Məhkəmə qərarları › İş №2(032)-1814/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1814/2025

06.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1814/2025 06.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, 23 yanvar 2025-ci il tarixdə qızı X4 doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 23 yanvar 2025-ci il tarixdə qızı X2 Tibb Mərkəzində dünyaya göz açmışdır. Lakin doğum prosesində zahılıqla əlaqəli özündə olmadığı üçün və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından özü barədə məlumatlarını yalnış vermişdir. Bu səbəbdən də qızına doğum haqqında şəhadətnamə almaqda çətinlik çəkir. Bununla əlaqəli Doğum haqqında tiibbi şəhadətnamə (AZS-103) almaq üçün rəsmi qaydada Maraqlı şəxs Doğum Evinə müraciət etsə də, belə bir faktın qeydiyyata alınmadığı üçün doğum akt qeydini bərpa etməkdən imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərərk hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, həmin məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, məhkəmənin hüquqi əhəmiyyətli olan faktı təsdiq etməsi üçün əsas şərt, həmin faktları təsdiq edə biləcək lazımi sənədləri ərizəçinin başqa qaydada ala bilməməsidir. Həmçinin, qanun müəyyən etmişdir ki, ərizəçi həmin sənədləri ala bilməməsini təsdiq edən sübutları əldə etməli, onu ərizəsində göstərməklə, ərizəyə əlavə etməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndində də qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmçinin, həmin qərarın 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun da hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmə yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda əvvəllər aparılmış müvafiq qeydlər saxlanılmadıqda və bərpası mümkün olmadıqda doğumun qeyd edilmə faktı, uşaq tibb müəssisəsindən kənarda doğulduqda isə doğum faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Lakin iş materiallarından da müəyyən edilir ki, hazırkı mübahisə üzrə uşaq tibb müəssisəsində doğulmuşdur. Bu halda isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda, müvafiq sənədlər təqdim edilməklə, uşağın doğum qeydi aparılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi doğumun qeydə alınması üçün zəruri sənədləri, eləcə də, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədi (forma 103) “X9” X8 təqdim etməli, sonuncunun imtina ilə bağlı hərəkətlərindən isə inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud tələb mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və Ərizəçi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qərara aldı : Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar