Məhkəmə qərarları › İş №2(032)-1431/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1431/2024

28.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1431/2024 28.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “əmrin ləğvi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, X1 İdarəsinin 09 aprel 2018-ci il tarixli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2018-ci ilin fevral ayından 09 aprel 2018-ci il tarixədək cavabdeh Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsində (VÖEN **********) bağ fəhləsi vəzifəsinə təyin edilmişdir. Səhhəti ilə əlaqədar işəgötürənə məlumat verməklə tutduğu vəzifə üzrə əmək fəaliyyətini davam etdirə bilməmişdir. Tutduğu vəzifədən azad edilməyi barədə məlumat verilməmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş ona göndərilməmişdir. Uzun çəkən müalicə müddətindən sonra Şirvan şəhərində yaşamışdır. Hüquqi savadsızlığından əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrdən məlumatsız olmuşdur. Belə ki, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək haqqı ailəsinin maddi tələbatını ödəmədiyindən işdən çıxmaqla fərdi əməklə məşğul olmuşdur. Hazırda mühafizə xidmətinə işə düzəlmək üçün müraciət etdikdə barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq etməklə əmək müqaviləsinə xitam verilməsi barədə məlumat almışdır. Əmri rəsmi aldıqdan (xx.xx.2024-cü il tarixdə) dərhal sonra mediasiya təklifi gödərilmişdir. Cavabdeh Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsi tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar o idarəyə dəvət edilməmiş, hər hansı bir intizam tənbehi tətbiq edilmədən yaşadığı ünvana bildiriş, xəbərdarlıq vermədən barəsində xx.xx.2018-ci il tarixli 73 nömrəli əmr tətbiq edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin qanunsuz verdiyi əmrin ləğv edilməsinə dair qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etmişdir. Əmək müqaviləsinin bağlanması ilə əlaqədar işəgötürən tərəfindən əmək kitabçasına müvafiq qeydlər aparılmamışdır. Digər tərəfdən çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Çalışdığı müddət ərzində kollektiv arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla rəhbərlik tərəfindən qoyulmuş öhdəlik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir. İşdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adıçəkilən əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir. Gənc yaşlarında əmək fəaliyyətinə cavabdeh tərəfindən ciddi xələl gətirilməsi, onun səhhətində arzu olunmayan nəticələrə gətirib çıxara bilər. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh X1 İdarəsinə qarşı iddia tələbinin “əmrin ləğvi və işə bərpa ” kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, təqribən 2018ci ilin yanvar ayından həmin ilin aprel ayına qədər Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsində fəhlə olaraq işləmişdir. Orda işlədiyi dövrdə ağır xətələnmiş, təxminən 3-4 gün işə getməmişdir. İşə getməməyi ilə bağlı rəhbərliyə və digər məsul şəxslərə məlumat verməmiş, xəstəliyə dair hər hansı rəsmi sənəd təqdim etməmişdir. Sonradan əmək haqqı onu qane etmədiyindən işdən çıxmışdır. İşdən çıxma əmrin surətini əldə etməmiş və həmin əmrdən xəbəri olmamışdır. Daha sonra hərbi xidmətdə olmuş, 2024-cü ilin aprel ayından hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən gəldikdən sonra başqa yerə işə düzəlmək istəyəndə məlumatı olmuşdur ki, 2018-ci ildə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, X1 İdarəsinin rəisi Soltanov ağalar Ağasəf oğlu ərizə göndərərək iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan : X1 İdarəsinin xx.xx.2018-ci il tarixli № 73 saylı əmrindən görünür ki, bağ fəhləsi vəzifəsində işləyən İddiaçı ilə xx.xx.2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın aparılması əmr edilmişdir. Əsas: baş aqronomun məlumatı, akt və rəisin dərkənarı. Əmr X1 İdarəsinin rəisi A.T.Abdiyev tərəfindən imzalanaraq möhürlənmişdir. Cavabdeh X1 İdarəsinin rəisi Soltanov ağalar Ağasəf oğlunun iddia tələbi üzrə iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. ƏM-in 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-in 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-in 72-ci maddəsinə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi), bu pozuntunu istisna edən hallaraın olmaması və bu səbəbdən işdən azad edilməsi iş materialları və iddiaçının məhkəmə iclasınada verdiyi izahatlarla öz təsdiqini tapdığından, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar isə iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və iddia tələbi təmin edilməməlidir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə həmçinin cavabdeh X1 İdarəsinin rəisi Soltanov ağalar Ağasəf oğlunun iddia müddətinin tətbiqi məsələsinə baxmışdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandınr, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia tələbi təmin edilməməlidir. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri üzrə məhkəmə qeyd edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Həmçinin MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar