Məhkəmə qərarları › İş №2(032)-2005/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-2005/2025

13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-2005/2025 13.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, İddiaçı Cavabdeh qarşı uşağın atanın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın atanın yanında qalmasının müəyyən edilməsi və aliment barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, tərəflərin şəxsi elekton məlumatlarından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin, həmçinin həmin məcəllənin 36.5-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi iddiaçının və ya cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə verilməlidir. Hazırkı halda cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan isə Bakı şəhəri, Yasamal rayonu inzibati ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir (149.2.3, 149.2.5, 150.1.2, ). Lakin İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin göstərilən maddələrinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, iddiaçı, iddia ərizəsinə öz tələblərini əsaslandırdığı hallara dair sənədlər (məhkəmə qətnamələr və s.) əlavə etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı uşağın atanın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Ödənilmiş (qəbzin nömrəsi 24079, xx.xx.2025-ci il tarixli) 50 manat dövlət rüsumu İddiaçı dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar