Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-368/2025 03.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi X8 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evdən hər birinə 1/8 payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə X3 birgə nikahlarından doğulmuş övladlarıdır. Cavabdeh Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 50 kv.m olan mübahisəli 21 saylı fərdi yaşayış evinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş tam mülkiyyətçi qismində qeydə alınmış Qeydiyyat Vəsiqəsi əsasında mülkiyyətçisidir. Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evini 1997-ci il tarixində alqı-satqı müqaviləsi əsasında aldıqdan sonra onlar və digər ailə üzləri ilə birlikdə həmin evə köçmüşlər. Həmin evdə uzun müddət yaşamışlar. Cavabdeh adı çəkilən evi öz analarının X9 ilə birgə nikah dövründə almışdır. X1 xx.xx.2018-ci ildə vəfat etmişdir. Qeyd olunduğu kimi mübahisəli ev mərhum X1nın cavabdehlə birgə nikahda olduğu dövrdə alınmışdır. Ev alındıqdan sonra mülkiyyət hüququ əsası ilə rəsmiləşdirilməmiş, lakin mərhum anaları ölümündən sonra cavabdeh öz adına mülkiyyətinə keçirmişdir. Ancaq mübahisəli ev analarının ölümündən sonra mülkiyyət hüququ ilə cavabdehin adına rəsmiləşdirilmiş olsa da belə mərhum X1 ilə birgə nikah müddətində və həmin müddətdə əldə olunmuş vəsaitlə alınmışdır. Bu səbəbdəndə mərhum anaları mübahisəli ev üzrə pay sahibidir. Qanunvericiliyə əsasən mərhum analarının vərəsələri ondan miras qalmış əmlak üzrə pay sahibi hesab olunurlar. Mübahisə məhkəmədən kənar qaydada həll olunmadığından cavabdehə qarşı Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum X1ndan miras qalmış hissədən vərəsələr olaraq onlara çatan pay tələbi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətindədirlər. Eyni məzmunlu iddia tələbi ilə qardaşları X2 şəhər Məhkəməsində cavabdehə qarşı iddia qaldırmış, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 812/2024 saylı qətnaməsinə əsasən X4 Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evdə 1/8 payı müəyyən edilmişdir. İddiaçılar İddiaçı1 oğlunun nümayəndəsi X8 və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Fərdi yaşayış evi iddiaçıların anası ilə birgə nikahda olan zaman əldə edib rəsmiləşdirilməmişdir. İddiaçı1 iki yerdə evi var. 1/8 paya ehtiyacları yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1981-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş İddiaçı1 və xx.xx.1996-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş İddiaçı2 atası Cavabdeh, anası X7r. Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X9 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində ensefolaziya səbəbindən vəfat etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-812/2024 saylı qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı cavabdehlə mərhum anası X3 birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında alınmış Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylı evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X4 Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 ünvanında yerləşən evdə 1/8 payı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1982/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-812/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 3-cü bəndinin məzmunundan görünür ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o , mirası tamamilə qəbut etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarı; “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçının atası Cavabdeh ilə iddiaçının mərhum anası X9 xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan İddiaçı1, İddiaçı2 və X8 doğulmuşdur. Cavabdeh ilə X12 arasında Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı evi mənzilin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmışdır. X9 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Alqı-satqı müqaviləsi əsasında alınmış əmlak üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh ilə mərhum X9 1980-ci ildən xx.xx.1998-ci il tarixə kimi birgə təsərrüfat aparmış, müəyyən ailə büdcəsi formalaşdırmış, birgə nikaha daxil olduqları müddətdən 18 il sonra mübahisəli evi almışlar. İşin bu halı onu deməyə əsas verir ki, mübahisəli ev onların birgə vəsaiti hesabına alınmışdır. Mənzilin tərəflərdən kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq həmin mənzil birgə nikah dövründə əldə edildiyindən qanunvericiliyin tələblərinə əsasən tərəflərin ümumi birgə mülkiyyəti sayılır. (xx.xx.2024-cü il tarixli , 2(032)-812/2024 saylı Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən hal) Mülki Məcəllənin 1256-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Nəzərə alınmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Belə ki, həmin Qərarda göstərilir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. İş materialları və tərflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli ev alındığı vaxtdan bu günə kimi mirasın qəbulundan imtina etməyib. Belə olan halda qəbul edilmiş sözügedən miras əmlak onun açıldığı gündən məhz birinci növbəli vərəsə kimi onun mülkiyyətində olub və mirasdan özünə düşən miras payını almaqda israrlıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar kimi aşağıdakılar qeyd edilmişdir: Maddə 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamədir. Hazırkı işdə isə Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında deyil, məhz xx.xx.1998-ci il tarixli alqısatqı müqaviləsi əsasında qeydiyyata alınmışdır. Dövlət təminatı altına alınan əsas hüquqlardan biri mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyinəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Konstitusiyanın 29-cu maddəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmənin qənaətinə görə İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququ Konstitusiyanın 29-cu maddəsinə əsasən Dövlətin təminatı altında olduğundan, o qanunla müəyyən edilmiş müddətdə miras əmlakdan imtina etmədiyindən onun iddiası əsaslıdır. xx.xx.2024-cü il tarixli , 2(032)-812/2024 saylı Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, Şirvan şəhəri, Ərəblinski küçəsi, 21 saylı ev X10 və Cavabdeh ilə birgə nikah dövründə əldə edildiyindən X5 payı ½ hissədir və digər qalan ½ hissəsi isə 4 nəfər vərəsə arasında, yəni X5 payı üzrə onun övladları və əri olmuş Cavabdeh arasında bölünməlidir. Qeyd olunan qətnamə ilə X4 Şirvan şəhəri, Ərəblinski küçəsi, 21 saylı evdə 1/8 hissə payı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şirvan şəhəri, Ərəblinski küçəsi 21 saylı evdə hər birinin 1/8 hissə payları müəyyən edilməli, bununla da iddia təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müki-Prosessual Məcəlləsinin 216-220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Şirvan şəhəri, Ərəblinski küçəsi, 21 saylı evin 1/8 hissəsinə İddiaçı1, həmin evin 1/8 hissəsinə İddiaçı2 payları müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-368/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-368/2025
03.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver