Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1329/2025 18.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı və vəkili X1, Cavabdeh Şirvan şəhər 21 nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhər 21 nömrəli tam orta məktəbə qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şirvan şəhər 21 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən xitam verilməsi barədə 05 may 2025-ci il tarixli, 97 saylı əmrin ləğv edilərək Şirvan şəhər 21 saylı orta məktəbə ibtidai təhsil vəzifəsinə qaytarılmağına və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci ildən Cavabdeh ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 05 may 2025-ci il tarixdə məktəbin direktoru Nümayəndə əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a" bəndinə əsasən xitam verilmişdir. 05 may 2025-ci il tarixli, 97 saylı əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və “ibtidai təhsil" vəzifəsinə bərpa edilməlidir. Belə ki, 2024-2025 təhsil ilindən etibarən Şirvan şəhəri 21 saylı orta məktəbdə inklüziv sinif açılmış və həmin sinfə uşaqlar qəbul edilmiş və həmin sinfi ona həvalə etmişdirlər. Həmin sinifdə təhsil alan şagirdlərdən biri olan X2 anası Ülkər Novruzlu ona yaxınlaşaraq övladı ilə evdə əlavə olaraq məşğul olmağını xahiş etmiş və valideynin istəyi ilə həftədə 4 dəfə olmaqla X5 ilə evdə məşğul olmağa başlamışdır. Təxminən 8 ay ərzində Süleyman Novruzlu ilə evdə də məşğul olmağa davam etmişdir. 02 may 2025-ci il tarixdə, saat 17:25-də Süleyman Novruzlunun anası Ülkər Novruzlu həmişə kimi övladını gəlib evdən götürmüş, hətta uşağı götürərkən təxminən 10 dəqiqə Ülkər Novruzlu ilə söhbət etmişdirlər. Mehriban şəkildə həm Süleyman Novruzlu, həm də anası Ülkər Novruzlu ilə sağollaşmışlar. 03 may 2025-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinə onu dəvət etmiş və bildirmişdilər ki, şagirdi Süleyman Novruzlunun valideyni guya onun övladını vuraraq ona xəsarət yetirdiyi üçün barəsində şikayət etmişdir. 03 may 2025-ci il tarixdə Polis Şöbəsində izahat vermiş və izahatında Süleyman Novruzlunu vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. 04 may 2025-ci il tarixdə məktəbin direktoru Nümayəndə ona zəng edərək 05 may 2025-ci il tarixdə mütləq məktəbə gəlməyini tələb etmişdir. Ona bildirmiş ki, barəsində əsassız şikayət verilmişdir və həmin şikayət üzrə araşdırma getdiyi müddətdə öz hesabına məzuniyyətə buraxılmasını istəyir. Lakin Nümayəndə israrla onun məktəbə gəlməyini tələb etmişdir. 05 may 2025-ci il tarixdə məktəbə getmiş və həmin gün saat saat 09-da direktor Nümayəndə ona bildirmişdir ki, ərizə yazaraq işdən çıxmalıdır. Səbəbini soruşduqda ona barəsində Polis Şöbəsində araşdırma aparıldığını və bu səbəbdən öz ərizəsi əsasında işdən çıxmalı olduğunu demişdir. Təxminən 1 saat sonra direktor onu yenidən öz kabinetinə dəvət etmiş və həmin vaxt onun kabinetində Şirvan Şəhər Təhsil Sektorunun inspektoru Orxan müəllim də orada olmuşdur. Həm direktor, həm də təhsil sektorunun inspektoru ona bildirmişdilər ki, səhhəti ilə əlaqədar olaraq işdən azad edilməsi ilə bağlı ərizə yazılmalıdır. Əksə halda barəsində polis şöbəsində araşdırma getdiyi üçün onu 70-ci maddənin “ç” bəndi ilə işdən azad edəcəklər. Hər iki şəxsin təkidi ilə guya səhhətində problem olduğu üçün 05 may 2025-ci il tarixdən işdən azad edilməsi ilə bağlı ərizə yazmışdır. Şirvan şəhər Polis Şöbəsinin TB-nin təhqiqatçısı X7 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət hadisəsi olmadığından material üzrə Azərbaycan respublikası CPM-in 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı X2 bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili X3 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru Nümayəndə iddia ərizəsinə dair etiraz edərək bildirmişdir ki, ilk öncə inkluziv sinfin nə olması barəəd məlumat verərək qeyd etmişdir ki, inkluziv sinifdə ümumilikdə iki uşaq həssas təbəqənin uşağı olur, yəni nisbətən əqli qüsurlu olmaqla digərlərindən fərqlənir və müəllimənin həmin uşaqlara daha həssas diqqət göstərilməsi tələb olunur. İddiaçı da inkluziv sinif təhkim olunmuş və həmin uşaqlarla daha qayğıkeş olması tərəfindən bir daha onun nəzərinə çatdırılmışdır. O, ümumiyyətlə məktəbdən kənar olaraq müəllimələrin repititorluqla məşğul olmasının əleyhinədir və imkan daxilində həmin hallarla məşğul olma üsullarının qarşısını almağa çalışır. Əlavə olaraq bildirmişdir ki, hal-hazırda baş vermiş hadisə, yəni İddiaçı Süleymana, yəni inkluziv sinfin həssas təbəqəsi olan uşağa iki may 2025-ci il tarixdə zor tətbiq etməsi ilə bağlı hadisədən 03 may 2025-ci il tarixdə məlumatı olmuşdur. Hətta o zaman bilmişdir ki, İddiaçı Süleyman Novruzlu ilə fərdi olaraq evdə sonuncuya məşğələ keçir. O, uşağın zorakılığa məruz qalmasına dair şəkilləri gördükdən sonra Könül müəlliməni mobil telefon vasitəsilə yığmışdır. O, səs tonunu qaldıraraq uşağa qarşı nə səbəbə belə hərəkətlərə yol verməsini bildirdikdə Könül müəllimə ondan yardım istəyərək onu bu vəziyyətdən çıxarmaqda yardım istəmişdir. Lakin o, bildirmişdir ki, etdiyi hərəkət bağışlanan hərəkət deyil. Hətta onun da nəvələri vardır, kimsə onun nəvəsinə qarşı bu hərəkətə yol vermiş olduğu halda onu belə bağışlamayacağını demişdir. Könül müəllimə qeyd olunan xüsusatla bağlı hazırda polis şöbəsində araşdırma getdiyini ona demişdir. Hətta valideynləri uşağın valideynlərinin yanına üzürxahlığa getmiş olsalar da valideynlləri onun valideynlərini qəbul etmir və bağışlamır. Növbəti gün bazar günü olduğundan onu məktəbə çağıra bilmədi, lakin mobil telefonuna yığıb hadisə barədə maraqlanmaq istədikdə Könül müəllimənin oğlu telefonu götürərək anasının səhhətinin yaxşı olmadığını və mobil telefonla danışa bilməyəcəyini ona dedi. Daha sonra mənimlə rayonun şəhid ailələrinin üzvləri mobil telefonla danışaraq bildirdilər ki, Könülün özü və yaxın qohumları onlara müraciət etmişdirlər ki, bağışlanması üçün Süleymanın valideynləri ilə danışıqlar aparsınlar. Hətta Süleymanın valideyni Ülkər xanım da onun telefonuna səs yazısı atmışdır ki, Könül ondan üzr istəyir və belə hərəkətlərə niyə yol vermiş olduğunu belə bilmir və hərəkətlərindən çox peşmandır. 05 may 2025-ci il tarixdə o, məktəbdə xidməti otağında olan zaman hətta orada Regionala təhsil idarəsinin nümayəndəsi X6 da orada idi. Həmin vaxt İddiaçı onun otağına gəlmiş, bildirmişdir ki, əməllərindən peşmandır, hazırda səhhəti ona imkan vermir ki, müəllimə işləsin. Düşünür ki, bu vəziyyət ona pis təsir etmişdir. Bu halı qaldırmış olmayacaqdır, ona görə ərizə yazaraq 05 may 2025-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam vermək istəyir. O, ərizəsində konkret tarix göstərdi, o da Orxan Həsənovun iştirakı ilə və İddiaçı ərizəsini qəbul etmiş və əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “A” bəndinə əsasən xitam vermiş, hətta həmin gün əmri ilə onu tanış etmişdir. Məhkəmənin 11 avqust 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Şirvan şəhər Təhsil Sektorunun inspektoru vəzifəsində işləyir. Könül xanımdan izahat yazmasını istəmişdir. Lakin, Könül xanım bildirmişdir ki, “şəkər və təzyiq xəstəsiyəm, bezmişəm, ərizəmi yazıb çıxacam”. Hətta 05 may 2025-ci il ytarixdə Səadət xanımın xidməti otağına gələrək səhhətinin müəllimə olmasına imkan vermədiyini bildirərək əmək müqaviləsinə xitam verməsini xahiş etməklə ərizə yazmış, Səadət xanım həmin gün müvafiq əmrləşmə apararaq onun əmək müqaviləsinə xitam vermişdir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinə xitam veriməsi barədə 97 nömrəli, xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış materiallarda cinayət hadisəsi olmadığından material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 11.1-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır; 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz; 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər:
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4-cü maddəsinin 2ci hissəsində, X4 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı səhhətində yaranmış problemlı əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etmiş və ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə 05 may 2025-ci il tarixli, 97 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “a” bəndinə əsasən xitam verilməsi barədə 05 may 2025-ci il tarixli, 97 saylı əmrin ləğv edilərək Şirvan şəhər 21 saylı orta məktəbə ibtidai təhsil vəzifəsinə qaytarılmağı və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası kimi onun tərəfindən işdən azad edilməsi ilə bağlı verilmiş olan ərizəni yazmağa məcbur edilməsi ilə əsaslandırmışdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, Əmək qanunvericiliyin tələblərindən göründüyü kimi işçi ilə işəgötürən arasında bağlanmış olan əmək müqaviləsinə xitam veriləməsinə əsas olan hallarıdan biri də tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir. Qeyd edilən hal üzrə əmək müqaviləsinə xitam verilməsi tərəflərin iradə ifadəsi ilə bağlıdır. İşin hallarından da göründüyü kimi iddiaçı tərəfindən işdən azad olunması ilə bağlı müraciət etmiş və nəticə olaraq əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilmişdir. İddiaçı tərəfin müqavilənin onun iradəsinə zidd olaraq xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İddiaçı 2001-ci ildən Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixli, №97 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı əmrin qanunsuz və əsassız olduğunu bildirərək ləğvini, işə bərpasını və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etmişdir. İddiaçı iddiasını onunla əsaslandırır ki, ərizə yazaraq işdən çıxması öz iradəsinin əleyhinə, məktəb direktoru və təhsil sektorunun nümayəndəsinin təkidi və hədəsi altında baş vermişdir. Cavabdeh tərəf isə əksinə, əmək müqaviləsinə xitamın işçinin öz təşəbbüsü ilə yazdığı ərizəyə əsaslandığını, ərizənin könüllü verildiyini və işəgötürənin sadəcə bu iradəni rəsmiləşdirdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi əmək azadlığını təsbit edir, əmək müqavilələrinin sərbəst bağlanmasını və heç kəsin əmək münasibətlərini davam etdirməyə məcbur edilə bilməyəcəyini müəyyən edir. Əmək Məcəlləsinin 42-ci maddəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndində əmək müqaviləsinə xitamın əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 69-cu maddəsinə görə isə işçi bir təqvim ayı qabaqcadan xəbərdarlıq etməklə əmək müqaviləsini ləğv edə bilər, xəbərdarlıq müddəti ərzində ərizəsini geri götürmək hüququna malikdir. Bu qayda əmək münasibətlərinin işçinin sərbəst iradəsinə əsaslandığını bir daha təsbit edir. Əmək Məcəlləsinin 17-ci maddəsi və beynəlxalq əmək hüququ normaları (BƏT-in 1930-cu il “Məcburi əmək haqqında” və 1957-ci il “İcbari əməyin ləğv edilməsi haqqında” Konvensiyaları) işçinin zor, hədə və ya digər təzyiq altında əmək müqaviləsini bağlamağa və ya ona xitam verməyə məcbur edilməsini yolverilməz hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, №97 saylı əmrdən görünür ki, əmək müqaviləsinə məhz ƏM 68.2-“a” bəndinə uyğun olaraq – işçinin ərizəsi əsasında xitam verilib və əmrlə iddiaçı tanış edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Təhsil Sektorunun inspektoru X8 göstərmişdir ki, iddiaçı həmin gün səhhətinin işləməsinə imkan vermədiyini bildirmiş, “şəkər və təzyiq xəstəsiyəm, bezmişəm, ərizəmi yazıb çıxacam” sözləri ilə ərizə təqdim etmişdir. Bu ifadə cavabdehin izahatı ilə üst-üstə düşür və ərizənin könüllü xarakter daşıdığını təsdiqləyir. İddiaçı tərəfindən ərizənin zor və ya hədə altında yazıldığına dair təqdim olunmuş heç bir obyektiv sübut yoxdur. Hər hansı yazılı sənəd, səs yazısı, şahid ifadəsi və ya digər obyektiv dəlil təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf iddia və etirazlarının əsaslarını sübut etməlidir. İddiaçı bu öhdəliyi icra etməmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, şagirdə xəsarət yetirilməsi faktı müəyyən edilməmiş, cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Bu hal da iddiaçının “təzyiq altında ərizə verməsi” arqumentini zəiflədir, çünki obyektiv zəruri hüquqi zəmin mövcud olmamışdır. Əlavə olaraq, Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, işçi xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürə bilərdi. Lakin, iddiaçı belə bir müraciət etməmiş, ərizəsinin etibarsızlığı barədə dərhal hərəkət etməmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı əmək münasibətlərinə xitam verilərkən hüquqi nəticələri qiymətləndirərək manevr etmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda: işdən çıxarılmaq ehtimalı qarşısında iddiaçı özü könüllü surətdə ƏM 68.2-“a” bəndinə əsaslanan ərizə verməyi seçmişdir. Bu seçim iddiaçının gələcək peşə fəaliyyətini, müəllim kimi reputasiyasını qorumaq məqsədi daşıyırdı. Çünki 70-ci maddə ilə işdən azad edilmə iddiaçının həm hüquqi, həm də peşə perspektivlərinə ciddi mənfi təsir göstərə bilərdi. Bu baxımdan, iddiaçının könüllü ərizə verməsi onun zor və ya hədə altında deyil, gələcək fəaliyyətini nəzərə alaraq şüurlu və məqsədyönlü qərar qəbul etdiyini sübut edir. Belə şəraitdə “məcburiyyət” arqumenti əsassızdır. Əksinə, iddiaçının davranışı göstərir ki, o, hədə altında deyil, hüquqi nəticələri nəzərə alaraq, özünün daha əlverişli hesab etdiyi varianta üstünlük vermişdir. Yuxarıda göstərilənlərin əsasında məhkəmə bu qənaətə gəlir ki: – əmək müqaviləsinə xitam Əmək Məcəlləsinin 68.2-“a” bəndinə uyğun, işçinin könüllü ərizəsi ilə baş vermişdir; – işçinin ərizə verməsi məcburi əməyin qadağanı prinsipini pozmamış, əksinə, onun sərbəst iradəsinin ifadəsi olmuşdur; – iddiaçının hədə-qorxuya məruz qalması barədə arqumentlər sübut olunmamışdır; – iddiaçının 70-ci maddə ilə işdən azad edilmə ehtimalı qarşısında öz nüfuzunu qorumaq üçün seçdiyi variant, ərizənin könüllü xarakter daşıdığını daha da aydın göstərir. Buna görə də, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbləri əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Əli İmanov