Məhkəmə qərarları › İş №2(032)-1794/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1794/2023

28.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1794/2023 28.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, iddiaçı X4 cavabdeh X2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı X4 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 və 28 sentyabr 2007-ci il təvəllüdlü X5 Şirvan şəhəri, Sahib Zeynalov küçəsi ev 8, mənzil 18 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosesseual qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ərizəsində iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları məhkəmə iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etməlidir. Hazırkı halda iddiaçı tələbində cavabdeh X9 və 28 sentyabr 2007-ci il təvəllüdlü X5 Şirvan şəhəri, Sahib Zeynalov küçəsi ev 8, mənzil 18 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsini xahiş etsə də, həmin mənzilə dair iddiaçının mülkiyyət hüquqi ilə bağlı hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qrarında qeyd edilmişdir ki, “... Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. Göründüyü kimi qanunvericiliyin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qrarınına əsasən mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. Subyektiv hüququ ilə bağlı ilkin sübutlar olaraq ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutlar nəzərədə tutulmuşdur. İddiaçı X7 cavabdeh X9 və 28 sentyabr 2007-ci il təvəllüdlü X5 Şirvan şəhəri, Sahib Zeynalov küçəsi ev 8, mənzil 18 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, mövcud tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması ilə bağlı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun tələblərinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. İddia ərizəsinə əlavə edilmiş olan sənədlərdən görünür ki, xx.xx.1988-ci il tarixli mənzilə dair order X1 adına verilmişdir. X8 ilə X3 xx.xx.1982-ci ildə nikaha daxil olmuşlar. Həmçinin iddia ərizəsinə əlavə edilmiş olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Göründüyü kimi mənzilə dair order verilmiş şəxs vəfat etdikdən sonra həmin mənzillə bağlı iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, X8 tərəfindən 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X4 cavabdeh X2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı X8 tərəfindən ödənilmiş (əməliyyat İD 328957062, qəbz nömrəsi 30280, terminal nömrəsi K0141013, xx.xx.2023-cü il tarixli) 100 manat dövlət rüsumu iddiaçı X6 dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar