Məhkəmə qərarları › İş №2(032)-164/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-164/2025

13.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-164/2025 13.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Şirvan meşəbəylinin 21-ci kvartalının 3-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 5 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilməsini tələb etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 3 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Şirvan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlərının təyinatından kənar istifadə halları yoxlanılarkən Şirvan şəhər sakini Cavabdeh tərəfindən Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayından 21-ci kvartalında 5 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərüfatı məhsulları əkmişdir. Həmin fakt əsasında Seidağa Rəhimzadənin, Əhəd Möbalıyev, Fəti Məmmədov və Şamo Həsənovun iştirakları ilə xx.xx.2023-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldıması barədə onun ünvanına xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-N-098-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırkı vaxta kimi boşaldılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsində 3 ildən artıq müddətdir ki, əkin işləri məşğul deyil, o torpağa dair hər hansı hüquqmüəyyənedici sənədi və hər hansı iddiası yoxdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 08 sentyabr 2023-cü il tarixli, 002785 nömrəli aktın surətindən görünür ki, iddiaçı təşkilat tərəfindən Şirvan meşəbəylinin 7 saylı meşə dolayına baxış keçirilmiş, baxış zamanı Cavabdeh həmin ərazidə 5 hektar sahədə qanunsuz əkin əkdiyi müəyyən edilmişdir. Meşə fonduna aid edilən torpaq sahəsinin sərhəd və kordinatlarını müəyyən edən xəritədən görünür ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan torpaq sahəsi Şirvan meşəbəyliyinin 21-ci kvartalının 3-cü dolayında yerləşən 5 hektar ərazidir. İş materiallarına əlavə olunmuş xəritədən görünür ki, Şirvan meşəbəyliyinin 21-ci kvartalının 3-cü dolayında yerləşən 5 ha torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 8-ci maddəsinə əsasən meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 37-ci maddəsinin 1-ci hissəsinə əsasən meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin tələbinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin İddiaçı Şirvan meşəbəyliyinin 21-ci kvartalının 3-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 5 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazi Cavabdeh vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməklə, iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Həmin qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən və iddia təmin edildiyindən ödənilməli olan dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 241-244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Şirvan meşəbəyliyinin 21-ci kvartalının 3-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 5 (beş) ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazi boşaldılaraq, əvvəlki vəziyyətə gətirilməklə İddiaçınə təhvil verilsin. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar