Məhkəmə qərarları › İş №2(032)-139/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-139/2025

17.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-139/2025 17.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X3, X7 Şirvan şəhəri A.Mustafayev küçəsi 2 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, A.Mustafayev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsası ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi yaşayış evi onun mülkiyyətində olsa da, hal-hazırda həmin ünvanda nəvəsi Cavabdeh və iki uşağı X8 və X14 başqa ünvanda yaşamaqlarına baxmayaraq pasport qeydiyyatındadırlar. Nəvəsi Cavabdeh xeyli müddətdir ki, ailə həyatı quraraq həyat yoldaşına məxsus evdə iki uşağı ilə bərabər yaşayır. Həmin şəxslər mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olmaqla onun üçün müəyyən çətinliklər yaradırlar. Belə ki, onların evin qeydiyyatında olduqlarına görə o həmin şəxslərin adına mənzil-kommunal xərclərini ödəyir. Ona görə də Cavabdeh və iki uşağı X8 və X9 müraciət edərək ona məxsus mənzilin pasport qeydiyyatından çıxmalarını xahiş etsə də, məqsədimə çatmamışdır. Bu günədək başqa daimi yaşayış ünvanı olan həmin şəxslər evin pasport qeydiyyatından çıxmaqdan imtina edirlər. Bu səbəbdən də o mülkiyyəti olan evin pasport qeydiyyatında olmalarını istəmədiyi üçün cavabdehlərin pasport qeydiyyatından çıxarılması ilə bağlı Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanlara məhkəmə bildirişi göndərilmiş, lakin qeydiyyatda olduqları ünvanda yaşamamaları səbəbindən zərf geri qaytarılmış, faktiki yaşadıqları ünvana isə məhkəmə bildirişi çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclası zamanı iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o doğulduğu vaxtdan ailə qurduğu 2009-cu il tarixə kimi Şirvan şəhəri, A.Mustafayev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evində yaşamışdır. Ailə qurduqdan sonra ərinin ailəsinin evinə gəlin köçmüş, hal-hazırda qaynına məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Evin qeydiyyatından çıxmaq istəmir, çünki hazırda qeydiyyata düşmək üçün mənzili yoxdur. Odur ki iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçın izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30 mart 1988-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Əli-bayramlı şəhər M.Qorkiy küçəsi 2 ünvanında yerləşən ev X4 məxsus olmuşdur. 30 mart 2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 avqust 1977-ci il tarixdə vəfat etmiş X2 miras əmlakı Əli Bayramlı şəhər A.Mustafayev küçəsi 2 saylı, 600 kv.m torpaq sahəsində yerləşən, 1974cü ildə m/daşdan ilə birlikdə bütövlükdə yaşayış evi həmin evdə yaşayan həyat yoldaşı X1r. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri A.Mustafayev küçəsi 2 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 8 №-li reyestr kitabında 76 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh övladları X3, X7 Şirvan şəhəri A.Mustafayev küçəsi 2 saylı fərdi yaşayış evinin qeydiyyatdan çıxarılmaları ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün onların qeydiyyatdan çıxarılması mümkün deyildir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh övladları X3, X7 Şirvan şəhəri A.Mustafayev küçəsi 2 saylı fərdi yaşayış evinin qeydiyyatdadırlar. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X10 Cavabdeh həyat yoldaşı, X8 isə onun övladıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2025ci il tarixli,3-21-3-38/2-112/2025 saylı və xx.xx.2025-ci il tarixli,3-21-3-38/2-256/2025 saylı məktublarından görünür ki, Cavabdeh və X5 adına hər hansı daşınmaz əmlak barədə məlumat daşınmaz əmlakın elektron məlumat bazasında aşkar olunmamışdır. Əvvəla məhkəmə onu qeyd edir ki, İddiaçı cavabdehin mübahisəli evdə qeydiyyatda olmalarına istinad edib, hesab etmişdir ki, onun evdə qeydiyyatda olması onun yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də onun yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun və «istifadə etmək hüququnun» hüquqi əsaslarını yoxlamışdır. Bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, Əli-bayramlı şəhər M.Qorkiy küçəsi 2 ünvanında yerləşən ev (Şirvan şəhəri A.Mustafayev küçəsi 2 saylı fərdi yaşayış evi) X4 30 mart 1988-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən məxsus olmuş, sonuncu vəfat etdikdən sonra qanun üzrə vərəsəlik şəhadətnamə ilə miras əmlakı yəni mübahisəli evi İddiaçı qəbul etmişdir. Cavabdeh iddiaçının nəvəsidir, ailə qurana qədər (2009-cu il tarixədək) mübahisəli mənzildə mülkiyyətçi ilə birlikdə yaşamışdır. Şirvan şəhəri A.Mustafayev küçəsi 2 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci ildə İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Tərəflər arasında mübahisəli evdən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 1990-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Cavabdeh Şirvan şəhəri A.Mustafayev küçəsi 2 saylı fərdi yaşayış evində mülkiyyətçi İddiaçı ailə üzvü qismində onunla bərabər yaşadığından evin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmuşdur. Beləliklə, Cavabdeh və övladları X3, X7 Şirvan şəhəri A.Mustafayev küçəsi 2 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına malik olması müəyyən edildiyindən, onların həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü yoxlanılmalıdır . Bununla əlaqədar məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan evə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə əmələ gəlmiş istifadə hüququna kompensasiya verilməklə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əmələ gəlmiş istifadə hüququna isə həm istifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə, həm də istifadə hüququna malik olan şəxsin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsinə görə xitam verilə bilər. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Cavabdeh ailə qurduqdan sonra daimi yaşamaq üçün başqa evə köçməsi halı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunduğundan, habelə cavabdehin müvəqqəti olaraq mübahisəli evi tərk etməsi halı müəyyən olunmadığından və cavabdehin mübahisəli ev ilə olan əlaqələrin tamamilə itirilməsi halı müəyyən olunduğundan, onun mübahisəli evin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə Cavabdeh daimi yaşadığı evə övladları X6, X11 ilə daimi yaşamaq üçün köçməsi halı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunduğundan, habelə cavabdehin müvəqqəti olaraq mübahisəli evi tərk etməsi halı müəyyən olunmadığından və cavabdehin mübahisəli ev ilə olan əlaqələrin tamamilə itirilməsi halı müəyyən olunduğundan, hesab edir ki, Cavabdeh və övladları X3, X7 iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Beləliklə məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh və övladları X3, X7 Şirvan şəhəri A.Mustafayev küçəsi 2 saylı fərdi yaşayış evə olan istifadə hüquqlarına xitam verilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, qət etdi: İddia təmin edilsin. Cavabdeh və övladları X3, X7 Şirvan şəhəri A.Mustafayev küçəsi 2 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar