Məhkəmə qərarları › İş №2(032)-1434/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1434/2024

17.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1434/2024 17.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında öz evi olmasına baxmayaraq, hal-hazırda yuxarıda göstərilən ünvanda başqa şəxsə məxsus mənzildə yaşayır. İddia ərizəsinə əlavə etdiyi “Hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli çıxarışdan göründüyü kimi onun xüsusi mülkiyyətində ünvan 2 ünvanında 5 nömrəli mənzili vardır. Həmin mənzil ona anasından miras qalmışdır. Lakin cavabdehlər onu həmin evə buraxmırlar. Cavabdehlər həmin evə Əli Bayramlı şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(032)-167/2008 nömrəli qətnaməsi əsasında köçürülmüşdürlər. Həmin vaxt ev anasının mülkiyyətində olmuş və qeyd edilən qətnamədən də göründüyü kimi anasının adına həmin vaxt qeydiyyat vəsiqəsi olmuşdur. Həmin vaxt Cavabdeh1 qardaşının ailə üzvü sayıldığından iş üzrə cavabdehlərdən biri, mərhum anası X3 qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)525/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsindən kasassiya şikayəti verilməmişdir. Lakin sonradan Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(032)- 548/2012 nömrəli qətnaməsi ilə qardaşı X12 ilə birinci Cavabdeh1 arasında 30 aprel 2004cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 130 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilmişdir. Bu da onu göstərir ki, birinci cavabdeh X5 heç vaxt onun, anasının və qardaşının ailə üzvü olmamışdır. Beləliklə, faktiki olaraq onun, anasının və qardaşının ailə üzvü olmayan bir şəxs hal-hazırda nə onu, nə də ki qardaşının anasının mülkiyyətində olmuş, indi də onun xüsusi mülkiyyətində olan evə buraxmır. Ümumiyyətlə, cavabdehlərlə hal-hazırda birlikdə yaşamaqları mümkün deyil. Birinci cavabdehin uşaqları olan digər cavabdehlər isə hal-hazırda yetkinlik yaşına çatmışdırlar. Ona görə də hesab edir ki, onlar mənzildən çıxarılmalıdırlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, İddiaçı qardaşı X12 ilə 2001ci ildə el adəti üzrə evlənmiş və cavabdehin yaşadığı Əli Bayramlı (indiki Şirvan) şəhəri N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5-ci mənzilinə gəlin gedərək orada yaşamış və Ramiz Həmzəyevlə birgə təsərrüfat aparmışdır. Onların nikahından xx xxxxx 2003-cü ildə Rəmzi və xx xxxxxxxx 2004-cü ildə Rüfət adlı iki uşaqları anadan olmuşdur. Oğlu hərbi xidmətdə olarkən başından zərbə almış, 3 ay hospitalda müalicə almışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Ramiz onları atıb evdən çıxmışdır. Nikahları pozulsa da Ramizlə bir evdə yaşamışlar. Onu azyaşlı övladları birlikdə mübahisəli mənzildən çıxarmışlar, bu səbəbdən də evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilə uşaqları ilə köçürülməsi qət edilmişdir. İddiaçının anası evi iddiaçıya bağışlanma müqaviləsilə versə də, daha sonra həmin bağışlanma müqaviləsi notariusda ləğv etdirilmişdir. Onların qeyd edilən mənzilə köçürülmələri və istifadə hüquqlarının tanınması ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan, hazırkı mülki iş üzrə iddianın əsassız olduğunudan rədd edilməsini xahiş edir. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və əlavə edilməklə məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-167/2008 saylı, 04 mart 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 azyaşlı uşaqları xx xxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh3lə birlikdə Əli Bayramlı şəhəri, N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5-ci mənzilinə köçürülmələri qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-525/2008 saylı, 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X1 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Əli Bayramlı şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-548/2012 saylı, 06 noyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X12 ilə Qulamzadə (Həmzəyeva) Rəsmiyyə Nəzir qızı arasında 30 aprel 2004-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 130 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyistrindən verilmiş xx.xx.2013-cü il tarixli ******* nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, mənzil 5 X1 xüsusi mülkiyyətində olmuşdur. Şirvan şəhər 1 saylı Notariat kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi Rusiya vətəndaşı olan qızı – İddiaçıdır və o, miras əmlakı bütövlükdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3 saylı mənzildən ibarətdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyistrindən verilmiş xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, 5 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. Şirvan şəhər Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13111/2-26300/24 saylı cavab məktubundan görünür ki, X6, Cavabdeh2 və Cavabdeh3 həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxs ünvan 3 ünvanında 2017-ci il tarixdən qeydiyyatdadır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçının və cavabdehlərin mübahiəsli mənzilə olan hüquqları ilə bağlı hallar araşdırılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, mənzil 5 X1 xüsusi mülkiyyətində olmuşdur. X4 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və ondan miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 9, 5 saylı mənzilə İddiaçı vərəsəlik hüququ tanınmış və tam payçı olaraq sonuncuya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, 5 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüquqları qeydə alındığından və mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud olmuşdur. Hazırkı mülki iş üzrə cavabdehlərin mübahisəli mənzilə hüquqlarına münasibətdə məhkəmə hesab edir ki, cavabdehlərin Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, 5 saylı mənzilə istifadə hüquqları mövcud olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əli Bayramlı (indiki Şirvan) şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 azyaşlı uşaqları xx xxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh3lə birlikdə Əli Bayramlı şəhəri, N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5ci mənzilinə köçürülmələri qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsindən apellyasiya şikayəti verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Əli Bayramlı şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Əli Bayramlı (indiki Şirvan) şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh1 2001-ci ildə X1 və X7 razılığı əsasında ailə üzvü kimi Əli Bayramlı şəhəri N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilinə gəlin köçürərək orada yaşadığından və cavabdehlərlə ümumi təsərrüfat apardığından onun (hazırkı mülki iş üzrə iddiaçı Cavabdeh1) azyşlı uşaqları ilə birlikdə həmin yaşayış sahəsindən istifadə hüququnun tanınması qanuni və əsaslıdır. Həmçinin sözügedən qətnamələrdən müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə Cavabdeh1 ilə X12 2001-ci ildən faktiki nikah münasibtələrində olmuşlar. Hazırkı mülki iş üzrə cavabdeh 2001-ci ildə mübahisəli mənzilə köçmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmənin müəyyən etdiyi hallar ondan ibarət olmuşdur ki, hazırkı mülki iş üzrə iddiaçı mənzilin mülkiyyəçisidir. Hazırkı mülki iş üzrə cavabdehlər isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mənzilə köçürülmüş şəxslərdir və həmin şəxslərin mübahisəli mənzilə istifadə hüququnun mövcud olması tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsin əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsi yaşayış sahəsi ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırki iş üzrə məhkəmə tərəfindən işin mübahisəsiz qəbul edilmiş hallarından biri də tərəflər arasında hüquq münasibətlərinin 01 sentyabr 2000-ci ildən sonra yarandığını nəzərə alaraq hesab edir ki, sözügedən mülki mübahisəyə Müki Məcəllənin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan evə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə əmələ gəlmiş istifadə hüququna kompensasiya verilməklə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əmələ gəlmiş istifadə hüququna isə həm istifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə, həm də istifadə hüququna malik olan şəxsin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsinə görə xitam verilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alıb qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna malik olan şəxsin istifadə hüququna xitam verilməsi iki əsasla 1) şəxsin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyü əsasa və 2) mülkiyyətçi tərəfindən kompensasiya verildiyi əsasa görə mümkündür. Hazırki iş üzrə isə tədqiq edilmiş sübutlardan və tərəflərin mübahisə edilməyən izahatlarından müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fasiləsiz olaraq mübahisəli yaşayış sahəsində yaşamışlar, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmişlər. Eyni zamanda cavabdehlərə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi əvəzində kompensasiya təklif edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququna malik olmuşlar, ona görə də onun mənzildən çıxarılması tələbi əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə məhkəmə işin hallarına qiymət verərək yekun olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycn Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin özlərinə məxsus əşyaları ilə ona məxsus ünvan 4 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılmaları barədə iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş olan dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar