Məhkəmə qərarları › İş №2(032)-337/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-337/2025

28.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-337/2025 28.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi İlkin iddia üzrə İddiaçı1, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə İddiaçı2 İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı1 cavabdeh İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə və qarşılıqlı iddia üzrə İddiaçı2 cavabdeh İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” üzrə olan mülki işə Şirvan Şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı2 onun mülkiyyətində olan Şirvan şəhəri, L.İbrahimov küçəsi, ev 8, 3 nömrəli mənzildən çıxarılması və dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, mənzil almaq istdəyi üçün, mobil telefon vasitəsilə sosial şəbəkədə gördüyü, Şirvan şəhərində satılan 3 otaqlı mənzil diqqətini çəkmişdir. Mənzilin satışı ilə Zaur adlı əmlakçı məşğuldur.Əmlakçı Zaura zəng edərək, mənzilə baxmaq istəmişdir. Satışa qoyulmuş 3 otaqlı mənzilin qiyməti 32.000 manat qeyd olunmuşdur. Mənzilə baxış keçirilən zaman razılaşma əsasında 29.000 manat razılığa gəlmişdirlər. 300 manat öncədən beh vermiş, qalan məbləği yəni, 28.700 manatı bank vasitəsi ilə ödəmişdir. Eyni zamanda, əmlakçıya alğı-satqı etdiyinə görə 600 manat pul ödəniş etmişdir. Beləliklə, mənzili satan və əmlakçı ilə Şirvan şəhər 1 Saylı Notariat ofisinin xüsusi notarius vasitəsi ilə mənzilin alğı-satqısı heç kimin təsiri olmadan, normal halda həyata keçirilmişdir. Mənzili satan cavabdeh, mənzilin alğı-satqısı olduqdan sonra bildirdi ki, özünə başqa mənzil alması üçün ona 2 ay vaxt verilsin və sonra mənzili təhvil verəcək. Ona inanaraq 2 ay müddət verilmişdir. Lakin, sonradan ona bildirmişdir ki, mənzildən çıxmaq istəmir və mənzildən çıxmamasına səbəb mənzili ucuz qiymətə satmasıdır. Hal-hazırda da cavabdeh İddiaçı2 onun mülkiyyətində olan Şirvan şəhəri, L.İbrahimov küçəsi ev 8, mənzil 3 saylı evdən könüllü olaraq çıxmaq istəmir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məmmədova X2 Rayon Məhkəməsinə İddiaçı1 ilə aralarında bağlanmış 09 oktyabr 2024cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət etmiş və Hacıqabul rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(071)-345/2025 saylı qərardadla mülki işləri bir nömrə altında bir icraatda birləşdirərək baxılması üçün İddiaçı1 tərəfindən İddiaçı2 müqavilədən yaranan öhdəlik üzrə mənzildən çıxarılma iddiası üzrə Şirvan Şəhər Məhkəməsinə göndərmişdir. Cavabdeh Məmmədova X2 rayon Məhkəməsinə ünvanladığı iddianı (qarşılıqlı iddianı) müdafiə edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil mülkiyyət hüququ əsasında özünə məxsus idi. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan mənzili 28.700 manata İddiaçı1 satmışdır. Uzun illərdir ki, qeyd edilən mənzildə yaşayırdı. Mənzili sataraq təmirli bir otaqlı mənzil almaq istəyirdi. Bu məqsədlə evlərin alğı-satqısı ilə məşğul olan Cavabdeh3 müraciət etmişdir. Zaur ona bildirdi ki, özünə məxsus mənzili maksimum 29.000 manata sata bilər. Bir neçə gün sonra Cavabdeh3 cavabdeh İddiaçı1lə ona məxsus olan mənzilə baxmağa gəlmişdir. Cavabdehlər mənzilə baxdıqdan sonra Cavabdeh3 ona bildirdi ki, mənzili İddiaçı1 alacaqdır və ona mənzili satmağı barədə başqa heç kimə məlumat verməsin. xx.xx.2024cü il tarixdə alğı-satqı rəsmiləşdirildikdən sonra cavabdeh Elçin Babyevdən yeni mənzil tapmaq və mənzili tərk etmək üçün 2 ay vaxt istədi. Şirvan şəhərində 1 otaqlı orta təmirli mənzillərin qiyməti ilə maraqlandıqda məlum oldu ki, Şirvan şəhərində 1 otaqlı orta təmirli mənzillərin dəyəri 30.000 manatdan artıqdır və 3 otaqlı mənzili satdığı pulla 1 otaqlı təmirli mənzili ala bilməyəcək. Həmin vaxt başa düşdü ki, hər iki cavabdehlər onu aldatmışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli, Daşınmaz əmlakın AN-İ N ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı2 Şirvan şəhəri, X3 küçəsi, bina 8, mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 59.28 kv.m, yaşayış sahəsi 46.59 kv.m, yardımçı sahəsi 12.69 kv.m olan 3 otaqlı mənzili İddiaçı1 28.700 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X3 küçəsi, ev 8, mənzil 3, yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Mahmud İbrahimov küçəsi, giriş 210, M1, m3 ünvanı üzərində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh Cəfərov X5 Rayon Məhkəməsində keçirilmiş hazırlıq iclasında iştirak etmiş və ona qarşı irəli sürülən iddianı qəbul etməyərək iddianın məhkəmədən rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı2 İddiaçı1 əvvəllər tanımadığını və yaşadığı mənzilin satışı zamanı əvvəllər digər şəxslərin müştəri qismində mənzil almaq üçün gəlib həmin mənzilə baxdıqlarını, habelə ümumiyyətlə İddiaçı1 onu aldatmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş mobil tətbiqdən edilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri, X3 küçəsi, bina 8, mənzil 3 ünvanında yerləşən mənzil 32000 manat məbləğində internet şəbəkəsi üzərindən satışa çıxarılmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. İstinad olunan Məcəllənin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bu Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı) qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: • Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində ,vacib əhəmiyyətli yanılma nəticəsində isə bir ay ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yuxarıda qeyd olunan xüsusatları, təsvir olunan normaların dispozitiv şərtlərini və konstitusiya məhkəməsinin şərh etdiyi qərarların mövqeyidən çıxış edərək məhkəmə hesab edir ki, İddiaçı1 ilə İddiaçı2 arasında daşınmaz əmlakın alğı-satıqı müqaviləsi bağlanarkən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmiş, notarial qaydada müqavilə bağlanmışdır. Habelə İddiaçı2 Famil qızı özü mənzilini daşınmaz əmlakın alğı-satıqısı üçün bazara təklif etmiş, İddiaçı1 onu tanımamış, hətta aralarında müqavilə bağlandıqdan sonra İddiaçı1 İddiaçı2 yeni mənzil alanadək həmin mənzildə qalması üçün müddət vermişdir. Həmçinin İddiaçı2 İddiaçı1 onu aldatmadığını bildirməsi daşınmaz əmlakın alğı-satqı müqaviləsi zamanı tərəflərin iradəsinin zədələnmədiyini göstərən xüsusat olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçı2 Famil qızının aldadılmasını, o cümlədən vacib əhəmiyyətli yanılmasına dair halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, iddiası yalnız mülahizələrə əsaslanmışdır. Məhkəmə müqavilədən irəli gələn öhdəliklərə dair mübahisələrə baxarkən ilkin olaraq müqavilənin etibarsızlığı məsələsinin həllinə münasibətini bildirərək qeyd edir ki, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri bazara təklif olunan məbləğdə mübahisə edən mənzlin satılması və həmin satış əsasında mənzilin alınması olmuşdur. Odur ki, alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün yuxarıda qeyd edilən hər bir kateqoriyadan olan şərtlərə əməl edilmişdir. Əqdin bağlanmasına razılığı olan mülkiyyət sahibinin bu əqdi bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, əqdi sonradan həm aldanma, həm də yanılma qənaətinə qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı) Beləliklə 09 oktyabr 2024-cü il tarixli alğı-satqı müqaviləsi əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə ilkin olaraq həmin əqdin etibarlı olduğunu təsdiq edir. Hətta məhkəmə kəsici müddətə dair münasibətini bildirərək qeyd edir ki, AR MM-nin 354.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Tərəflər arasında alğı-satqı müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış olsa da tərəf qeyd olunan halla bağlı mübahisəsini bir ay müddəti ərzində bildirmədiyindən, yəni subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X3 küçəsi, ev 8, mənzil 3, (yeni qaydalarla AZ 1800, ünvan 4 ünvanı üzərində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1- mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konistutisiyasının 13-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respbulikasında Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konustitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Odur ki, İddiaçı2 Şirvan şəhəri, L.İbrahimov küçəsi, ev 8, 3 (yeni qaydalarla AZ 1800, ünvan 4saylı mənzildən çıxarılmalıdır. İddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar ilkin iddia üzrə dövlət rüsumu kimi 100 manat ödənilmişdir. İlkin iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən alınaraq İddiaçı1 verilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildəşərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Azərbayca Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunan mövqeləri məhkəmə təhlil edərək hesab edir ki, müqavilədən yaranan öhdəlik üzrə mənzildən çıxarılma iddiası ilə aparılan məhkəmə işinə həmin əqdin etibarsızlığı iddiasına dair tələbin eyni icraatda baxılması Hacıqabul rayon Məhkəməsi tərəfindən bir icraatda birləşdirildiyindən məhkəmə göndərilmiş iddianı qarşılıqlı iddia olaraq qəbul etmişdir. Qarşılıqlı iddianın icraata qəbul edilməsinə əsas olaraq qarşılıqlı iddianının ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edilməsi ehtimalları olmuşdur. Məhkəmənin gəldiyi mövqedən də görünür ki, ilkin iddia təmin olunmuş və bu səbəbdən qarşılıqlı iddia təmin oluna bilməz. Habelə qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu iləəlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurlarıçərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” işüzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-nin 13.7-ci maddəsinəəsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəməüçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İlkin iddia təmin edilsin. Cavabdeh İddiaçı2 Şirvan şəhəri, L.İbrahimov küçəsi, ev 8, 3 (yeni qaydalarla AZ 1800, ünvan 4saylı mənzildən çıxarılsın. Cavabdeh İddiaçı2 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı1 verilsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar