Məhkəmə qərarları › İş №2(032)-1620/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1620/2025

20.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1620/2025 20.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı Cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsini, məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı və işlədiyi dövrdə əmək haqqından tutulmalar həyata keçirərkən müharibə veteranı olduğu nəzərə alınmaması nəticəsində artıq tutulmaların ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Mənzil Təsərrüfatı İdarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmişdir. İşlədiyi müddətdə heç bir nöqsanı olmayıb, işdən çıxarılana qədər heç bir intizam pozuntusuna yol verməmiş və intizam tənbehi almamışdır. İşdən çıxarılma barədə əmr verilməmişdən əvvəl qərəzli olaraq ona qısa müddət ərzində ard-arda olaraq əvvəlcə töhmət, sonra şiddətli töhmət verilmiş, sonra da işdən azad edilməyi barədə əmr verilmişdir. Bütün bunlar işlədiyi müəssisəinin rəhbərliyinin ona qarşı qərəzli olduğunu və onu qərəzli olaraq işdən azad edilməyini sübut edir. O, Mənzil Təsərrüfatı İdarəsinin rəisinin 25 iyul 2025-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. Hesab edir ki, barəsində verilmiş əmr tam qanunsuz olmaqla ləğv edilməlidir. Belə ki, əmrdən görünür ki, o Mənzil Təsərrüfatı İdarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsində çalışarkən guya əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən azad edilmiş, əmək müqaviləsi ləğv edilmiş, ona xx.xx.2022-xx.xx.2025-ci il dövrü üçün 30 təqvim günü hesabı ilə istifadə etmədiyi əmək məzuniyyətinə görə 85 (səksən beş) təqvim günü kompensasiya hesablanmışdır. Belə ki, əmrdən görünür ki, əmr verilərkən baş mühəndisin məlumatına, kimlərsə tərəfindən tərtib edilmiş akta, həmkarlar təşkilatının xx.xx.2025-ci il tarixli 01 saylı protokoluna istinad edilmişdir. Qeyd etmək istəyir ki, yuxarıda göstərdiyi sənədlərin surətini əldə etmək istəsə də həmin sənədlər ona təqdim olunmamışdır. Həmin sənədlərdə göstərilən məlumatlar yalnız yalandan ibarətdir və göstərilən halların, yəni tərtib olunmuş akt və baş mühəndisin məlumatları saxtakarlıqla hazırlanıb. Hesab edir ki, bu da qanunsuzdur. Belə ki, onun həmkarlar təşkilatının iclasının keçirilib-keçirilməməsindən xəbəri olmayıb və bu barədə ona ümumiyyətlə heç bir məlumat verilməmişdir. Həmin iclas formal olaraq keçirilmişdir. Bu da qanunsuzdur. Ona görə də ona həmkarlar ittifaqının iclasının keçirilmə vaxtı barədə məlumat verilib-verilməməsi ilə bağlı məsələnin aydınlaşdırılması üçün həmkarlar ittifaqının sədrinin məhkəmə iclasında şahid qismində dindirilməsi üçün göstəriş verilməsini xahiş edir. Həmkarlar təşkilatı ümumiyyətlə formal bir təşkilatdaır. Təşkilatın heç bir fəaliyyəti yoxdur. Təşkilat yalnız işçilərin əmək haqlarından pul tutulmaq üçün yaradılıb. Tutulan pullardan indiyə kimi işçilərdən heç birinə heç bir yardım göstərilməyib. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Əmək münasibətləri üzrə tərəflər öz üzərlərinə götürmüş olduqları öhdəlikləri lazımınca icra etməklə, əmək münasibətləri sahəsində intizama riayət etməlidir. Bu intizama riayət edilməməsi əmək münasibətlərinin davam etdirilməsini mümkünsüz edir. Cavabdeh ona əmək funksiyasının pozmağı əsası ilə qanunsuz olaraq töhmət və şiddətli töhmət vermişdir. Həmin töhmət və şiddətli töhmətlə tanış olmamışdır. Həmin intizam tədbirləri onun barəsində nə üçün verildiyindən xəbəri yoxdur. Bundan sonra da 25 iyul 2025-ci il tarixdə onun işdən azad edilməyinə dair əmr vermişdir. Göründüyü kimi bütün bunlar, töhmət, şiddətli töhmət və işdən azad edilməyi barədə əmrlər qısa müddət ərzində ardıcıl olaraq verilmişdir. Bütün bunlar işlədiyi idarənin rəhbərliyinin ona qarşı qərəzli olduğunu, nə yolla olursa olsun onu işdən uzaqlaşdırmaq niyyətində olduqlarının göstəricisidir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək əmrin ləğvi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə öz hüquqlarını tələb etdiyinə görə Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin rəisi ilə aralarında mübahisə yaranmış, bundan sonra işdən qanunsuz olaraq kənarlaşdırılmış və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmrdən görünür ki, əmr verilərkən baş mühəndisin məlumatına, kimlərsə tərəfindən tərtib edilmiş akta, həmkarlar təşkilatının xx.xx.2025-ci il tarixli 01 saylı protokoluna istinad edilmişdir. O, həmin sənədlərin surətini əldə etmək istəsə də sənədlər ona təqdim olunmamışdır. Həmin sənədlərdə göstərilən məlumatlar yalnız yalandan ibarətdir və göstərilən halların, yəni tərtib olunmuş akt və baş mühəndisin məlumatları saxtakarlıqla hazırlanıb. Hesab edir ki, bu da qanunsuzdur. Belə ki, onun həmkarlar təşkilatının iclasının keçirilibkeçirilməməsindən xəbəri olmayıb və bu barədə ona ümumiyyətlə heç bir məlumat verilməmişdir. Həmin iclas formal olaraq keçirilmişdir. Ümumiyyətlə o, heç vaxt özbaşına iş yerini tərk etməmiş və onun barəsində verilmiş hər hansı intizam tənbehlərindən məlumatı olmamışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin nümayəndəsi Nümayəndə iddianı etiraf etdi, izahat verərək bildirdi ki, İddiaçı Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsində çalışmışdır. Rəhbərliyin göstərişinə əsasən İddiaçı işə çıxmamasını bildirmişlər, lakin İddiaçı işə gəlməyə davam etmişdir. Həmçinin, onlar Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin yerli Həmkarlar Təşkilatının xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak etmişlər, lakin həmin iclasda onlara söz verilməmiş, çıxış etməmişlər. İddiaçı işdən çıxması ilə bağlı əmr verilərkən də onların məlumatı olmamış, rəhbərliyin göstərişi ilə İddiaçı işdən azad edilmişdir. O, İddiaçı rəhbərliyi təhqir etməsini görməmişdir. İddianın təmin edilməsinə etiraz etmədi . Məhkəmə iclasında Şahid ifadə verərək göstərdi ki, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin baş mühəndisi vəzifəsində çalışır. İddiaçı Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsində çalışmışdır. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin yerli Həmkarlar Təşkilatının xx.xx.2025-ci il tarixdə keçirilən iclasın yığılmasının məqsədi Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin təmir-təmizlik sahəsinin rəisi İddiaçı işdən azad olunmasının müzakirə olunması olmuşdur. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin yerli Həmkarlar Təşkilatının xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak etmişlər, lakin həmin iclasda onlara söz verilməmiş, çıxış etməmişlər. İclasın yekun nəticəsi barədə məlumatları olmamışdır. İclasda yanlız sədr çıxış etmişdir. İclas protokolunu imzalasa da həmin protokolda nə yazılmasını xatırlamır. Həmçinin, iclas protokolunda qeyd edildiyi kimi yazılmış İddiaçı rəhbərliyi təhqir etməsini görməmişdir, protokolda qeyd edilən məlumatlar rəhbərliyin göstərişinə əsasən yazılmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2025-ci il tarixli, 33-k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin yerli Həmkarlar Təşkilatının xx.xx.2025-ci il tarixdə keçirilən iclasın protokolundan görünür ki, idarənin rəisi X1 bildirdi ki, təmir-təmizlik sahəsinin rəisi İddiaçı işlədiyi müddət ərzində işinə laqeyd münasibət göstərmiş, tapşırılan işin natamam yerinə yetirilməsinə şərait yaratmışdır. Ona, dəfələrlə şifahi xəbərdarlıq edilmiş və nəticə çıxarmamışdır. xx.xx.2025-ci il tarixdə 4-İ saylı əmrlə tapşırılan işi natamam yerinə yetirdiyi üçün V.Əşfərova töhmət elan edilmişdir. xx.xx.2025-ci il tarixdə işçilərlə düzgün rəftar etmədiyi üçün rəhbərlik tərəfindən 13-İ əmrlə töhmət olunmuşdur. xx.xx.2025-ci il tarixdə iş yerini rəhbərliyin icazəsi olmadan özbaşına tərk etdiyinə görə 14-İ saylı əmrlə rəhbərlik tərəfindən töhmət olunmuşdur. Bütün bu verilən töhmətlərə baxmayaraq işində dönüş yaratmamış, rəhbərliyə qarşı saymazyana hərəkətlər etmişdir. Son zamanlar etimadı doğrultmadığı üçün ona rəhbərlik, o cümləfən baş mühəndis tərəfindən heç bir iş tapşırılmadığı halda özbaşına işçilərin yanında dayanaraq tapşırılmış işlərin görülməsinə maneəçilik törədir. Məruzə ətrafında çıxışlar : İdarənin baş mühəndisi çıxış edərək bildirdi ki, təmir-təmizlik sahəsinin rəisi İddiaçı tabeliyində işləyən işçilər qarşısında nizam-intizam qaydalarını pozur, idarə rəisi İ.İsmayılovun çağırışına fikir və tövsiyyələrinə laqeyidlik göstərir və əmək müqaviləsi öhdəliklərini yerinə yetirmir. Sonra idarənin kadrlar üzrə mütəxəssisi söz alaraq bildirdi ki, doğurdan da yuxarıda sadalanan hallardan İddiaçı nəticə çıxarmayıb, əmək qanunvericiliyinin tələblərini pozub. Məruzə edənlərdən T.Məstəliyev çıxış edərək İddiaçı rəhbərliyə qarşı saymazyana hərəkətlərinin pisləyərək yol verilməz olduduğunu bildirdi. İddiaçı işdə qalıb qalmaması məsələsi səsə qoyuldu. Səsvermədə iştirak etdi, 15 nəfər , lehinə 11 nəfər, əleyhinə 4 nəfər. İclasda İddiaçı işində dönüş yaratmadığı üçün rəhbərliyin tapşırıqlarına əməl etmədiyi üçün, işə məsuliyyətlə yanaşmadığına görə onun işdən azad edilməsi məqsədəuyğun hesab edilmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2024-cü il tarixli 01-İ № li əmrindən görünür ki, İddiaçı - Mənzil Təsərrüfatı İdarəsinin təmir-tikinti sahəsinin rəisi xx.xx.2024-cü il tarixində sahə işçilərinin işə davamiyyətinin yoxlanması zamanı o, iş yerində olmamışdır. Özbaşına iş yerini tərk etdiyini, tapşırılan işin, natamam yerinə yetirilməsinə şərait yaratdığını nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.3 maddəsinə uyğun olaraq ona yazılı xəbərdarlıq elan edilmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2024-cü il tarixli 02-İ № li əmrindən görünür ki, İddiaçı - Mənzil Təsərrüfatı İdarəsinin təmir-tikinti sahəsinin rəisi xx.xx.2024-cü il tarixində sahə işçilərinin işə davamiyyətinin yoxlanması zamanı o, iş yerində olmamışdır. Özbaşına iş yerini tərk etdiyini, tapşırılan işin, natamam yerinə yetirilməsinə şərait yaratdığını nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2 maddəsinin “a” bəndinə uyğun olaraq ona töhmət elan edilmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2024-cü il tarixli 09-İ № li əmrindən görünür ki, İddiaçı - Mənzil Təsərrüfatı İdarəsinin təmir-tikinti sahəsinin rəisi özbaşına iş yerini tərk etdiyini, tapşırılan işin, natamam yerinə yetirilməsinə şərait yaratdığını nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2 maddəsinin “b” bəndinə uyğun olaraq ona ciddi xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2025-ci il tarixli 04-İ № li əmrindən görünür ki, İddiaçı - Mənzil Təsərrüfatı İdarəsinin təmir-təmizlik sahəsinin rəisi ona tapşırılan işi layiqincə icra etmədiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10 maddəsinin “a” bəndinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2 maddəsinin “a” bəndinə uyğun olaraq ona töhmət elan edilmişdir. İzahat verməkdən imtina etmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2025-ci il tarixli 13-İ № li əmrindən görünür ki, Mənzil Təsərrüfatı İdarəsinin təmirtəmizlik sahəsinin rəisi işdə işçilərlə düzgün rəftar etmədiyini nəzərə alaraq “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10 maddəsinin “a” bəndinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2 maddəsinin “a” bəndinə uyğun olaraq ona töhmət elan edilmişdir. İzahat verməkdən imtina etmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2025-ci il tarixli 14-İ № li əmrindən görünür ki, Mənzil Təsərrüfatı İdarəsinin təmirtəmizlik sahəsinin rəisi, idarə rəhbərinin icazəsi olmadan iş yerini tərk edib getdiyinə görə, onunla bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərini lazımı səviyyədə yerinə yetirmədiyini və müəssisədaxili nizam-intizam qaydalarına əməl etmədiyini nəzərə alaraq, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2 maddəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilmişdir. İzahat verməkdən imtina etmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2025-ci il tarixli aktdan görünür ki, təmir-təmizlik sahəsinin rəisi İddiaçı xx.xx.2025-ci il tarixdə idarənin rəisi İ.İsmayılov tərəfindən verilmiş şifahi tapşırığa əsasən işə buraxılmamsı barədə xəbərdarlıq edilmişdir. Onun işə buraxılmamaq səbəbi idarə rəhbərinin tapşırıqlarıqlarını yerinə yetirməməsi və rəhbər tərəfdən ona heç bir tapşırığın verilməməsidir. İddiaçı xx.xx.2025-ci il tarixindən ona iş günü yazılmayacağı haqqında xəbərdarlıq edilməsinə baxmayaraq idarə rəhbərinin yanına getmir, görüləcək işlər barədə heç bir şey soruşmur, xəbərdarlıqlara məhəl qoymur, iş yerinə gələrək orda oturur və öz danışıqları ilə işin ahəngini pozur. Aktın doğru olduğunu öz imzaları ilə təsdiq etmişlər . Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2025-ci il tarixli aktdan görünür ki, təmir-təmizlik sahəsinin rəisi İddiaçı xx.xx.2025-ci il tarixdən idarənin rəisi İ.İsmayılov tərəfindən verilmiş şifahi tapşırığına əsasən işə buraxılmaması barədə xəbərdarlıq edilmişdir. Onun işə buraxılmamaq səbəbi idarə rəhbərinin tapşırıqlarını yerinə yetirməmsi və rəhbər tərəfindən ona heç bir tapşırığın verilməməsidir. Belə ki, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işə buraxılmadığı halda özbaşına gəlib iş yerində oturaraq, işçilərin. işinə mane olmuşdur. Aktın doğru olduğunu öz imzaları ilə təsdiq etmişlər . Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2025-ci il tarixli 33-K № li əmrindən görünür ki, Mənzil Təsərrüfatı İdarəsinin təmirtəmizlik sahəsinin rəisi vəzifəsində çalışan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad edilsin, əmək müqaviləsi ləğv edilsin. Ona xx.xx.2022 xx.xx.2025-ci dövr üçün 30 təqvim günü hesabı ilə istifadə etmədiyi əmək məzuniyyətinə görə 85 (səksən beş) təqvim günü kompensasiya hesablansın və son-haqq hesab aparılsın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şirvan-Salyan regional şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra nazirlik) yanında X3 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsində (bundan sonra Şirvan MTİ) əmək hüquqlarınızın pozulması ilə bağlı daxil olmuş müraciətinizə X3 Xidmətinin Şirvan-Salyan regional şöbəsində baxılmışdır. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək və məşğulluq alt sisteminə baxılan zaman və Şirvan MTİ-dən daxil olan sənədlərdən müəyyən olunmuşdur ki, siz xx.xx.2020-cü il tarixdə idarədə işə qəbul olunmusunuz. İşlədiyiniz dövrlərdə müxtəlif vaxtlarda barənizdə intizam tənbehləri tətbiq edilmişdir. 20 iyun 2025-ci il tarixdə Şirvan Mənzil Təsərrüfatı İdarsəınin rəisi ilə aranızda yaranan mübahisə ilə bağlı idarənin maddi məsul şəxsləri tərəfindən aktlar tərtib olunmuş və intizam araşdırması aparılmışdır. Araşdırmanın nəticəsi olaraq sizə xx.xx.2025-ci il tarixdə idarənin 14-İ nömrəli əmri ilə məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin (İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan. həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər) “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Təqdim edilmiş sənədlərdə qeyd olunur ki, əmək funksiyanızın icrası zamanı verilən tapşırıqların yerlə yetirilməməsi ilə bağlı xx.xx.2025-ci il tarxidən işdən kənarlaşdırımısıniz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hal olmadan, idarənin rəisi X1 tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, qanunsuz olaraq işdən kənarlaşdırılmısınız. İşdən kənarlaşdırıldığınız dövr üçün sizə əmək haqqı hesablanıb ödənilməmişdir. Qeyd olunan hal (33 gün sonra) xx.xx.2025-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin yerli Həmkarlar Təşkilatında müzakirə olunmuş və sizin işdən azad edilməyiniz məqsədəuyğun hesab edilmişdir. Sizinlə bağlanmış əmək müqaviləsinə məcəllənin 70-ci maddəsinin (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzilələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2025-ci il tarixdə (35 gün sonra) xitam verilmişdir. Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Məcəllənin 71-ci (bu məcəllənin 70 “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) maddəsinin tələbləri nəzərə alınmamışdır. Həmçinin məcəllənin 187-ci (İntizam tənbehinin verilməsi qaydaları) maddəsinin 2-ci hissəinin (İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir) tələbləri pozularaq yuxarıda qeyd olunan müddət nəzərə alınmamış,1 (bir) aydan artıq müddət keçdikdən sonra intizam tənbehi tətbiq edilmiş və 189-cu maddəsinin (intizam tənbehinin verilməsi şərtləri) 1-ci hissəsinin (Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz) tələbləri pozularaq eyni intizam xətasına görə bir neçə intizam tənbehi tətbiq edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə baş vermiş intizam xətasına görə sizə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, qanunsuz işdən kənarlaşdırılaraq əmək haqqınız ödənilməmiş və sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan qanun pozuntularina yol verdiyinə görə işəgötürən - Şirvan şəhər Mənzil Təsərüfatı İdarəsinin rəisi X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) və 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilrərək iş üzrə inzibati icraat başlanmışdır. İnzibati xəta haqqında işə xx.xx.2025-ci il tarixdə baxılmış və işəgötürən barəsində İXM-nin 34.3-cü maddəsinin ( Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər) tələbləri nəzərə alınaraq 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə uyğun olaraq inzibati cərimənin şərti tətbiq ediməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) qeyd olunur ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.4 və192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Ona görə də vəzifəli şəxs barəsində göstərilən qanun pozuntularının aradan qaldırılması üçün 30 (otuz) gün müddət təyin olunmuşdur. Məcəllənin 288-ci maddəsinin (fərdi əmək mübahisələrinin predmeti) “a” bəndinə - əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi və “f” bəndinə - intizam tənbehi verilməsi halı fərdi əmək mübahisəsinin predmeti kimi təsbit olunur. Həmin məcəllənin 294-cü maddəsinin (fərdi əmək mübahisələrinə baxan orqanlar) ikinci hissəsində nəzərdə tutulmuş hallar (kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır) istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxıldığından aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır. Yuxarıda qeyd olunan nöqsanların aradan qaldlırımasi və Xidmətin Şirvan-Salyan regional şöbəsinə məlumat verilməsi üçün Şirvan MTİ-nin rəhbərliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/ 2-69980/2025 nömrəli icrası məcburi göstəriş verilmişdir. Xidmətin Şirvan-Salyan regional şöbəsində qəbul edilən zaman izahatınızda müharibə veteranı olmağınız barədə vəsiqəni rəsmi şəkildə idarəyə təqdim edtmədiyinizi qeyd et sıniz. Həmin sənəd rəsmi surətdə təqdim edilmədiyindən işlədiyinz dövrdə əmək haqqından gəlir vergisinə güzəştlər tətbiq edilməmişdir. Məlumat üçün bildiririk ki, həmin statsusda olan şəxslərin əsas əmək məzuniyyətinin müdəti 30 təqvim günüdür. Qəbul edilən zaman məhkəməyə müraciət etmək hüququnuz və vəzifələriniz, müraciətinizə baxılmasının eləcə də, qərarın icra vəziyyəti barədə əlavə məlumat veriləcəyi bir daha sizə izah olunmuşdur.” Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə idarənin 14-İ nömrəli əmri ilə məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Daha sonra əmək funksiyasının icrası zamanı verilən tapşırıqların yerlə yetirilməməsi ilə bağlı xx.xx.2025-ci il tarxidən işdən kənarlaşdırımış, işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqı hesablanıb ödənilməmiş, yalnız 33 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin yerli Həmkarlar Təşkilatında müzakirə olunmuş və iddiaçının işdən azad edilməyi məqsədəuyğun hesab edilmişdir. xx.xx.2025-ci il tarixdə, yəni 35 gün sonra Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 25 iyul 2025-ci il tarixli 33-K saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Məcəllənin 71-ci maddəsinin tələbləri nəzərə alınmamış, həmçinin məcəllənin 187-ci və 189-cu maddələrinin tələbləri pozularaq eyni intizam xətasına görə bir neçə intizam tənbehi tətbiq edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə baş vermiş intizam xətasına görə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, qanunsuz işdən kənarlaşdırılmış və əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan əlavə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən ƏM-in 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinin və 83-cü maddəsinin 3-cü hissəsinin tələblərinə iddiaçı tərəfindən əməl edilməmişdir. Belə ki, işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməsini, həmkarlar ittifaqı təşkilatının buna dair əsaslandırılmış yazılı qərarını, həmçinin əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətinin işçiyə təqdim edilməsini təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. ƏM-in 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. ƏM-in 72-ci maddəsinə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə ƏM-in 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassız hesab edilməlidir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh tərəf məhkəmə iclasında iddiaçı tərəfindən məhz ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyini, cavabdeh tərəf ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hüquq pozuntusunun məhz nədən ibarət olmasını məhkəmə iclasında əsaslandıra bilməmiş, buna dair hər hansı sübutlar təqdim edə bilməmişdir. İşin yuxarıda sadalanan faktiki hallarından da göründüyü kimi, iddiaçı tərəfindən ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hər hansı bir hüquq pozuntusuna yol verildiyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin ƏM-in 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən ƏM-in 71-ci maddəsinin tələblərinə əməl olunmasına dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. ƏM-in 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. ƏM-in 83-cü maddəsinin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-in 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. ƏM-in 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. ƏM-in 189-cu maddəsinin 1-ci hissəinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 25 iyul 2025-ci il tarixli 33-K saylı əmri ləğv edilməli, İddiaçı Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsinə işə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 25 iyul 2025-ci il tarixli 33-K saylı əmri ləğv edilsin . İddiaçı Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar