Məhkəmə qərarları › İş №2(032)-284/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-284/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-284/2024 22.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ünvan 4 evin, 5 saylı mənzilin əvvəllər istifadəsində olan otağına köçürülməsi, həmin mənzilə yaşayış hüququnun tanınması, cavabdeh və digər şəxslər tərəfindən mənzildən istifadə hüququna edilən maneələrə son qoyulması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 evin, 5 saylı mənzilin əvvəllər istifadəsində olan otağına köçürülməsi, həmin mənzilə yaşayış hüququnun tanınması, cavabdeh və digər şəxslər tərəfindən mənzildən istifadə hüququna edilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi 1 saylı evin 14 saylı mənzilini 2015-ci ildə satıb mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ilin sentyabr ayında ünvan 1 aldı. Həmin mənzili aldıqdan sonra oğlu Cavabdeh adına mülkiyyət hüququ əsasında rəsmiləşdirdi. Mənzili aldıqdan sonra hər ikisi həmin mənzildə yaşayırdılar. Lakin son 1 aydı oğlu onu mənzilə buraxmır. Məcbur olub qohumlarının evində qalır. Nə qədər mənzilə köçüb yaşamaq istəsə də oğlu buna imkan vermir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, sözügedən mənzildə yaşasa da, tez-tez gəlini və oğlu ilə aralarında mübahisə düşmüş, o da məcbur qalıb evi tərk edib qızının evində müvəqqəti məskunlaşmışdır. Onun bütün əşyaları, paltarları hazırda ünvan 1 ünvanındadır. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədiyini, mənzili öz pulu ilə aldığını, anasının öz evini sataraq ona hazırki mübahisələndirilən evin alınmasında heç bir maddi dəstək olunmadığını bildirmiş, izahatında həmçinin göstərmişdir ki, anası əvvəlcə onlarla birgə ünvan 1 ünvanında yaşamış, onun əşyaları hazırda da həmin evdədir. ayrıca otağı var. Öz razılığı ilə həmin evə anasını qeydiyyata salmışdır. Mənzilin açarı anasında da var. Nə vaxt istəsə gəlib yaşaya bilər. Lakin anası onunla və arvadı ilə yola getmir, mənzilə onlar olmayanda gəlib evdə uşaqların paltarlarını dağıdıb, evdə səliqəsizlik yaradır. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil üzərində xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil üzərində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli, Daşınmaz əmlakın AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Şirvan şəhəri, T.İsmayılov küçəsi 1 saylı evin, 14 saylı mənzili X1. xx.xx.2015-ci il tarixli dəyişmə müqaviləsinin surətindən görünür ki, İddiaçı Əhmədağa qızı və Cavabdeh mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 86.2 kv.m, yaşayış sahəsi 53.9 kv.m, yardımçı sahəsi 32.3 kv.m olan 4 otaqlı mənzili Şirvan şəhəri, Ş.Şükürov küçəsi ev 12 ilə dəyişmişlər. X8, X6, X11 və X2 şəhəri, Ş.Şükürov küçəsi 12 saylı, 0.0384 ha torpaq sahəsi hissəsindən 0.03007 ha torpaq sahəsi hissəsindən 341.8 kv.m ümumi sahədən 206.5 kv.m hissəsindən ibarət fərdi yaşayış evini ünvan 4 ünvanda yerləşən 5 saylı mənzil ilə başa-baş dəyişdirilməsinə razılıq vermişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Şirvan şəhəri, Bülbül küçəsi 58 nömrəli sahədə yerləşən 0.06 ha yaşayış məntəqələri torpaq sahəsi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Eyni zamanda ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 13 dekabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı ünvan 6 ünvanında yaşayır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitutsiyasının 33-cü maddəsində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respunlikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin qanunun 5-ci maddəsinə əsasən Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin olması vacibdir. Məhkəmə qeyd edir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Məhkəmə, hüquq tətbiqetmə təcrübəsində istifadə hüququnun yaranmasının müxtəlif rejimlərinin olduğunu diqqətə alıb aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki,həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan,notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5- ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notarait qaydasında təsdiqlənəin razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anını həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.5-ci maddəsində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli evinin cavabdehin adına dövlət qeydiyyatına məhz 2017-ci ildə alınmasını nəzərə alaraq, Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. Qeyd edilən mövqe «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Hazırki işin həlli baxımından qeyd olunmalıdır ki, iddiaçının istifadə hüququ mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquq deyil, mülkiyyətçi ilə olan ailə münasibətləri ilə bağlı əldə edilmiş hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün yaşayış sahəsindən istifadə etmək hüququ ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiynə baxmayaraq, onun cəmiyyətinin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentlər də mövcuddur. Həmin Məcəllənin 30-cu maddəsində mülkiyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən sitifadə hüququ saxlanmır. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Həmin konstitusion dəyərindən çıxış edərək məhkəmələr müraciətdə qaldırılan ikinci məsələni - keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını – həll etməlidir. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunun reallaşdırılması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərnin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehin anası kimi əvvəllər onunla bir yerdə yaşayaraq, birgə təsərrüfat aparmışdır. Sonradan ailə münasibətləri gərginləşmiş, iddiaçı evdən çıxaraq qızının evində müvəqqəti yaşamağa başlamışdır. Cavabdehin özünün razılığı ilə anası, yəni iddiaçı ünvan 4 evin, 5 saylı mənzilə rəsmi olaraq qeydiyyata salınmışdır. Hazırda həmin mənzildə iddiaçının şəxsi əşyaları, geyimi vardır. Cavabdeh özü də anasının həmin mənzildə yaşamasına etiraz etmədiyini, ona məxsus əşyaların həqiqətən də həmin mənzildə qalmasını, o cümlədən də mənzilə aid açarların anasında da olmasını, istədiyi zaman mənzilə rahat gələ bilməsini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 100 manat məbləğində, mediasiya xərci kimi isə 50 manat pul ödənilmişdir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ : İddia qismən təmin edilsin. İddiaçı Şirvan şəhəri, S.Zeynalov küçəsi, 9 saylı evin, 5 saylı mənzilə köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərci 150 (bir yüz əlli) manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar