiz əmlakının olduğu evdə yaşamağa cavabdeh icazə vermir və bu səbəbdən məhkəmə yolu ilə pozulmuş hüquqlarını həyata keçirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh Sadiq oğlu ilə 2001-ci il tarixdə ailə həyatı qurmuş, qayınatası X13 məxsus ünvan 3 ünvanına gəlin köçmüşdür. Toydan 2 il sonra yəni 2003-cü il tarixdən birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri, M.Əsədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsində inşa etdikləri 2 mərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evinə köçüb, nikah pozulanadək, yəni 2019-cu il tarixədək orada yaşamışdır. 2006-cı il təvəllüdlü Əminə adlı qızı və 2009-cu il təvəllüdlü Əsgər adlı oğlu həmin evdə dünyaya gəlmiş, həmin fərdi yaşayış evində 16 ildən çox cavabdehlə birgə təsərrüfat aparmışdır, həm 2 mərtəbəli evin tikintisində, həm də evin həyətdə sonradan kirayə vermək üçün inşa edilmiş 6 ədəd balaca evlərin tikintisində onun həm maddi, həm də mənəvi köməkliyi olmuşdur. 2019-cu ildə nikah pozulduqdan sonra fiziki təzyiqlərə məruz qalmış və evi tərk etmişdir. Uşaqları ilə görüşmək üçün dəfələrlə cavabdehin yaşadığı ünvana gəlmiş, döyülərək qovulmuşdur. Hal-hazırda ailə üzvlərinə məxsus evdə bacısı ilə birlikdə yaşayır. Cavabdehin yaşadığı M.Əsədov küçəsində yerləşən evi birgə nikah dövründə Cavabdeh Sadiq oğlu ilə birlikdə inşa etmişlər. Həmin yaşayış evinin tikilməsində onun atasının maddi dəstəyi olmuşdur. Hal-hazırda ona məxsus cehiz əmlakı da həmin yaşayış evindədir. O, cehiz əmlakının yerləşdiyi həmin yaşayış evinə küçürülməyini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, izahat verərək bildirdi ki, təmsil etdiyi şəxs iş üzrə Cavabdeh ilə 2001-ci il tarixində ailə həyatı qurublar. Birgə nikahlarından üç uşaqları olmuşdur. Hər üç uşaq atasının himayəsindədir. Uşaqların biri yetkinlik yaşına çatıb, Bakı şəhərində işləyir. O biri iki uşağa görə İddiaçı aliment ödəyir. Tərəflər birgə nikah dövründə 2003-cü ildə 6 sot torpaq sahəsini qeyri-qanuni yolla almışlar. Buna görə də həmin torpaq sahəsinin ünvanı müəyyən edilməmişdir. Şirvan şəhər Kommunal Kombinat Müəssisəsinin nümayəndəsi Balayevin və qonşuların iştirakı ilə xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, həmin aktda həmin ərazi Şirvan şəhəri, M.Əsədov küçəsi 5/1 ünvanı kimi göstərilsə də, həmin torpaq sahəsinin dəqiq ünvanı müəyyən edilməmişdir. ünvan 5eyil, qonşuluqda yerləşən digər torpaq sahəsinin ünvanıdır. Həmin torpaq sahəsində iki mərtəbə ev tikilmişdir. Onlar 19 il orada yaşayıb, birgə fəaliyyət göstərmişlər. Həmin evin tikilməsində iddiaçının atası da iştirak etmiş və onun vəsaitindən istifadə olunmuşdur. Eyni zamanda həmin evin kənarında kiçik ev kimi tikililər tikərək kirayə vermişlər. Cavabdehin həmin torpaq sahəsində özünə məxsus dəmir sexi də vardır. Nikah pozulduqdan sonra İddiaçı evdən zorla çıxarılmışdır. Həmin evin çıxarışı olmadığı üçün həmin ünvan dəqiq bilinmir və cavabdeh də bundan istifadə edir, iddiaçıya orada yaşamağa imkan vermir. İddiaçı halhazırda Salyan rayonu, Düzənli kəndində atasına məxsus evdə qalır. X16 Birliyinə və Azərişıq ASC-yə sorğular verilmiş, Azərişıq ASC cavab olaraq Cavabdeh abonent olaraq qeydiyyatda olması, eyni zamanda X22 tərəfindən həmin M.Əsədov küçəsində yerləşən ünvanda X8 adına qaz sayğacının quraşdırıldığı və həmin təbii qazdan istifadə edildiyi bildirilmişdir. Həmçinin tərəflərin birgə nikah dövründə yaşaması barədə qonşular tərəfindən akt verilmişdir. Hal-hazırda iddiaçıya məxsus cehiz əmlakı da həmin yaşayış evindədir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, İddiaçı ilə 2001-ci ildə ailə qurmuşdur. 2002-ci ilin mart ayında Rusiyaya getmiş, avqust ayında geri qayıtmışdır. 2005-ci ildə yenidən Rusiyaya getmiş, 2006-cı ildə geri qayıtmış, hal-hazırda yaşadığı torpaq sahəsini şəxsi gəliri hesabına 1200 dollara almışdır. Həmin torpaq sahəsinin yaxınlığından dəmir yol xətti keçdiyi üçün torpaq sahəsi 6 sot deyil, 4 sotdan biraz artıq olmuşdur. 2007-ci ilin axırlarında həmin torpaq sahəsində kiçik ev tikmişlər. Həmin evin bir otağı sex olmuş, digər otaqda isə özü qalmışdır. 2008-ci ildə ailəsi ilə birlikdə ora köçmüşdür. 2009-cu ildə doğulmuş 3-cü övladları həmin o evdə anadan olmuşdur. O, 2009-cu ildə böyük evi tikməyə başlamışdır. Həmin ev 3 otaqlıdır, aşağıda 1 zal, 2 otaq, mətbəx, yuxarıda 1 otaq vardır. İddiaçı həmin evdə yaşamamışdır. Çünki həmin vaxt təmir işləri tamamlanmamışdır. O, 2018-ci ilin əvvəlində yenidən Rusyiyaya getmişdir. Ona zəng olunmuş, İddiaçı Əliyev Bəhruz adlı şəxsə qoşulub qaçdığı bildirilmişdir. İddiaçı bu barədə şöbəyə ərizə vermişdir ki, onlar tərəfindən axtarışa verilməsin. Sonra o, Rusiyadan gəlmiş, uşaqlarının tək qaldığını görmüşdür. Həmin vaxt balaca oğlunun 9 yaşı olmuşdur. O, 2019-cu ildə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Əliyev Bəhruz ilə birlikdə 3 il yaşamışdır. Daha sonra İddiaçı Elnarə adlı qadınla birlikdə gələrək əşyalarını aparmışdır. Hal-hazırda evdə olan otaqların hamısı doludur, həyətdə olan kiçik evləri isə satmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, İddiaçı evdən qovulmayıb, o, özü könüllü olaraq evi tərk etmişdir. Həmin vaxt cavabdeh Azərbaycan Respublikasında olmamışdır. Bununla bağlı Şirvan şəhər Polis şöbəsində İddiaçı ərizəsi də vardır. İddiaçı nikah pozulduğu dövrdə əmlakın bölünməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, birlikdə yaşadığı Əliyev Bəhruz vəfat etdikdən sonra 2023-cü ildə yaşayış yerinə köçürülmə ilə bağlı iddia qaldırmışdır. Onun iddiası sübutsuz olduğu üçün təmin edilməmişdir. İddiaçı yaşayış yerinə ehtiyacı yoxdur. Odur ki, iddianı əsassız hesab edərək təmin edilməməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X29 ifadə verərək bildirdi ki, İddiaçı həyat yoldaşı Əliyev Bəhruzla birlikdə onların ünvan 6 ünvanında yerləşən evində kirayə qalaraq onun nənəsinə baxmışdır. İddiaçı 2018-2019-cu illərdə həmin evdə qalmış, 2020-ci ildə həyat yoldaşı Əliyev Bəhruz vəfat etdikdən sonra evdən çıxmışdır. 2019-cu ildə İddiaçı əşyalarını gətirmək üçün Qazel markalı avtomobil ilə Cavabdeh yaşadığı evə getmişlər. O, Cavabdeh usta kimi tanımışdır. Cavabdeh əvvəlcə onların içəri daxil olmasına icazə verməmiş, ancaq o, xahiş etdikdən sonra onlara daxil olmaq üçün icazə vermişdir. Onlar İddiaçı yorğan, döşək, stol, stul, qab-qaşıq kimi əşyalarını İddiaçı kirayə yaşadığı evə gətirmişlər. Əşyaları götürərkən Cavabdeh İddiaçı televizor və qabyuyan maşını əvvəlcədən götürdüyünü bildirmişdir. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(032)-166/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh X18 ilə Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2005-ci ildə 102 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2002-ci ildə anadan olmuş X5, xx.xx.2006-cı ildə anadan olmuş X6 və xx.xx.2009-cu ildə anadan olmuş X9 ataları Cavabdeh yanında qalmaları müəyyən edilməsi, cavabdeh X2 xx.xx.2002-ci ildə anadan olmuş X3, xx.xx.2006-cı ildə anadan olmuş X6 və xx.xx.2009-cu ildə anadan olmuş X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq ataları Cavabdeh verilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(032)- 286/2019 saylı qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş ünvan 7 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin, Şirvan şəhəri, F.Eynullayev küçəsində gözəllik salonu kimi fəaliyyət göstərən bir qeyri-yaşayış obyektinin, 3 sot torpaq sahəsinin ona çatan yarı hissəsinin və “Ford tranzit” markalı, 99- BP-263 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarı hissəsinin Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsi və Cavabdeh iddiaçı X7 qarşı “Ford tranzit” markalı, 99-BP263 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin alınması barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(032)-813/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı uşaqları xx.xx.2006-cı ildə anadan olmuş X17 və xx.xx.2009-cu ildə anadan olmuş X19 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 19:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 23 oktyabr 2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şirvan şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(032)-166/2019 saylı icra sənədi üzrə borclu xx.xx.1981-ci il təvəllüdlü ünvan 9 ünvanında qeydiyyatda olan X14 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 36 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 137 nömrəli ev təsərrüfatlarının uçotu kitabının, səhifə 90, 13142 şəxsi hesab nömrəsində olan məlumatlara əsasən ünvan 10 ünvanı 4 otaqlıdır və ümumi sahəsi 48 kv.m-dir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2881 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 11 ünvanında qeydiyyatda olmuşdur və halhazırda qeydiyyatdan çıxmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(032)-265/2023 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı döyərək ona fiziki ağrı yetirdiyindən inzibati xəta törətmiş X24 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(032)- 498/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı ünvan 12 ünvanında yerləşən iki mərtəbəli, altı otaqlı evin birinci mərtəbəsində olan əmlaklarının yerləşdiyi otağa köçürülməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli Şirvan şəhər Kommunal Kombinat Müəssisəsinin nümayəndəsi N.Balayev tərəfindən təsdiq olunmuş aktdan görünür ki, həqiqətən də İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh ilə birgə nikahlarından doğulmuş üç nəfər uşaqları ilə birlikdə ünvan 13 ünvanda yerləşən 600.0 kv.m (06 sot) həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evində 2003-cü il tarixindən 2019-cu il tarixinədək yaşamışlar. Hal-hazırda da həmin fərdi yaşayış evində Cavabdeh uşaqları ilə birgə yaşayırlar. Cavabdeh yaşadığı 600.0 kv.m (06 sot) torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evindən əlavə həmin torpaq sahəsində 06 ədəd balaca otaqlar da inşa edilmişdir. Həyət dörd bir tərəfdən daş hasarla hasarlanıb. Fərdi yaşayış evinin üstü yaşıl dəmir kirəmitlə örtülüb və həyət giriş qapısına yaşıl dəmir darvaza qoyulub. Cavabdeh yaşadığı fərdi yaşayış evinə giriş qapısı ilə üzbəüz olan qonşu Sahib (həyat yoldaşı Qızılgül), həyət darvazasından solda olan qonşu Fərqanə, sağda olan qonşu Mehman (şəhid oğlu) adlı şəxslərdir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli X39 Təchizatı və Satışı İdarəsinin məktubundan görünür ki, Cavabdeh abonent olaraq X23 ünvanı M.Əsədov küçəsi göstərilməklə **********3 saylı kodla qeydiyyatdadır. Belə ki, abonent Cavabdeh M.Əsədov küçəsində yerləşən yaşayış evinə 2009-cu il tarixdə enerji təchizatı müəssisəsi hesabına Smart kart tipli sayğac quraşdırılmış və hal-hazırda da abonent göstərilən ünvanda həmin sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə edir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli X41 İstismar İdarəsinin məktubundan görünür ki, Şirvan şəhəri, M.Əsədov 7 ünvanına xx.xx.2012-ci il tarixində G-4 markalı, ******* nömrəli sonradan ödənişli qaz sayğacı quraşdırılaraq təbii qaz istifadəçisi kimi Cavabdeh adına abonent qeydiyyatına alınmışdır. AQİS proqramında Cavabdeh ünvanı Şirvan şəhəri, M.Əsədov 7 olaraq qeyd edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və qəbulu haqqında aktda Cavabdeh adı qeyd olunmuş, digər ailə üzvlərinin adı qeyd olunmamışdır. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məhkəmə tərəfindən təyin edilmiş yerli baxışla əlaqədar Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə baxışın keçirilməsi mümkün olmamışdır. Mülki iş üzrə Cavabdeh həmin ünvandakı fərdi yaşayış evinin 2018-ci ildə inşa edildiyini və İddiaçı həmin ünvanda yaşamadığını, bu səbəbdən də yerli baxışın keçirilməsinə icazə vermədiyini bildirmişdir. İş materiallarında olan 12 mart 2024-cü il tarixli Şirvan şəhər Polis Şöbəsinin məktubundan görünür ki, X3 2018-ci ildə X15 barəsində olan ərizəsinə əsasən toplanmış materialın saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. İş materiallarında olan videodisklərə baxış keçirilmiş, video yazıda xx.xx.2002-ci il təvəllüdlü X12 üçün keçirilmiş kiçik toy məclisinin və digər video yazıda isə xx.xx.2009-cu il təvəllüdlü X9 doğum gününün Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən fərdi yaşayış evində qeyd edilməsi müəyyən edilmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2011-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan 3 uşaqları olmuşdur. Birgə nikah dövründə Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən fərdi yaşayış evini inşa etdirərək həmin evdə yaşamışlar. Münasibətləri pozulduğundan Şirvan şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, iddiaçı əri ilə birlikdə nikahları dövründə inşa edərək yaşadıqları, əmlakları yerləşdirilmiş həmin evi tərk edib valideynlərinin yanına getmək məcburiyyətində qalmışdır. İddiaçıya məxsus əmlaklar halhazırda həmin evdə qalmaqdadır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi və tikiliyə dair tərəflərin hüquqmüəyyənedici sənədləri yoxdur, ev özbaşına tikilidir. Evə quraşdırılan qaz və elektrik sayğacları cavabdehin adına qeydiyyata alınmışdır. Bundan başqa məhkəmə X21 şahid qismində verdiyi ifadəsini digər sübut vasitələri ilə təsdiq olunmamasına görə nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Göründüyü kimi özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. Belə ki, tikilinin tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına inşa edildiyinin müəyyən edilməsi tərəflərin tikiliyə münasibətdə bərabər faktiki sahiblik hüquqlarının olması anlamına gəlir ki, cavabdeh tərəfindən buna dair hər hansı qanuni əsas olmadan iddiaçının evə buraxılmamaqla bu hüquqdan məhrum edilməsi qadağan edilmiş özbaşnalıqdır. Deməli özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla, özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə, həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblik hüququna olan hər cür pozuntu qadağan edilir. Cavabdeh mübahisəli evi 2018-ci il tarixdə inşa etdirərək orda yaşadıqlarını qeyd etsə də, işin müəyyən olunan hallarına əsasən mübahisəli evi tərəflər birgə nikah dövründə 2003-cü il tarixdə inşa edərək köçüb həmin evdə yaşamağa başlamışlar, iddiaçıya məxsus bütün əmlaklar hazırda da həmin evdədir. Cavabdehlə pozulan münasibətləri zəminində iddiaçı evi tərk etmək məcburiyyətində qalmışdır. Digər tərəfdən tikilinin özbaşına tikili olması özü özlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Beləliklə məhkəmə hazırkı iş üzrə cavabdehin mübahisəli ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edilməməsi, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, tikilinin birgə nikah dövründə inşa edilməsi həmin evə köçərək, cavabdehlə (2003-2019-cu il) birgə təsərrüfat aparması, habelə, cavabdeh tərəfindən iddiaçıya qarşı məhrumetmə (evə buraxmama) halı mübahisəsiz olaraq müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X1 olan və faktiki yaşadığı Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz əmlakının yerləşdiyi otağa köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı cavabdeh X1 olan və faktiki yaşadığı Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz əmlakının yerləşdiyi otağa köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar