Məhkəmə qərarları › İş №2(032)-1383/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1383/2024

25.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1383/2024 25.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin nümayəndəsi (direktoru) X1 iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbə qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxıb məhkəmə müəyyənetdi: İddiaçı Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə imzalanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 07 iyun 2024-cü il tarixli 97 saylı əmrinin ləğv edilərək dərnək müəllimi vəzifəsinə qaytarılması və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildən Şirvan şəhəri B.Aslanov adına 16 saylı tam orta məktəbdə dərnək müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 07 iyun 2024-cü il tarixdə məktəbin direktor əvəzi Elçin Həsənovun əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 07 iyun 2024-cü il tarixli 97 saylı əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və o dərnək müəllimi kimi vəzifəsinə bərpa edilməlidir. Belə ki, əmrdə qeyd edilmişdir ki, guya o 6-7 iyun 2024-cü il tarixlərdə məşğələ keçməmişdir. Halbuki, həmin tarixlərdə o məşğələ keçmiş və jurnalda yazılmışdır. 6-7 iyun tarixlərdə məşğələlərdə şagirdlər iştirak etmişdir. O, həmişəki kimi məşğələ keçib dərsi bitirdikdən sonra başqa dərsləri olmadığı üçün evə getmişdir. Nə 06 iyun, nə də 07 iyun 2024-cü il tarixlərdə məktəb rəhbərliyi tərəfindən ona dərsdə olmamağı ilə bağlı heç bir xəbərdarlıq olmamışdır. Yalnız 10 iyun 2024-cü il tarixdə o dərsə başlayan zaman məktəbin direktor əvəzi otağa daxil olaraq 4 nəfər şagirdin gözü qarşısında onun işdən azad edildiyini bildirmiş və məktəbin təşkilatçısı Günay müəllimə tapşırıq vermişdir ki, proqram və jurnal dərhal ondan alınmış və o məktəbdən kənarlaşmışdır. O nə üçün işdən azad edildiyini soruşduqda ona heç bir məlumat verilməmiş və növbəti gün, yəni 11 iyun 2024-cü il tarixdə onunla başlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri təqdim etmişlər. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmrdə qeyd edilmişdir ki, guya Həmkarlar Təşkilatının 07 iyun 2024-cü il tarixdə guya iclası keçirilmiş və qərar qəbul edilmişdir. Halbuki, həmin tarixdə heç bir iclas keçirilməmişdir. Belə ki, o, günorta saatlarına qədər məktəbdə olmuş və yuxarıda qeyd etdiyi kimi ona heç bir söz deyilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2009-cu ildən həmin məktəbdə dram dərnəyinin müəllimi işləmiş, daha sonra məktəb rəhbərliyi ona şahmat və rəsm dərnəklərini həvalə etdiyindən orada dərnək müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Həmin dövr ərzində heç bir xəbərdarlıq almamışdır. Şirvan şəhəri 16 saylı tam orta məktəbdə dərnək müəllimi kimi əmək fəaliyyətinə başlamış və 2024-cü ilin iyun ayına qədər həmin məktəbdə işləmişdir. Cavabdeh tərəf onu 07 iyun 2024-cü ildə keçirilmiş dərnəkdə iştirak etmədiyi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, 6-7 iyun 2024-cü il tarixlərdə məktəbdə dərnək məşğələlərində iştirak etmiş və həmin vaxt jurnallarda öz qeydlərini aparmışdır. Onun yoxlamadan, həmkarlar ittifaqının iclasından xəbəri olmamışdır. Onun dərs saatını dəyişməsindən rəhbərliyin xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 2009-cu ildən həmin məktəbdə dərnək müəllimi işləyir. Həmin dövr ərzində heç bir qanun pozuntusu etməmiş və hər hansı intizamsızlığına görə xəbərdarlıq almamışdır. Lakin cavabdeh tərəf qanunsuz və əsassız olaraq onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Səbəb olaraq 07 iyun 2024-cü ildə məktəbdə keçirilmiş dərnək məşğələsində iştirak etməməsi qeyd olunmuşdur. Lakin həmin gündə iddiaçı ona həvalə edilmiş dərnək məşğələsini icra etmiş və bu barədə jurnallarda öz qeydini aparmışdır. Müəlim barəsində əmr verilərkən onun izahat vermək üçün gəlməsi gözlənilməmiş, həmkarlar ittifaqının rəyindən dərhal sonra əmr verilmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə əsaslı deyil. Belə ki, onlar müddətini ötürməmiş, ilkin olaraq vaxtında mediasiyaya müraciət etmişlər. Məhkəmə iclasında cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktoru X4 iddia etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı onun həmin məktəbin direktoru olduğu vaxt deyil, X2 direktor vəzifəsini icra etdiyi zaman işdən çıxarılmışdır. O direktor olduğu vaxt müəyyən etmişdir ki, İddiaçı əmək kitabçasını məktəbdən götürməmişdir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş müddətdə məhkəmədə iddia qaldırmamış və iddia tələbi üzrə müəyyən edilmiş müddəti ötürmüşdür. Bu barədə ərizə təqdim edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X6 ifadə verərək göstərdi ki, yoxlama zamanı dərnəkdə dörd nəfər şagird olardı və ya olmazdı, şagirdlərin 50 faizi dərsdə olmamış, lakin dərnək 8 nəfər şagirddən təşkil olunur. Əgər şagirdlərdən hər hansı biri gəlmirsə, müəllim rəhbərliyə məlumat verməli, dərnəyin fəaliyyəti dayandırılmalıdır. Araşdırma zamanı müəllim dəvət edilmiş, lakin o öz uşaqlarının xəstə olduğunu bildirmişdir. İddiaçı həmin günlərdə dərsə gəlmiş, lakin dərs cədvəlinə uyğun olaraq dərsi keçməmişdir. Rəhbərliyə məlumat verməmiş, özü dərsin saatını dəyişdirmiş, dediyinə görə saat 08.30-da dərnəkdə dərsini keçmişdir. Müəllim özü də etiraf etmişdir ki, dərsini dərs cədvəlindən qabağa çəkmişdir. Şagirdlərlə də söhbət zamanı müəyyən olunmuşdur ki, dərnəkdə şagirdlərin hamısı iştirak etməmiş, şagirdlər dərsə gəlməmişdir. Bundan başqa, müəllim özü etiraf etmişdir ki, onun şahmat üzrə biliyi yoxdur, sertifikat almamışdır. Müəllim ondan bilmədiyi bir fənnin tədrisi tələb olunan zaman özü etirazını bildirə bilərdi. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəb üzrə məktəbə xx.xx.2009-cu il tarixli 100 saylı əmrlə 0,5 stavka dərnək rəhbəri təyin edilmişdir. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Elçin Həsənov, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva və Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə monitorinq aparılan zaman məktəbin rəsm üzrə dərnək rəhbəri - İddiaçı dərnəyi düzgün şəkildə təşkil etmədiyi aşkarlanmışdır. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Elçin Həsənov, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva və Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin UBTR-i Yaqut Əliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, monitorinq aparılan zaman məktəbin rəsm üzrə dərnək rəhbəri - İddiaçı xx.xx.2024-cü il tarixdə saat 0:15-də dərnək otağının qapısının olduğunu, məşğələnin aparılmadığını müəyyən etmişlər. Bununla bağlı videoçəkiliş aparılmışdır. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Elçin Həsənov, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva və Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:40; saat 16:08 iki dəfə İddiaçı müəllimə zəng edilmişdir. Bildirilmişdir ki, məktəbə gəlsin. Lakin müəllim gəlməkdən imtina etmişdir. Ya övladının xəstə olduğunu , ya da hazırlıqda olduğunu demişdir. Halbuki övladları İİ növbədə tədrisə davam etməli idi. İddiaçı əlaqə nömrəsi ***-***-**-**. Aktın doğruluğunu öz imzaları iə təsdiq etmişlər. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Elçin Həsənov, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin UBTR-i Yaqut Əliyeva və Kəmalə Fərzəliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, həqiqətən İddiaçı apardığı rəsm dərnəyinin üzvləri ilə söhbət aparılmışdır. Söbhət videolentə yazılıb. Söhbət zamanı aşkar edilmişdir ki, Vİa sinif şagirdi- X7 tədris ilinin əvvəlində 2-3 həftə dərsə gəlsə də, tədris ili ərzində məşğələlərə davam etməyib. Vİa sinif şagirdləri -X15, X10 və X3 tədris ili ərzində həftənin İ-İV günlərində məşğələdə iştirak etməmişdir. 9 şagirddən 7 nəfəri xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixində dərsdə iştirak etməmişdir. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Elçin Həsənov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsaslanaraq rəsm dərnəyinin rəhbəri İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməklə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi üçün ATİAHİ-nin Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin həmkarlar komitəsinə müraciət etmişdir. ATİAHİ-nin Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin həmkarlar komitəsinin 07 iyun 2024-cü il tarixli iclası 28 saylı protokoldan görünür ki, məktəbin dərnək rəhbəri İddiaçı apardığı “Rəsm” dərnəyinin fəaliyyəti tərəflərindən yoxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, 2024-cü ilin 06 iyun və 07 iyun tarixlərində dərnək məşğələsində cəmi iki dərnək üzvü iştirak etsə də İddiaçı məşğələni yarımçıq qoyaraq rəhbərliyə məlumat vermədən məktəbi tərk edib. “Rəsm” dərnəyinin üzvləri ilə söhbət aparılarkən müəyyən edilmişdir ki, 06 iyun və 07 iyun 2024-cü il tarixlərində 7 şagird məşğələdə iştirak etməmişdir. Bundan əlavə, 6 a sinif şagirdi X7 cari dərs ilinin əvvəlində yalnız 2-3 həftə dərs gəlib, sonra cari tədris ili ərzində məşğələyə davam etməmişdir. Digər dərnək üzvləri, o cümlədən, 6 a” sinif şagirdləri X15, X10 və X3 dərs cədvəli üzrə 1 və İV günlərində keçirilən məşğələlərdə ümumiyyətlə tədris ili ərzində iştirak etməyiblər. Monitorinq müəyyən etmişdir ki, 06 iyun və 07 iyun 2024-cü il tarixlərində 9 nəfər dərnək üzvlərindən 7 nəfəri məşğələrdə iştirak etməyiblər. Yoxlamanın nəticələrini elan etmək məqsədilə İddiaçı ilə telefon əlaqəsi (**********) saxlanılmış və məktəbə dəvət olunmuşdur. Lakin İddiaçı övladlarının hazırlıqda olduğunu, daha sonra isə xəstə olduqlarını bəhanə edərək gəlməkdən imtina etmişdir. İclas məlumat və çıxışları dinləyərək 1. məktəb həmkarla komitəsinin sədri Kəmalə Fərzəliyevanın məlumatı nəzərə alınması, 2. Məktəbin “rəsm” dərnəyin rəhbəri - İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməməsini qərara almışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəb üzrə xx.xx.2024-cü il tarixli № 97 saylı əmrindən görünür ki, xx.xx.2024-cü il tarixdən İddiaçı rəhbəri olduğu “Rəsm” dərnəyinin fəaliyyətinin dayandırılması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi , baş mühasib Dünya Fərzəliyevaya İddiaçı son haqq hesabının hesablanmasının təmin edilməsi, əmrin icrasına nəzarətin baş mühasib Dünya Fərzəliyevaya həvalə edilməsi əmr edilmişdir. Əmr məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Elçin Həsənov tərəfindən imzalanaraq möhürlənmişdir. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəb üzrə xx.xx.2024-cü il tarixli № 97 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki , “B.M.Aslanov adına 16 nömrəli tam orta məktəb” bölməsində “dərnək rəhbəri” vəzifəsində işləyən İddiaçı Tofik qızı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” - işçi özünün əmək funksiyasını və ya əmlak müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşçinin xx.xx.2009-cuil tarixindən xx.xx.2024-cü il tarixə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İşçinin əmək kitabçasının lazımı qeydlər aparılaraq özünə təhvil verilməlidir. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası”nın : 1-ci bəndindən görünür ki, Bu Qayda "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.7-ci, 31.0.2-ci və 32.3.4-cü maddələrinə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.18-ci bəndinə əsasən hazırlanmışdır və ümumtəhsil məktəblərində (bundan sonra - məktəblərdə) büdcə vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dərnəklərin təşkili qaydalarını tənzimləyir. 6-cı bəndindən görünür ki, dərnəklər şagirdlərin könüllülüyü əsasında təşkil olunur. Bu və digər dəmək məqsəd və məzmunundan asılı olaraq, bir, yaxud bir neçə dərs ili ərzində fəaliyyət göstərə bilər. 8-ci bəndindən görünür ki, dərnəklər, bir qayda olaraq, 8 nəfərdən az olmamaqla komplektləşdirilir. Hər hansı bir dərnəkdə şagirdlərin maksimum sayı 15 nəfər müəyyən edilir. 9-cu bəndindən görünür ki, dərnək rəhbəri məktəb direktorunun əmri ilə təyin və azad edilir. Hər hansı bir dərnəyə rəhbər təyin olunarkən (müəllim, yaxud kənardan dəvət olunan mütəxəssis) onun dərnəyin istiqamətinə, məzmun və mahiyyətinə uyğun səriştə və peşəkarlığa malik olmasını təsdiq edən sənədlər (diplom, sertifikat və s.) nəzərə alınır. 10-cu bəndindən görünür ki, dərnəklər dərsdənkənar vaxtlarda və direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Dərnəklərin fəaliyyəti yerli təhsili idarəetmə orqanlarının təsdiq etdiyi illik plan əsasında təşkil olunur. Dərnək məşğələləri və şagirdlərin davamiyyəti müvafiq İurnalda qeyd edilir. 12-ci bəndindən görünür ki, məktəbin rəhbərliyi təşkil olunan dərnəklərin səmərəli fəaliyyəti üçün məsuliyyət daşıyır. Dərnəklərin işinə ümumi rəhbərlik və nəzarət direktor müavinlərindən birinin vəzifə bölgüsünə daxil olunur. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəb üzrə 2023/2024-cü tədris ilinin İ yarısı üçün dərnəklərin cədvəlindən görünür ki, rəsm dərnəyi üzrə dərnək rəhbəri X8r. Məşğuliyyətin keçirildiyi gün İ gün saat 9:00-11:15, İİ,İV,V günlər saat 9:45-11:15 , otaq 4 müəyyən olunmuşdur. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor vəzifəsini icra edən Elçin Həsənov, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin kargüzarı Kamalə Fərzəliyeva, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin UBTR-i X18 şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, məktəbin dərnək rəhbəri İddiaçı əmək kitabçasını götürməkdən imtina etmişdir. Aktın doğruluğunu öz imzaları iə təsdiq etmişdir. İş materiallarında olan cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktorunun iddia tələbi üzrə iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, iddiaçı iddiasının əsassız olduğundan iddianın rədd edilməsinin nəzərə alınmasını xahiş etdi. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin xx.xx.2024-cü il tarixli 97 nömrəli əmrinə əsasən dərnək rəhbəri vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2009-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. ƏM-in 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. ƏM-in 72-ci maddəsinə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin 07 iyun 2024-cü il tarixli iclası 28 saylı protokolundan müəyyən olunur ki, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin dərnək rəhbəri İddiaçı işə davamiyyəti olmadığından, “Rəsm” dərnəyinin üzvlərinin dərnək dərslərində iştirak etmədiyindən işdən azad edilməsi qanunauyğun hesab edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, həmin hallar ƏM-in 70-ci maddəsinin ”ç” bəndində qeyd olunan hallara aid deyildir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh tərəf məhkəmə iclasında iddiaçı tərəfindən məhz ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyi, dərnək rəhbərinin həmin gün işdə olmadığı, məşğələ keçmədiyi, rəhbərliyə məlumat vermədən dərnək otağını və məktəbi tərk etməsi qeyd olunsa da, məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən X6 izahatında dərnək rəhbəri İddiaçı həmin gün məktəbdə olduğunu bildirmişdir. Bununla da cavabdeh tərəf ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hüquq pozuntusunun məhz nədən ibarət olmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. İşin yuxarıda sadalanan faktiki hallarından da göründüyü kimi, iddiaçı tərəfindən ƏMin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hər hansı bir hüquq pozuntusuna yol verildiyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktor əvəzi Elçin Həsənov, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin təşkilatçısı Günay Rzayeva, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin psixoloqu Aytən Aslanova, Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin UBTR-i Yaqut Əliyeva və Kəmalə Fərzəliyevanın iştirakı ilə şagirdlərin dindirilməsi ilə bağlı videoyazıya məhkəmə iclasında baxış keçirilmişdir. Məhkəmə müəyyən şagirdlərin dərnəklərdə iştirak etməməsi səbəbindən dərnəklərin təşkil olunmaması və ya cədvəldə müəyyən edilmiş saatlardan fərqli saatlarda dərnəklərin təşkil edilməsi ilə bağlı qeyd edir ki, əgər belə hallara yol verildiyi halda belə məktəb rəhbərliyi tərəfindən müəllimənin bu tip nöqsanlara yol verməsinə dair əvvəllər hər hansı tədbir görülməmiş və bu baxmdan məktəb rəhbərliyinin birbaşa tətbiq etdiyi intizam tənbeh tədbiri adekvat olmamış, ƏM-nin 186-cı maddəsi ilə müəyyən edilmiş alternativ tənbeh tədbirlərindən birinin tətbiqi halı nəzərə alınmamışdır. Həmçinin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə hesab edir ki, cavabdeh qeyd olunan halla bağlı əsaslı sübutları təqdim edə bilməmiş, cavabdehin qeyd etdiyi müəllimənin şahmat və rəsm dərnəkləri sahəsində hər hansı uğur əldə etməməsi məsələsinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məktəb dərnəyə rəhbər təyin edərkən “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası”nın 9-cu bəndinə zidd olaraq müəllimənin uzun müddət dram dərnəyindəki fəaliyyətini, bu sahədəki təcrübəsini nəzərə almamış, onun ixtisasına uyğun olmayan sahələrə aid dərnəklərin fəaliyyətini ona həvalə etmişdir. Həmçinin Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məcəllənin qeyd olunan maddəsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkili Vəkil əsaslandırılmış yazılı təqdimatın məktəb tərəfindən məhkəməyə təqdim olunması və Həmkarlar İttifaqı təşkilatının keçirdiyi iclasda iştirak edərək rəy bildirən müəllimələrin dindirilməsi üçün məhkəməyə çağrılması ilə bağlı vəsatətlər məhkəmə tərəfindən təmin olunsa da, məktəb tərəfindən icra olunmamışdır. Məhkəmə həmçinin cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin direktoru X1 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə dair aşağıdakıları qeyd edir. ƏM-in 296-cı maddəsinə görə məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən iddia müddətinin axımı tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə dayandırılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı 19 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət etsə də, məhkəmə iddiaçı tərəfindən yaranmış mübahisə üzrə mediasiya prosesindən keçmək üçün 11 iyun 2024-cü il tarixdə müraciət etməsini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi mümkün deyil. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia təmin edilməli Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 iyun 2024-cü il tarixli 97 saylı əmri ləğv edilməli, İddiaçı Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin dərnək rəhbəri vəzifəsinə işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 iyun 2024-cü il tarixli 97 saylı əmri ləğv edilsin. İddiaçı Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbin dərnək rəhbəri vəzifəsinə işə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar